Şriftin ölçüsü :

Saytın rəngi :

Ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir

24.09.2020

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamına əsasən  həmin ildən oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin  peşə bayramı günü kimi qeyd olunur. Hər bir bayram tədbiri keçilən yolun təhlili, qarşıdakı dövr üçün yeni-yeni prioritetlərin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yenidən formalaşması,  milli maraqlarımıza xidmət edən  bir dövlət təsisatı kimi hərtərəfli təkmilləşməsi, müasirləşməsi  məhz ümummilli lider Heydər Əliyevin  həyata keçirdiyi dövlətçilik siyasəti, onun diqqət və qayğısı  nəticəsində mümkün olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi dövlətçilik siyasətinin nəticəsi olaraq bütün istiqamətlərdə davamlı uğurlara imza atıldı. İlk gündən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycan təkmil  islahatları ilə dünyanın diqqətində dayandı. Ölkəmizin demokratik islahatlar sahəsində qazandığı uğurlar bu gün göz önündədir. Azərbaycan Prokurorluğu da bu müddət ərzində  tamamilə yenidən formalaşdı,  dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrildi,  dövlətçiliyə sədaqəti ilə seçilən  kadr potensialı ilə zənginləşdi.   Bir sözlə, ölkəmizdə reallaşdırılan məhkəmə-hüquq islahatları çərçivəsində  prokurorluq orqanları  müasir məzmunda  yeniləşməklə  cəmiyyətdə statusuna uyğun  yerini tutub.

  Son 17 ildə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf konsepsiyasını uğurla həyata keçirən, kəmiyyətcə  yeni müstəviyə yüksəldən möhtərəm Prezidentimiz İlham Əliyevin  ölkəmizdə hüquqi dövlət və  vətəndaş cəmiyyəti  quruculuğu istiqamətində  gördüyü işlərin miqyası olduqca böyükdür. Sabitliyin və normal iqtisadi mühitin  mövcudluğu fonunda  ardıcıl və  sistemli  şəkildə həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsində də əhəmiyyətli rol oynayıb. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır. Eyni zamanda, ulu öndər Heydər Əliyevin   iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunmasını prioritet məsələ kimi qarşıya qoymasına uygun olaraq cənab İlham Əliyevin bu istiqamətdə atdığı davamlı addımlar   Azərbaycanın demokratik ölkə kimi imicinin möhkəmləndirilməsinə öz müsbət təsirini göstərir. Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu beynəlxalq təşkilatlarından olan, bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması demokratiyaya sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini nümayiş etdirdi. Bu gün Azərbaycan dünya birliyinin ən layiqli üzvünə çevrilib, beynəlxalq münasibətlər sistemində fəal rol oynayır.

   Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı ilə 2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi  digər sahələr kimi  prokurorluq orqanlarının da fəaliyyətinə, keçilən yola, 100 illik tarixini vərəqləməyə geniş imkanlar yaratmışdır. Çünki bir çox dövlət təsisatları kimi, prokurorluq orqanlarının da fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq dövrünə təsadüf edir. 1918-ci il 1 oktyabr tarixli qərarla  Bakı dairə  Məhkəməsinin  tərkibində  yaradılmaqla əsası qoyulan  milli prokurorluq orqanları 102 illik tarixi ərzində xalqımızın müstəqilliyi uğrunda  apardığı mübarizənin  tarixi ilə bərabər şəkildə  çətin və mürəkkəb, eyni zamanda,  şərəfli  bir inkişaf yolu keçərək  bugünkü şəkildə formalışıb, bütün dövrlərdə  millətinə, xalqına,  dövlətçilik ideyalarına sədaqətlə qulluq edib, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə  işində öz xidmətlərini  göstərib.

   Xalq Cümhuriyyətinin süqutundan sonra sovet hakimiyyəti illərində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulmuş, 1936-cı ilin iyul ayında isə Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır.

   Sovet hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda "düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmiş, onların arasında respublikanın baş prokurorları, baş prokurorun müavini, rayon prokurorları olmuşlar. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının da işi hərbi vəziyyətə uyğun qurulmuş, orduya 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdur. Onlardan bir çoxu döyüşlərdə həlak olmuş, böyük əksəriyyəti orden və medallarla təltif edilmişdir.

Sovetlər dönəminin sonrakı illərində səlahiyyətləri hədsiz geniş olan prokurorluq orqanlarının fəaliyyəti uzun illər ərzində hakimiyyət bölgüsü prinsipi ilə uzlaşdırılmamışdır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür, dürüst əməl edilməsinə nail olmuşdur. O dövrdə Ulu Öndərin təşəbbüsü ilə respublikada ali məktəblərin hüquq fakültəsinə qəbulda aparılan islahat nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisası alaraq hüquq mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər. Ulu Öndər həmin hüquqşünaslar nəslinin bir çox nümayəndəsinin bu gün müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: "Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan Prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında çox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təsisat kimi formalaşması yalnız ümummilli lider Heydər Əliyevin müəyyən edərək həyata keçirdiyi, hazırda onun layiqli davamçısı, müdrik və uzaqgörən dövlət başçısı İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla reallaşdırılan hüquqi dövlət quruculuğu konsepsiyasının gerçəkləşdirilməsi sayəsində mümkün olmuşdur.

     Qeyd etdiyimiz kimi, son 17 ildə Azərbaycanda həyata kecirilən təkmil islahatlar  hakimiyyətin hər üç qolunu- icra, qanunvericilik və məhkəmə-hüquq sistemini tam əhatə etməklə ölkənin hərtərəfli inkişafını sürətləndirir. Bu islahatlar ötən ildən daha geniş vüsət alaraq cari ildə də uğurla davam etdirilir. Dövlət orqanlarında idarəetmənin təkmilləşdirilməsi, işin səmərəliliyinin artırılması istiqamətində aparılan islahatlar bu sahədə dövlət siyasətinin həyata keçirilməsində çeviklik və dinamikliyin artmasına əlverişli imkanlar yaradıb. Həmin islahatların davamı kimi, dövlətimizin başçısının göstəriş və tövsiyələrinin icrası ilə bağlı prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanılıb, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görülür.

  Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar formalaşdırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiqlənib. Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılıb, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılıb. Həmçinin idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilib, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı Şəhər Prokurorluğunun istintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb. Bundan başqa, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis edilib. Mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılıb.

   Möhtərəm Prezidentimiz  İlham Əliyevin  göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin eyni intensivliklə davam etdirilməsi, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, eləcə də prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə kadr korpusunun sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

 Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyev bildirir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir’’

   Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, hərtərəfli düşünülmüş və əsaslandırılmış dövlət quruculuğu və strateji inkişaf konsepsiyası nəticəsində respublikamızın iqtisadi və siyasi müstəqilliyi, hərbi qüdrəti ildən-ilə daha da möhkəmlənərək, ölkənin iqtisadiyyatı son 17 ildə 3 dəfədən çox artmışdır ki, bu da dünya rekordu hesab olunur. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əsas hədəf bu günə qədər 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır.

Əldə edilmiş nailiyyətlərə və görülmüş işlərə xalqımız tərəfindən verilən qiymət cənab İlham Əliyevi 2003-cü il prezident seçkilərindən sonra növbəti 2008, 2013 və 2018-ci illər prezident ceçkilərində qələbəsini təkrarlamasıdır. Xalqımız bu illər ərzində görülən işlərə yüksək dəyər verərək, ölkədə həyata keçirilən siyasi kursun, strateji inkişaf xəttinin, dövlət siyasətinin davamlılığına, tərəqqiyə, təhlükəsizliyə, stabilliyə səs vermişdir.

   Respublikamızın gələcək inkişaf yolunu müəyyən etməklə ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik hadisələrdən biri də Azərbaycan Respublikasının Konstitusiyasına  bu günə qədər 3 dəfə əlavə və dəyişikliklərin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsidir. Ölkə ictimaiyyəti tərəfindən böyük rəgbətlə qarşılanaraq  dəstəklənən  yeni dəyişikliklər dövlət idarəetmə mexanizmini müasir dünya tələbləri səviyyəsində təkmilləşdirərək onun çevikliyinin və effektivliyinin artırılması, idarəçiliyin həyata keçirilməsində gənclərin rolunun əhəmiyyətli dərəcədə yüksəldilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin, müstəqilliyimizin əbədiliyinin, ölkənin hər hansı neqativ təsirlərdən asılı olmayaraq dayanıqlı və ardıcıl inkişafının təmin olunması məqsədi daşımaqla, respublikamızda dövlətçiliyin və qanunçuluğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə, hüquqi dövlət quruculuğu prosesinin daha yüksək səviyyədə təmin olunmasına xidmət etmişdir.

Referendum aktı ilə vitse-prezidentlik institutunun yaradılması, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  2017-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri  Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi  son illərin ən önəmli, ölkəmizin  bugünü, gələcəyi, xalqımızın sosial rifahının daha dinamik və təminatlı şəkildə yüksəlməsi üçün xüsusi əhəmiyyətə malik mühüm hadisəsi olmuşdur. Bu yüksək  vəzifəyə xalqımızın haqq səsini, Azərbaycan həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdıran, 4 Amnistiya aktının təşəbbüskarı olmaqla 40 mindən artıq insanın bağışlanmasına, onların ailələrinə sevinc bəxş edilməsinə nail olan, Azərbaycanda keçirilən ən mötəbər tədbirlərdə Təşkilat Komitəsinə rəhbərliyi ilə  yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malik olan, dinlərarası, mədəniyyətlərarası münasibətlərin qurulmasında, multikultural dəyərlərin inkişafında, dövlətin sosial siyasətinin həyata keçirilməsində, o cümlədən çoxsaylı məktəblərin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsində mühüm rolu olan Mehriban xanım Əliyevanın  təyin olunması xalqın hədsiz sevincinə səbəb olmaqla ölkənin işıqlı gələcəyinə inamını daha da artırmışdır. Bu mühüm təyinatdan sonrakı dövr ərzində ölkədə görülən işlər, həyata keçirilən strateji əhəmiyyətə malik işlərin müsbət dinamikasının və intensivliyinin artması deyilənlərin  təsdiqidir.

Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur. Dövlət başçısı cənab İlham Əliyev bildirir: "Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır.”

  Ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan Prokurorluğu da  əvvəlki  dövrdə olduğundan daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir. Həyata keçirilən ardıcıl və sistemli məhkəmə- hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanan çoxsaylı normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin etmişdir. Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu Dövlət Proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Prokurorluğun ölkənin hüquq sistemində rolunun artmasının, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisatı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir. Azərbaycan Respublikasının 2016-cı ilin martın 1- dən qüvvəyə minmiş yeni inzibati Xətalar Məcəlləsində qanunçuluğun təmin olunmasında prokuror nəzarətinə xüsusi önəm verilərək prokuror nəzarəti qanunçuluq prinsipinin təminatı kimi nəzərdə tutulmuşdur.Yeni inzibati Xətalar Məcəlləsində prokurorun inzibati sahədə fəaliyyət dairəsi xeyli genişləndirilmiş, prokuror nəzarətinə xüsusi yer verilməklə prokurorluq orqanlarının üzərinə bir sıra yeni vəzifələr qoyulmuş, prokurorun inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görməsi və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirməsi müəyyən edilmişdir. İnzibati xətalar haqqında qanunvericiliyin tətbiqi və icrası ilə bağlı prokurorluğun fəaliyyətinə nə dərəcədə əhəmiyyət verildiyini göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, yeni məcəllənin xüsusi hissəsinin 60-a yaxın maddəsində nəzərdə tutulmuş, idarəçilik qaydaları, iqtisadi fəaliyyət qaydaları əleyhinə, əhalinin siyasi, sosial, əmək və digər hüquqlarının pozulması ilə bağlı, digər daha çox ictimai zərər vuran inzibati xətalar üzrə inzibati icraatın başlanılması prokurorun müstəsna səlahiyyətinə aid edilmişdir.

  Görülmüş sistem xarakterli ardıcıl tədbirlərin nəticəsində kriminogen durum ciddi nəzarət altında saxlanılmaqla özbaşınalığın və qanunsuzluğun tüğyan etdiyi ötən əsrin 90-cı illərinin əvvəlləri ilə müqayisədə qəstdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı dəfələrlə azalmış, əvvəlki illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir çox ağır və xüsusilə ağır cinayətlərin açılması, çoxsaylı cinayətkar dəstələrin zərərsizləşdirilməsi və təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur.

     Ümumiləşdirmiş şəkildə qeyd etsək ulu öndər Heydər Əliyevin  "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” fikirləri hər bir  prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edərək gündəlik fəaliyyətlərinin əsas  şüarına çevrilib.

    Bir əsas məqamı da qeyd edək ki, korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən prioritet istiqaməti olduğundan bu sahədə görülən işlərin səmərəliliyinin və effektivliyinin artırılması məsələlərinə xüsusi önəm verilir. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016- cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın  icrası ilə bağlı ardıcıl iş aparılaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən vasitələrin davamlılığının təmin edilməsi, korrupsiyanın qarşısının alınmasında daha səmərəli nəticə verə bilən yeni mexanizmlərin tətbiqi, preventiv təsirə malik üsul və metodlardan daha geniş istifadə edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, əhalinin dövlət orqanlarına inam və etimadının artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.

  Möhtərəm Prezidentimiz  İlham Əliyev bu il  mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən  prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyacın olduğunu bildirərək vurğulamışdır ki, bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatlarsız mümkün deyil. Ona görə hüquq mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi, islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq.

  Həmin qəbulda diqqəti kadr islahatlarına yönəldən dövlətimizin başçısı bildirmişdir ki,  bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. Onlara önəmli vəzifələr həvalə edildi və hesab edirəm ki, bu da zəmanənin tələbidir. Çünki bu gün müasir dünyada siyasi, iqtisadi sahələrdə, beynəlxalq müstəvidə müasir yanaşmalar olmalıdır. Yüksək keyfiyyətli təhsil almış gənc kadrların həm hökumətdə, həm Prezident Administrasiyasında, parlamentdə və digər qurumlarda təmsil olunması bizim şüurlu seçimimizdir. Təbii ki, təcrübəli kadrlar da öz biliklərini gənc nəsillə bölüşməlidirlər. Belə olan halda təbii ki, hüquq mühafizə orqanlarında da daha genişmiqyaslı islahatların aparılması başlıca şərtdir. Cənab İlham Əliyev bu tövsiyəsini də diqqətə çatdırmışdır: “Burada sizin üzərinizə böyük vəzifə düşür və ümid edirəm ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. İlk növbədə, qanunun aliliyi tam təmin edilməlidir və ədalətli cəmiyyətin qurulması üçün qanunun aliliyi başlıca şərtdir. Əfsuslar olsun ki, biz istədiyimizə hələ də tam nail olmamışıq, o cümlədən hüquq mühafizə orqanları tərəfindən qəbul edilmiş qərarlar bəzi hallarda qanunlara ziddir, sosial ədaləti pozur, insanları haqlı olaraq narazı salır və beləliklə ümumi işimizə böyük ziyan vurur.”

   “Kadrların peşəkarlığı da daim diqqət mərkəzində olmalıdır və siz bu məsələ ilə ciddi məşğul olmalısınız” bildirən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, həm bu gün fəaliyyətdə olan kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməlidir, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilər yüksək peşəkarlığa malik olmalıdırlar, eyni zamanda, bu vacib amillə bərabər, dövlətçiliyə sədaqət prinsipləri də həmişə üstün olmalıdır. Çünki bu gün müstəqil dövlətimizin uğurlu yaşaması və möhkəmlənməsi, ilk növbədə, dövlətçiliyimizin möhkəmləndirilməsi ilə bağlıdır. Biz elə etməliyik ki, Azərbaycan bundan sonra da uğurla inkişaf etsin, müstəqilliyimiz daim möhkəmlənsin. Əlbəttə ki, istənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır.

  Bugünümüzün əsas çağırışlarından biri  korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir. Prokurorluq orqanlarının  bu istiqamətdə daha fəal iş aparması əsas tələb kimi qarşıya qoyuldu: “Ümid edirəm, sizin iş təcrübəniz və peşəkarlığınız imkan verəcək ki, mənim bu göstərişlərimin icrası təmin edilsin. Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin.”  

     Bu bayram ərəfəsində böyük  əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da möhtərəm  Prezidentimiz  İlham Əliyevin  həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızda həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək, prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun yeni keyfiyyət səviyyəsində qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə dərk etməklə, onların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə, digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi naminə tam gücləri ilə işləyərək respublikamızın daha da inkişafına xidmət edəcəklər. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyinə çevrilən güclü, qüdrətli Azərbaycan bundan sonra da uğurla inkişaf edəcək, müstəqillik tarixini uğur səhifələri ilə zənginləşdirəcək, inkişaf modeli ilə dünyaya nümunə olacaq. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd  etdiyi kimi, əldə olunan uğurlarla kifayətlənməməli, daim irəliyə baxmalıyıq.


İbrahim Ləmbəranski,

Bakı şəhər Sabunçu rayon prokuroru

İki sahil qəzeti , 24 sentyabr 2020-ci il

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.