Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı sərt mübarizədə bütün vasitələrdən istifadə ediləcək

24.09.2020

Korrupsiya vətəndaşların hüquqlarının və azadlıqlarının təmin edilməsinə ciddi maneçilik törədir, xalqın dövlətə etimadını azaldır, hüquqi dövlət quruculuğuna ciddi əngəllər törədir. Korrupsiya – dövlət funksiyasını yerinə yetirən, dövlət vəzifəsi tutan məmurların öz səlahiyyət mövqeyindən istifadə edərək qanunda nəzərdə tutulmamış maddi nemətləri qəbul etməsi, vəzifə xəyanəti etməsi, həmçinin ayrı-ayrı şəxslər tərəfindən yüksək vəzifəli şəxslərin ələ alınmasıdır. Korrupsiya ilə əlaqədar hüquqpozmalar – korrupsiyaya şərait yaradan, eləcə də, qanuna zidd olaraq nemətlər və üstünlüklərin verilməsi və əldə edilməsi yolu ilə həyata keçirilən və intizam, mülki-hüquqi, inzibati və cinayət məsuliyyətinə səbəb olan hərəkət və hərəkətsizlikdir. Korrupsiya bütün bəşəriyyət üçün bəla hesab olunur və ona görə də bütün dünya ölkələri korrupsiyaya qarşı amansız mübarizə aparırlar.

Məlum olduğu kimi, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 13 yanvar 2004-cü il tarixli qanununun 1-ci maddəsinə əsasən, korrupsiya – vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.

Cinayət qanunvericiliyinə 24 iyun 2011-ci il tarixdə edilən son dəyişikliklə Azərbaycan Respublikası CM-nin XXXIII fəsli “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” adlandırılmışdır. Azərbaycan Respublikası CM-nin 308-ci maddəsində nəzərdə tutu­lan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti “Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər” fəslinə aid edilmişdir. Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti vəzifəli şəxs tərəfindən tamah və ya digər şəxsi maraqdan öz səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanun­la qorunan mənafelərinə mühüm zərər vurulmasını ehtiva edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan qanun­suz hərəkətlərdə ifadə olunur. Qeyd etmək lazımdır ki, belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildikdə təhlil edilən cinayətlərin tərkibini yaradır. Lakin vəzifəli şəxsin öz səlahiyyətlərindən kənara çıxan hərəkətlər etməsi isə digər bir cinayət əməlinin – vəzifə səlahiyyətlərini aşma (CM-nin 309-cu maddəsi) cinayətinin tərkibini yaradır.

Vəzifəli şəxsin səlahiyyətliliyini onun müvafiq qanunlar, əsasnamələr, nizamnamələr və bu və ya digər vəzifəni tutan və ya bu vəzifədə xüsusi səlahiyyət üzrə müvəqqəti əvəz edən şəxsin hüquq və vəzifələrini tənzimləyən digər nor­mativ aktlarda göstərilən səlahiyyətləri müəyyən edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları olduqca müxtəlifdir, belə ki, onlar vəzifəli şəxslərin ən müxtəlif fəaliyyət sahələrində törədilirlər. Bu, tabeliyində olan şəxslərin əməyinin şəxsi maraqlar üçün qanun­suz istismarı (misal üçün, tabeliyində olan hərbçilərin, digər işçilərin şəxsi bağların tikintisində və ya mənzilin təmirində istifadə); tabeliyində olanla­rın əməyinin mənimsənilməsi; mənzil bölgüsü zamanı sui-istifadə; dövlət və ya bələdiyyə müəssisələrinin özəlləşdirilməsi prosesində onların şəxsi mülkiyyət qismində əldə edilməsi və ya məmurun özünün, ona yaxın olan şəxslərin və ya vəzifəli şəxsin onların maraqları üçün hərəkət etdiyi digər özəl şəxslərin əhəmiyyətli sayda səhmlərə sahiblənməsi; büdcə vəsaitlərindən təyinatına uyğun olmayan istifadə, o cümlədən, həmin vəsaitlərin kommer­siya banklarında “fırladılması” adlanan hərəkət; kreditlərin, ssudaların alınma­sında, qiymətli kağızların, daşınmaz əmlakın, digər əmlakın əldə edilməsində hüquqi aktlarla nəzərdə tutulmayan üstünlüklərdən istifadə; şəxsi və ya qrup məqsədləri üçün xidməti fəaliyyət üçün təqdim edilmiş otaqlardan, nəqliyyat və rabitə vasitələrindən, elektron-hesabla­ma vasitələrindən, pul vəsaitlərindən və digər dövlət və ya bələdiyyə əmlakından istifadə; cinayətlərin törədilməsinə göz yumma və onların ört-basdır edilməsi və sair ola bilər.

CM-nin 308-ci maddəsi ilə nəzərdə tutulan cinayət obyektiv cəhətdən bir sıra zəruri əlamətlər ilə səciyyələnir. Bu əlamətlər kompleksinə daxildir:

a) vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsindən ibarət olan əməl;

b) vətəndaşların və ya idarə, müəssisə və təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasın­dan ibarət nəticənin baş verməsi;

c) əməllə nəticə arasında səbəbli əlaqənin olması.

Nəzəriyyə və təcrübədə belə bir anlayış öz təsdiqini tapmışdır ki, göstərilən cinayət vəzifəli şəxsin öz səlahiyyətlərindən fəal istifadə etməklə hərəkət yolu ilə, eləcə də vəzifəli şəxsin bilərəkdən şüurlu şəkildə öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyi (misal üçün cinayətə göz yummaq) halda hərəkətsizlik yolu ilə törədilə bilər. Lakin vəzifəli şəxsin xidmət üzrə səlahiyyətlərindən istifadə etməməsini çətin ki, vəzifədən sui-istifadə adlan­dırmaq mümkün olsun, bu daha çox xidmət maraqlarına zidd olaraq istifadə etməmək olacaqdır.

Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti obyektiv cəhətdən maddi tərkibli olduğundan, kriminal əməl vətəndaşların və ya idarə, müəssisə və təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanun­la qorunan mənafelərinə mühüm zərər vurulduğu andan başa çatmış hesab edilir. Mühüm zərər aşağıdakılarda ifadə oluna bilər:

- vətəndaşlara, idarə, təşkilat və müəssisələrə, bir sözlə, fiziki və hüqu­qi şəxslərə vurulan real maddi, əmlak ziyanı;

- vətəndaşların konstitusiya ilə təsbit olunan hüquq və azadlıqlarının pozulması;

- dövlət və idarəetmə orqanlarının nüfuzdan salınması;

- dövlət və bələdiyyə orqanlarının işində maneələrin, boşdayanmaların, fasilələrin yaranması;

- ictimai qaydanın pozulması;

- talama və digər ictimai təhlükəliliyi yüksək olan cinayətlərin gizlədilməsi və s.

Bir çox hüquqşünaslar mühüm ziyan termininin qiymətləndirici anlayış olduğunu, cinayətkar nəticənin mü­hümlüyünün hər bir konkret hal üçün fərdi şəkildə müəyyən edildiyini göstərir və hesab edirlər ki, zərər müəyyən olunarkən zərərçəkən şəxslərin sayı, onlara vurulmuş maddi (əmlak), mənəvi və fiziki ziyanın ağırlığı, hüquqi şəxslərin normal fəaliyyətinə mənfi təsir dərəcəsi, idarə, müəssisə və təşkilata vurulan maddi (əmlak) ziyanının həcmi (ölçüsü), xarakteri və s. kimi amillər nəzərə alınmalıdır.

Bu növ cinayətlərin obyektiv tərəfinin elementlərindən biri olan əməlin törədilməsi üsuluna diqqət etdikdə görünür ki, vəzifə səlahiyyətlərindən sui-istifadənin üsulları müxtəlif ola bilər: maliyyə-ştat intizamını pozma, nəzarət orqanlarını aldatma, talamanı, çatışmazlıqları və qulluq xətalarını və başqa cinayətləri gizlətmə, dövlət və ya bələdiyyə əmlakını əsassız xərcləmə (əvəzsiz götürmə əlaməti olmadıq­da), vətəndaşların və ya kommersiya müəssisələrinin əmlakı hesabına əsassız varlanma, səhlənkarlıq və ya cinayətləri əvvəlcədən vəd vermədən gizlətmə və sair.

Qeyd olunan cinayət vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrini həyata keçirməsi ilə bağlı olan hərəkətlərdə ifadə oluna bilər və belə hərəkətlər qulluq mənafeyinə zidd olaraq həyata keçirildiyi halda da göstərilən cinayətin tərkibini yaradır.

CM-nin 308-ci maddəsi ilə nəzərdə tutulan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayəti subyektiv cəhətdən qəsdlə (həm birbaşa, həm də do­layı) törədilir. Təqsirkar qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun vətəndaşların və ya təşkilatların hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vur­mada ifadə olunan nəticələrini qabaqca­dan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd). Qeyd edək ki, qəsdin növü cinayətin tövsifinə təsir etmir, lakin cəzanın fərdiləşdirilməsində nəzərə alınır.

Mənimsəmə və ya israf etmə cinayətləri Azərbaycan Respublika­sı CM-nin “Mülkiyyət əleyhinə olan cinayətlər” adlı XXIII fəslində nəzərdə tutulmuşdur.

Cinayət qanunvericiliyində özgənin təqsirkara etibar edilmiş əmlakını talamanın mənimsəmə və israf etmə kimi hər birinin özünəməxsus obyektiv xüsusiyyətləri olan iki müstəqil forması nəzərdə tutulmuşdur ki, bu obyektiv xüsusiyyətlər özgənin əmlakının ələ keçirmənin üsulunda özünü göstərir. Nəzərə alınmalıdır ki, cinayətin törədilmə üsulunun Cinayət – Proses­sual Məcəlləsinin tələblərinə əsasən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda öz əksini tapmalı olan və kriminal əməli xarakterizə edən vacib amil kimi göstərilməsi ibtidai araşdırma zamanı onun toplanmış dəlillərlə mütləq sübuta ehtiyacı olan cəhət olmasını şərtləndirir.

Mənimsəmə və israf etmə cinayətinin obyektini digər talama cinayətlərində oldu­ğu kimi mülkiyyət münasibətləri təşkil edir.

Bu cinayət obyektiv cəhətdən mənimsəmə və israf etmədə ifadə olunur. Talamanın müstəqil forması kimi mənimsəmə təqsirkara inanılıb tapşırıl­mış maddi nemətlərin (qiymətli şeylərin) ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahiblik müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin nəfinə keçirilməsində xarakterizə olunur. Mənimsəmə yolu ilə talama zamanı təqsirli şəxs tərəfindən hər hansı bir müəyyən məqsədlə ona inanılıb tapşırıl­mış özgənin əmlakı qanunsuz olaraq öz mülkiyyətinə keçirilərək özündə saxla­nılmaqla geri qaytarılmır, talan edilmiş əmlak barəsində sərəncam verilənədək həmin əmlak bir müddət təqsirkarın qa­nunsuz sahibliyində qalır.

İsraf etmə cinayətinin obyektiv cəhəti isə təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın qanunsuz olaraq sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formada özgəninkiləşdirilməsində (başqa şəxslərə bağışlama, vermə) ifadə olunur və təqsirkar taladığı əmlakı zərərçəkmişin qalan əmlakından və ya olduğu yerdən qabaqcadan ayırmadan, dərhal həmin əmlak barəsində qanunsuz sərəncam verir.

Mənimsəmə və israf etmə cinayətinin subyekti maddi dəyərlərin etibar edildi­yi 16 yaşına çatmış istənilən şəxs ola bilər. Lakin həmin cinayətinin subyekti bir çox hallarda vəzifəli şəxslər olur ki, həmin şəxslər tərəfindən qeyd olu­nan cinayət öz qulluq mövqeylərindən istifadə etməklə törədilir və bu da onun korrupsiya cinayətlərinin bir növünə aid edilməsini zərur edir.

Mənimsəmə və israf etmə cinayətində olduğu kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayəti də tamah (maddi və ya sair formada mənfəət əldə etmə) niyyəti ilə törədilir. Belə ki, təqsirkar şəxs normativ və digər sənədlərə əsasən ona veril­miş səlahiyyət və vəzifələrdən istifadə edərək maddi nemətlərin öz mülkiyyətinə və ya başqalarının mülkiyyətinə keçirir, onları dəyişdirir, sonradan müəyyən mənfəət əldə edilməsi üçün bağışlayır. Mənimsəmə və israf etmədən fərqli olaraq bu zaman mülkiyyət hüququ hüquqi cəhətdən keçir (məsələn vəzifəli şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla özünün, yaxın qohumlarının və ya digər şəxslərin adlarına torpaq sahələri ayrıma).

Beləliklə? təqsirlilik məsələsi həll olunarkən vəzifəli şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində hansı qayda, təlimat və ya normativ sənədin pozulması, bu əməlin nəticələri, onların xarakteri və ağırlığı, bu nəticələri ilə vəzifəli şəxsin əməlləri arasında səbəbli əlaqənin olub-olmaması, vəzifəli şəxsin səlahiyyətləri və vəzifələri tam həcmdə aydınlaşdırılmalı, həmçinin onun vəzifəli şəxs kateqoriyasına aid olması mütləq qaydada müəyyən edilməlidir.

Ona görə də korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin xüsusi subyektinin, yəni “vəzifəli şəxs” anlayışının düzgün müəyyən edilməsi həmin cinayətlərin tövsifi və şəxsin cinayət məsulliyətinə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının 30 de­kabr 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsulliyyəti haqqında” Konvensiyada və Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrup­siya əleyhinə” Konvensiyasında “vəzifəli şəxs” anlayışı verilmişdir.

Beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırıl­ması məqsədi ilə 24 iyun 2011-ci il tarixdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqındaAzərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən CM-in 308-ci maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilərək “vəzifəli şəxs” anlayışına daxil olan subyektlərin dairəsi genişləndirilmiş və həmin maddənin “Qeyd” hissəsinə əsasən həmin “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

- hakimiyyət nümayəndələri, o cümlədən, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçu­ları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

- dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qay­dada qeydə alınmış şəxslər;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommer­siya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

- xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qul­luqçuları, beynəlxalq parlament assamb­leyalarının üzvləri;

- beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xa­rici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar.

Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən mənimsəmə və israf etmə cinayəti subyekt baxımından korrupsiya cinayəti hesab olunur. Mənimsəmə və israf etmənin öz qulluq mövqeyindən törədilməsi dedikdə təqsirkarın tutduğu vəzifə ilə əlaqədar verilmiş səlahiyyət və imkanlardan istifadə edərək ona etibar edilmiş özgə əmlakını talaması başa düşülməlidir. Həmin tövsifedici əlamət o halda mövcud olacaqdır ki, təqsirkar şəxs ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayarkən məhz öz qulluq mövqeyindən istifadə etmiş olsun. An­caq nəzərə alınmalıdır ki, mənimsəmə və israf etmə cinayətlərində ictimai təhlükəli əməldən zərər çəkən əsas obyekt mülkiyyət münasibətləri, korrupsiya cinayətlərində isə dövlət və bələdiyyə qulluğunun, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluğun lazımi qaydada həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir.

Qeyd olunmalıdır ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və institusional tədbirlərin davam etdirilməsi, normativ hüquqi bazanın möhkəmləndirilməsi, bu sahədə dövlət siyasətinin formalaş­dırılması, digər korrupsiya cinayətləri ilə yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qulluq mövqeyindən istifadə edilməklə talama cinayətləri ilə mübarizə öz aktuallığını qoruyub saxla­mışdır.

 

Elxan NOVRUZOV,

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsini icra edən, II dərəcəli hüquqşünas

Xalq qəzeti, 24 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.