Şriftin ölçüsü :

Saytın rəngi :

Kriminalistika və müasir informasiya texnologiyalarının tətbiqi prokurorluğun fəaliyyətində səmərəni artırır

22.09.2020

Müstəqil Azərbaycanda ictimai-siyasi sabitliyin, qanunçuluğun etibarlı təminatçısı olan, dövlətçiliyə, xalqa sədaqətlə xidmət göstərən prokurorluq işçiləri bu il oktyabrın 1-də növbəti dəfə peşə bayramlarını qeyd edəcəklər. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq əməkdaşlarının peşə bayramı günü elan olunmuş, bu unudulmaz hadisə prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi tarixilik qazanmışdır.


Azərbaycan Respublikası Prokurorluğunun milli dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik orqan kimi formalaşması, onun səmərəli fəaliyyəti üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması məhz ulu öndərimiz Heydər Əliyevin sayəsində mümkün olmuşdur.
Ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradılmasında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının da mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizdə qanunçuluğun bərpası, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, ədalət mühakiməsində dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında həyata keçirilməsi istiqamətindəki mühüm addımlarından biri də prokurorluq sistemində dövrün tələblərindən irəli gələn liberal islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiyaya uyğunlaşdırılması olmuşdur.
Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Konstitusiyası hakimiyyət bölgüsü prinsiplərini özündə ehtiva etməklə zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm təməl yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ümummilli liderimizin hakimiyyəti dövründə dövlətimizin və xalqımızın əldə etdiyi nailiyyətlərin miqyası son dərəcə genişdir. Bura həmçinin müstəqil dövlətimizin hüquq sisteminin formalaşdırılması istiqamətində həyata keçirilmiş möhtəşəm tədbirlər də daxildir. Bu tədbirlər nəticəsində milli dövlətçiliyimizin əsas sütunlarından olan, beynəlxalq standartlara uyğun hüquq-mühafizə sistemi yaranmışdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində Azərbaycan bu gün hüquqi demokratik dövlət quruculuğunda fəal rol oynayan təsisatlara malikdir. Həmin təsisatlar içərisində xüsusi yeri olan prokurorluq orqanlarının fəaliyyəti, bu orqanlarda çalışanların, dövlətçiliyimizə şərəflə qulluq edən insanların maddi və sosial vəziyyəti ümummilli liderimizin daim diqqət və qayğısı ilə əhatə edilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ölkənin prokurorluq orqanlarının demokratik məzmunda tamamilə yenidən formalaşması, prokurorluğun statusunu, cəmiyyətdə yerini və rolunu müəyyənləşdirən qanunvericilik bazasının yaradılması Heydər Əliyevin mühüm xidmətlərindən biridir. Ulu öndər Azərbaycan prokurorluq orqanlarının 80 illik yubileyi və bu orqanlarda çalışanların peşə bayramı münasibətilə keçirilən tədbirdə şəxsən iştirak edərək proqram xarakterli nitq söylədi, bizə öz dəyərli tövsiyə və məsləhətlərini verdi. “Mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” - deyən müdrik rəhbərin tövsiyələrinə əməl etmək prokurorluq işçiləri üçün qürur və şərəf işidir.
Respublikamızda hüquqi islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının ardıcıl həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə 1996-cı ildə dahi rəhbər Heydər Əliyevin sərəncamı ilə Hüquqi İslahatlar Komissiyası, 1998-ci ildə isə Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üçün Dövlət Komissiyası yaradıldı. Hüquqi İslahatlar Komissiyası tərəfindən hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Prokurorluq haqqında” qanunlar, demokratik cəmiyyətin tələblərinə cavab verən, beynəlxalq standartlara uyğun yeni məcəllələrin və digər qanunların, normativ-hüquqi aktların qəbulu hüquqi, o cümlədən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində böyük rol oynamışdır.
Bu gün ölkəmizdə bütün sferalarda, eləcə də məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatların yeni mərhələsi Azərbaycan Prokurorluğunda da islahatların dərinləşdirilməsini və yeni yanaşmaların tətbiq edilməsini zəruri etmişdir. 2020-ci ilin 1 may tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevi videoformatda qəbul edərkən bildirmişdir ki, “bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir və biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk, ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qurumlarında informasiya-kommunikasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməsi sahəsində verilmiş fərman və sərəncamların icrası ilə əlaqədar prokurorluq orqanlarının funksional vəzifələrinin müasir dövrün elmi-texniki nailiyyətləri tətbiq edilməklə həyata keçirilməsinə diqqət artırılmışdır.
2020-ci ildə Azərbaycan Respublikası Baş prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən Baş prokurorun göstərişləri rəhbər tutularaq prokurorluq orqanlarında kriminalistika və müasir informasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlər görülmüşdür. Bu dövr ərzində 11 rayon (şəhər) prokurorluqları üzrə təsdiq edilmiş dislokasiyalarda kriminalistika xidmətini aparan Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokurorları bu rayon (şəhər) prokurorluqlarının ərazisində törədilmiş 288 fakt üzrə ayrı-ayrı hadisə yerlərinə baxış keçirilməsi, maddi sübutların götürülərək qablaşdırılması, müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməsi, ekspertizaların təyin olunması, istintaq planlarının tərtib olunması və digər ilkin təxirəsalınmaz istintaq hərəkətlərində iştirak etmişlər. Bu iştirakın müsbət nəticəsi olaraq Kriminalistika şöbəsinin prokurorları tərəfindən ibtidai araşdırmanın ilkin mərhələsində qeyd edilən rayon (şəhər) prokurorluqlarının xidməti ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qəsdən adam öldürmə cinayətlərinin açılması və maddi sübutların müəyyən edilərək götürülməsi üzrə istintaq hərəkətlərinin cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq düzgün və peşəkar icrası təmin edilmişdir.
2020-ci ilin birinci yarımilində Kriminalistika şöbəsinin prokurorlarının hadisə yerinə baxışda və digər ilkin istintaq hərəkətlərində iştirak etdiyi rayon (şəhər) prokurorluqlarının xidməti ərazisində baş vermiş 288 hadisədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd hadisəsi 70, intihar və intihara cəhd hadisəsi 133, avtoqəza hadisəsi 1, dəm qazından zəhərlənmə 18, elektrik cərəyanı vurma 7 və digər hadisələrin sayı 59 olduğu halda, 2019-cu ilin birinci yarımilində baş vermiş 349 hadisədən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd 54, intihar və intihara cəhd 161, avtoqəza hadisəsi 3, dəm qazından zəhərlənmə 12, elektrik cərəyanı vurma 7 və digər hadisələrin sayı 112 təşkil etmişdir.
Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsində quraşdırılmış “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin işçi yerinin fəaliyyəti tam şəkildə təmin edilməklə 2020-ci ilin birinci yarımilində Sistemdən məlumatların əldə olunmasına dair 506 sorğu verilmiş, onlardan “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportlar” altsistemi üzrə 478 şəxs, Dövlət Miqrasiya Xidmətinin “DMX Sənəd” altsistemi üzrə 4 şəxs, “Sərhəd nəzarəti” altsistemi üzrə 677 şəxs barədə olmuş, “Sərhədkeçməyə məhdudiyyət” altsisteminin siyahısına 177 şəxs fəallaşdırılaraq daxil edilmiş, onlardan 55 şəxs “Saxla”, 121 şəxs “Qadağandır”, 1 şəxs isə “İzlə” statusu ilə olmuş, 210 şəxs qeyri-fəal edilərək, onlardan 51 şəxsin “Saxla”, 159 şəxsin isə “Qadağandır” statusları ləğv edilmişdir. Məhdudiyyətlər siyahısında olub-olmamasına dair 10 şəxs barədə sorğular icra edilmişdir. Eyni zamanda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin Vahid Məlumat Axtarış Sisteminin işçi yerindən 2020-ci il ərzində “Məhkum olunanlar” baza məlumatından 458 sorğu üzrə məlumatların verilməsi təmin edilmişdir.
İdarənin Kriminalistika şöbəsində yaradılmış Vahid Məlumat Bazasına daxil edilməsi üçün 2017-ci ilin birinci yarımilində idarəyə 49 fakta dair cəmi 40 cinayət işi üzrə məlumat daxil olmuş, onlardan rayon (şəhər) prokurorluqlarından 33, hərbi prokurorluqlardan isə 7 cinayət işi üzrə məlumatlar təşkil etmişdir. Həmin məlumatlardan 34 cinayət işi 1 fakt, 6 cinayət işi 2 fakt, 1 cinayət işi 3 fakt üzrə olmuşdur. Bu məlumatlardan 22-i qəsdən adam öldürmə, 11-i qəsdən adam öldürməyə cəhd, 7-i isə digər ağır və xüsusilə ağır cinayətlər barədə olmuşdur. Törədilən cinayətlərdən 17-də odlu silahlardan, 2-də soyuq silah hesab edilən bıçaq və alətlərdən, 20-də soyuq silah hesab edilməyən bıçaqlardan, 5-də müxtəlif alətlərdən (balta, tiyə, mişar daşı və sair) istifadə olunmuş, 5 cinayət isə hər hansı silah və ya alətlərdən istifadə olunmadan törədilmişdir.
İdarə tərəfindən hazırlanmış “Elektron cinayət işi”, “Elektron sənəd dövriyyəsi” və “Elektron ittiham” proqramlarından bütün prokurorluq orqanlarında uğurla istifadə edilməsi təmin olunmuş, Baş Prokurorluğun tamamilə yeni veb-saytı yaradılmışdır.
“Elektron sənəd dövriyyəsi” proqram təminatına dair 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin birinci yarımilində prokurorluq orqanlarında qeydiyyatdan keçmiş sənədlərin azalma dinamikası müşahidə edilərək, 14,6 faiz təşkil etmişdir. Belə ki, 2019-cu ilin birinci yarımilində 80.405 sənəd (47.093 müraciət və 33.312 xidməti sənəd) qeydiyyatdan keçirildiyi halda, 2020-ci ilin eyni müddəti ərzində cəmi 68.668 sənəd (onlardan 42.674 müraciət və 25.994 xidməti sənəd) qeydiyyata alınmışdır. 2012-ci ildə proqramın istifadəyə verildiyi vaxtdan qeydiyyata alınmış sənədlərin sayı 1.000.000 keçərək, 1.142.704 sənəd təşkil etmişdir.
“Elektron cinayət işi” proqramının istifadəsi üzrə 2020-ci ilin birinci yarımilində kateqoriyalar üzrə azalma müəyyən edilmişdir. Belə ki, 2019-cu ilin 6 ayı ərzində ümumilikdə 6.760 sənəd (5.780 cinayət xarakterli material və 980 cinayət işi) qeydiyyata alınsa da, təhlil edilən müddətdə 5.847 cinayət xarakterli material və 869 cinayət işi qeydiyyatdan keçirilmiş, sənədlərin cəmi sayı 6.716 olmuşdur.
Dövlət ittihamının müdafiəsi üzrə idarənin istifadəsində olan “Elektron ittiham” proqramında 2019-cu ilin birinci yarımilində birinci instansiya məhkəmələri üzrə 3.446 bildiriş, 2020-ci ilin eyni müddət ərzində isə 2.747 bildiriş qeydiyyata alınmış, azalma dinamikası müəyyən edilmişdir. Statistik məlumatlara əsasən qeydiyyata alınmış sənədlərin ildən-ilə artan dinamikası, prokurorluq əməkdaşları tərəfindən xidməti proqramlardan daha geniş istifadə edilməsinin, informasiya texnologiyalarının tətbiqi prokurorluq orqanlarının işinin ayrılmaz hissəsinin olmasının göstəricisidir.
2020-ci ilin birinci yarımilində proqram təminatlarının istifadə dinamikasının azalmasının əsas səbəbi dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar respublika ərazisində karantin tədbirlərinin tətbiq edilməsi, vətəndaşların sosial izolyasiyası, məhkəmələrdə işlərə baxılmasının təxirə salınması olmuşdur. Qeyd olunan proqramların funksional imkanlarının genişləndirilməsi istiqamətində sistemli tədbirlərin görülməsi, o cümlədən əməkdaşların proqramlardan tam və əhatəli şəkildə istifadə edilməsinə nəzarətinin həyata keçirilməsi məqsədilə idarə tərəfindən zəruri işlər görülmüşdür. Belə ki, “Elektron cinayət işi” və “Elektron sənəd dövriyyəsi” proqramlarından istifadə vəziyyətinin öyrənilməsi və bu sahədə əməli köməkliyin göstərilməsi və texniki dəstəyinin təmin edilməsi həyata keçirilmiş, lazımi səviyyədə dəstək göstərilmişdir.
Proqramların istifadəsi ilə əlaqədar çətinliklər aradan qaldırılmış, müvafiq tövsiyələr verilmiş, mütəmadi əlaqə saxlanılmaqla “Elektron cinayət işi” proqramından istifadəyə tam şəkildə keçilməsi təmin edilmişdir. Eyni zamanda Baş Prokurorluğun “Elektron cinayət işi” proqramının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” İnformasiya Sisteminə inteqrasiya edilməsi üçün zəruri işlər görülmüşdür. Belə ki, Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin əməkdaşları ilə görüşlər keçirilərək “Elektron məhkəmə” sistemi üzrə inteqrasiya prosesinin strategiyası müəyyən edilmiş, “Elektron cinayət işi” proqramı vasitəsilə cinayət işlərinin elektron formada məhkəməyə göndərilməsi üçün bir sıra prokurorluq əməkdaşlarına zəruri olan “Elektron imza” sertifikatları alınaraq təqdim edilmiş, sistemə qoşulması üçün Baş Prokurorluğun inzibati binasında quraşdırılmış yeni şəbəkə avadanlığı fasiləsiz enerji ilə təmin olunaraq istifadəyə verilmişdir. Hazırda prokurorluğun daxili vahid şəbəkəsinin yeni avadanlıq üzərinə keçirilməsi üçün zəruri işlər görülür. Yeni şəbəkə istifadəyə verildikdən sonra “Elektron sənəd dövriyyəsi” proqramının bazasına zəruri olan elektron məlumat bazaları inteqrasiya olunacaq. Bununla yanaşı həm Ədliyyə Nazirliyinin, həm də idarənin mütəxəssisləri tərəfindən müvafiq servis proqramları yazılmaqla elektron sənəd mübadiləsi sahəsində inteqrasiya təmin ediləcəkdir.
İdarə tərəfindən mobil cihazlar üçün “Mobil Vətəndaş Müraciəti” proqram təminatı hazırlanmışdır. Bu proqram təminatı - vətəndaşların mobil cihazlar vasitəsilə prokurorluq orqanlarına müraciət etməsinə və verilmiş müraciətlərin nəticələrinin öyrənilməsinə xidmət edir. Bu da dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası zamanı xüsusilə vacib rol oynayır. Belə ki, proqram faktiki olaraq dövlət tərəfindən pandemiyaya qarşı həyata keçirilən tədbirlər çərçivəsində infeksiyanın geniş yayılmasının qarşısının alınmasına köməklik edərək, ölkədə tətbiq edilən xüsusi karantin rejimi zamanı insanların yaşadıqları yerlərdə qalmaq tələbini pozmamaqla prokurorluq orqanlarına müraciət etmə hüquqlarını təmin edir.
Proqram “iOS” və “Android” əməliyyat sistemləri üçün hazırlanmışdır və onu “App Store” və “Google Play” elektron mağazalarından yükləmək mümkündür.

 

Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış süni intellektə malik olan “Elektron ittiham” adlı yeni proqram Dövlət ittihamının müdafiəsi üzrə idarəsi tərəfindən tam şəkildə istifadə olunur. Bu proqram təminatı idarə tərəfindən hazırlanmış ən həcmli proqram təminatı olmaqla, dövlət ittihamçılarının işinin asanlaşdırılması və səhvlərə yol verilməsinin qarşısının alınması məqsədi ilə yaradılmışdır.
Proqram, məhkəmələrin birinci, apelyasiya və kassasiya instansiyalarını əhatə edərək, işlər üzrə təqsirləndirilən şəxslərin anket məlumatlarını, törədilmiş cinayət əməlinin tövsifini, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallarını, iştirakçılığı, residivi, ödənilməmiş məhkumluqları, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallarını, prosesin digər iştirakçıları, dövlət ittihamçısı və hakim barədə məlumatları, digər əhəmiyyətli parametrləri nəzərə almaqla iş üzrə avtomatik olaraq ətraflı arayış hazırlayır. Proqram süni intellektə malik olaraq, ümumilikdə 340 parametr üzrə daxil edilmiş məlumatları toplamaqla cinayət işləri üzrə ziyanın toplanmasını, yetkinlik yaşına çatmayanlara cəzanın təyin edilməsi xüsusiyyətlərini nəzərə alır, cinayətlərin məcmusu üzrə müddətlərin düzgün hesablanmasını həyata keçirir, məhkəmələrlə elektron məlumatların mübadiləsini təmin edir. Proqramda həmçinin dövlət ittihamçılarının fəaliyyətinə rəhbərlik tərəfindən nəzarətin həyata keçirilməsi də nəzərə alınmışdır.
Prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə Baş Prokurorluğun müasir standartlara cavab verməyən, 2010-cu ildə hazırlanmış veb saytı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli, 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə uyğun olan, müasir standartlara cavab verən tamamilə yeni veb saytı ilə əvəz edilmişdir.
İdarə tərəfindən prokurorluq orqanlarında “Elektron cinayət işi”, “Elektron sənəd dövriyyəsi”, “Elektron ittiham” və digər xidməti proqram təminatının istifadəsi zamanı ortaya çıxan hər hansı çətinliklər vaxtında və qısa müddət ərzində aradan qaldırılır, proqramlar daim təkmilləşdirilərək yenilənir və onlara yeni funksionallıq əlavə edilməklə tətbiqi davam etdirilir, yeni proqram təminatlarının layihələri hazırlanır.
Kriminalistika və informasiya texnologiyaları idarəsi bundan sonra da Azərbaycan Respublikası Baş prokurorunun göstərişlərini rəhbər tutaraq, prokurorluq orqanlarında kriminalistika və müasir informasiya texnologiyalarının tətbiqi istiqamətində fəaliyyətini davam etdirməklə, qarşıda duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.

 

Murad DADAŞOV,
Azərbaycan Respublikası
Baş Prokurorluğunun Kriminalistika və
informasiya texnologiyaları idarəsinin rəisi, baş ədliyyə müşaviri.

Respublika qəzeti, 22 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.