Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan bu gün, sözün həqiqi mənasında, müstəqil dövlət kimi dünya birliyində layiqli yerini tutub. Son 17 il ərzində, demək olar ki, bütün sahələr üzrə qazanılan uğurlar ölkəmizlə əməkdaşlıq etmək istəyən qüdrətli dövlətlərin sayını artırıb. Bütün bunlar, təbii ki, Prezident İlham Əliyev tərəfindən düzgün müəyyənləşdirilmiş daxili və xarici siyasətin təzahürüdür. Qürurverici haldır ki, dövlətimizin başçısının beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə ciddi təsir göstərir.
Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran ilində də durmadan inkişaf edib. Hətta koronavirus pandemiyasının bəşəriyyəti sarsıtdığı, iqtisadiyyatı çökdürdüyü, iri şirkətlərin fəaliyyətinə ciddi zərbə vurduğu bir vaxtda ölkəmizdə regional inkişaf proqramı uğurla icra edilir. Regionların sosial-iqtisadi məsələlərinin həlli istiqamətində çox müfəssəl dövlət proqramları qəbul edilir. Azərbaycan getdikcə abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir dövlət rəsmisi, xarici vətəndaş, qonaq bu reallıqları görür, təqdir edir və qiymətləndirir. Ölkəmiz hüquqi, sivil, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyir.
Respublikamız Prezident İlham Əliyevin rəhbərliyi ilə ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyir. Bunun ən başlıca səbəbi həyata keçirilən siyasətin xalqın mənafeyini tam ifadə etməsidir. Dövlət başçısının rəhbərliyi ilə, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətində siyasi strategiya davam etdirilir. 2016-cı ilin Aprel və bu ilin 12-16 iyul Tovuz döyüşləri Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyini, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğunu, həmçinin, düşmən üzərində hərbi, siyasi, iqtisadi və mənəvi-psixoloji üstünlüyünü bir daha sübuta yetirdi. Hər iki əməliyyat zamanı ermənilərin törətdikləri təxribatların qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alındı və düşmənin silahlı qüvvələri darmadağın edildi. Yeri gəlmişkən, Tovuz hadisələri başlayandan sona çatana qədər kollektivimizin üzvləri bütün gün ərzində hərbçilərimizlə bir yerdə oldu. Hətta gecə də evə getməyib onlara arxa-dayaq olduq. Əməliyyat başa çatdıqdan sonra Ermənistan ordusunun bu təxribatına hüquqi qiymət verildi. Ziyan dəymiş 36 evə baxış keçirdik. Həmin hadisələrdə bir mülki şəxs də düşmən tərəfindən qətlə yetirildi. Bütün bunlarla əlaqədar rayon ptokurorluğunda dörd istiqamət üzrə cinayət işi qaldırılıb. Bu gün də sərhədboyu ərazilərdəki kəndləri diqqətdən kənarda qoymuruq. Mütəmadi olaraq həmin kəndlərdə oluruq, sakinlərlə görüşürük. Onların hamısı cənab Prezidentin siyasi kursunu dəstəkləyir, dövlətimizin başçısı ilə həmrəy olduqlarını bildirirlər. Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin bir çağırışı bəs edər ki, biz, prokurorluq işçiləri də əlimizə silah alıb düşmənlərimizin üzərinə gedək. Kollektivimizin bütün üzvləri buna hər an hazırdır.
Bu reallıqlar Ermənistanda hərbi-xunta rejiminin çöküşündə mühüm rol oynayır. Azərbaycan Ermənistanı regionda təcrid vəziyyətə salıb. Bunun nəticəsində işğalçı ölkə iqtisadi və siyasi böhrana sürüklənib. Artıq dünya birliyinə də bəlli oldu ki, Azərbaycanın işğal altında olan ərazilərini azad etməyə qadir ordusu var. Biz əzəmətli Azərbaycan bayrağının işğal altında olan ərazilərimizdə də dalğalanacağı günün yaxında olduğuna inanırıq, ordumuzun gücünü, nəyə qadir olduğunu yaxşı bilirik.
Azərbaycan Prokurorluğu 102 illik inkişaf tarixi ərzində çətin, lakin şərəfli bir təkamül yolu keçib. Bu yol öz doğma xalqının və müstəqil dövlətinin hərtərəfli dəstəyinə arxalanan, milli ənənələrə və mütərəqqi dünya standartlarına uyğun şəkildə daim təkmilləşən prokurorluq orqanlarını sivil və dünyəvi bir quruma çevirib. Qanunun aliliyinin təmin edilməsini özünə şərəf hesab edən prokurorluq orqanları dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə mübariz kollektivini formalaşdıran mühüm bir təsisat kimi dövlətçiliyimizin maraqlarının təmin olunması, cinayətkarlığa və korrupsiyaya qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlamışdır. Mürəkkəb, amma şərəfli inkişaf yolu keçən, dövlətçiliyin möhkəmləndirilməsində, qanunçuluğun təmin edilməsində, cinayətkarlıqla mübarizədə mühüm rol oynayan Azərbaycan Prokurorluğu Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində təşkil edilmiş prokurorluq orqanı olmuşdur. Bu orqan dövrün çətinlikləri ilə – ilk növbədə, maliyyə və kadr problemləri ilə üzləşsə də, öhdəsinə düşən vəzifələrin icrasını təmin etmək üçün lazımi tədbirlər həyata keçirmiş və öz fəaliyyətini qeyd edilən Xalq Cümhuriyyəti Nazirlər Şurasının 14 noyabr 1918-ci il tarixdə təsdiqlədiyi “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə”yə uyğun qurmuşdur. AXC-nin ömrü uzun olmasa da, Şərqdə ilk müstəqil müsəlman dövləti kimi dünya tarixinə düşdü.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra müstəqil dövlətin təsisatı kimi öz işini dayandıran milli prokurorluq orqanları ölkəmizin SSRİ-nin tərkibində olduğu dövr ərzində hakim partiyanın sinfi xarakter daşıyan mənafelərinə xidmət edən bir qurum kimi fəaliyyət göstərmişdir. Bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycan SSR-də Sovet prokurorluğunun əsası qoyulmuşdur. 1936-cı ilin iyul ayında Azərbaycan SSR prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlamışdır. Lakin nə qədər müstqəil fəaliyət göstərsə də, sərt sovet rejiminin bütün ağırlıqlarına dözmək məcburiyyətində idi. İmperiyanın hər bir göstərişi məcburi idi. Ona görə də belə bir rejim altında müstəqil fəaliyyət göstərməyin nə qədər çətin olması hər kəsə aydınıdır.
SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycanda tədricən əldə edilən nailiyyətlərə, sıçrayışlı inkişafa, bütün sahələr üzrə hüquqi bazanın tam formalaşmasına ulu öndər Heydər Əliyevin siyasi strategiyası sayəsində nail olunmuşdur. Onun müəyyənləşdirdiyi mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi ölkədə demokratik dövlət quruculuğu və kompleks islahatların reallaşmasına və hərtətəfli inkişafın təmin olunmasına dərin əsaslar yaradıb. Prokurorluq orqanları da məhz ulu öndərin müstəqil Azərbaycana rəhbərliyindən sonra tam formalaşdı. Ümummilli liderin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Artıq 22 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə prokurorluq orqanlarının normal fəaliyyətinin təmin olunması məqsədilə zəngin hüquqi baza yaradıldı. Bu dövrdə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası, o cümlədən çoxsaylı qanunlar və məcəllələr – “Məhkəmələr və hakimlər haqqında”, “Konstitusiya məhkəməsi haqqında”, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki, Mülki-Prosessual, İnzibati xətalar məcəllələri və bir sıra mühüm normativ hüquqi aktlar bütövlükdə, demokratik cəmiyyətdə prokurorluğun yeri və rolunu müəyyən etmişdir.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən prokurorluq orqanlarına yüksək etimad, dövlət səviyyəsində hərtərəfli diqqət və qayğı göstərilir, onun fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülür. Hər il peşə bayramı ilə əlaqədar ölkə başçısının müvafiq sərəncamına əsasən, bir qrup prokurorluq işçilərinin I, II, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmaları bunun bariz nümunəsidir.
Dövlətimizin başçısı prokurorluq orqanlarına güvənir və böyük etimad göstərir. 2020-cil mayın 1-də möhtərəm Prezidentimiz Baş Prokuror vəzifəsinə təyin etdiyi cənab Kamran Əliyevi videoformatda qəbul edərkən səsləndirdiyi müdrik fikirlər də bunu təsdiqləyir. Dövlət başçısının həmin görüşdə verdiyi tövsiyə və tapşırıqlar prokurorluğun kollektivində böyük məsuliyyət yaradıb. Həmin tapşırıqlardan biri də korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir. Son vaxtlar bu sahədə əsaslı işlər görülüb və bu işlər avam etdrilir. Vəzifəsindən və tutduğu mövqeyindən asılı olmayaraq, korrupsiya və rüşvətxorluq hallarına yol verənlərə qarşı sərt tədbirlər görülür və bundan sonra da görüləcək.
Hər birimiz ölkədə aparılan genişmiqyaslı islahatlarla yaxından tanışıq. Mən kadr islahatlarını xüsusi qeyd emək istərdim. İslahatların yeniləşmə, yeni yanaşma olduğunu diqqətə çatdıran möhtərəm Prezidentimiz bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac olduğunu bildirdi. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Bu islahatlar ölkəmizi daha da gücləndirir. İslahatlarsız tərəqqi mümkün deyil. Ona görə də digər sahələrdə olduğu kimi, hüquq-mühafizə orqanlarında da islahatlara böyük ehtiyac yaranmışdı. Ölkə rəhbəri Azərbaycan Respublikası Prokurorluğunun bu islahatların aparılmasında uğurlar qazanacağına ümidvar olduğunu bildirdi.
Dövlət başçısının proqram xarakterli tövsiyə və tapşırıqlarından cəmi 11 gün sonra – mayın 12-də Baş Prokurorluqda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirildi və “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanlarında işin təkmilləşdirilməsi və islahatların dərinləşdirilməsinə dair tövsiyələrinin icrası üzrə 2020-ci il üçün Fəaliyyət Planı” təsdiq olundu. Bundan sonra prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatlarının həyata keçirilməsinə başlanıldı, şəffaf prosedurlara və ədalətli meyarlara əsaslanan islahatların reallaşdırılması istiqamətində mühüm işlər görüldü.
Cənab Baş Prokuror möhtərəm Prezidentimizin kadr siyasəti ilə bağlı verdiyi tövsiyə və tapşırıqları dərhal reallaşdırdı. İslahatlar zamanı gənclərə etimad göstərilməsinə və gender bərabərliyinə xüsusi diqqət yetirildi. Dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi prokurorluq orqanlarının kadr korpusunun 7 faizini təşkil edən qadın əməkdaşların 8 nəfəri qısa müddət ərzində rəhbər vəzifələrə– Baş Prokurorluğun idarə və şöbə rəisi, rayon prokuroru və rayon prokurorunun müavini vəzifələrinə təyin edildilər. Kadr islahatlarının nəticəsi olaraq, son 3 ay ərzində 45 prokurorluq işçisi rayon (şəhər) və ərazi hərbi prokuroru vəzifəsinə təyin olunub. Onlardan 27-si orta yaş hədləri 40 olmaqla ilk dəfə, 16-sı təkrar, 2-si isə ikinci səlahiyyət müddətinə prokuror vəzifəsinə təyin olunublar. Bununla yanaşı, Baş Prokurorluğun 18 idarə və şöbəsindən 15-nin rəisləri dəyişilmiş, onlardan 7 prokurorluq işçisi ilk dəfə olaraq idarə və şöbə rəisi vəzifəsinə təyin olunmuşdur. Baş Prokurorluğun idarə və şöbələrinin rəis müavinləri vəzifələrində də dəyişikliklər aparılaraq orta yaş həddi 36 olmaqla 11 prokurorluq işçisi idarə və şöbə rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. Ümumilikdə, 14 rayon və şəhər prokurorunun müavinləri dəyişilərək, müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən prokurorluq işçiləri hesabına komplektləşdirilmişdir.
Faktlar da təsdiqləyir ki, məsul vəzifələrdə gənclərə böyük etimad göstərilir. Gənclər siyasəti hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin prioritet istiqamətlərindən biri olub. Bu gün də elədir. Məhz bu yüksək diqqətin nəticəsidir ki, hazırda ölkəmizdə baş verən bütün ictimai-siyasi proseslərdə gənclərin rolu artır, yüksək potensiallı Azərbaycan gəncləri cəmiyyətimizin bütün sahələrində, idarəetmə strukturlarının bütün pillələrində layiqincə təmsil olunur və adekvat işlər görürlər. Azərbaycanda uğurla reallaşdırılan dövlət gənclər siyasətinə və ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə edilməsi barədə dövlət başçısının tapşırıqlarına uyğun mütəmadi olaraq gənc hüquqşünasların şəffaf prosedurlar əsasında prokurorluğa qəbulu aparılır. Son illər cəmiyyət həyatının bütün sahələrini əhatə edən sistemli islahatlar, gənclərə geniş fəaliyyət meydanı verilməsi, ölkə başçısı tərəfindən onlara göstərilən yüksək etimad, o cümlədən gənclərin cəmiyyətdəki rolunu və məsuliyyətini artıran mühüm qərarlar göz qabağındadır.
Möhtərəm Prezidentimiz Baş Prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən “Prokurorluq orqanlarının işçiləri bundan sonra da Vətənə ləyaqətlə xidmət etsinlər və bütün hüquq-mühafizə orqanları elə çalışsınlar ki, həm vətəndaşlar, ictimaiyyət onların işindən razı olsun, eyni zamanda, dövlətin maraqları və qanunun aliliyi təmin edilsin” – müdrik tövsiyələri hər bir prokuror işçisində ciddi məsuliyyət yaradıb. Hər birimiz işimizi bu tələblər əsasında quraraq dövlətimizə, xalqımıza və möhtərəm Prezidentimizə hər zaman sadiqlik nümayiş etdirəcək, bundan sonra da üzərimizə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutacaq, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirəcəyik.
Elçin QƏHRƏMANOV,
Tovuz rayon prokuroru, baş ədliyyə müşaviri
Xalq qəzeti, 22 sentyabr 2020-ci il