Şriftin ölçüsü :

Saytın rəngi :

DAVAMLI İSLAHATLAR PROKURORLUĞUN FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİ TƏMİN EDİR

18.09.2020

Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə İstiqlal bəyannaməsini qəbul edərək müstəqilliyini elan etməklə Şərqdə ilk demokratik dövlətin əsaslarını yaratmışdır. 16 iyun 1918-ci ildə Tiflis şəhərindən Gəncə şəhərinə köçdükdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi ən vacib məsələlərdən biri də hüquq sisteminin qurulması və məhkəmə-istintaq orqanlarının formalaşdırılması olmuşdur. Azərbaycan hökuməti 1918-ci ilin sentyabr ayında Bakıya köçdükdən sonra məhkəmə-istintaq orqanlarında islahatların aparılması sürətləndirilmişdir.

Azərbaycan Demokratik Respublikasının fəaliyyət göstərdiyi cəmi 23 ay ərzində baş vermiş ən mühüm hadisələrdən biri də Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində milli prokurorluq orqanlarının yaradılaraq fəaliyyətə başlaması idi. 1918-ci ilin noyabr ayının 14-də Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurası tərəfindən təsdiq olunmuş “Azərbaycan Məhkəmə palatası haqqında” Əsasnaməyə görə, Azərbaycan Məhkəmə Palatası yanında prokuror nəzarəti, cinayət prosesində ittihamın müdafiə edilməsi və məhkəmə orqanlarında qanunların tətbiqinə nəzarət funksiyasının həyata keçirilməsi hökumət tərəfindən təyin olunmuş prokuror və onun iki müavininə həvalə edilmişdir. Prokuror nəzarətini Baş prokuror həyata keçirmişdir. Baş prokurorun funksiyalarını Ədliyyə naziri icra etmişdir. Ölkənin Parlamenti tərəfindən 1919-cu ilin aprel ayının 14-də qəbul edilmiş Azərbaycan Respublikasında Hərbi-məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamə”yə uyğun olaraq Azərbaycan Hərbi Məhkəməsinin idarəçiliyi hərbi nazirlik tərəfindən həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Hərbi Məhkəməsinə prokuror nəzarəti Hərbi nazirin əmri ilə təyin olunmuş Hərbi Məhkəmənin prokuroruna həvalə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində qərarlaşmış prokurorluq orqanları olduqca mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri çərçivəsində səmərəli fəaliyyət göstərmişlər. 1920-ci ilin aprel ayının 28-də XI Qızıl ordunun müdaxiləsi nəticəsində Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Azərbaycan İnqilab Komitəsinin “Xalq məhkəməsi haqqında” 12 may 1920-ci il tarixli dekretinə əsasən Cümhuriyyətin dövründə yaradılmış digər dövlət orqanları ilə bərabər, prokurorluq və istintaq orqanları da ləğv edilmişdir. İlk dövrlərdə prokurorluq orqanları olmadığı üçün qanunların icrasına nəzarət Xalq Ədliyyə Komissarlığı, İnqilab komitələri, Fəhlə-kəndli müfəttişlikləri və digər hakimiyyət orqanları tərəfindən həyata keçirilmişdir. Lakin həmin dövrdə dövlət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən orqanın yaradılmasına zərurət olduğu üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” 11 iyul 1922-ci il tarixli dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasında sovet prokurorluğunun əsası qoyulmuşdur. 22 iyul 1922-ci ildə təsdiq edilmiş “Xalq Ədliyyə Komissarlığı haqqında Əsasnamə” ilə prokurorluğa xalq məhkəmələrinin hökm və qərarlarına nəzarət qaydasında baxmaq və yeni açılmış hallar üzrə işlərin təzələnməsi hüququ verilmişdir. 6 iyul 1927-ci ildə Azərbaycan SSR MİK və XKS tərəfindən təsdiq edilmiş “Məhkəmə quruluşu haqqında” Əsasnaməyə görə, Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Respublika Prokurorluğu idarəsi yaradılmışdır. Ərazilər üzrə mahal prokurorluqlarının əvəzində qəza və şəhər prokurorluqları yaradılmışdır. 1930-cu ilin avqust ayının 8-də Azərbaycan SSR MİK və XKS-nin qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR prokurorluğu haqqında” Əsasnaməyə əsasən prokurorluq birbaşa Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə tabe edilmişdir. 1936-cı ildən başlayaraq SSRİ dövlətində prokurorluq sisteminin daha ciddi mərkəzləşməsi prosesi həyata keçirilmişdir. SSR İttifaqı MİK və XKS-nin 20 iyul 1936-cı il tarixli SSR İttifaqı Xalq Ədliyyə Komissarlığının yaradılması haqqında” qərarına əsasən Azərbaycan SSR-in prokurorluq və istintaq orqanları xalq ədliyyə komissarlığı strukturundan çıxarılaraq birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə verilmişdir. SSRİ Ali Sovetinin 1979-cu ilin noyabr ayının 30-da keçirilmiş sessiyasında “SSRİ prokurorluğu haqqında” qanun qəbul edilmişdir.

1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktı qəbul edilsə də, 1993-cü ilin ikinci yarısınadək olan dövrdə Azərbaycan Respublikasının müstəqil dövlət kimi fəaliyyət göstərməsi nəzərə çarpmırdı. Ölkədə ictimai-siyasi vəziyyət olduqca mürəkkəb idi, xaos, özbaşınalıq, hakimiyyətsizlik dövlətin iqtisadi və siyasi əsaslarını laxlatmış, dövlət orqanlarının fəaliyyəti iflic olmuş və hüquq sisteminə böyük zərbə vurulmuşdu. Xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə həmişəlik son qoymaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən süquta uğradılmasının qarşısını almaqla bərabər, Azərbaycanda mərkəzi hakimiyyət qurulmuş, ayrı-ayrı ictimai münasibətləri nizama salan qanunlar və digər normativ aktlar qəbul edilmiş, sosial-iqtisadi, ictimai-siyasi, məhkəmə-hüquq islahatları həyata keçirilməyə başlanmışdır.

Ulu öndərin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi-referendumda qəbul edilmiş, ən yüksək, birbaşa hüquqi qüvvəyə malik olan və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə ciddi zəmin yaratmışdır. 158 maddədən ibarət olan Konstitusiyada Prokurorluğun məhkəmə hakimiyyəti sistemində yerini, hüquqi statusunu, təşkili qaydasını, səlahiyyətlərini, eləcə də Azərbaycan Respublikasının Baş prokurorunun, onun müavinlərinin, ərazi və ixtisaslaşmış prokurorların vəzifəyə təyin edilməsi, vəzifədən azad edilməsinin qaydalarını müəyyən edən və prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirməsinə təminat yaradan 133-cü, cinayət məhkəmə icraatında Azərbaycan Respublikasının Prokurorluğunun tərəf kimi iştirakını müəyyən edən 125-ci maddələrinin yer alması prokurorluq orqanlarının dövlət və cəmiyyət üçün nə qədər vacib dövlət təsisatı olmasının bariz nümunəsidir.

Milli prokurorluq orqanlarının qanunun aliliyinin təmin edilməsi, insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, kadr tərkibi və rəhbər heyətinin yüksək peşəkarlığı, mənəvi və iş keyfiyyətləri ilə seçilən əməkdaşlar hesabına yenidən komplektləşdirilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış yeni məzmunlu islahatlar nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş və bilavasitə özünün təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Heydər Əliyev həmin müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə halları, hüquq islahatlarının həyata keçirilməsi zamanı mühafizəkarlığa yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamaların keçirilməsini və bu kimi neqativ halları kəskin tənqid edərək demişdir: “Hüquq- mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi imtiyazlara və xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etməsində xüsusi rol oynamalıdırlar. Bunların hamısı Azərbaycanda cinayətkarlıqla, cinayətkarlığın bütün növləri ilə mübarizəni gücləndirmək, qanunun aliliyini təmin etmək, hər bir məsələnin araşdırılmasında ədalət prinsipini ən yüksək tutmaq və beləliklə də, ölkəmizdə gedən demokratikləşmə prinsipini inkişaf etdirmək üçündür” .

28 sentyabr 1998-ci il tarixdə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycan Prokurorluğuna xüsusi diqqət və qayğının təzahürü olmaqla yanaşı, prokurorluğun totalitar rejimə xas olan iş prinsiplərindən və uzun illər ərzində qazanılmış neqativ hallardan xilas olması, sivil, demokratik bir orqana çevrilməsi kimi mürəkkəb, çətin, həm də şərəfli yolunun başlanğıcını qoymuşdur.

1993-cü ilin ikinci yarısından etibarən start götürülmüş məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış və müasir demokratik cəmiyyətdə məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokurorun tabeliyinə əsaslanan vahid mərkəzləşmiş orqan kimi Azərbaycan Prokurorluğunun yerini, fəaliyyət istiqamətlərini, fəaliyyətinin əsas prinsiplərini, beynəlxalq əlaqələrini, prokurorluğun cinayət, mülki mühakimə, inzibati icraatında, cəzanın məqsədinə nail olunmasında iştirakını müəyyən edən “Prokurorluq haqqında”, “Prokurorluqda qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və digər qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki-Prosessual, İnzibati Xətalar məcəllələri qəbul edilmiş, həmçinin, bu qanunlarda nəzərdə tutulmuş istiqamətlər üzrə təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir.

Ulu öndər Heydər Əliyev prokurorluq işçilərinin peşə fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir. Belə ki,  müşavirədəki çıxışında demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, Siz həmişə bu peşəni şərəflə daşıyasınız, arzu edirəm, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Etiraf etməliyəm ki, ulu öndərin şərəfli, hörmətli hesab etdiyi, inandığı, hətta güvəndiyi və arxalandığı bir peşədə 27 ildən artıq çalışmaqdan şərəf duyuram.

19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq hər il prokurorluğa qəbulun aparılması, 2002-ci ilin sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsini əldə etməsi, halbuki, bu hüquq sonradan çox sayda qanunların ayrı-ayrı normalarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərhlər verilməklə Azərbaycan Respublikasının Konstitusiyasına uyğunlaşdırılmasına imkan vermişdir, ölkəmizdə aparılan dövlət gənclər siyasəti çərçivəsində Prokurorluğun kadr tərkibinin yeniləşməsi, kadr potensialının gücləndirilməsi, həmçinin, qanunların eyni cür və dürüst icra və tətbiqi işinə öz töhfəsini verməkdədir.

Ulu öndərimiz Heydər Əliyev siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.

Korrupsiya ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin yüksək olması və bu növ cinayətlərin istintaqının aparılmasının yüksək peşəkarlıq tələb etməsi, onlara qarşı mübarizənin üsul və vasitələrinin xüsusi məzmun kəsb etməsi, həmçinin, respublikamızın qoşulduğu BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasının 36-cı maddəsinin iştirakçı dövlətlərin öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin (Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlandırılmışdır) yaradılması, korrupsiya ilə mübarizədə ictimaiyyətin iştirakını təmin etmək, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılmasını, bu müraciətlərə təxirəsalınmadan baxılaraq vaxtında qanuni tədbirlər görülməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzdində “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi yaradılması,18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə, Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətlərinin verilməsi deyilənlərin əyani sübutu kimi qeyd edilməlidir.

Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Prokurorluğuna göstərilmiş diqqət və qayğı cənab İlham Əliyev tərəfindən davam etdirilir. Prokurorluqda sistemli qaydada aparılan müasirləşmə prosesi dövlət tərəfindən daima dəstəklənir və qiymətləndirilir.

27 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi, prokurorluq işçilərinin əmək haqqının dəfələrlə artırılması, prokurorluq işçilərinin və onların ailə üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması (sevindirici haldır ki, prokurorluq işçilərinin peşə bayramı ərəfəsində 17 mərtəbəli 160 mənzilli yaşayış binası sahiblərinin istifadəsinə veriləcəkdir) cənab Prezident İlham Əliyevin Azərbaycan Prokurorluğuna və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi II dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevi Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin etdikdən sonra onu videoformatda qəbul edərkən demişdir: “Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da daha genişmiqyaslı islahatlara ehtiyac var. Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Tərəqqi islahatsız mümkün deyil. Ona görə də hüquq-mühafizə orqanlarında da digər sahələrdə olduğu kimi islahatlara böyük ehtiyac var. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq”.

Baş prokuror videoformatda qəbul zamanı prokurorluq orqanlarının ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, onun rəhbərliyi ilə müstəqil Azərbaycan prokurorluğunun mühüm inkişaf yolu keçdiyini, həmçinin, İlham Əliyevin Prezident seçildikdən sonra prokurorluq orqanlarına həmin diqqətin daha da artırıldığını qeyd etməklə demişdir: “Sizin rəhbərliyinizlə digər sahələrdə həyata keçirilən islahatların prokurorluq orqanlarında da aparılması çox zəruridir. Siz ötən il məhkəmə-hüquq islahatları barədə müvafiq Fərman imzalamısınız və bu istiqamətdə işlər davam edir. Bu baxımdan hesab edirəm ki, məhkəmə-hüquq sisteminin tərkib hissəsi olan prokurorluqda islahatların aparılması xüsusi önəm kəsb edir. Biz prokurorluq orqanlarında islahatları davam etdirməliyik. Kadr islahatları doğrudan da çox vacib məsələdir və biz bu sahədə fəaliyyətimizi davam etdirəcəyik”.

Qeyd edilməlidir ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsi ilə Azərbaycan Prokurorluğu demokratik məzmunlu yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qısa müddət ərzində Prokurorluğun strukturunda ciddi islahatlar aparılmış, əvvəllər də mövcud olmuş bəzi idarələrin adları, fəaliyyət istiqamətləri və məzmunu yenilənərək təkmilləşdirilmiş, prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq “Cinayət təqibindən kənar icraatlar idarəsi”, “Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi”, həmçinin, “Xidməti araşdırmalar idarəsi” yaradılmışdır. Prokurorluğun struktur qurumlarının fəaliyyət istiqamətlərini, ayrı-ayrı vəzifəli şəxslərin hüquq və vəzifələrini müəyyən edən çox böyük həcmli Azərbaycan Respublikasının Baş Prokurorluğunun “İşin Təşkili Qaydaları” xüsusi komissiya tərəfindən hazırlanıb Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək icraya yönəldilmişdir. Kadr tərkibinə yenidən baxılmış, iş təcrübəsi, peşəkarlıq səviyyəsi nəzərə alınmaqla konkret vəzifələrə təyinatlar aparılmış, dövlət gənclər siyasətinin davamı olaraq gənc kadrlar vəzifələrə irəli çəkilmiş və gənclərin işə qəbulu davam edir. Hazırda prokurorluqda sağlam mühit formalaşmışdır.

Bu gün prokurorluq orqanlarının hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşmasında, cinayətkarlığa qarşı mübarizədə, cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində ədalətli məhkəmə hökmlərinin çıxarılmasında, insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasında danılmaz xidmətləri vardır.

Son olaraq Azərbaycan Prokurorluğunun dövlət orqanları sistemindəki mövqeyi ilə bağlı fikirlərimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Azərbaycan Prokurorluğunun əməkdaşları bundan sonra da qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edəcək, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirəcək və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəklər”.

Ramazan HADIYEV,

Beyləqan rayon prokuroru,

baş ədliyyə müşaviri.

Respublika qəzeti, 18 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.