Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkənin dayanıqlı tərəqqisi prokurorluğun davamlı inkişafını şərtləndirir

18.09.2020

Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. İslahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Biz islahatlar aparmaqla ölkəmizi gücləndiririk və ölkəmizin gələcək dayanıqlı inkişafını şərtləndiririk. Ümid edirəm ki, Azərbaycan Respublikasının Prokurorluğu bu islahatların aparılmasında uğurlar qazanacaq. 

 

                                      İlham Əliyev

                            Azərbaycan Respublikasının Prezidenti

 

1 may 2020-ci il

 

 

Ölkənin dayanıqlı tərəqqisi prokurorluğun davamlı inkişafını şərtləndirir

 

Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilməklə, bu unudulmaz hadisə prokurorluğa olan xüsusi diqqətin təcəssümü kimi tarixilik qazanmışdır.

Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulmuş milli prokurorluq orqanları öz 102 illik tarixi ərzində çətin və mürəkkəb, eyni zamanda şərəfli bir inkişaf yolu keçərək, xalqımızla birlikdə repressiyalara, bolşevik-totalitar rejiminin təsirlərinə məruz qalmış, xidməti vəzifələrini vicdanla yerinə yetirən onlarca əməkdaşı sürgünlərdə cəza çəkmiş, güllələnmiş, lakin əqidələrindən dönməmişlər. Bütün bu hücumların və məhrumiyyətlərin nəticəsində prokurorluq formaca müxtəlif təsir və dəyişikliklərə məruz qalsa da, prinsip və mahiyyət etibarı ilə öz səciyyəvi keyfiyyət xüsusiyyətini - qanunçuluğun təminatçısı olmaq vəzifəsini qoruyub saxlamış, fəaliyyət göstərdiyi bütün dövrlərdə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizə işində öz xidmətlərini göstərmişdir.

 Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, insan hüquqlarının müdafiəsinə xidmət edən bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi yalnız xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Ulu Öndərin 26 aprel 2000-ci il tarixdə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki tarixi nitqində qeyd olunmuşdur ki, prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan Prokurorluğu həmin vaxtadək fəaliyyətində mövcud olmuş neqativ cəhətlərdən təmizlənməklə struktur və mahiyyət baxımından tam yenidən qurularaq xalqımızın və dövlətçiliyimizin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən dövlət təsisatına çevrilmişdir.

Ümummilli Liderin “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərinin gündəlik həyat devizinə çevrilməklə, bizləri daim böyük ruh yüksəkliyi və iftixar hissi ilə öz peşə fəaliyyətimizə daha yüksək tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər edir.

Ulu Öndərin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasının onun layiqli davamçısı, yüksək idarəçilik məharətinə, möhkəm siyasi iradə və qətiyyətə malik, bütün dövlət əhəmiyyətli məsələlər üzrə mövcud reallıq və perspektivləri hərtərəfli dəyərləndirərək çevik və düzgün qərarlar qəbul edən cənab Prezident İlham Əliyev tərəfindən müasir dövrün yüksək tələbləri müstəvisində uğurla həyata keçirilməsi nəticəsində  müstəqil Azərbaycan Respublikası dünyada baş verən neqativ ictimai-siyasi hadisələrin, cəmiyyətlərin və dövlətlərin inkişafına mənfi təsir göstərə bilən amillərin, o cümlədən bir çox ölkələr üçün ciddi sınağa çevrilmiş koronavirus pandemiyasının genişlənməsi şəraitində belə uğurla inkişaf etməkdə davam edir.

Fəaliyyətinin əsas məramını ölkənin təhlükəsizliyinin, sabitliyinin və inkişafının təmin olunmasında görən, mərkəzində Azərbaycan vətəndaşı, onun qayğı və maraqları dayanan sosial yönümlü dövlət siyasəti həyata keçirən möhtərəm Prezidentimiz daim öz müdrik qərarları, qətiyyətli addımları, vaxtında irəli sürülən siyasi iradəsi və təşəbbüskarlığı, səriştəli və bacarıqlı idarəçiliyi ilə xalqımızı nəinki ciddi sınaqlardan, iqtisadi risklərdən, tənəzzüldən və onun yarada biləcəyi ağır fəsadlardan, digər bəlalardan xilas etmiş, eyni zamanda ölkənin davamlı və dayanıqlı tərəqqisini, hətta qlobal böhran şəraitində belə uğurlu inkişafını təmin etmişdir. Ölkədə son dövrlərdə həyata keçirilən mütərəqqi islahatlar, ardıcıl və sistemli iqtisadi tədbirlər, idarəetmənin təkmilləşdirilməsi istiqamətində mühüm yeniliklər, korrupsiya hallarının qarşısının alınması, şəffaflığın, ictimai nəzarətin artırılması və digər məsələlər üzrə qəbul olunan strateji əhəmiyyətə malik innovativ qərarlar bunun bariz nümunəsi olmaqla yanaşı, möhkəm təməl üzərində qurulmuş “İnkişafın Azərbaycan modeli”nin tam etibarlı bir sistem olaraq bütün hallarda, o cümlədən böhran şəraitində də özünü doğrultmasının danılmaz göstəricisidir.

Qeyd edilməlidir ki, dövlətimizin qüdrətlənməsinə, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq sosialyönümlü siyasətin həyata keçirilməsinə, insanları narahat edən problemlərin aradan qaldırılmasına, bütövlükdə ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlara və görülən böyük işlərə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verməkdədir.

Ölkə həyatının elə bir sahəsi yoxdur ki, orada davamlı və ardıcıl, müasir çağırışlara cavab verən islahatlar aparılmasın. Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi, o cümlədən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları prokurorluq orqanlarında beynəlxalq standartlara və milli dövlətçilik maraqlarına əsaslanmaqla adekvat dəyişikliyin aparılmasını zəruri etmişdir. Bu baxımdan, 2020-ci il prokurorluq orqanları üçün əlamətdar olmaqla prokurorluğun tərəqqi dövrü kimi tarixin yaddaşına həkk olunmuşdur. Möhtərəm cənab Prezident İlham Əliyevin mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmuş cənab Kamran Əliyevi elə həmin gün qəbul edərkən prokurorluq orqanlarına korrupsiyaya qarşı daha fəal iş görülməsini, struktur və kadr islahatları aparmaqla yüksək standartlara və müasir tələblərə uyğun formalaşdırılmasını tövsiyə etməsi, eləcə də ölkənin hazırkı inkişaf mərhələsində aktual olan məsələlərlə bağlı vurğuladığı digər vacib məqamlar prokurorluq orqanlarınında cari islahatların ilkin mərhələsinin təməlini qoymuşdur.

Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq qısa müddət ərzində görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirilmiş, prokurorluq orqanlarında əsaslı struktur və kadr islahatları həyata keçirilmiş, müasir çağırışlara cavab verən və yüksək peşəkarlıqları ilə seçilən, əsasən gənclərdən ibarət 100-dən artıq prokurorluq işçisi, o cümlədən dövlətimiz tərəfindən həyata keçirilən gender bərabərliyi siyasətinin uğurlu davamı kimi 8 qadın əməkdaş rəhbər vəzifələrə təyin edilmiş, funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə işin təşkilinə dair vahid mexanizmlər müəyyən edilmişdir.

Belə ki, prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadr korpusunun formalaşdırılması məqsədilə ölkə başçısı cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmiş, bununla da, Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmış, habelə idarəetmədə nəzarət mexanizminin optimallaşdırılması məqsədilə Baş prokurorun əlavə müavini vəzifəsi təsis edilmiş, Baş Prokurorluğun bəzi idarələri ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Xidməti araşdırmalar, Beynəlxalq hüquqi əməkdaşlıq, Hüquqi təminat və insan hüquqları məsələləri, Kriminalistika və informasiya texnologiyaları, Sənədlərlə və müraciətlərlə işin təşkili idarələri təsis olunmuş, həmçinin mərkəzi aparatın yeni Cinayət təqibindən kənar icraatlar və Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarələri yaradılmışdır.

Bundan əlavə, cənab Prezidentin sözügedən Sərəncamına əsasən, Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmri ilə prokurorluğun sisteminə daxil olan Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqlarının, eləcə də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Dövlət ittihamının müdafiəsi üzrə idarənin yeni strukturu təsdiq edilmişdir.

Qısa müddət ərzində idarəçilik, icra və intizam, kadrlarla iş, sənədlərin dövriyyəsi, prosessual rəhbərlik və nəzarət fəaliyyətinin təşkilini, səlahiyyətləri dəqiq təsbit edilmiş struktur qurumları və rayon (şəhər) prokurorluqları ilə münasibətlərin tənzimlənməsini müasir tələblər səviyyəsində təmin etmək üçün milli qanunvericiliyin tələbləri və beynəlxalq təcrübə nəzərə alınmaqla Baş Prokurorluq üzrə “İşin Təşkili  Qaydaları” təsdiq edilərək 1 avqust tarixindən qüvvəyə minmişdir.

Prokurorluğun fəaliyyətində rəhbər tutulan normativ hüquqi aktların əhəmiyyətli hissəsindən Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın hazırlanması prosesində istifadə olunmuş, müasir tələblərə cavab verməyən, əhəmiyyətini itirmiş əmrlər isə ləğv olunmuşdur.

 Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”, eləcə də hazırlanma mərhələsində olan “Strateji inkişaf konsepsiyası”, həmçinin Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi, Bakı şəhər prokurorluqları və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “İşin təşkili qaydaları” prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində uğurlu nəticələrin əldə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə, səmərəliliyin artırılmasına şərait yaradacaqdır.

 Qeyd etmək lazımdır ki, dövlət başçısının rəhbər göstərişlərindən və müdrik tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, müasir məzmunlu islahat tədbirlərinin davam etdirilməsi məqsədilə qanunvericilik təşəbbüsü əsasında bir sıra normativ hüquqi aktlara zəruri əlavə və dəyişikliklərin edilməsinə dair layihələrin hazırlanması və prokurorluğun fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsi, müasir iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılması, o cümlədən prokurorluq orqanlarında funksional idarəetmənin səmərəliliyinin artırılması məqsədilə prokurorluğun cəmiyyətdə nüfuzunun yüksəldilməklə sağlam mənəviyyata və yüksək peşəkarlığa malik müasir dünyagörüşlü işçilərlə komplektləşdirilməsi istiqamətində işlər Baş prokuror cənab Kamran Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Ölkə başçısının prokurorluq orqanlarına olan diqqət və qayğısı biz prokurorluq işçilərini fəaliyyətimizi səmərəli təşkil etməklə, daha böyük əzm və vicdanla işləyərək günümüzün prokurorluq orqanlarının işinin əsasını təşkil edən qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, şəffaflıq, obyektivlik və qərəzsizlik, məsuliyyət və cavabdehliyin artırılması, innovativ üsul və təcrübələrin tətbiqi prinsiplərini rəhbər tutmaqla, hazıradək əldə ediləndən də yüksək nəticələr və uğurlar qazanmağa sövq edir.

Əminliklə deyə bilərik ki, Azərbaycan Prokurorluğunun kollektivi bundan sonra da öz işini bizə göstərilən yüksək etimada layiq səviyyədə qurmaq üçün bütün mümkün və zəruri tədbirlərin görülməsini təmin edəcək, üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə, qanunun aliliyi təmin edilməklə dövlətçiliyimizin maraqlarının müdafiəsi işinə səfərbər edəcəkdir.

 

 

 

                                                 Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi,

                                                   III dərəcəli dövlət ədliyyə müşaviri Elşən Abbasov

                                                  Respublika qəzeti, 18 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.