Şriftin ölçüsü :

Saytın rəngi :

Yasamal rayon prokurorluğunun MƏLUMATI

14.09.2020

Fevralın 1-də Yasamal rayonu ərazisində Dilarə Bəhmənovanın bıçaqla çoxsaylı xəsarətlər yetirilərək öldürülməsinə cəhd edilməsi faktı üzrə Yasamal rayon prokurorluğunda başlanmış cinayət işi və Dilarə Bəhmənovanın ölümlə hədələnməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq edilən cinayət işi bir icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə rayon prokurorluğunda istintaq davam etdirilmişdir.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
İstintaqla zərəçəkmişin keçmiş əri Ceyhun Bəhmənovun Dilarə Bəhmənovanı yenidən birgə yaşamaları üçün evə qaytarmaq məqsədilə bir neçə dəfə ölümlə hədələməsinə, sonuncunun bundan imtina etməsi səbəbindən qeyd edilən tarixdə aralarında yaranmış mübahisə zamanı soyuq silah hesab edilən bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Ceyhun Bəhmənov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.