Şriftin ölçüsü :

Saytın rəngi :

Lənkəran rayon prokurorluğunun MƏLUMATI

09.09.2020

Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan vəzifəli şəxslər tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək qanun pozuntuları törədilməsi hallarına qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri davam etdirilir.

Həmin tədbirlərdən biri kimi, Lənkəran rayon Xanbulan bələdiyyəsinin sədri işləyən Kazım Məmmədovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır.

Araşdırmalarla Kazım Məmmədovun 2019-cu ilin sentyabr ayında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsinin Teymur Şahbazovun adına sənədləşdirilməsini öz üzərinə götürərək, bunun müqabilində sonuncudan 3 min manat məbləğində pul vəsaitini alıb, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib imzası və sədri olduğu bələdiyyənin möhürü ilə təsdiq etməsi nəticəsində  Teymur Şahbazovun hüquqlarına və qanuni mənafelərinə, o cumlədən dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin  308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.