Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Prokurorluğunun şanlı tarixindən

24.09.2018

Hər bir cəmiyyətdə qanunçuluğun vəziyyəti ədalətli qanunların qəbulu ilə yanaşı, həm də onların icrasına nəzarətin düzgün təşkilindən, daxili sabitliyin qorunub saxlanılmasından, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi üzrə hüquq-mühafizə oqranlarının, o cümlədən prokurorluğun fəaliyyətindən çox asılıdır. Prokuror sözünün mənşəyi də qədimdir. Qədim Romada “prokurator” adlı məmur vəzifəsi mövcud olmuşdur. Heç təsadüfi deyildir ki, “prokuror” termininin özü latın sözü olan “prokuror”dan götürülüb, mənası “qayğı göstərirəm”, “təmin edirəm”, “qarşısını alıram” deməkdir.

Azərbaycanda isə prokuror nəzarətinin dövlət mexanizminin tərkib hissəsi kimi təşəkkül tapması Rusiyada prokurorluğun yaranması və sonrakı inkişafı ilə bağlı olmuşdur. Rusiyada prokurorluq I Pyotrun 1722-ci il 12 yanvar tarixli fərmanı ilə təsis edilmişdir. Prokurorluğun əsas vəzifəsi, təşkili və fəaliyyətinin prinsipləri I Pyotrun 1722-ci il 27 aprel tarixli “Baş Prokuror vəzifəsi haqqında” fərmanı ilə müəyyən olunurdu. Həmin fərmana əsasən prokurorluğa rəhbərliyi baş prokuror və onun köməkçisi - ober-prokuror həyata keçirirdilər. Sonrakı dövrlərdə prokurorluğun funksiya və vəzifələri ilə bağlıçoxsaylı qanunvericilik aktları qəbul edilmiş və bütün bunlar çar Rusiyasının müstəmləkəçilik siyasətinə xidmət etmişdir.

Respublikamız 1918-ci ildə müstəqillik əldə etdikdən sonra digər hüquq-mühafizə orqanları kimi, prokurorluq orqanlarının da yenidən qurulması prosesi başlanmışdır. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli 277 saylı qərarı ilə Bakı dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başladı. Həmin tarix qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi sahəsində çətin, lakin şərəfli yol keçmiş Azərbaycan prokurorluq orqanlarının yaranması, təşəkkül tarixi idi. Məhz bu tarixi-hüquqi sənədi əsas tutaraq ulu öndərimiz Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.

Bu dövrdə prokurorluq orqanlarının yaradılması elan edilsə də, bu orqanların formalaşdırılması qeyri-adi dərəcədə mürəkkəb və çətin bir proses idi. Belə ki, bir tərəfdən gərgin ictimai, siyasi, hərbi vəziyyət, digər tərəfdən kifayət qədər maliyyə və təşkilati yardımın olmaması bu məsələni çətinləşdirirdi. İkinci bir tərəfdən, çar Rusiyasının Azərbaycan ərazisində mövcud olmuş və xalqımıza yad olan müstəmləkəçi dövlət maşınının sındırılması, yaxud onun yeni dövlətin məzmununa uyğunlaşdırılması çox ciddi bir problem idi. Üçüncüsü, Azərbaycan ərazisi çar Rusiyası tərəfindən işgal olunduqdan sonrakı dövrlərdə respublika ərazisində milli hüquqşünaslar hazırlayan mütəxəssislər yox idi. Rusiyada təhsil almış azərbaycanlı hüquqşünaslara isə başqa millətlərdən fərqli olaraq, məhkəmə və prokurorluqda işləməyə icazə verilmirdi. Həm də bu orqanlarda Azərbaycan dili işləmirdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşəkkülündə Nazirlər Şurası tərəfindən 1918-ci il noyabrın 14-də təsdiq edilmiş “Azərbaycan Məhkəmə palatası haqqında Əsasnamə” xüsusi əhəmiyyət kəsb edir. Əsasnamənin 4-cü bəndində göstərilir ki, prokurorluq Azərbaycan Məhkəmə palatası tərkibində fəaliyyət göstərən prokurordan və müəyyən sayda prokurorluq işçilərindən (prokurorun yoldaşlarından) ibarətdir. Əsasnamənin 6-cı bəndində göstərilir ki, Azərbaycan Məhkəmə Palatasının nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir. Məhkəmə palatası yanında prokuror nəzarətini Palatanın Prokuroru və onun iki müavini həyata keçirir.

Azərbaycan Xalq Cümhuriyyətində prokuror nəzarətinin həyata keçirilməsinə Baş Prokuror rəhbərlik edirdi. O, eyni zamanda ədliyyə naziri idi və ali məhkəmə idarəçiliyi orqanlarının rəhbəri hesab edilirdi. Bundan başqa, Baş prokurora ibtidai istintaqın aparılmasına göz qoymaq vəzifəsi tapşırılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti müstəqilliyini cəmi 23 ay qoruyub saxlaya bildi. Azərbaycan Parlamenti 27 aprel 1920-ci ildə gecə saat 23.45-də başa çatan son tarixi fövqəladə 145-ci iclasında bolşevik Rusiyasının 11-ci Qızıl ordusunun təzyiqi altında kommunist firqəsinin tələbnaməsini qəbul edərək hökuməti onlara təslim etdi, parlament öz-özünü buraxdı.

Şərqdə ilk demokratik Respublika - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu, Azərbaycanda totalitar sovet rejimi quruldu. Formal olaraq Azərbaycan müstəqil Sovet Sosialist Respublikası elan edilsə də, 1806-1828-ci illərdə baş vermiş hadisələr, demək olar ki, təkrar olundu, Azərbaycan Respublikası yenidən Rusiya tərəfindən ilhaq edildi. Azərbaycanda sovet hökuməti qurulması ilə totalitar üsul-idarə, repressiyalar, haqsızlıqlar, özbaşınalıqlar, azərbaycanlılara qarşı soyqırımı dövrü başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əldə olunmuş demokratik-hüquqi dəyərlərdən imtina olundu. Azərbaycan Məhkəmə Palatası, Bakı və Gəncə dairə məhkəmələri, müvafiq prokurorluqlar və istintaq hissələri ləğv edildi. Bunların əvəzinə Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli dekreti ilə qəza və quberniya sovetlərinin icraiyyə komitələri yanında ittihamçılar və müdafiəçilər kollegiyaları yaradıldı.

Bununla da ədalət mühakiməsi və prokuror nəzarəti özünün səciyyəvi keyfiyyət xüsusiyyətlərindən məhrum edildi, hərbi və idarəçilik orqanlarına tabe olundu. Azərbaycan İnqilab Komitəsi ölkənin müstəqil dövlət olduğunu elan etsə də, faktiki olaraq Azərbaycan ərazisi bolşevik Rusiyasının ərazisinə qatılmışdı. Odur ki, Rusiyada ədalət mühakiməsi və prokurorluqla əlaqədar qəbul edilmiş hər bir qərar Azərbaycanda da eynilə təkrar edilirdi. Belə ki, Leninin məşhur “İkiqat tabeçilik və qanunçuluq haqqında” məktubunun müzakirəsi ilə başa çatan Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 3-cü sessiyası 28 may 1922-ci il “Prokurorluq haqqında Əsasnamə”ni qəbul etdi. Bunun ardınca 11 iyul 1922-ci il tarixdə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dövlət prokurorluğu haqqında dekreti verildi.

1922-ci il 11 iyul dekreti ilə fəaliyyəti bərpa edilmiş Azərbaycan prokurorluğu müstəqil dövlət orqanı olmayıb Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının struktur qurumu kimi fəaliyyət göstərirdi. “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” 1927-ci il 6 iyul tarixli Əsasnamə ilə prokurorluğun səlahiyyətləri daha da genişləndirildi. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 1930-cu il 8 avqust tarixli qərarı ilə prokurorluq orqanlarına müstəqil dövlət qurumu statusu verildi. SSRİ MİK və XKS-in 20 iyul 1936-cı il tarixli qərarı ilə bütün müttəfiq respublikaların prokurorluqları, o cümlədən, Azərbaycan Respublikası Prokurorluğu vahid orqan SSRİ prokurorluğu daxilində mərkəzləşdirildi. Həmin dövrdə prokurorluq orqanları sovet ideologiyasının həyata keçirilməsi üçün bir alət rolunu oynayaraq cəza aparatına çevrildi. Bu orqan vətəndaşları siyasi əqidəsinə görə təqib edib cəzalandırmaqla yanaşı, onun əməkdaşlarının özləri də repressiyalara məruz qaldılar. Təkcə 1937-1938-ci illərdə Azərbaycanda “düşmən və cinayətkar ünsür kimi” 21 nəfər prokurorluq işçisi mühakimə edilmişdir. Bunların arasında Azərbaycan SSR-in ilk prokuroru olmuş V.Q.Vəlibəyov, 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində Respublika Prokuroru olmuş V.M.Talıblı, həmin vaxtlar Azərbaycan SSR prokurorunun müavini vəzifəsini icra edən Ə.Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Y.Əmirov və digərləri vardı.

Sovet dövründə prokuror nəzarətinin təkmilləşdirilməsində “SSRİ-də prokuror nəzarəti haqqında” 1955-ci il mayın 24-də qəbul edilmiş Əsasnamə və Hərbi prokurorluq haqqında, 1966-cı il dekabrın 14-də təsdiq edilmiş Əsasnamə mühüm rol oynamışdır. Prokurorluq orqanlarının inkişaf tarixində “SSRİ prokurorluğu haqqında” 1979-cu il 30 noyabr tarixli Qanunun mühüm əhəmiyyəti olmuşdur. Bu Qanun prokurorluq orqanlarının fəaliyyətini əvvəlki qanunlara nisbətən daha dolğun və daha tam tənzimləyirdi. Bu Qanuna görə, prokurorluğun fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət idi.

— dövlət idarəçilik orqanları, idarə, müəssisə və təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən qanunların icrasına nəzarət;

— təhqiqat və ibtidai istintaq orqanları tərəfindən qanunların icrasına nəzarət;

— məhkəmələrdə cinayət işlərinə baxılarkən qanunların icrasına nəzarət;

— müvəqqəti saxlama yerlərində, ibtidai həbs yerlərində, məhkəmə tərəfindən təyin edilən cəzaların və məcburi xarakterli digər tədbirlərin icrası zamanı qanunlara əməl edilməsinə nəzarət;

— sosialist mülkiyyətinin mühafizəsi sahəsində qanun pozuntularına qarşı mübarizə;

— cinayətkarlığa və digər hüquq pozuntularına qarşı mübarizə, cinayətlərin istintaqı, cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayətə görə məsuliyyətin labüdlüyünün təmin edilməsi;

— digər dövlət orqanları ilə birlikdə cinayətlərin və sair hüquq pozuntularının qarşısının alınması üzrə tədbirlər işlənib hazırlanması;

— hüquq-mühafizə orqanlarının cinayətlərə və digər hüquq pozuntularına qarşı mübarizə sahəsində fəaliyyətinin əlaqələndirilməsi;

— qanunvericiliyin təkmilləşdirilməsi və sovet qanunlarının təbliğində iştirak.

Prokurorluq haqqında qanun qəbul edildikdən sonra 1981-ci il avqustun 4-də hərbi prokurorluq haqqında yeni Əsasnamə, “SSRİ prokurorluğu orqanları işçilərinin rütbə dərəcəsi haqqında 1980-ci il 28 oktyabr tarixli Əsasnamə” və “SSRİ prokurorluğu orqanları prokurorlarının və müstəntiqlərinin həvəsləndirilməsi və intizam məsuliyyəti haqqında” 1984-cü il 17 fevral tarixli Əsasnamə qəbul edildi ki, bu da həmin dövrdə prokurorluğun fəaliyyətinin tənzimlənməsinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etməsi ilə yeni dövlətin qurulması, məhkəmə-hüquq islahatının aparılmasıüçün şərait yaranmasına baxmayaraq, 1993-cü ilin II yarısınadək olan dövrdə bu proseslərin həyata keçirilməsində nəzərəçarpan irəliləyiş əldə edilməmişdir.

1993-cü ilin II yarımilliyindən vəziyyət dəyişməyə başlamış və bu müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikasının müstəqil, demokratik, hüquqi, dünyəvi, qanunun aliliyinə və vətəndaş cəmiyyətinə əsaslanan dövlətə çevirmək məqsədilə milli dövlət quruculuğu prosesinin və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün ilkin mərhələdə müvafiq hazırlıq işi aparılaraq şərait yaradılmalı idi. 1995-ci ilin ortalarına kimi əsas məqsəd respublikamızda dövlətçiliyin qorunub saxlanılmasından, ictimai-siyasi sabitliyin bərqərar olmasından ibarət olmuşdur. Bu dövrdə respublikamızda güclü mərkəzi hakimiyyət qurulmuş, bunun üçün müvafiq qanunlar qəbul edilmiş, fərmanlar imzalanmış, hüquqi, ictimai-siyasi, məhkəmə-hüquq və sosial-iqtisadi sahələrdə islahatların aparılması məqsədilə hazırlıq işləri görülərək dövlət quruculuğu prosesinin sürətləndirilməsi üçün zəmin yaradılmışdır.

Hüquqi, iqtisadi, sosial və siyasi sahələrdə köklü islahatların aparılması üçün zəmin yaradıldıqdan sonra, 1995-ci ilin ortalarından başlayaraq respublikamızda milli dövlət və milli hüquq sistemi quruculuğu prosesində daha ciddi addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev milli dövlət quruculuğu və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi üçün hazırlıq mərhələsini nəzərdə tutaraq “Yeni 2001-ci il, yeni əsr və 3-cü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə demişdir: “Azərbaycan öz dövlət müstəqilliyini elan edərkən bəyan etmişdir ki, Azərbaycan demokratiya yolu ilə irəliləyəcək, ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi gedəcəkdir. Azərbaycanda müstəqil dövlətin təsisatlarının yaranması və dövlət quruculuğu prosesi 1995-ci ildə vüsət aldı. Bunun əsasını da Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçilik möhkəmlənib, demokratik prinsiplər bərqərar olubdur. Demokratik hüquqi, dünyəvi dövlət quruculuğu prosesi uğurla, sürətlə həyata keçirilir”.

Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdəümumxalq səsverməsi - referendumda qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycan Republikasının demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatları, hakimiyyətin, dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaratmış, qanunvericilik sisteminin əsasını təşkil etmişdir. Respublikamızda ictimai-siyasi və sosial-iqtisadi həyatın sözün əsl mənasında, Əsas Qanun olan Konstitusiyamızın müasir prokurorluq orqanlarının formalaşmasında rolu xüsusi əhəmiyyətə malik olmuşdur.

Konstitusiya prokurorluğun fəaliyyətinə xüsusi bir maddə həsr etməklə, onun yerini məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirmiş, onun statusunu, təşkili və fəaliyyət prinsiplərini, səlahiyyətlərini və vəzifələrini dəqiqləşdirmişdir. Məlum oduğu kimi, sovetlər dönəmində prokurorluğun hansı hakimiyyətə aid olduğu müəyyən edilmədiyindən bu orqan bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid olan bir sıra funksiyaları da həyata keçirmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı, yeni sosial-iqtisadi, ictimai-siyasi münasibətlərlə və beynəlxalq standartlarla uzlaşmadığından ulu öndərimiz Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.

Prokurorluq orqanlarının qanunçuluğun təmini və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisata çevrilməsi, yenidən strukturlaşaraq fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabrın 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda, onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu möhtəşəm addım prokurorluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur.

Eyni zamanda, Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid, habelə Avropaya inteqrasiya prokurorluğun funksiya və statusuna yenidən baxılmasını zəruri etmişdir. Keçmiş Sovet dövlətində prokurorluq mahiyyətcə sinfi xarakter daşımaqla, demək olar ki, qeyri-məhdud səlahiyyətlərə malik olmuşdur. 30 dekabr 1999-cu ildə qüvvəyə minmiş “Prokurorluq haqqında” Qanunda prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulsa da, bu islahatlar müəyyən müddət mühafizəkar qüvvələrin əsassız müqaviməti ilə üzləşmiş və lazımi səviyyədə gerçəkləşməmişdir.

Prokurorluğun müasir dövrün tələblərinə və demokratik prinsiplərə uyğun sivil təsisata çevrilməsi üçün lazımi şəraitin yaradılmasına baxmayaraq, bu qurumda müəyyən müddət ərzində əhəmiyyətli dəyişikliklərin və islahatların aparılması prosesində nəzərəçarpacaq geriliyə yol verilərək, xeyli dərəcədə lənglik və bir sıra neqativ hallar müşahidə olunmuşdur. Prokurorluq həmin illərdə xalq tərəfindən ona göstərilən yüksək etimadı tam doğrulda bilməmiş, bəzi işçilərin öz vəzifələrindən sui-istifadə etmələrinin, istintaq zamanı şəxsi mənafelərinə üstünlük verilmə hallarının qarşısı vaxtında alınmamış, prokurorluğun illər uzunu qazanılmış nüfuzuna ciddi xələl gətirilmişdir. 26 aprel 2000-ci il tarixdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliklər aparılmış, fəaliyyət üçün normativ-hüquqi baza, demokratik mahiyyətdə yenidən formalaşdırılmış bu orqanın normal və səmərəli fəaliyyəti üçün lazımi əsaslar yaradılmışdır.

Ötən əsrin son onilliyinin ilk illərində ölkənin hərtərəfli böhran vəziyyətinə düşdüyü, Azərbaycan dövlətinin parçalanaraq məhv olunması təhlükəsinin real olduğu bir şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü ilin ortalarında respublikaya rəhbərliyi fədakarlıqla öz üzərinə götürmüş Heydər Əliyevin həyata keçirdiyi titanik səylər, dövlətçiliyin və müstəqilliyin xilas edilməsi üzrə mühüm tədbirlər, dövlətin əsaslarının möhkəmləndirilməsi, sosial-iqtisadi inkişafa zəmin yaradan islahatların həyata keçirilməsi ölkədə stabilliyin bərqərar olunmasına, hüquqi dövlət quruculuğu prosesinin başlanmasına səbəb olmuşdur.

Yeni Konstitusiyada Azərbaycan Respublikasının Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir. Prokurorluğun məhkəmə hakimiyyətinə aid edilməsi onun dövlət idarəetmə mexanizmində roluna və iştirakına dair məsələlərə Konstitusiya səviyyəsində aydınlıq gətirməklə yanaşı, müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının 1918-1920-ci illərdə mövcud olmuş, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olmasını təsdiq etmişdir. Müstəqillik dövrünün ilk Konstitusiyasında ölkənin dövlət quruluşu sistemində prokurorluğun yeri məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirilməklə yanaşı, bu mühüm dövlət orqanının statusu, təşkili və fəaliyyəti ilə bağlı əsas məqamlar öz əksini tapmışdır.

Konstitusiya müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraqən yüksək hüquqi qüvvəyə malik olmaqla respublikamızda hüquq sisteminin bünövrəsini yaratmışdır. Bu bünövrə 2002-ci və 2009-cu illərdə keçirilmiş ümumxalq səsverməsi - referendumlarla Konstitusiyaya edilmiş dəyişikliklər və əlavələr nəticəsində daha da möhkəmlənmişdir.

Milli prokurorluq orqanlarının əsasının 1918-ci ildə qoyulmasına, prokurorluğun Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlaması və uzunmüddətli inkişaf yolu keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyəti demokratik prinsiplər əsasında qurulan, dünya standartlarına uyğun orqan kimi formalaşması, prokurorluq orqanlarının konstitusion statusa və dövlət idarəetməsində mühüm rola malik olaraq mühüm dövlət təsisatı kimi fəaliyyət göstərməsi yalnız ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilən məhkəmə-hüquq islahatları və hərtərəfli dövlət qayğısı nəticəsində mümkün olmuşdur.

Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları ölkəmizin hüquq sisteminin dövrün ən yüksək demokratik standartlarına cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər üsul və vasitələrlə qorunmasına, müvafiq dövlət orqanlarının bu sahədə fəaliyyətinin yeni keyfiyyət tələblərinə uyğun qurulmasına, o cümlədən prokurorun qarşısında hüquq bərabərliyi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, prokurorluğun fəaliyyətinin digər mühüm prinsiplərinə ciddi əməl edilməsinə nail olunmuşdur. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimləmə prosesi yeni bir mərhələyə yüksəlmişdir.

Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemində rolunu daha da gücləndirmişdir. 1999-2001-ci illərdə qəbul edilmiş “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar, Cinayət-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, digər normativ-hüquqi aktlar prokurorluğun yeni statusunu, fəaliyyət, prinsip və istiqamətlərini, vəzifə və funksiyalarını, onların həyata keçirilməsi vasitələrini müəyyən etmişdir. Yeni statusa görə, prokurorluğun sovetlər dövründə həyata keçirdiyi, onun məqsəd və məramlarından kənara çıxan, fəaliyyətinə xas olmayan bir sıra funksiya və səlahiyyətlərdən imtina edilmiş, bu orqanın beynəlxalq standartlara uyğun olaraq, demokratik forma və metodlardan istifadə etməklə müasir dövrün tələblərinə müvafiq fəaliyyət göstərməsinə zəmin yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının - Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması, korrupsiyaya qarşı mübarizənin aparılmasını Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin ən önəmli istiqaməti kimi müəyyən edilməsini şərtləndirməklə bu qəbildən olan cinayətlərə qarşı səmərəli mübarizənin aparılmasına şərait yaratmışdır.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: “Biz bütün imkanlardan istifadə edib çalışmalıyıq ki, Azərbaycanda korrupsiya olmasın, Azərbaycanda tam şəkildə sosial ədalət təmin edilsin. Çünki korrupsiya sosial ədaləti pozan bir amildir. Güclü siyasi iradə, prokurorluq işçilərinin peşəkarlığı, təmizliyi, dürüstlüyü, cəmiyyətdə korrupsiyaya qarşı olan ciddi mübarizə əhval-ruhiyyəsi, məhz bütün bu amillər əminəm ki, məqsədə çatmaq üçün bizə kömək göstərəcək və Azərbaycan korrupsiyaya qarşı mübarizədə də ön planda olmalıdır”.

18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə korrupsiya cinayətləri ilə əlaqədar əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir.

Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icraya yönəldilmişdir. Bu sahədə görülən işin miqyasını təsvir etmək üçün qeyd etmək yerinə düşər ki, 2000-ci ildən sonrakı qısa dövr ərzində Baş Prokurorluq üzrə imzalanmış 120-dən çox əmrlə 15-ə yaxın təlimat, 20 sayda qaydalar, 25-ə yaxın əsasnamə, 10-dan yuxarı göstəriş, 1 reqlament və sair sənədlər təsdiq edilmişdir. Normativ-hüquqi bazanın formalaşdırılması və icrasının təmin edilməsi prosesinin məntiqi davamı olaraq prokurorluğun fəaliyyətini tənzim edən sənədlər “Azərbaycan Respublikası Baş prokurorunun əsas əmr və göstərişləri” adlı kitabda toplu şəklində ilk dəfə olaraq nəşr edilmiş, sonradan isə həmin toplunun özündə yeni əmr və göstərişləri də cəmləşdirən iki cilddən ibarət ikinci və üçüncü nəşrləri çap edilərək istifadə edilməsi üçün hər bir prokurorluq işçisinə verilmişdir.

Həyata keçirilən məhkəmə-hüquq islahatlarıçərçivəsində görülən tədbirlər nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq mütərəqqi normativ-hüquqi baza əsasında fəaliyyət göstərən çevik və işlək dövlət təsisatı kimi formalaşaraq, bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlər müasir, beynəlxalq standartlara uyğun şəkildə həll edilmiş, prokurorluğun sıralarının saflaşdırılmasına, müasir tələblər səviyyəsində işləmək qabiliyyətinə malik olan yüksək peşə hazırlıqlı, bacarıqlı kadrlarla komplektləşdirilməsinə nail olunmuşdur. Prokurorluq işçiləri daim dövlət qayğısı altındadırlar. Prokurorluq orqanlarının strukturu və tərkibi yenilənməkdə davam edir və onun fəaliyyətinin təkmilləşdirilməsi üçün bu gün də əməli tədbirlər ardıcıl olaraq həyata keçirilir. Qarşıdan prokurorluq orqanlarının təşkilinin 100 illik yubileyi gəlir. Bu münasibətlə mən bütün xalqımızı və həmkarlarımızı təbrik edir və onlara cansağlığı, işlərində uğurlar arzulayıram.

 

 

Salman SƏMƏDOV,

Ağcabədi rayon prokuroru vəzifəsini icra edən baş ədliyyə müşaviri.

(23 Sentyabr 2018-ci il,  Respublika qəzeti)

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.