Şriftin ölçüsü :

Saytın rəngi :

Demokratik dəyərlərə əsaslanan inkişafın Azərbaycan modeli

14.05.2018

Ulu öndərin adı ilə bağlı olan bu inkişaf uğurlu gələcəyə təminat yaradır

 

Müasir Azərbaycanın bütöv qərinəsi, tarixi taleyi, bu illər ərzində, xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində, sözün həqiqi mənasında, dirçəlişi ümummilli liderimiz, müstəqil respublikamızın memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu illərdə ulu öndərimiz rəhbəri olduğu Azərbaycanın bütün məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət, xalqımızı bir millət kimi tarixin ağır sınaqlarından uğurla çıxarmış, müasir Azərbaycanın işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Qısa müddət ərzində Azərbaycan onilliklərə bərabər tərəqqi mərhələsini keçməyi bacarmış, inkişafın özünəməxsus modelini yaradaraq qazandığı genişmiqyaslı nailiyyətlərin miqyasını davamlı artırmışdır. Bu inkişaf modelinin əsas xüsusiyyəti təkcə dinamik sosial-iqtisadi inkişaf yox, eyni zamanda demokratik meyarlar, o cümlədən hüququn aliliyini özündə ehtiva etməsi, ictimai-siyasi həyatın bütün sferalarında sürətli yüksəlişi uğurla təmin etməsidir. Əldə olunan bu möhtəşəm müvəffəqiyyətləri şərtləndirən strategiyanın müəllifi isə təkcə Azərbaycanın yox, eləcə də dünya siyasət tarixinə ən böyük şəxsiyyətlərdən biri kimi adı yazılan, fəaliyyəti ilə zamanın fövqündə dayanan, həyatını, mənsub olduğu xalqa təmənnasız xidmətə həsr edən ümummilli lider Heydər Əliyevdir.

Hər bir xalq öz taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırır. Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Siyasi liderin etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın həmin şəxsiyyətə inamı bir o qədər güclü olar. Bu məna da ümummilli lider Heydər Əliyevin ən nəcib mənəvi keyfiyyətlərindən biri də siyasi fəaliyyətinin bütün dövrlərində məhz sosial ədalət, düzgünlük və humanizim prinsiplərinə istinad etməsi olmuşdur. Məhz bu zəngin mənəvi keyfiyyətləri ilə ulu öndər milyonlarla insanın qəlbində ölməzlik məşəli yandırmışdır.

Azərbaycanda haqq-ədalət prinsiplərinin cəmiyyət həyatının aparıcı amilinə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O özünün siyasi fəaliyyətində və dövlət idarəçiliyi təcrübəsində bu prinsipləri həmişə üstün tutaraq, qanunçuluğa hamı tərəfindən dürüst əməl edilməsini sağlam cəmiyyətin təşəkkül tapması üçün başlıca təməl kimi müəyyənləşdirmişdir. Qanunun aliliyini və sosial ədalətin bərqərar edilməsi üçün hələ respublikaya ilk dəfə rəhbər seçildiyi 1969-cu ildən məqsədyönlü addımlar atan Heydər Əliyev qısa müddətdə təkcə Azərbaycanda deyil, ümumən keçmiş ittifaqda haqsızlığa, hüquqa zidd əməllərə qarşı özünün qətiyyətli və barışmaz mövqeyi ilə böyük hörmət və ehtiram qazana bilmişdir. Respublikanın hüquq-mühafizə orqanlarında sağlam mənəvi-əxlaqi mühitin yaradılması, cinayətkarlığa, xüsusən, rüşvətxorluğa, korrupsiyaya qarşı kəskin və səmərəli mübarizə aparılması o dövrün ən səciyyəvi xüsusiyyətləri kimi tarixə yazılmışdır. Həmin dövrdə kommunist idelogiyasının ən zəif yerini göstərmiş kimi Heydər Əliyevin irəli sürdüyü və sovetlər birliyinin hər yerində rəğbətlə qarşılanan “Qoy ədalət zəfər çalsın” çağırışının real təsir sahələrindən biri də respublikamızda ali hüquq təhsili sahəsi olmuşdur. Ulu öndərin təşəbbüsü ilə 1970-80-ci illərdə Azərbaycanda ali hüquq təhsili verən dövlət universitetində bu ixtisasa qəbul qaydalarında edilən mühüm dəyişikliklər sadə zəhmətkeş ailələrindən çıxmış yüzlərlə istedadlı və zəkalı gənclərin hüquqşünas olmaq arzusunun gerçəkləşməsinə şərait yaratdı. Azərbaycanın prokurorluq orqanlarının şəxsən illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev həmin dövrü xarakterizə edərək demişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrlar hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

1993-cü ilin böhranlı yayında xalqın təkidli çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər yeni yaranmış dövləti məhv olmaq təhlükəsindən xilas etdikdən sonra əsaslı islahatlar yolu ilə Azərbaycanın siyasi, iqtisadi, sosial sistemini yeniləşdirmək yolunda cəsarətli, düşünülmüş ardıcıl tədbirlər həyata keçirdi. Bu gün böyük qurtuluşun ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışının nəticələrini təhlil edərkən qeyd etmək lazımdır ki, dövlətçiliyimizin xilası prokurorluq orqanlarının da fəaliyyətinə və sonrakı taleyinə çox önəmli təsir göstərdi. İctimai-siyasi sabitliyin, qanunçuluğun bərpası, dövlətin və cəmiyyətin təhlükəsizliyinin qorunması, cinayətkarlığın qarşısının alınması məqsədilə həyata keçirilən qətiyyətli tədbirlər respublikada qanunun aliliyinin təmininə, hüquq-mühafizə sisteminin möhkəmlənməsinə, eyni zamanda yeni köklü islahatlara istiqamətlənməsinə şərait yaratdı. Dövlət çevrilişi və ulu öndərin həyatına sui-qəsd cəhdlərinin, xarici düşmənlərin terror aktlarının qarşısının qətiyyətlə alınması, qanunsuz silahlı birləşmələrin ləğv edilməsi, kriminogen durumun stabilləşməsi nəticəsində Heydər Əliyev siyasətinin, müstəqil dövlətimizin gücünə inam artdı. Qanunçuluğun qorunması kimi ali prinsipi dövlətçiliyin başlıca məqsədinə çevirən Heydər Əliyevin qətiyyətli rəhbərliyi altında dövlət-vətəndaş münasibətlərində yeni bir mərhələ başlandı. Azərbaycanda insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, humanizm ideyalarının gerçəkləşməsi, sivil cəmiyyətin formalaşması, dövlət idarəçiliyinin demokratikləşməsi mümkün oldu. Heydər Əliyev dühasının şərəfli tarixi, qanunların icrasına nəzarət, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində zəngin ənənələri olan Azərbaycan prokurorluğunun fəaliyyətini daim diqqətdə saxlamışdır. Müstəqillik illərində həyata keçirilən prinsipial islahatlar sayəsində prokurorluq orqanları demokratik məzmunda yenidən formalaşmış, qanunçuluğun aliliyini təmin edən mükəmməl bir dövlət təsisatı kimi nüfuz qazanmağa nail olan prokurorluq orqanları dövlətçiliyimizin mühüm sütunlarından biri kimi ölkədə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində fəal iştirak etmişlər.

Ulu öndərin misilsiz xidmətlərindən birini də xüsusi xatırlamaq lazımdır. Heydər Əliyev hələ 1990-cı ildə Naxçıvana rəhbərlik etdiyi dövrdə cümhuriyyət ənənələrinin davamı kimi müstəqilliyin ilk addımlarını atmışdı. Muxtar Respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılmış, Naxçıvan Ali Soveti “Ali Məclis” adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmiş, Kommunist Partiyasının yerli orqanlarının fəaliyyəti dayandırılmış, ittifaqın saxlanılması barədə referendumdan imtina edilmişdir.

Ulu öndərin öz fəaliyyətində xüsusi diqqət yetirdiyi başlıca cəhətlərdən biri də demokratik meyarların daha möhkəm özüllər üzərində bərqərar olması, vətəndaş cümhuriyyəti, hüquqi dövlət quruculuğu ilə bağlı olmuşdur. Bu istiqamətdə həyata keçirilən tədbirlər cəmiyyət həyatının bütün sahələrini əhatə edərək, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemin əsaslı surətdə dəyişməsi ilə xarakterizə olunaraq, ən müasir dünya standartlarına uyğunlaşdırılmışdır. Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan hüquqi islahatlar, qanunvericilikdə edilən dəyişikliklər, yeni institusional təsisatların yaradılması Azərbaycanın qarşısında tamamilə yeni mərhələnin açılmasına rəvac vermişdir. Ümummilli liderimizin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə keçirilmiş ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası respublikamızın hüquqi dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarına, hakimiyyətin və dövlətin əsaslarını müəyyən etmiş, ən yüksək hüquqi qüvvəyə malik olmaqla, hüquq sisteminin bünövrəsini təşkil etməklə əsaslı məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə zəmin yaratmışdır. Konstitusiya prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək onun statusunu müəyyənləşdirmişdir. Konstitusiyanın müəyyən etdiyi meyarlar əsasında 7 dekabr 1999-cu ildə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu, həmin qanunda nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinin başlanması və ibtidai istintaq aparılmasını cinayət işləri ibtidai araşdırmağa prosessual rəhbərliyin həyata keçirilməsi və bu zaman qanunlara riayət olunmasının təmin edilməsini, tədqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarəti, məhkəmədə iddia qaldırılmasının (ərizənin verilməsini) mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak etməsini, məhkəmələrdə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak etməklə dövlət ittihamının müdafiəsini, məhkəmə qərarlarından protest verilməsini, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olmasında iştirakı prokurorluğun fəaliyyət istiqamətinə aid etmişdir.

Əsas qanunumuzda prokurorluğun dövlət quruluşu sistemində layiqli yerinin müəyyənləşdirilməsi məhz ulu öndərin bu orqana diqqət və qayğısının nəticəsidir. O həmişə inandığı və etibar etdiyi prokurorluq orqanlarına bu orqanların əqidəli və peşəkar əməkdaşlarına hörmət və etiramını hər il oktyabr ayının 1-i prokurorluq orqanlarının işçilərinin peşə bayramı günü elan etməsi ilə bir daha göstərmişdir. Bu barədə imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamı, eləcə də prokurorluq işçilərini dövlət təltiflərinə layiq görməsi ümummilli liderimizin prokurorlara verdiyi dəyərin bariz nümunəsidir. Ulu öndərimiz deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”. Məhz bu inamla aparılan islahatlar prokurorluq orqanlarının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasını, qanunçuluğun möhkəmləndirilməsi, cinəyatkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində bu orqanların rolunun artırılmasını, kadr siyasətinin daha da təkmilləşdirilməsini, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu sahəsindəki siyasəti bu gün də uğurla davam etdirilir. Müasir dövrdə demokratiyanın inkişafı, qanunçuluğun təminatı, insan hüquq və azadlıqlarının qorunması həm də sosial rifah, iqtisadi tərəqqi amilləri ilə şərtlənir. Respublikamızın iqtisadi imkanları genişləndikcə, Azərbaycanın ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Ulu öndərin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib, dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Respublikamız sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir. Avropanın enerji təhlükəsizliyində əsas söz sahibi kimi mühüm rol oynayır. Cəmiyyətin bütün sahələrində müşahidə olunan dirçəliş, intibah insan hüquqlarının təmini sisteminin təkmilləşməsində də öz sözünü deyir. Ən başlıcası, bu gün Azərbaycan cəmiyətinin bütövlüyü və monolitliyi təmin olunmuş, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşmışdır. 11 aprel 2018-ci il Azərbaycan Respublikasının prezident seçkilərində Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevə yenidən etimad göstərən ölkə vətəndaşları əmindir ki, Azərbaycanda bütün sahələrlə yanaşı, demokratiyanın tam bərqərar olmasına və hüquqi dövlət quruculuğunun inkişafına xidmət edən bu islahatlar qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.

 

Nazim Abbasov,

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun

Prokurorluqda istintaqa nəzarət idarəsinin

rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri

 

Respublika, 24 fevral 2018-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.