Şriftin ölçüsü :

Saytın rəngi :

Hüquqi islahatlar dövlət quruculuğunun tərkib hissəsidir

12.05.2019

Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar.
Ümummilli lider Heydər Əliyev

 


Azərbaycan 1991-ci ilin oktyabrında öz dövlət müstəqilliyini elan etsə də, SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik cəmiyyət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Bütün bu xüsusatlar cəmiyyətin gələcək inkişafı üçün hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi. Lakin ölkədəki mövcud vəziyyət və liderin olmaması qarşıda duran həyati əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan vermir, xalqla iqtidar arasında mövcud uçurumu daha da dərinləşdirirdi. Belə bir çətin vəziyyətdə xalqın tələb və təkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev bu missiyanı layiqincə yerinə yetirdi.

         Bu gün böyük fəxr hissi ilə qeyd olunmalıdır ki, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

         Məhz Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması zəngin təcrübəyə, böyük istedada, parlaq zəkaya, ali mənəvi keyfiyyətlərə, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə, tükənməz enerjiyə malik Heydər Əliyevin sosial-iqtisadi və hüquqi islahatlar strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.

         Hazırda Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı ümummilli liderin adı ilə bağlı olmasın.Bu baxımdan, ümummilli liderin ölkənin gələcək inkişafı naminə qarşıya qoyduğu vəzifələrdən biri də məhkəmə-hüquq islahatlarının aparılması nəticəsində milli qanunvericiliyimizin təkmilləşdirilməsi məqsədi ilə dünyanın inkişaf etmiş demokratik ölkələrinin müsbət təcrübəsindən istifadə edərək yeni normativ hüquqi bazanın yaradılması idi ki, 1995-2003-cü illəri bu proseslərin həyata keçirilməsinin ilkin hazırlıq mərhələsi kimi dəyərləndirmək yerinə düşərdi.Dövlətimiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin bütün sahələrinin müasirləşdirilməsi və demokratikləşdirilməsi məqsədi ilə ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə geniş sahədə köklü islahatlar aparılmağa başlandı.Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq, 1995-ci ildə referendum yolu ilə ilk milli Konstitusiyamızın qəbul edilməsi məhkəmə-hüquq islahatının əsas mərhələsinin başlanğıcı oldu.

         Konstitusiyanın qəbulu Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməlini qoydu, hüquqi islahatların aparılmasına zəmin yaratdı. Konstitusiyada  demokratik cəmiyyətin qurulması, fəaliyyət göstərməsi və inkişafı üçün bütün müddəalar öz əksini tapdı. Bu inkişafın əsas komponentlərindən biri də qərəzsiz, ədalətli, aşkar və səmərəli ədalət mühakiməsinin formalaşdırılması məqsədi ilə məhkəmə-hüquq sisteminin islahatıdır.

         Ulu öndər tərəfindən əsası qoyulmuş, bugünkü həyatımızın reallıqlarını özündə əks etdirən  yeni Konstitusiyada insan amilinin daha çox önə çəkilməsi və müddəaların üçdə birinin  insan hüquq və azadlıqlarına həsr olunması Azərbaycanda bu məsələyə diqqətin   əyani təzahürüdür.

         Qeyd etmək lazımdır ki, Azərbaycan Şərqdə ilk dəfə olaraq ölüm cəzasını ləğv edən ölkə kimi  tarixə düşmüş, 1993-cü ildə ölüm hökmü üzərində moratorium qoyulmuş, 1998-ci ildə isə bu cəza tamamilə ləğv edilmişdir. Qanunvericiliyə edilmiş bu dəyişiklik insan hüquqlarının qorunması sahəsində atılmış mühüm addımlardan biri idi.

         Müstəqil Azərbaycanın ali qanununda ilk dəfə olaraq ölkəmizin məhkəmə hakimiyyəti sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi də, Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin icrasının nəticəsi idi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə aparılmış məhkəmə-hüquq islahatı nəticəsində keçmiş sovetlər birliyindən miras qalmış ölkənin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuş, islahatlara uyğun olaraq yeni mütərəqqi qanunlar, o cümlədən "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.

Dahi rəhbərin qanunvericilik təşəbbüsü əsasında qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu qarşıda duran bu və ya digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, onların qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Müstəqil Azərbaycan dövlətçiliyi tarixində humanizm prinsiplərinin tətbiqinin əsasını qoymuş ulu öndər  tərəfindən əvvəllər unudulmuş əfvetmə institutu 1995-ci ildə tamamilə fərqli şəkildə bərpa edilmişdir. Həmin vaxt xidmət etdiyi hərbi hissələri özbaşına tərk etmiş, fərariliyə görə məhkum olunmuş təxminən 1000-ə yaxın hərbçi əfv edilmişdir. Əfv olunan hərbiçilərin fərariliyinin əsasında o dövrdə ordudakı hərc-mərclik, dövlət idarəçiliyindəki naşılıq, ölkədə baş alıb gedən  anarxiya, xaos dururdu. Həmin dövrdə amnistiya ilə bağlı xüsusi bir qanunvericilik olmasa da, Heydər Əliyevin Milli Məclisə təqdim etdiyi amnistiya qərarları elə hazırlanmışdı ki, xüsusi ictimai təhlükə  kəsb etməyən məhkumların azadlığa buraxılmaları təmin olunmuşdu.

Ümumiyyətlə, 1995-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılmış, həmçinin ulu öndərin təşəbbüsü ilə Milli Məclisin bu dövrdə qəbul etdiyi yeddi “Amnistiya haqqında” qərarı 60 mindən artıq şəxsə şamil edilmişdir. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi vaxtdan  indiyədək ölkəmizdə 63 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib. Bu, hər şeydən əvvəl, Azərbaycan dövlətinin humanizm prinsiplərinə sadiqliyinin mahiyyətinin göstəricisidir. 

 

İslahatların məntiqi və sürətli davamı

Ümummilli liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapdı.

Məhz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərlə ölkə həyatının bütün sahələrində uğurlu nəticələrin əldə edilməsi ənənəsi davam etdirilmiş, müstəqilliyimizin əsasları xeyli dərəcədə möhkəmlənmiş, hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yeni, özünün daha yüksək mərhələsinə çatmışdır.

Hazırda Azərbaycanın dünyada analoqu olmayan sürətli iqtisadi inkişafı, 1,9 milyon yeni iş yerlərinin açılması, enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, milli sahibkarlığın formalaşması və inkişafı, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yüksəlməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli istiqamətində atılan addımlar, diaspor və lobbiçilik fəaliyyətinin genişləndirilməsi, Azərbaycanın milli mənafeyinə cavab verən balanslaşdırılmış xarici siyasətin yürüdülməsi, Qərbə inteqrasiya prosesinin sürətləndirilməsi vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı qlobal strateji xəttin prioritet istiqamətləridir.

Bütün bunlarla yanaşı, ölkədə aparılan demokratik islahatlar da getdikcə daha geniş vüsət almaqla insan hüquq və azadlıqlarının təminatı sistemi daha da mükəmməlləşdirilir, tolerant bir mühitin mövcudluğuna şərait yaradan əsaslar möhkəmləndirilir, vətəndaş cəmiyyəti formalaşdırılır. Buna görə də, hər bir vətəndaş dövlətlə sıx əlaqədə olmaqla onunla olan münasibətlərdə müəyyən edilmiş hüquq və vəzifələrini, mənsub olduğu dövlətin bugününə və gələcəyinə görə daşıdığı məsuliyyəti daha düzgün dərk edir.

 

Məhkəmə-hüquq islahatları ədalətin təminatıdır

         Məlum olduğu kimi dövlət başçısı cənab İlham Əliyevin fəaliyyətinin ilk günlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirməsi nəticəsində, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi  istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

         Ölkəmizin beynəlxalq nüfuzunun, iqtisadi qüdrətinin artırılması ilə yanaşı, insan hüquq və azadlıqlarının qorunması prioritet vəzifələr siyahısına daxil edilmiş, bu sahədə məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilməklə, ulu öndərin ideyalarının reallığa çevrilməsi təmin edilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk vaxtlardan ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirləri daim gündəmdə saxlamışdır. Odur ki, 19 yanvar 2006-cı il tarixdə məhkəmə sisteminin müasirləşdirilməsi barədə fərmanı imzalamaqla, məhkəmə islahatının yeni mərhələyə keçməsinin başlanğıcını qoymuşdur.

         Son illərdə dövlət başçısının məhkəmə-hüquq islahatları çərçivəsində xüsusi diqqət yetirdiyi istiqamətlər ölkədə hüquq siyasətinin liberallaşdırılması, cəzanın humanistləşdirilməsi, cəzadan azadetmə institutunun geniş tətbiqi sahələridir. Cənab Prezidentin 2017-ci il 10 fevral tarixdə imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prossessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam bu sahədə prinsipial addım olmuşdur.

         Azərbaycan Prezidentinin proqram xarakterli bu sərəncamı dövlətin hüquq və qanunvericilik sisteminin daha müasir müstəvidə inkişafının yeni mərhələsinin başlanğıcı olmaqla, bu sahədə strateji hədəfləri müəyyən edərək həmin istiqamətdə görüləcək işlər üçün “yol xəritəsi” oldu.

Qeyd edilməlidir ki, sərəncamın qəbulundan dərhal sonra Respublika Hərbi Prokurorluğunun  təcrübəli əməkdaşlarından ibarət müvafiq komissiya yaradılaraq, Cinayət və Cinayət-Prosessual Məcəllələrinə özündə dekriminallaşmanı və liberallaşmanı ehtiva edən mühüm dəyişikliklərdən ibarət təkliflər paketinin (xüsusən də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Hərbi xidmət əleyhinə olan cinayətlər bölməsinə) hazırlanmasında yaxından iştirak edilmişdir.

         Konkret olaraq adıçəkilən sərəncamın 10.1-10.4-cü bəndlərinin icrası ilə bağlı cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 18 növ cinayət əməlinin dekriminallaşdırılmasını, 152 növ cinayət hüquq normasının sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzalar əlavə olunaraq azadlıqdan məhrumetmə cəza növünə alternativ olan tədbirlərin tətbiqi əsaslarının xeyli dərəcədə genişləndirilməsini və cəza siyasətinin humanistləşdirilməsini özündə ehtiva edən ümumilikdə 300-ə yaxın dəyişikliyi nəzərdə tutan qanun layihəsi hazırlanmış, həmin  qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən daha da təkmilləşdirildikdən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş və 20 oktyabr 2017-ci il tarixdə qəbul edilmişdir.

         Prezident İlham Əliyevin məhkəmə-hüquq islahatlarını sonacan davam etdirmək niyyətində olduğunu 3 aprel 2019-cu il tarixdə imzaladığı mütərəqqi fərman bir daha təsdiq etdi. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman mahiyyət, məzmun və bütövlükdə fəaliyyətlərin miqyası baxımından çox mühüm əhəmiyyətə malikdir və özündə köklü islahatları ehtiva edir.

         Müdrik liderin ədalət mühakiməsi mexanizmlərinin effektiv fəaliyyətinin təmin edilməsi üçün hakim və məhkəmə aparatı işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına, müvafiq infrastrukturun yenilənməsi işlərinin davam etdirilməsinə, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən hərtərəfli istifadə edilməsinə və digər mühüm məsələlərin həll olunmasına hesablanmış fərmanında Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etmələri tövsiyə olunmuşdur.

         Eyni zamanda, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə müvafiq qanun layihələrini hazırlamaq Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılmışdır. Həmçinin, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi, hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi, məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi, məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən olunması və sair məsələlər ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmiş və Ədliyyə Nazirliyinə tapşırılmışdır.

         Qeyd olunanlarla bərabər, hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün qaynar xəttin yaradılması, hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflığı daha da artırmaqla, bu sahədə tətbiq edilən meyarların təkmilləşdirilməsi, hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi məqsədilə müvafiq sahələrdə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə məhkəmələrin riayət etməsinin mütəmadi monitorinqinin aparılması Məhkəmə-Hüquq Şurasına tövsiyə edilmişdir.

         Fərmanda, həmçinin, məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsini mütəmadi təhlil etməklə bu fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlər görülməsi Azərbaycan Respublikasının Baş Prokurorluğuna, vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirilməsi isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Bütün bunlarla bərabər, məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi və məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılması məqsədilə Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan məhkəmələrin hakimlərinin ümumi sayının 30 faiz yəni, 200 nəfər artırılması da fərmanda nəzərdə tutulmuşdur. Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların mühüm tərkib hissəsi olan fərman dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti ifadəsi idi.

         Qəti əminliklə demək olar ki, kompleks qanunverici, institusional və praktiki tədbirlərin görülməsini nəzərdə tutan dövlət başçısının sözügedən  fərmanı hər bir şəxsin hüquqlarının məhkəmə müdafiəsinin daha etibarlı təmin olunmasında, ədalət mühakiməsinə olan ictimai etimadın yüksəlməsində, məhkəmələrin müstəqilliyinin möhkəmlənməsində, onların fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınmasında, bu sahədə şəffaflığın artırılmasında müstəsna əhəmiyyət kəsb etməklə, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların qarşısını alacaq, eləcə də, hakimlərin iş yükünün azalmasına, işlərə baxılmasının keyfiyyətinin yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə ədalətli məhkəmə qərarlarının qəbul olunmasına və onların vaxtında tam icrasının təmin olunmasına rəvac verəcəkdir.

         Yuxarıda qeyd edildiyi kimi, adıçəkilən fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədilə,  müvafiq qanun layihələrinin hazırlanması tövsiyyə edilmişdir.

         Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə yanaşı Respublika Hərbi Prokurorluğunda da, yuxarıda sadalanan məsələlərin həyata keçirilməsini təmin etmək məqsədilə, təcrübəli əməkdaşlardan ibarət müvafiq komissiya yaradılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həm ümumi həm də, xüsusi hissələrinin bir sıra maddələrinə dekriminallaşmanı və liberallaşmanı özündə əks etdirən dəyişikliklərin edilməsinə dair, hüquqi baxımdan əsaslandırılmış təkliflər hazırlanmış və aidiyyəti üzrə göndərilmişdir.

Bundan əlavə bildirilməlidir ki, cəza siyasətinin humanistləşdirilməsi tədbirlərinin davamı olaraq, Respublika Hərbi Prokurorluğu və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “Hərbi qulluqçuların kobud intizam xətalarına dair icraat haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi hazırlanmışdır. Bu layihənin əsas məqsədi Cinayət Məcəlləsinin, cinayətin xüsusi subyekti olan şəxsin kriminal əməli nəticəsində onun cəzalandırılması normalarını nəzərdə tutan, “Hərbi xidmət əleyhinə olan cinayətlər” bölməsinin bir sıra maddələrinin cinayət hüquq norması kimi deyil, kobud intizam xətası kimi qiymətləndirilməsindən ibarətdir.

 

         Məhkəmə-hüquq islahatları yeni müstəvidə davam edir

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu şəraitində ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi, ölkəmizdə yeni ixtisaslaşdırılmış məhkəmələrin yaradılması məhkəmə sisteminin təkmilləşdirilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.

         Əhalinin, xüsusilə ölkənin iqtisadi inkişafında mühüm rol oynayan sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmənin təşkili, sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək üçün, vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması irəliyə doğru atılmış uğurlu addımdır.

         Bununla yanaşı, qeyd edilməlidir ki, ölkəmizdə vətəndaş cəmiyyətinin uğurlu inkişafı sosial münasibətlərin dərinləşməsi kontekstində, əhalinin nəinki dövlət orqanlarına olan inamını artırdı, hətta  problemin məhkəməyə qədər həllinin alternativ üsullarının təkmilləşdirilməsi prosessini də gücləndirdi. Bu baxımdan ölkəmizdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun qəbulu zəruri oldu. Bu qanunun əsas prinsipləri və prioritet istiqamətləri könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzlik və konfidensiallığından ibarətdir. İlk baxışdan adi hüquq institutu kimi görünsə də, hüquq sahəsi üçün tamamilə yeni olan bu qurumun əsas məqsədi insanları məhkəmədən öncə barışığa gətirmək, mübahisə edən tərəflər arasında razılığın əldə olunmasına çalışmaqdır.

Mediasiya institutu mülki işlər, iqtisadi, ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəməyə getmədən tərəflərin qarşılıqlı razılığı ilə həlli məqsədi daşıyır.

Belə ki, istənilən mübahisənin həlli zamanı, mediator təkcə qanunun müddəalarına yox, eyni zamanda tərəflərin maraqları, mənəvi normalar, əxlaq və şəxsi həyat təcrübəsinə əsaslanaraq qərar verir.

Eyni zamanda prosessual qaydaların çox olmaması tərəflərə psixoloji cəhətdən komfortlu şərait yaradır ki, bu da qarşılıqlı etibar və əməkdaşlıq atmosferi yaradır.

         Mediasiya heç də, məhkəmə ilə rəqabət aparmaq üçün deyil, ona kömək etmək üçün yaradılmışdır. Çünki mediasiya vasitəsilə məhkəmələrin iş yükü azalacaq və məhkəmə icraatında olan işlərin həllinin daha da tezləşməsinə nail olunacaqdır.

         “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanının 7.6-cı bəndində də, mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərini həyata keçirilməsi məsələsinə toxunulmuşdur ki, bu da öz özlüyündə ölkəmizdə yenicə yaradılmış mediasiya institutunun müasir dövrün tələblərinə uyğun olaraq hərtərəfli və güvənli, məhkəmə mübahisələrinin həllində alternativ vasitə kimi inkişaf etdirilməsinə zəmin yaradacaqdır.

         Bütün bu islahatların müsbət nəticəsi olaraq sonda bir daha əminliklə qeyd edilməlidir ki, Respublika Hərbi Prokurorluğunun hər bir əməkdaşı prokurorluğun fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələrinin icrası zamanı bundan sonra da, ordumuzun qüdrətlənməsi naminə qanunvericilikdə nəzərdə tutulmuş silahlı birləşmələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, cinayətkarlığa qarşı barışmaz mövqe tutacaq, humanizm prinsipini daim rəhbər tutaraq insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcək, Heydər Əliyev ideyalarına daim sədaqət nümayiş etdirəcək, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesində qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Xanlar Vəliyev,
Azərbaycan Respublikasının Hərbi prokuroru, 

ədliyyə general-leytenantı 

12 may 2019-cu il, “Xalq” qəzeti

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.