Şriftin ölçüsü :

Saytın rəngi :

Hüquqi islahatların banisi

15.05.2018

Qarşıdan xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət, öz əməlləri ilə ümummilli liderə çevrilmiş Heydər Əliyevin 95 illik yubileyi gəlir. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə, fəaliyyətinin bütün mərhələlərində məhz Azərbaycan dövlətinin və xalqının mənafeyi uğrunda əzmlə mübarizə aparan Heydər Əliyev böyük strateq kimi özünə əbədi və tükənməz sevgi qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. 95 illik yubileyi ərəfəsində ulu öndərin xalqımız qarşısında xidmətlərinə nəzər salmaqla həm də əziz xatirəsini ehtiramla yad edirik.

Ümumiyyətlə, hər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün faydalanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsinin, davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların yaradılmasının müəllifinə çevrilirlər.

Heydər Əliyev də tarixdə dərin iz qoyan belə liderlərdən biridir. Belə ki, rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən böyük şəxsiyyətin hakimiyyətə gəldiyini görürdü. Ulu öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bu günlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı. Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirdi, paralel şəkildə həyata keçirdi. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində ümummilli liderin rolu və tarixi missiyası da bununla müəyyən olunur. Bu mənada, geniş zəkası, fitri uzaqgörənliyi, polad iradəsi ilə ətrafındakılardan daim fərqlənən Heydər Əliyevin simasında Tanrı xalqımıza XX əsrdə həm də əsl xilaskar bəxş etmişdir. Müstəqilliyimizin ilk illərində ölkədə baş verən hadisələr hamımızın yaxşı xatirindədir. O ağır günlərdə hər kəsi yalnız bir sual düşündürürdü: dövlətimizin taleyi necə olacaq? O ağır günlərdə xalqımız tarixi və müdrik qərar qəbul edərək özünün sədaqətli oğlunun, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində görürdü. Ulu öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü hakimiyyətə döndü.

1993-cü ilin iyun ayından etibarən ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı. Ulu öndər qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən zəruri tədbirlər həyata keçirdi. Çox böyük müdriklik və uzaqgörənliklə hazırladığı yeni neft strategiyasının həyata keçirilməsi lokomotiv rolunu oynayaraq iqtisadiyyatın digər sahələrinin də inkişafına yardım göstərdi, eyni zamanda Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirdi. Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası müstəqil dövlət quruculuğu prosesinin əsas prioritetlərini müəyyənləşdirdi. Bundan sonra bütün sahələrdə islahatlar keçirildi, möhkəm qanunvericilik bazası yaradıldı.

Müstəqillik illərində respublikamızda ardıcıl olaraq həyata keçirilmiş köklü və sistemli islahatlar nəticəsində inkişaf etmiş dünya ölkələrinə məxsus müsbət cəhətləri və milli xüsusiyyətləri özündə birləşdirən, beynəlxalq prinsip və müddəalara tam uyğun olan hüquq sistemi yaradılmış, dövlət təsisatları ən yüksək standartlara müvafiq şəkildə formalaşdırılmışdır. O cümlədən prokurorluq orqanları tam yenidən qurulmaqla müasir dövrün tələblərinə cavab verən, fəaliyyətində qanunçuluq, dövlətçilik, siyasi bitərəflilik, obyektivlik və qərəzsizlik prinsiplərinə əsaslanan demokratik məzmunlu bir orqana çevrilmişdir.

Azərbaycan prokurorluğunun sivil və demokratik məzmunlu bir qurum kimi tam yenidən formalaşması isə ölkəmizdə həyata keçirilən hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Ölkə prokurorluğu çoxillik tarixə malik olaraq bir sıra onilliklər ərzində fəaliyyət göstərsə də, yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində onun tərəfindən imzalanmış 17 iyul 1998-ci il tarixli sərəncama əsasən hər il oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunur. Peşə bayramı gününün təsis edilməsi prokurorluğa böyük qayğının ifadəsi olmaqla yanaşı, prokurorluq əməkdaşlarının fəaliyyətinin layiqincə dəyərləndirilməsinin təzahürüdür.

Məhz ümummilli lider Heydər Əliyevin 26 aprel 2000-ci ildə Respublika Prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi və prokurorluğun həyatında müstəsna rol oynamış tarixi görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, dövlət başçısının tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması təmin edilmişdir. Bu tarixi görüşdən sonra prokurorluq orqanlarında köklü islahatlar və struktur dəyişikliyi aparılmış, elmi əsaslı normativ hüquqi baza yaradılmış, prokurorluğun fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmış, insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ciddi nailiyyətlər əldə edilmişdir.

Həmin dövrdən başlayaraq həyata keçirilən yeni islahatlar nəticəsində zamanın ruhuna, yeni siyasi, iqtisadi, sosial reallıqlara uyğun olaraq ölkəmizdə prokurorluq orqanlarının statusunda, səlahiyyətlərində və fəaliyyətində köklü dəyişikliklər baş vermiş, kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu dövrdə prokurorluqda sağlam mühitin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və nüfuzu yüksəlmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” bu dövlət orqanının müasir dövrün yüksək tələbləri səviyyəsində inkişafında xüsusi əhəmiyyətə malik olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşmə dövrünün əsasını qoymuş bu mühüm dövlət sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər nəticəsində hüquqi dövlət quruculuğunda və hüquq sisteminin inkişafında, qanunçuluğun, cəmiyyətin və dövlətin maraqlarının qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində prokurorluğun rolu artmışdır. Eyni zamanda onun fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulmasına, müasir elmi-texniki nailiyyətlərdən istifadə edilməklə ən son informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə, prokurorluq orqanlarının işinin onun qarşısında dayanan vəzifələrə və tələblərə uyğun olaraq yüksək səviyyədə qurulmasına, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində peşəkarlığın artırılmasına, vətəndaşların müraciətlərinə daha həssas və diqqətli yanaşılmasına nail olunmuşdur.

Prokurorluq orqanlarında şəffaflıq və açıqlıq prinsiplərinə diqqət yetirilməsi Azərbaycan Respublikası Prezidentinin “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 27 aprel 2016-cı il tarixli sərəncamının müddəalarından irəli gəlir. Milli Fəaliyyət Planı Açıq hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi və korrupsiyaya qarşı mübarizəyə dair tədbirlərin davamlılığının təmin edilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə təsdiq edilmişdir. Sərəncamın 4-cü bəndinə müvafiq olaraq “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda Baş Prokurorluğa həvalə edilmiş tədbirlərin tam və vaxtında icrasını təmin etmək məqsədilə geniş tədbirlər planı hazırlanıb təsdiq edilməklə icraya yönəldilmişdir.

Prokurorluq orqanlarında yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilmişdir. Bu amillərə prokurorluq orqanlarına qulluğa qəbulla yanaşı, kadrların yerdəyişməsi, xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşəkarlıq səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşüncə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi zamanı da önəm verilmişdir.

Bu gün də prokurorluq orqanlarında islahatlar davam edir, yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır.

Fəxarətlə qeyd etməliyik ki, bu gün respublikamızda prokurorluq orqanları tərəfindən daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının bütün səyləri ilk növbədə dövlət başçısının göstərişlərindən, Azərbaycan Respublikasının Konstitusiyasından, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Baş prokurorunun əmr və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahatların eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilmişdir.

Ölkəmizdə gedən uğurlu inkişaf proseslərinə mane olan məsələlərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir. Bu sırada korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilmiş, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilmişdir. Hazırda korrupsiyaya qarşı mübarizə prokurorluğun fəaliyyətinin ən vacib və önəmli istiqamətini təşkil edir. Məlum olduğu kimi, korrupsiyaya qarşı daha effektli əks təsirin həyata keçirilməsi həmin istiqamətdə görülən tədbirlərin kompleks xarakterli, ardıcıl və hərtərəfli olmasını, dövlət idarə və müəssisələrinin fəaliyyətində aşkarlığın və şəffaflığın artırılmasını, görülən işlər və əldə edilən nəticələr barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılmasını, əhaliyə göstərilən xidmətlərin elektron vasitələrlə həyata keçirilməsinin təşkilini, xidmətlərin göstərilməsi prosedurunun sadələşdirilməsini, vətəndaşların elektron vasitələrlə informasiya almaq imkanlarının genişləndirilməsini, neqativ hallarla mübarizədə ictimaiyyətin köməyindən daha geniş istifadə edilməsini, cəmiyyətdə korrupsiyaya qarşı dözümsüzlüyün möhkəmləndirilməsini şərtləndirir. Qeyd olunan amillər nəzərə alınmaqla respublikamızda korrupsiyaya qarşı əks təsirin gücləndirilməsi istiqamətində son dövrlər həyata keçirilən daha ardıcıl və müfəssəl tədbirlər, hərtərəfli hazırlanmış təşkilati, institusional və hüquqi islahatlar bu bəlanın aradan qaldırılması sahəsində ciddi uğurların əldə edilməsinə zəmin yaratmışdır.

Həyata keçirilən hüquqi islahatların nəticəsi olaraq Bakı Şəhər Prokurorluğu da inkişaf yolu keçmiş, qarşısında dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlar əldə etmişdir. Hazırda Bakı Şəhər Prokurorluğu və ona tabe rayon prokurorluqları Azərbaycan Konstitusiyasını, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununu və digər qanunvericilik aktlarını, Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutaraq Bakı şəhərində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

Paytaxtın prokurorluq orqanlarının keçirdiyi istintaq tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin, o cümlədən qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilir. Həmçinin bu kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunur. Bütün bunlar respublikamızda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində görülmüş işlərin müsbət nəticəsidir. Şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik sahəsində tələbkarlıq daha da artırılmış, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilmişdir.

Cinayətkarlıqla mübarizə, qanunçuluğun müdafiəsi ilə yanaşı, Bakı şəhər prokurorluğu tərəfindən qarşıda dayanan vəzifələrin yerinə yetirilməsi istiqamətində həyata keçirilmiş bir sıra tədbirləri diqqətə çatdırmaq istəyirəm. Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan Prezident İlham Əliyev qəbul etdiyi hüquqi aktlar və əfv sərəncamları ilə cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcridetmədən islahetmənin daha effektiv və səmərəli olduğunu göstərmişdir. Prezident İlham Əliyevin ötən il fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da dövlət başçısının humanist siyasətinin növbəti təzahürü oldu.

Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ali Məhkəmə, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılmışdır və bu məsələ Baş prokurorun xüsusi diqqətindədir. Sərəncamda qarşıya qoyulan vəzifələrin və bu sahədə Baş prokurorun göstərişlərinin icrası istiqamətində Bakı Şəhər Prokurorluğu tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Təbii ki, bununla yanaşı, mühüm vəzifə öhdəliklərimizdən olan cinayətkarlıqla səmərəli mübarizə, qanunçuluğun müdafiəsi, ədalət mühakiməsinin uğurla təmin olunması əsas diqqət yetirdiyimiz məsələlərdir. Cəmiyyətdə böyük rezonans doğuran xuliqanlıq və bu kimi kateqoriyadan olan işlər üzrə kəsərli tədbirlərin görülməsi, vaxtında cinayət işlərinin başlanaraq, təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaqla barələrində ən ciddi qətimkan tədbirlərinin seçilməsinin təmin edilməsi ictimaiyyətdə razılıqla qarşılanır.

Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma halları narahatçılıq doğuran məsələlərdəndir. Prezident İlham Əliyevin 2012-ci il dekabrın 26-da imzaladığı “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamından irəli gələn vəzifələrin layiqincə icrası Bakı Şəhər Prokurorluğu tərəfindən daim nəzarətdə saxlanılır. Son dövrlər yol nəqliyyat hadisələrinin araşdırılması ilə əlaqədar müsbət nəticələr əldə edilmişdir. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri şəhər prokurorluğunun diqqət mərkəzində olmuşdur. Bu mənada cinayət xarakterli yol-nəqliyyat hadisələrinin gizlədilməsi, eləcə də cinayət xarakterli yol nəqliyyat hadisələrinin inzibati xəta kimi rəsmiləşdirilməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülməklə bu sahədə nəzarət artırılmışdır. Həyata keçirilmiş qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, paytaxtda baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, həmin hadisələr nəticəsində ölənlərin sayı, eyni zamanda bağlı qalmış cinayətlərin sayı ildən-ilə azalmışdır.

Xüsusilə narahatlıq doğuran məsələlərdən biri də paytaxtın bir sıra apteklərində vətəndaşlara güclü təsiredici vasitələrin satılmasıdır. Bəzi apteklərdə həkim resepti ilə satılmalı olan, bir sıra hallarda isə satılması tamamilə qanunsuz olan, qadağan olunmuş təsiredici vasitələrin vətəndaşlara, xüsusən gənclərə satılması Bakı şəhəri üzrə prokurorluq orqanlarının diqqət mərkəzindədir. Nəticədə paytaxt ərazisində güclü təsir edən maddələri satan apteklərə qarşı mübarizə gücləndirilmiş və bir neçə aptekin sahibi məsuliyyətə cəlb edilməklə güclü təsir edən maddələrin məktəblilərin, tələbələrin və digər şəxslərin arasında yayılmasının qarşısının alınması sahəsində müsbət irəliləyişlər əldə edilmişdir.

Həmçinin tikinti, əməyin mühafizəsi qaydalarının pozulması və istehsalatda baş verən insan tələfatları, onların sağlamlığına zərər vurulması ilə nəticələnən qəzalarla bağlı tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilmiş, rayon prokurorluqlarında bu kimi işlər üzrə süründürməçilik hallarına yol verildiyi müəyyən edildiyi hallarda həmin işlərin şəhər prokurorluğunun İstintaq İdarəsində davam etdirilməsi təmin edilməklə vətəndaşların haqlı narazılıqlarına son qoyulmuşdur. Bundan başqa, paytaxtın rayon prokurorluqlarında və polis orqanlarında mülki xarakterli işlər üzrə əsassız olaraq cinayət işlərinin başlanmasının, şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaq məqsədilə bu növ materiallar şəhər prokurorluğunda müzakirə edildikdən sonra müvafiq qərar qəbul edilmişdir.

Son illərdə prokurorluq orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən, informasiya-kommunikasiya vasitələrinin tətbiqinin yaratdığı geniş imkanlardan istifadə edilməsi, İKT tətbiqi dairəsinin daha da genişləndirilməsi fəaliyyətimizin səmərəliliyini daha da artırmışdır. Bakı Şəhər Prokurorluğunda və tabe rayon prokurorluqları üzrə müasir informasiya-kommunikasiya texnologiyalarının nailiyyətlərindən hərtərəfli istifadə edilir. O cümlədən Baş Prokurorluq tərəfindən hazırlanmış “Elektron sənəd dövriyyəsi” və “Elektron cinayət” proqramları hazırda Bakının bütün prokurorluq orqanlarında uğurla tətbiq olunur.

Ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin prioritetlərinə uyğun olaraq prokurorluq orqanlarında əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq, vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilir. Bu məsələ Bakı Şəhər Prokurorluğunun daim diqqətindədir. Bakı Şəhər Prokurorluğunda, eləcə də tabe rayon prokurorluqlarında vətəndaşların qəbulu işinə xüsusi əhəmiyyətlə yanaşılaraq yerlərdə və şəhər prokurorluğunda insanların mütəmadi olaraq prokurorluğun rəhbərliyi tərəfindən qəbul edilməsi, mahiyyətinə görə xüsusi əhəmiyyət kəsb edən müraciətlərin nəzarətə götürülməklə qısa müddət ərzində araşdırılması təmin edilməkdədir.

Şəhər prokurorluğu tərəfindən bir sıra profilaktiki işlərin görülməsi də təmin edilməkdədir. Belə ki, bizim təşəbbüsümüzlə Bakının bütün rayonlarında hüquqi biliklərin təbliği, cinayət törətmələrinin qarşısının alınması, yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın profilaktikası, onların zərərli vərdişlərə aludə olmamaları, narkomaniya, radikal dini cərəyanlarla mübarizə sahəsində təbliğat işləri aparılır və bu da öz müsbət nəticəsini verməkdədir. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müvafiq tövsiyələr də verilmişdir.

Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı olan Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Baş prokurorunun təşəbbüsü, rəhbərliyi və gündəlik nəzarəti ilə həyata keçirilən köklü islahatlar Azərbaycan prokurorluğunu və onun əsas tərkib hissələrindən olan Bakı Şəhər Prokurorluğunu insan hüquq və azadlıqlarının layiqli qarantına çevirən etibarlı dövlət orqanı kimi formalaşdırmışdır. Bakı Şəhər Prokurorluğu cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparan, bu sahədə daim profilaktik tədbirlər görən, rayon ərazisində qanunların eyni cür və dürüst icrasını təmin edən bir orqan kimi öz vəzifələrinin öhdəsindən layiqincə gəlməkdədir.

Əminliklə bildirmək istəyirəm ki, Bakı Şəhər Prokurorluğu bundan sonra da üzərlərinə düşən bütün vəzifələri yüksək keyfiyyətlə yerinə yetirəcək, vətənimizə, xalqımıza və dövlətimizə sədaqətlə xidmət etməklə fəaliyyətlərini qanunvericiliyin və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi tələblər səviyyəsində quracaq, insan hüquq və azadlıqlarının müdafiəsində, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin aparılmasında yeni nailiyyətlər əldə edəcək.

Bu gün Azərbaycan öz intibahının yeni mərhələsini yaşayır. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, dövlətçiliyimiz gündən-günə daha da möhkəmlənir. Hər bir prokurorluq əməkdaşı üçün kifayət qədər məsuliyyətli olan bu dövrdə qarşımızda mühüm vəzifələr dayanır. Əsas konstitusion vəzifəmiz və ulu öndər Heydər Əliyevin əbədiyaşar ruhu qarşısında müqəddəs borcumuz isə Azərbaycan dövlətçiliyinin daha da qüdrətlənməsi, respublikamızda hüququn aliliyi və qanunçuluğun daha möhkəm təmin olunması naminə fədakarlıqla çalışmaqdır.

 

İlqar ABBASOV,

Bakı şəhər prokuroru, III dərəcəli dövlət ədliyyə müşaviri

 

“Azərbaycan” qəzeti, 4 may 2018-ci il  

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.