Şriftin ölçüsü :

Saytın rəngi :

PROKURORLUQ: DÖVLƏTÇİLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİNDƏ MÜHÜM TƏSİSAT

03.10.2018

2018-ci ildə 100 illik yubileyini böyük ruh yüksəkliyi ilə qeyd edən Azərbaycan Prokurorluğu Şərqin ilk demokratik ölkəsinin hüquq sistemində önəmli yer tutur. Prokurorluğun yaranma tarixinə və inkişaf mərhələlərinə nəzər salsaq, cəmiyyət quruculuğunda bu orqanın fəaliyyətinin vacibliyi, önəmli rolu nəzərə çarpır.

1918-ci il oktyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı yaradılmışdır. Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə elan edilmiş həmin gün Azərbaycan prokurorluq orqanlarının yaranması və təşəkkülü tarixi idi. Məhz bu tarixi hüquqi sənədi əsas tutaraq ümummilli lider Heydər Əliyev hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.

Xalq Cümhuriyyəti dövründə prokurorluq orqanlarının təşkili və fəaliyyəti ilə əlaqədar yeni mərhələ parlament tərəfindən “Hərbi məhkəmələr haqqında” 1919-cu il 14 aprel tarixli qanunun qəbul edilməsi ilə başlanıldı. Bu qanuna əsasən hərbi prokurorluq orqanları yaradıldı və onların hüquqi statusu müəyyənləşdirildi. Həmin dövrdə prokurorluq qanunçuluğun təminatçısı və vətəndaşların hüquqlarının müdafiəçisi kimi fəaliyyət göstərmişdir. Yarandığı ilk günlərdən prokurorluq orqanları ölkəmizdə gedən ictimai-siyasi proseslərlə sıx bağlı olmuş, öz tarixinə Azərbaycan xalqının taleyi kimi çətin, lakin şərəfli səhifələr yazmışdır. Prokurorluq xalqımızla birlikdə repressiyalara, bolşevik-totalitar rejimin təsirlərinə məruz qalmış, xidməti vəzifələrini vicdanla yerinə yetirən onlarca əməkdaşı sürgünlərdə cəza çəkmiş, güllələnmiş, lakin əqidələrindən dönməmişlər. Bütün bu hücumların və məhrumiyyətlərin nəticəsində prokurorluq formaca müxtəlif təsir və dəyişikliklərə məruz qalsa da, prinsip və mahiyyət etibarı ilə öz səciyyəvi keyfiyyət xüsusiyyətini - qanunçuluğun təminatçısı olmaq vəzifəsini qoruyub saxlamış, böyük həyat məktəbi keçərək peşəkar bir quruma çevrilmişdir. Prokurorluğun dünya standartlarına uyğun, demokratik cəmiyyətdə özünəməxsus yeri olan və müasir tələblərə cavab verən orqan kimi formalaşması, dövlət idarəetməsində mühüm rola malik olması ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə başlanılmışdır. Hazırda yeni müstəvidə həyata keçirilən məhkəmə-hüquq islahatları uğurla davam etdirilir və prokurorluq orqanları hərtərəfli dövlət qayğısı ilə əhatə olunur.

Ümummilli liderin şəxsi təşəbbüsü və rəhbərliyi ilə 1998-ci ildə respublikamızda ilk dəfə olaraq prokurorluq orqanlarının yaradılmasına həsr olunmuş geniş yubiley tədbiri təntənəli şəkildə qeyd edilmişdir. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə Heydər Əliyev dərin məzmunlu nitq söyləyərək prokurorluq işçilərinə dəyərli tövsiyələrini vermişdir. Ulu öndərin prokurorluq peşəsi ilə bağlı dediyi “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi və iftixar hissi yaratmaqla yanaşı, onları öz fəaliyyətlərinə daha tələbkarlıqla və məsuliyyətlə yanaşmağa səfərbər etmişdir. Dahi rəhbərin bu sözləri prokurorluq işçilərinin gündəlik fəaliyyət devizinə çevrilmişdir.

Həmin sözlər yüksək etimadın nümayişi olduğu kimi, həm də bütövlükdə prokurorluq sistemi üzərinə qoyulmuş böyük məsuliyyətin ifadəsidir. Ayrı-ayrılıqda hər bir prokurorluq işçisi bu məsuliyyəti daim yaşamalı, yüksək etimadı doğrultmaq üçün bilik və bacarığını əsirgəməməli, əsl peşəkarlıq nümayiş etdirməlidir. Azərbaycan xalqına, müstəqil dövlətinə və peşə borcuna sədaqət, təmiz mənəviyyat, qanuna, vətəndaşların hüquq və azadlıqlarına hörmət, prinsipiallıq, obyektivlik və ədalətlilik - Azərbaycan prokurorluğunun bu gün və gələcək üçün fəaliyyətinin Heydər Əliyev prinsipləridir. Bu prinsiplər ümumilikdə prokurorluq orqanlarından daim inkişaf və yüksək qabiliyyət tələb edir. Həmin tələbin ödənilməsi yolunu da yenə ümummilli liderimizin özü göstərib. Bu fəaliyyət proqramını yerinə yetirmək üçün hər şeydən əvvəl, “hüquq-mühafizə orqanlarında sağlam mənəviyyat, sağlam mühit olmalıdır. İnsanlar, yəni bu orqanlarda işləyən vətəndaşlarımız anlamalıdırlar ki, onlara xüsusi etimad göstərilib, onlar xüsusi səlahiyyətlərə malikdirlər, onlar Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişaf etdirilməsində xüsusi rol oynamalıdırlar”.

Azərbaycan Respublikası Prezidentinin 26 aprel 2000-ci il tarixdə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi tarixi görüşdə məhkəmə hakimiyyətinin tərkib hissəsi olan prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunları pozmaqla cinayətkarlara havadarlıq edilməsi, hüquqi islahatların həyata keçirilməsi prosesində mühafizəkarlığa yuvarlanması, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamalar keçirilməsi kimi neqativ hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsi prokurorluğun yeni rəhbərliyinin qarşısında mühüm bir vəzifə kimi qoyuldu. Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi, dövlət başçısının həmin görüşdəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri əsasında məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirildi. Azərbaycan Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ da ulu öndər Heydər Əliyevin təklifi ilə 2002-ci ildə “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən verildi.

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni bir mərhələyə yüksəlmişdir. Dövlət hakimiyyəti və dövlət orqanları sistemində prokurorluğun mühüm yeri və mövqeyi nəzərə alınaraq, prokurorluğun təşkili və fəaliyyətinin əsas müddəaları Azərbaycan Respublikası Konstitusiyası ilə tənzimlənir. Prokurorluğun statusu ilə əlaqədar ümumi qaydalar Azərbaycan Respublikası Milli Məclisi tərəfindən müəyyən edilir. Milli Məclis Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Baş Prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi məsələsinə baxır. Aparılmış kadr islahatları nəticəsində Baş Prokurorluğun kadr tərkibinin əksər hissəsi, o cümlədən bütün struktur qurumların rəhbərliyi dəyişdirilmiş, rayon, şəhər və hərbi prokuror vəzifələrinə ilk dəfə təyin edilənlərin sayı əsaslı şəkildə artmışdır. Rəhbər vəzifələrə təşkilatçılıq və yüksək peşə hazırlığına malik olan, təşəbbüskar, dövlətçilik ənənələrinə sadiq işçilərin, əsasən də müasir dünyagörüşlü gənclərin irəli çəkilməsinə xüsusi diqqət yetirilmişdir. Müasir tələblər səviyyəsində öz fəaliyyətini qura bilməyən, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən, nəzəri və peşə hazırlığını artırmaq üçün səy göstərməyən işçilər barəsində ən qəti tədbirlər bu gün də görülməkdədir.

Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq bu gün uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesində qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi kimi müstəsna əhəmiyyət kəsb edir. 19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Baş Prokurorluq tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının, xarici dövlətlərin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatlar və kütləvi informasiya vasitələrinin iştirakı ilə işə qəbul həyata keçirilmişdir.

Azərbaycan Prokurorluğunun əsas fəaliyyət istiqamətlərindən biri də ümumbəşəri sosial bəla olan korrupsiyaya qarşı mübarizədir. Dövlət başçısının 3 mart 2004-cü il tarixli sərəncamı ilə Korrupsiyaya qarşı mübarizə idarəsinin Baş prokuror yanında yaradılması prokurorluğa dövlət səviyyəsində göstərilən inam və etimadla yanaşı, onun strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.

Prokurorluqda aparılan islahatların mühüm bir mərhələsini insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi ilə əlaqədar dünya standartlarına uyğun işlək mexanizmin formalaşması, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi və işin səmərəliliyinin artırılması təşkil edir. Ölkəmiz sivil dünyanın tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək bu sahədə yetkin normativ-hüquqi bazanın yaradılmasını təmin edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ölkəmiz bu sahədə 220-dən artıq beynəlxalq konvensiyaya qoşulmuşdur. Respublikamız 2001-ci ildən etibarən dünyada ən səmərəli hüquq müdafiə mexanizmi kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına və ona əlavə edilmiş protokollara qoşulmuş, vətəndaşlarımızın onun başlıca fəaliyyət mexanizmi olan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyası altında olmasına şərait yaranmışdır. Prokurorluqda bu islahatların müvəffəqiyyətlə həyata keçirilməsi Azərbaycanda hüquqi dövlət ideyasının həyata keçirilməsinin və gerçəkləşdirilməsinin tərkib hissəsidir. İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyən normativ-hüquqi aktların cəmiyyətimizin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, milli mentalitetimizi və çoxəsrlik dövlətçilik ənənələrimizi qorumaqla, qanunvericiliyimizin sivil dünyanın hüquq sahəsində əldə etdiyi nailiyyətlərə uyğunlaşdırılması, prokurorluq və digər hüquq-mühafizə orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin formalaşmasının zəruri şərtlərindəndir. Avropa məkanına inteqrasiya kursunu prioritet seçməklə, hər bir şəxsin qanuni maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoymuş respublikamızda dövrün tələblərinə cavab verən məhkəmə-hüquq islahatlarının aparılması davamlı prosesə çevrilmişdir.

Cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, digər hüquq-mühafizə orqanları ilə sağlam və işgüzar münasibətlər əsasında keyfiyyətcə yeni müstəvidə qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsidir ki, cinayətlərin ən çox qeydə alındığı 1992-ci illə müqayisədə növbəti illərdə və hazırkı dövrdə kriminogen durumun dinamika və strukturunda müsbət dəyişikliklərə nail olunmuş, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərinə qarşı barışmaz mübarizə aparılmış, qatı cinayətkar dəstələr zərərsizləşdirilmiş, təqsirkar şəxslər layiq olduqları məsuliyyətə cəlb edilmişlər. Hazırda Azərbaycan Respublikası əhalinin hər min nəfərinə düşən cinayətlərin sayına görə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr sırasında ən yaxşı göstəricisi olan ölkələrdən biri kimi xarakterizə edilir ki, bu da mühüm nailiyyətdir.

Ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin yaradılmasında, milli dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının təminatında digər hüquq-mühafizə orqanları ilə yanaşı, prokurorluq orqanlarının mühüm xidmətləri vardır. Dövlətinə, xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunla üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirir, cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutur. Cinayət işlərinin istintaqı və təhqiqatı zamanı kriminalistikanın son naliyyətlərindən, istintaq təcrübəsinin qabaqcıl metodlarından istifadə edilməsi, prokuror-kriminalistlərin yeni kriminalistik texniki vasitələrlə təmin edilməsi, onlara bu vasitələrdən istifadə olunması üçün lazımi kömək göstərilməsi barədə tələb prokurorluğun fəaliyyətində əsas götürülmüşdür. Demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan məhkəmə-hüquq islahatları Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının təminatlı müdafiəsi mexanizminin əsasını qoymuşdur. Həyata keçirilən islahatlar nəticəsində məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi prokurorluğun prioritet fəaliyyət istiqamətlərindən biri hesab edilmiş, cinayət-mühakimə icraatının çəkişmə prinsipi əsasında həyata keçirildiyi bir şəraitdə prokurorun hüquqi statusunda əsaslı dəyişikliklər baş vermişdir. Cinayət təqibinin həyata keçirilməsi zamanı obyektivliyi təmin edən dəyişikliklərdən biri də yeni Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsasən cinayət işi üzrə ibtidai istintaq aparmış və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş prokurorun məhkəmə baxışında dövlət ittihamçısı qismində iştirak edə bilməməsidir. Aparılan həmin islahatlar nəticəsində Baş Prokurorluğun tərkibində dövlət ittihamının müdafiəsini həyata keçirən müvafiq struktur qurum təsis edilərək, peşəkar dövlət ittihamçıları korpusu formalaşdırılmışdır.

Xaçmaz rayon prokurorluğu bu yubileyi yüksək göstəricilərlə qarşılayır. Əməkdaşlarımız işlərini günün tələbləri səviyyəsində quraraq, qanunların aliliyini əldə rəhbər tutur, insanların hüquq və azadlıqlarının təminatı, cinayətkarlığa qarşı mütəşəkkil mübarizə sahəsində qətiyyətlə mübarizə aparırlar. Azərbaycan Prokurorluğunun 100 illik yubileyi münasibətilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, işlərində yeni-yeni nailiyyətlər arzulayır və inanıram ki, onlar bu məsuliyyətli fəaliyyəti uğurla davam etdirəcəklər.

 

 

Elxan ƏBDÜRRƏHİMOV,

Xaçmaz rayon prokuroru,

baş ədliyyə müşaviri.

 

 

 (30 Sentyabr 2018-ci il,  Respublika qəzeti) 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.