Şriftin ölçüsü :

Saytın rəngi :

Ədalət inkaşafa və sabitliyə əsas zəmindir

14.05.2018

Qanunun aliliyi Heydər Əliyevin dövlət quruculuğu ideyasının təməl prinsipi idi

 

Cəmiyyətin maraq və mənafelərini ümumi bir ideya ətrafında birləşdirmək bacarığına malik ulu öndər Heydər Əliyevin böyük müdrikliklə yaratdığı müstəqil dövlətçilik modeli Azərbaycanın bütün inkişaf istiqamətlərini özündə ehtiva edir. Onun dövlət quruculuğu strategiyası, yaratdığı mükəmməl siyasi-iqtisadi konsepsiya hələ bundan sonra da Azərbaycanın tərəqqisinin yüksək dinamizmə əsaslanmasını təmin edəcək, ölkəmizə həmişə böyük uğurlar qazandıracaq. Çünki tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan ümummilli liderimiz hadisələrin inkişafını bir neçə onilliklər boyu əvvəlcədən görmək və duymaq kimi fitri istedada malik şəxsiyyət olaraq proseslərin Azərbaycanın milli maraqları çərçivəsində cərəyan etməsinə nail olmuşdur. Bu gün müstəqil respublikamızın əldə etdiyi nailiyyətlər, dünya birliyində nüfuzunun artması, malik olduğu potensialdan xalqın rifahı naminə layiqincə istifadə etməsi məhz Heydər Əliyev fenomeni sayəsində mümkün olmuşdur. Birmənalı şəkildə qəbul olunmuş bir həqiqətdir ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik edərək Azərbaycanı sürətli, dönməz inkişaf yoluna çıxarmışdır. Ulu öndər bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmiş, Azərbaycanın dövlət müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri olmuşdur. Ümummilli liderin müəyyənləşdirdiyi inkişaf kursu bu gün onun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına cavab verən səviyyədə uğurla davam etdirilir. Siyasi və makroiqtisadi baxımdan sabit, dayanıqlı və davamlı iqtisadi inkişafa malik ölkə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və fəal iştirakçısı, mötəbər beynəlxalq tədbirlər məkanı kimi tanınan müstəqil respublikamızın qazandığı möhtəşəm nailiyyətlər böyük şəxsiyyət Heydər Əliyevin müdrik siyasətinin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir.

11 aprel 2018-ci il prezident seçkilərinin nəticələri bir daha təsdiq etdi ki, xalqımız ulu öndər, dünya miqyaslı siyasətçi Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursa alternativ görmür. Ədalətli, şəffaf demokratik prinsiplərin əsasında qanunauyğun, seçicilərin fəallığı və mütəşəkkiliyi ilə keçirilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi xalqın bu siyasətə tam dəstəyini ifadə etdi. Azərbaycan xalqı cənab İlham Əliyevə yenidən etimad göstərməklə həm də bu günə kimi görülmüş işlərə yüksək qiymət verdi. Çox saylı yerli və beynəlxalq müşahidəçilər, ictimaiyyət tərəfindən diqqətlə izlənilən seçkilərdə cənab İlham Əliyevin parlaq qələbəsi iqtidar-xalq birliyinin sarsılmaz olduğunu nümayiş etdirməklə yanaşı, bütövlükdə Azərbaycan xalqının zəfəridir. Bu zəfər ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illiyinə, müstəqil respublikamızın varisi olduğu müsəlman şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə mühüm töhfədir.

Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və əvəzsiz xidmətləri olan ulu öndər Heydər Əliyev xalqımızın dahi övladları sırasında ən yüksək zirvədə dayanır. O müstəqilliyi və azadlığı uğrunda mübarizə aparan millətin öndəri olmaq, dövlətçilik ənənələrini yaşatmaq, güclü və qüdrətli bir dövlətin möhkəm təməlini yaratmaq kimi, müqəddəs bir missiyanı şərəflə yerinə yetirmişdir. Müstəqil dövlətimizin əldə etdiyi bütün diqqətəlayiq nailiyyətlər Heydər Əliyevin milli inkişaf strategiyasına əsaslanır. Məhz bu strategiya ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin təməl prinsiplərini özündə ehtiva etməklə, həm də cəmiyyətdə birliyin və həmrəyliyin, elm, təhsil və mədəniyyət sahəsində tərəqqinin təmin olunmasına imkan vermişdir. Müstəqil Azərbaycan Respublikasının ilk əsas Qanununun - Konstitusiyasının müəllifi olan ulu öndər Heydər Əliyev bu konseptual sənəddə dövlət quruculuğunun demokratik prinsiplərinin təsbit edilməsinə nail olmaqla ölkəmizin bəşəri dəyərlərə sadiqliyini sübuta yetirmişdir. Konstitusiyanın hər bir kəlməsinin, hər bir sözünün mənasını dəfələrlə təhlil edən ümummilli lider bu işin məsuliyyətini qürurla daşıdığını bəyan etmişdir. Demokratik hüquqi dövlətin bütün prinsiplərinin - qanunun aliliyinin, insan hüquqlarının müdafiəsinin, hakimiyyət bölgüsünün, Konstitusiya nəzarəti prinsiplərinin təsbitinin, insan haqlarının təminin dövlətin ali məqsədi olduğunu elan edən Heydər Əliyev Konstitusiyası, həqiqətən də mükəmməl hüquqi sənəddir. Azərbaycanda haqq-ədalət prinsiplərinin cəmiyyət həyatının aparıcı amilinə çevrilməsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O özünün siyasi fəaliyyətində və dövlət idarəçiliyi təcrübəsində bu prinsipləri həmişə üstün tutaraq, qanunçuluğa hamı tərəfindən eyni cür, dürüst əməl edilməsini sağlam cəmiyyətin təşəkkül tapması üçün başlıca təməl kimi müəyyənləşdirmişdir. Müxtəlif hüquq sahələri üçün əsas baza və istiqamətverici akt olan Konstitusiya mövcud qanunvericiliyə vahid istiqamət verməklə onun ümumi sistem kimi formalaşmasına şərait yaradır. Eyni zamanda bu ali sənəd ölkənin hüquq sisteminin əsasını təşkil edir, normativ-hüquqi aktlar vasitəsilə ictimai münasibətlərin hüquqi tənzimlənməsinin əsaslarını yaradır.

Konstitusiyanın qəbulu, digər çoxsaylı qanunvericilik aktları, ulu öndər tərəfindən verilən fərman və sərəncamlar respublikanın prokurorluq orqanlarında da müsbət istiqamətdə mühüm dəyişikliklərlə, sürətli inkişafa xidmət edən islahatlarla xarakterizə edilmişdir. Xüsusən də “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların İcrası, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar məcəllələri və digər bir sıra normativ hüquqi aktlar ölkəmizdə prokurorluğun yeri və rolunun müəyyən edilməsində müstəsna əhəmiyyət kəsb etmişdir.

İctimai həyatın bütün sahələri üzrə yeniləşən respublikamızda sabitliyin, qanunçuluğun, hüquq qaydalarının təminatında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun yaxşılaşdırılmasında, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsində Azərbaycan Respublikası Prokurorluğunun da müstəsna xidmətləri vardır. Ötən müddətdə qanunvericilikdə nəzərdə tutulmamış qanunsuz silahlı dəstələrin dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizənin düzgün təşkilində və son nəticədə cəmiyyətin normal inkişaf harmoniyasının qorunub saxlanılmasında, prokurorluq orqanlarının rolu təqdirəlayiqdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, qanunçuluğun bərpası, məhkəmələrdə dövlət ittihamının daha mütərəqqi prinsiplər əsasında təşkili istiqamətində həyata keçirilən mühüm addımlardan biri də prokurorluq sistemində çoxşaxəli islahatların aparılması, bu orqanın funksiya və vəzifələrinin Konstitusiyaya uyğunlaşdırılması olmuşdur. Azərbaycanda cəmiyyətin dinamik inkişafı, yeni iqtisadi-siyasi, hüquqi münasibətlərə keçid, habelə Avratlantik məkana İnteqrasiya prokurorluğun statusuna yenidən baxılmasını zəruri etmişdir. Bu status ölkənin demokratik inkişafı ilə uzlaşmadığından prokurorluq sistemində genişmiqyaslı islahatların aparılması vacib idi. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət qulluğu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti isteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyəti prinsipləri, səlahiyyət dairəsi, vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Prokurorluqda aparılan islahatların əsas qayəsi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə qəbul olunmuş və 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş “Prokurorluq haqqında” Qanunun əhəmiyyəti bu mənada xüsusi vurğulanmalıdır. Mütərəqqi ruhlu qanunda prokurorluğun totalitar rejimə xas olan funksiyalardan azad olunması, onun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. Bu qanunun qəbulu qarşıda duran bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmış, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun və insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir.

Ümummilli lider Heydər Əliyevin prokurorluğa xüsusi diqqət və qayğısı da bu sferada sürətli inkişafa stimul vermişdir. Onun 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı kimi qeyd olunması prokurorluq orqanlarına dövlət qayğısının ifadəsi, eyni zamanda, bu sahədə fəaliyyət göstərənlərin əməyinə yüksək dəyərin verilməsinin əyani nümayişidir. Ümummilli lider prokurorluq orqanı işçiləri ilə vaxtaşırı görüşür, onlara tapşırıq və tövsiyələrini verirdi. Bu orqanların işini qiymətləndirən ulu öndər deyirdi: “Mən hesab edirəm ki, respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruculuğu sistemində öz yerini tutubdur. Və ölkəmizin müstəqilliyinə layiqli xidmət edir. Buna görə də biz 1995-ci ildə qəbul etdiyimiz ilk Konstitusiyada prokurorluğun yerini, səlahiyyətlərini və vəzifəsini müəyyən etmişik. Biz Azərbaycanda dövlət müstəqilliyini inkişaf etdirərək hüquqi, demokratik, dünyəvi dövlət quraraq respublikamızın dövlət orqanlarını, o cümlədən hüquq mühafizə orqanlarını Azərbaycanın milli mənafelərinə uyğun olaraq təşkil edir və onların vəzifələrini, səlahiyyətlərini də ölkəmizin milli mənafelərini müdafiə etmək nöqteyi-nəzərindən müəyyənləşdiririk. Belə bir dövrdə Azərbaycan Prokurorluğu Konstitusiyada müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək ölkəmizin dövlətçiliyinin qorunmasına və möhkəmləndirilməsinə xidmət etməlidir, qanunun aliliyini təmin etməli və qanunun aliliyinə riayət etməlidir. Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində durmalıdır. Bütün bunlar hamısı Konstitusiyada öz əksini tapıbdır”.

Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq islahatları müasir dövrün tələblərinə uyğun daha da dərinləşdirilmişdir. Bu istiqamətdə qəbul edilmiş qanunlar və qərarlar dövlət başçısının hüquq mühafizə sistemində önəmli yer tutan prokurorluq orqanlarına inam və etimadının təzahürü olmaqla onların fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə şərait yaratmışdır. Cənab İlham Əliyev qeyd etmişdir: “Prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir”.

Son on beş ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Müasir dövrdə hüquq mühafizə orqanlarında, o cümlədən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar konkret zamanla məhdudlaşmayan strateji əhəmiyyət daşıyan, daimi fəallıq, zəhmət tələb edən prosesdir. Dövlət başçısı cənab İlham Əliyev prokurorluq orqanlarının insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu ali instansiyaya çevrilməsinə, cəmiyyətdə yüksək etimad qazanmasına çalışmışdır. Bu islahatların başlıca məqsədi, eyni zamanda, prokurorluğun insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəçisinə çevrilməsini təmin etmək, onun mütəşəkkil cinayətkarlıqla, o cümlədən korrupsiya ilə mübarizədə imkanlarını daha da genişləndirməkdir. Son on beş ildə beynəlxalq tələblər səviyyəsində həyata keçirilən hüquq islahatları deməyə əsas verir ki, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində hər bir vətəndaşın layiqli prezidenti olacağını bəyan etmiş möhtərəm İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, hüquq sisteminin daha da təkmilləşməsini uğurla təmin etmişdir. Ölkə vətəndaşları inanır ki, Azərbaycanda demokratiyanın və vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xidmət üçün bu islahatlar qarşıdakı illərdə də inamla və qətiyyətlə davam etdiriləcəkdir.

Əminliklə deyə bilərik ki, Vətəninə, Xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokurorluq orqanları bundan sonra da üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun reallaşdırılması sahəsində bütün zəruri tədbirləri həyata keçirəcəkdir.

 

Fəxri Ələsgərov,

 

Xəzər rayon prokuroru

baş ədliyyə müşaviri

 

Respublika, fevral 2018-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.