Şriftin ölçüsü :

Saytın rəngi :

MÜTƏRƏQQİ MƏHKƏMƏ-HÜQUQ İSLAHATLARININ MÜƏLLİFİ

10.05.2018

Xalqımız müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi ümummilli lider Heydər Əliyevin 95 illik yubileyini böyük təntənə ilə qeyd edir. Əbədiyaşar liderimizin parlaq xatirəsi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da böyük hörmətlə, ehtiramla anılır.

Bu əlamətdar yubiley Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirmiş, ölkəmizi davamlı inkişaf yoluna çıxarmış, onu dünya birliyinə qovuşdurmuş əvəzsiz tarixi şəxsiyyətə-Heydər Əliyevə olan sonsuz sevginin, ümumxalq məhəbbətinin bariz nümunəsidir. Ulu öndərin Vətən və xalqımız qarşısında xidmətləri o qədər çoxdur ki, onun əsl qiymətini zaman, gələcək nəsillər verəcəkdir.

Ümummilli liderin onilliklər üçün müəyyənləşdirdiyi inkişaf strategiyasının əhəmiyyətli hissəsini ölkəmizdə müasir, dünyəvi dövlət quruculuğu və hüquq sisteminin islahatları təşkil edir. Çünki, 70 illik kommunist rejiminin məhsulu olan hüquqi sistem azad cəmiyyətin formalaşmasına, bazar iqtisadiyyatının, azad sahibkarlığın inkişafına, vətəndaşların hüquq və azadlıqlarının etibarlı şəkildə təmin edilməsinə imkan vermirdi.

1993-cü ilin iyun ayının 15-də xalqın təkidli tələbi ilə böyük öndərin siyasi hakimiyyətə qayıdışı sayəsində qayəsini müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, hüquqi, sivil dövlət quruculuğu, ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Müəllifi məhz Heydər Əliyev olan, 1995-ci ildə qəbul edilmiş ilk Milli Konstitusiyamız-hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, insan və vətəndaş hüquqlarının üstünlüyünü və hakimiyyət bölgüsünü müstəqil Azərbaycanın gələcək inkişaf yolu kimi müəyyənləşdirdi.

Ulu öndərin qeyd etdiyi kimi, demokratiyanı bir tərəfdən insan hüquqları, digər tərəfdən isə dövlət quruculuğu və dövlət hakimiyyətinin təmin olunması təşkil edir. Ona görə də aparılan hüquqi islahatlar çərçivəsində ədliyyə, prokurorluq, daxili işlər və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət konsepsiyasına uyğun təkmilləşdirilmiş, yeni qanunvericilik bazası yaradılmış, onların maddi bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Ölkə prokurorluğu çoxillik tarixə malik olsa da, müasir prokurorluq sisteminin formalaşması və müasirləşdirilməsi ümummilli liderin adı ilə bağlıdır. İlk Milli Konstitusiyamızda prokurorluğa ayrıca maddə həsr edilərək, dövlət idarəetmə sistemində bu təsisatın yeri müəyyənləşdirilmiş, ilk dəfə olaraq prokurorluq orqanlarına konstitusion status verilmişdir.

Müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının Konstitusiya səviyyəsində 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasının təsdiqi ümummilli liderin xalqımızın tarixi irsinə qayğılı münasibətinin bariz nümunəsidir. Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində onun 17 iyul 1998-ci il tarxli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ulu öndərin rəhbərliyi ilə 1998-ci ilin 28 noyabr tarixində keçirilmiş Azərbaycan prokurorluğu orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dərin məzmunlu nitq söyləyən müdrik rəhbər demişdir: “İlk dəfədir ki, Azərbaycanda prokurorluğa belə diqqət və qayğı göstərilir və prokurorluq günü, prokurorların peşə bayramı müəyyən olunubdur. Hesab edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və prokurorluq orqanlarının əməkdaşları belə bir bayrama layiqdirlər.”

Ümummilli lider həmin yığıncaqda prokurorluq fəaliyyətini ağır, çətin, eyni zamanda, çox şərəfli və hörmətli peşə adlandırmışdır. Müdrik rəhbərin prokurorluq işçilərinin əməyinə verdiyi yüksək qiymət, bu sahəyə aid göstəriş və tövsiyələri hər bir prokurorluq işçisini xalqa və dövlətə daha sədaqətlə xidmət etməyə ruhlandırmışdır.

Ulu öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilmiş “Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanun”unda prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması, bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlərin beynəlxalq standartlara uyğun tənzimlənməsi nəzərdə tutulmuşdur.

2000-ci il aprel ayının 26-da ümummilli liderimiz Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonra həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində prokurorluq orqanlarında əsaslı islahatlar və struktur dəyişiklikləri aparılmış, zəruri normativ- hüquqi baza yaradılmış, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.

Prokurorluğun dövlət səviyyəsində rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, 2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir.

Beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvercilik aktlarının qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir.

“Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncamı keçid dövrünun çətinliklərinin mövcud olduğu bir şəraitdə ümummilli liderin prokurorluq işçilərinini maddi və sosial təminatının yaxşılaşdırılmasına göstərdiyi misilsiz qayğının parlaq nümunəsidir. Ümummilli liderin imzaladığı 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”nin icraya yönəldilməsini prokurorluq orqanlarında aparılan islahatların ən böyük uğurlarından biri hesab etmək olar. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsidir ki, prokurorluğun kadr tərkibi hərtərəfli dünyagörüşə, yüksək mənəvi keyfiyyətlərə malik, savadlı, vətənpərvər, dövlətçilik ideyalarına sadiq gənc hüquqşünaslar hesabına yeniləşmişdir.

Ümummilli liderin söylədiyi “Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir” kəlamı prokurorluq orqanlarında aparılan kadr siyasətinin əsas meyarına çevrilmişdir.

Xalqımızın böyük oğlu, dünya şöhrətli dövlət xadimi, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin siyasi kursunu və inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyəti dünya standartları səviyyəsində təkmilləşdirilərək dövrün tələblərinə cavab verən müasir, sivil bir orqana çevrilmişdir. Cənab Prezidentin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” prokurorluğun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə strategiyasının uğurla həyata keçirilməsi üçün xüsusi əhəmiyyətə malik olmuşdur. Bu Proqram hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün hərtərəfli zəmin yaratmışdır.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Aparılan islahatlar deməyə əsas verir ki, hər bir vətəndaşın layiqli Prezidenti olacağını bəyan etmiş dövlətimizin başçısı verdiyi vədini əməli, konkret işlərlə doğrultmuş, ölkəmizin hüquq sistemində də daha da təkmilləşdirilməni təmin etmişdir.

Bu gün müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır.

 

Elçin HACIYEV,

Lənkəran hərbi prokuroru,

ədliyyə polkovniki.

 

( 9 may 2018-ci il, Respublika qəzeti )

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.