Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası Azərbaycanın uğurlarını təmin edir

15.05.2018

Heydər Əliyev ideyaları və dərin islahatlar strategiyası

Azərbaycanın uğurlarını təmin edir

 

Ölkəmiz və xalqımız üçün 2018-ci ilin əlamətdar hadisələrindən biri də mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünün tamam olduğu gündür. Tarix yazan dahi şəxsiyyətin dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük ehtiramla anıldığı gün. Əslində Ulu öndər Heydər Əliyevin anılmadığı gün yoxdur. Çünki Azərbaycanla ümummilli liderin adı həmişə birgə çəkilir. Hələ sağlığında “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır.

Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!

Bu gün heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.

Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.

Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

Elə bunlara görədir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyev öz ideyalarında yaşatdığı müstəqil Azərbaycan dövlətinin gələcəyini yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, müstəqillik yolu bir çoxlarının düşündüyündən də uzun və əzablıdır. Ona görə də o, ilk növbədə Azərbaycanı taleyin ümidinə buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olundu. Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə icitmai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. Bununla da Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutdu, iqtisadiyyatımızdakı böhran aradan qaldırıldı və iqtisadi inkişaf dövrü başlandı. Demokratiya, siyasi sabitlik və ən başlıcası tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.

Heydər Əliyev üçün hakimiyyət on minlərcə şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, müharibədən və keçid dövrünün əzablarından əziyyət çəkən xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvü etmək üçün lazım idi. Bunu dərk edən xalq da Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorudu, daim rəhbərinə dəstək oldu.

Yeni siyasi kurs və inkişaf perspektivlərini müəyyən edən ümummilli liderin həyata keçirdiyi təcili islahatlar nəticəsində hakimiyyət boşluğu aradan qaldırıldı. Respublikanın müxtəlif bölgələrində baş qaldırmış etnik separatçı qüvvələr qətiyyətlə zərərsizləşdirildi. Vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Siyasi diplomatiya təcrübəsi ölkənin xarici siyasətinə tətbiq edildi, bu sahədə inamlı addımlar atıldı. Eyni zamanda, dünyaya səs salan yeni-yeni neft müqavilələri imzalandı, hüquqi-demokratik islahatlar dövlət siyasətinin ayrılmaz hissəsinə çevrildi. Bütövlükdə ölkə yeni inkişaf mərhələsinə keçdi.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olundu. Məhz onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı. Azərbaycan yalnız Heydər Əliyevin qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qaldı, ölkəmiz dünyada özünə layiqli yer qazandı. Heydər Əliyev öz gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.

Artıq dünyanın bütün qurumlarında Heydər Əliyevin ucadan gələn səsi Azərbaycan həqiqətlərini dünyaya tanıtmağa başladı. Ölkəmiz beynəlxalq təskilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı. Müharibə şəraitində olan Azərbaycanın Silahlı Qüvvələrində həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hərbi hissələrin hərbi qaydaların tələblərinə uyğun idarə edilməsi Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirdi.

Məhz Heydər Əliyevin apardığı müdrik xarici və daxili siyasət sayəsində dövlətimizin milli müstəqillik xətti dönmədən həyata keçirildi. Ümummilli liderin rəhbərliyi ilə respublikada görülən təxirəsalınmaz islahatlar nəticəsində iqtisadiyyatda tənəzzülün qarşısı alındı. Beləliklə, 1994 - 1995-ci illərdə bugünkü nailiyyətlərin əldə olunmasının təməli qoyuldu, dirçəliş dövrü başladı. İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşması, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artması təmin edildi.

Azərbaycanın xarici siyasətində nəzərəçarpacaq dəyişikliklər baş verdi. İlk növbədə müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi. Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.

Hər şeydən əvvəl Heydər Əliyev öz xalqını böyük məhəbbətlə sevən vətənpərvər bir şəxsiyyət idi. Ümummilli liderimizin vətənpərvərliyi dünya siyasətçilərinin də diqqətindən yayınmayıb. Fransanın sabiq prezidenti Jak Şirak xüsusi vurğulayaraq bu barədə deyib: “Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini, vətənpərvərliyini, müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim”.

Bu fikirlər bir daha təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Vətəninə, xalqına çox bağlı vətənpərvər ümummilli liderimizin xarici siyasətində əsas yer tuturdu. Ona görə də ən mötəbər tribunalardan Azərbaycan həqiqətlərini bütün dünyaya olduğu kimi çatdırırdı. Bu dahi şəxsiyyət hər zaman, hər yerdə birmənalı şəkildə bəyan edirdi ki, bu problem yalnız BMT-nin nizamnaməsi çərçivəsində, beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Məhz bu cür gərgin səylər nəticəsində dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləməyə, haqq işimizi müdafiə etməyə başladılar. Həqiqətən də Heydər Əliyev məkan və zamanından asılı olmayaraq etdiyi hər səfərdə, hər görüşdə, hər çıxışda Dağlıq Qarabağ müharibəsindən, münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün taleyi yaşamasından danışır, var qüvvəsi ilə problemin həllinə çalışırdı.

Bu bir həqiqətdir ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar ATƏT rəhbərliyi, Minsk qrupunun həmsədrləri, dünyanın müxtəlif ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri ilə keçirdiyi görüşlərdə, beynəlxalq və yerli qurumların tədbirlərində bu problemi daim ön plana çəkirdi. Məhz ulu öndərin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərarlar - BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi qəbul edildi. Eyni zamanda, ATƏT-in 1994-cü ildə Budapeşt, 1996-cı ildə Lissabon, 1999-cu ildə İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər müəyyənləşdirildi, həmçinin, ABŞ konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən ədalətsiz 907-ci düzəlişinin icrası dayandırıldı.

Ümummilli liderimizin bizə ərməğan qoyub getdiyi zəngin irs bu gün də, sabah da öyrənilməli, onun əsas mahiyyəti dərk edilməlidir. Bu zəngin irs müstəqil Azərbaycan dövlətinin sütunudur. Məhz bu qüdrətli sütunlar üzərində ucalan müasir Azərbaycan güclü ola bilib. İctimai həyatımızda elə bir sahə tapmaq mümkün deyil ki, orada Heydər Əliyevin hərarəti duyulmasın. Ulu öndərimizin hələ neçə il bundan əvvəl uzaqgörənliklə müəyyənləşdirdiyi, konseptual əsaslarını yaratdığı xarici və daxili siyasət kursu, milli neft strategiyası indiyədək əldə etdiyimiz bütün möhtəşəm nailiyyətlərin açarıdır, desək, heç də səhv etmərik. Çünki bunların təməlində ümummilli liderimiz, dünya səviyyəli siyasətçi, dövlət xadimi Heydər Əliyevin Azərbaycanın nəinki bugünkü, hətta bir neçə əsr bundan sonrakı inkişafını da təmin etməyə qadir olan siyasi kursu, milli konsepsiyaları dayanır. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə təkan verərək, onu daimi yüksəliş yoluna çıxarıb. Ulu öndərimiz hakimiyyətdə olduğu bütün dövrlərdə - 1970-80-ci illərdə, həm də müstəqillik dövründə Azərbaycanın və xalqımızın hərtərəfli inkişafında çox mühüm rol oynayıb. Bu dahi şəxsiyyətin müəyyənləşdirdiyi müdrik siyasi kurs bu gün də, gələcəkdə də dəyişməz olaraq qalacaqdır. Çünki bu siyasət Azərbaycana daim uğur, xoşbəxtlik gətirir. Ulu öndərimizin siyasəti yaşayır, möhkəmlənir və zənginləşir.

Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə, çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiramın və heyranlığın ifadəsidir ki, bunlar da daim xalqımıza başucalığı gətirir. Çünki Heydər Əliyevin tariximizdə və taleyimizdə oynadığı rol illər ötdükcə daha dərindən dərk olunur və layiqincə qiymətləndirilir.

Bu gün iqtisadi artım sürətinə görə, Azərbaycan nəinki MDB məkanında, həmçinin dünyada lider ölkə kimi tanınır ki, bu da Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi strategiyanın nəticəsidir. Respublikamızın artıq uğurla reallaşan inkişaf strategiyası sosial-iqtisadi problemlərin həlli imkanlarını qat-qat genişləndirmiş, dövlətimizin beynəlxalq aləmdə imicinin artmasını təmin etmişdir. Hazırda ən nüfuzlu ekspertlər və beynəlxalq təşkilatlar, aparıcı dövlətlərin liderləri ölkənin inkişafı ilə bağlı məsələlərin həlli istiqamətində Prezident İlham Əliyevin apardığı siyasəti yüksək qiymətləndirirlər.

Ümumilikdə, hər addımında ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Bütün bunların nəticəsidir ki, 2018-ci ilin 11 aprelində keçirilən Prezident seçkilərində xalq öz iradəsinə sadiq qalaraq yenidən yüksək səs faizilə cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Çünki xalq öz həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, Azərbaycanı parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə dəstəkləyir.

Bəli, bu gün müasir Azərbaycan cənab Prezidentin rəhbərliyi altında özünəməxsus inkişaf yolu ilə gedir. Bu inkişafın təməl daşları ümummilli liderimiz tərəfindən qoyulub desək, heç də yanılmarıq. Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxsaylı qlobal tədbirlər, Azərbaycanın və xalqımızın inkişafı naminə imzaladığı fərman və sərəncamlar, mütəmadi xalqla birbaşa ünsiyyətdə olması ümummilli lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır. Hazırkı dövrdə Azərbaycanın yüksək templə hərtərəfli qüdrətlənməsindən danışarkən, xalqına və həyat yoldaşına olan sədaqəti, davranışı, elmi bilikləri, dərin düşüncəsi, peşəkar idarəçilik qabiliyyəti və digər bu kimi Azərbaycan xanımına xas müsbət cəhətləri özündə birləşdirərək bütün dünya qadınlarına örnək olan Mehriban xanım Əliyevanın dövlət və xalq qarşısında genişmiqyaslı fəaliyyəti haqqında danışmamaq mümkün deyil. Onun ölkənin Birinci vitse-prezidenti kimi mühüm dövlət postuna gəlişi hazırkı inkişafımızın sürəti və uğuruna, həmçinin milli maraqlara hesablanmış bir qərar idi. Heç kəsə sirr deyil ki, xalqımızın qəlbində Mehriban xanıma dərin, misilsiz inam və etimad var.

Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.

Səməd ƏLİYEV,

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun

İnformasiya-kommunikasiya texnologiyaları şöbəsinin rəisi,

ədliyyə kapitanı.

 

“Respublika” qəzeti,  9 may 2018-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.