Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir

15.05.2018

Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük

töhfəsi və əmanətidir

 

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü ilin 15 iyunu “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.

Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “...həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.     

Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağ- lıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.

Xalqımız 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz Moskvada Sovetlər Birliyi rəhbərliyini qətiyyət və cəsarətlə ifşa etmiş, imperiya siyasəti əleyhinə çıxaraq, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirmişdir.

Məhz belə mürəkkəb bir vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram”. söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.

Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşü- nülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.

 Demokratik-hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə hakimiyyət bölgüsünə əsaslanan mükəmməl hüquq sistemi yaradıldı. Ulu öndər məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edərək, bu, iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirmişdir. Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ümummilli lider demiş- dir: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inki- şafına öz töhfəsini verməlidir.”

 Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə ulu öndərin 1996- cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur.

Milli prokurorluq orqanlarının tarixinin 1918-ci ildən başlanması- na baxmayaraq, idarəetmənin digər sahələrində mövcud olsa da, prokurorluq işçilərinin peşə bayramı uzun illər ərzində qeyd edilməmişdir. Belə bir təşəbbüs məhz Heydər Əliyev tərəfindən göstərilmiş, ulu öndərin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən hər il oktyabrın 1-i Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

 Ümummilli lider 1998-ci il 28 noyabr tarixdə prokurorluq orqanları- nın yaradılmasının 80 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaqdakı tarixi nitqində dediyi “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma, eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. kəlamı hər bir prokurorluq işçisinin gündəlik işində bütün bilik, qüvvə və bacarığını səfərbərliyə alaraq əməl etməyə çalışdığı fəaliyyət istiqamətinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin respublika prokurorluğunun rəhbər işçiləri ilə 2000-ci il aprelin 26-da keçirdiyi görüş prokurorluq orqanlarının tarixində həlledici əhəmiyyətə malik dönüş nöqtəsi olmuşdur. Məhz bu görüşdə Heydər Əliyevin verdiyi proqram əhəmiyyətli göstərişlərin nəticəsi olaraq, həmin vaxtdan Azərbaycan Prokurorluğu orqanlarında aparılan və bu gün də yeni müstəvidə davam etdirilən hərtərəfli islahatlar nəticəsində prokurorluğun fəaliyyətinin təkmilləşməsi, zəruri normativ-hüquqi bazanın yaradılması, ciddi tələbkarlıq şəraitinin formalaşdırılması, kadrların seçilməsinin yeni mütərəqqi formalarının tətbiqi təmin edilmiş, dövlətçiliyin və milli maraqların etibarlı qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqları- nın müdafiəsi işi ən yüksək tələblər səviyyəsinə çatdırılmışdır.

 Demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin onun tərəfindən təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə cavab verən səviyyəyə yüksəlmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 8 oktyabr 2002-ci il tarixli sərəncamla keçid dövrünün obyektiv çətinliklərinin mövcud olduğu bir şəraitdə prokurorluq işçilərinin maddi və sosial təminatları beynəlxalq standartlar səviyyəsinə qaldırılmışdır.

 Heydər Əliyevin imzaladığı 2001-ci il 19 iyun tarixli fərmanla təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” Azərbaycan Prokurorluğunda aparılan islahatların ən böyük uğurlarından biri olmuşdur. Prokurorluq orqanlarına işə qəbulun demokratik prinsiplər əsasında, şəffaf prosedurlarla müsabiqə yolu ilə həyata keçirilməsinin nəticəsidir ki, prokurorluğun kadr tərkibinin hərtərəfli dünyagörüşü olan, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvər, dövlətçilik ideyalarına sadiq gənc hüquqşünaslar hesabına mütəmadi yeniləşdirilməsinə nail olunmuşdur. Kadr siyasəti həyata keçirilərkən ümummilli liderin aforizmə çevrilmiş kəlamı - “Sağ- lam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan nə qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir. Bizim tələblərimiz isə qanundur, qanunun aliliyidir”, – əsas meyar olmuşdur.

Ulu öndərin dediyi – “Azərbaycan Prokurorluğunun inkişaf etməsində dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanı- ram” sözləri prokurorluq işçilərində böyük ruh yüksəkliyi yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasına 2002-ci ilin avqust ayının 24-də keçirilmiş referendumla edilmiş dəyişikliklərlə prokurorluğa qanunvericilik təşəbbüsü hüququnun verilməsinin hüquq sisteminin təkmilləşdirilməsində və inkişafında mühüm əhəmiyyəti olmuşdur.

Böyük qürur hissi ilə deyilməlidir ki, ulu öndərin siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən prokurorluğun fəaliyyətinin dünya standartları səviyyəsində təkmilləşdirilərək, ən yüksək beynəlxalq tələblərə uyğun formalaşdırılması prosesi həyata keçirilir, ümumiyyətlə prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Prokurorluq orqanlarının müasir dövrün tələblərinə cavab verən dövlət orqanı səviyyəsinə uyğun təkmilləşdirilməsində Prezident İlham Əliyevin 27 sentyabr 2008- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011- ci illər üçün Dövlət Proqramı” xüsusi əhəmiyyətə malikdir. Habelə, cənab Prezidentin “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 3 mart tarixli sərəncamı ilə korrupsiya cinayətləri üzrə ixtisaslaşmış dövlət antikorrupsiya orqanının – Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Respublikasının Baş prokuroru yanında yaradılması prokurorluğa olan inam və etimadın təzahürüdür.

 Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın xilaskarı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi kursu bundan sonra da uzun illər boyu milli dövlətçiliyimizin inkişafına xidmət edəcəkdir.

 

Elçin ƏLİYEV,

Zəngilan rayon prokuroru

vəzifəsini icra edən, ədliyyə müşaviri

“Xalq qəzeti”,  4 may 2018-ci il

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.