Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin ideyalarına sədaqətlə

15.05.2018

Sabitlik və davamlı inkişaf bu gün ölkəmizi nəinki regionda, ümumən dünya ölkələri arasında fərqləndirən, dinclik, təhlükəsizlik və əmin-amanlıq şəraitində vüsətli tərəqqi və quruculuq prosesinin getdiyi bir məkan kimi tanıtdıran çox mühüm amillərdir. Müasir müstəqil Azərbaycan dövlətinin təcrübəsi göstərir ki, ictimai-siyasi sabitliyə söykənən sosial-iqtisadi inkişaf hər cür yeniliyə, zamanın və həyatın bütün çağırışlarına cavab verməyə, beləliklə də, xalqın rifahının, vətəndaşların hüquq və azadlıqlarının təmini üçün geniş imkanlar açmağa qadirdir. Bəşər tarixinə bu möhtəşəm nümunəni verən dövlətin qurucusu ulu öndər Heydər Əliyevin 95 illik yubileyini qeyd edərkən, təbii ki, yaxın keçmişə qayıtmaq, müstəqil ölkəmizin hansı mürəkkəb sınaqlardan keçdiyini xatırlamaq lazım gəlir...

Dövlət müstəqilliyinin bərpasından əvvəlki və sonrakı bir neçə ildə Azərbaycanın üzləşdiyi bəlaların səbəbləri barədə çox yazılır, çox danışılır. Nəhəng bir imperiyanın -  güclü siyasi sistemin çökməsinə özünün azadlıq və müstəqillik mübarizəsi ilə təsir göstərən xalqımız həmin dövrdə çıxdığı yolun onu hansı istiqamətə aparacağını müəyyənləşdirməkdə çətinlik çəkirdi. Bu vəziyyətdən şəxsi mənafe naminə yararlanmağa çalışan bəzi qruplar isə ölkəni xaosa və qarşıdurmaya sürükləyirdilər. Dağlıq Qarabağda erməni separatizminin baş qaldırması və açıq ekstremizmə keçməsi, iqtisadi potensialın dağıdılması, ideya-mənəvi tənəzzülün cəmiyyəti parçalaması və s. təhlükəli hallar həmin dövrün müasir tariximizə qara hərflərlə yazılmış gerçəklikləridir. Məhz vahid liderin olmaması xalqın gücünün yaradıcı məcraya yönəlməsinə, qarşıda duran ümummilli məqsədlər üçün səfərbər edilməsinə imkan vermirdi. Yalnız Heydər Əliyevin yenidən fəal surətdə siyasətə qayıtması, müxtəlif təbəqələri təmsil edən vətənpərvərləri öz ətrafında birləşdirərək, tezliklə cəmiyyətin avanqard siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasını yaratması sayəsində müstəqil dövlətçiliyimizin xilası mümkün oldu. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti barədə cənab Prezident İlham Əliyev belə demişdir: “...O da bir dönüş nöqtəsi idi. Çünki Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. Həm siyasi böhran, hərbi böhran, iqtisadi tənəzzül yaşanırdı və əlbəttə ki, ölkəmizin gələcək taleyi çox qaranlıq idi. Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi, doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır”.

Müstəqil dövlət quruculuğuna başlayarkən ulu öndər Heydər Əliyevin, ilk növbədə, cinayətkarlığa və hüquqa zidd hərəkətlərə qarşı mübarizəni önə çəkməsi, ictimai asayişin bərpasını və qorunmasını təmin etməsi cəmiyyətin sağlamlaşmasına, hər bir sahədə nizam-intizamın bərqərar olmasına şərait yaratdı.

Hələ Azərbaycana rəhbərliyinin birinci dövründə - sovet hakimiyyəti zamanında o, cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış, özünün siyasi və dövlətçilik fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsinin ən ali forması kimi qanunlara eyni cür, dürüst əməl edilməsinə nail olmuşdur. O dövrdə ulu öndərin təşəbbüsü ilə respublikada ali məktəblərin hüquq fakültəsinə qəbulda aparılan islahat nəticəsində sadə ailələrdən çıxan bilikli və istedadlı gənclər hüquqşünas ixtisası alaraq hüquq-mühafizə sistemində, o cümlədən prokurorluq orqanlarında işləməyə başlamış, yüksək vəzifələrə irəli çəkilmişlər. Ulu öndər həmin hüquqşünaslar nəslinin bir çox nümayəndəsinin bu gün müstəqil dövlətçiliyimizə ləyaqətlə xidmət etməsi faktına sonralar münasibətini belə bildirmişdir: “Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır”.

Müstəqil dövlətçiliyin ən mühüm dayaqlarından olan məhkəmə-hüquq və ədliyyə sisteminin yeni şəraitdə hüquqi-demokratik dövlət quruculuğu məqsədlərinə uyğun olaraq sağlam əsaslar üzərində formalaşdırılması Heydər Əliyevin uzaqgörən siyasətinin prioritetlərindən idi və bu istiqamətdə o, köklü islahatlar həyata keçirmişdir. Müstəqil Azərbaycanın Əsas Qanununun - Konstitusiyanın müəllifi kimi ulu öndər dövlət hakimiyyətinin demokratik prinsplər əsasında bölünməsinə, beynəlxalq standartlara uyğun hüquq normalarının və qanunvericilik bazasının yaradılmasına, müasir idarəetmə üsullarının tətbiqinə nail olmuşdur. Bu Konstitusiyaya əsaslanan islahatlar, ilk növbədə demokratik cəmiyyət quruculuğunun, insanların hüquq və azadlıqlarının təmininə, humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallara xidmət etmişdir. Bu baxımdan, ölüm cəzasını ləğv, əfv və amnistiya institutlarını bərpa etməklə ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi həm demokratiya və hüquq qaydalarına sadiqliyini, həm də humanist siyasət apardığını göstərmişdir.

Ulu öndərin 95 illik yubileyi xalqımız və dövlətimiz üçün çox əlamətdar bir vaxta təsadüf etmişdir: dünya azərbaycanlıları müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etməyə hazırlaşırlar. Cümhuriyyətin ən mühüm nailiyyətlərindən biri demokratik prinsiplərə uyğun dövlət təsisatlarının qurulması idi. Bu təsisatlar arasında 1 oktyabr 1918-ci ildə fəaliyyətə başlamasına qərar verilmiş prokurorluq orqanları da vardır. Ulu öndər Heydər Əliyev məhz həmin tarixi əsas götürərək 1998-ci ildə hər ilin oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə Sərəncam imzalamış, prokurorluğun 80 illik yubiley tədbirində iştirak etmiş və dərin məzmunlu, proqram xarakterli nitq söyləmişdir. Onun 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tarixi görüş isə prokurorluq orqanlarının fəaliyyətində yeni bir dövrün başlanması ilə əlamətdar olmuşdur. Həmin görüşdə müdrik rəhbərin verdiyi tövsiyə və göstərişlər əsasında həyata keçirilən tədbirlər bu orqanın demokratik məzmunda yenilənməsinə, neqativ təzahürlərin aradan qaldırılmasına, müasir tələblərə cavab verən, yüksək nəzəri-praktiki hazırlığı olan kadr korpusunun formalaşdırılmasına, cinayətkarlığa qarşı mübarizənin, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsində qurulmasına gətirib çıxarmışdır.

Ulu öndərin müstəqil dövlətçilik ideyalarını uğurla gerçəkləşdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Prokurorluqda sağlam iş mühiti yaradılmış, dövlətçilik və qanunçuluq prinsipləri tam bərqərar edilmiş, nəticədə cəmiyyətimizdə bu orqana ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Burada gedən yeniləşmə prosesi, gənc kadrların ədalət və şəffaflıq prinsipləri əsasında işə qəbulu, vəzifədə irəli çəkilməsi, sağlam mənəvi mühitin yaradılması dövlətimizin başçısı tərəfindən daim dəstəklənir.

Cənab Prezidentin prokurorluq orqanlarında kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə təsdiq etdiyi “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” uğurla həyata keçirilmişdir. Nəticədə məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarının işinin səmərəliliyi artırmış, kadr potensialı möhkəmləndirilmiş, müasir standartlara cavab verən informasiya texnologiyaları tətbiq edilmiş, prokurorluq işçilərinin iş şəraiti və maddi təminatı əsaslı şəkildə yaxşılaşdırılmış, sosial müdafiəsi gücləndirilmişdir.

Ulu öndərimizin prokurorluq işçilərinin peşə xüsusiyyətləri barədə söylədiyi müdrik fikirləri hər bir prokurorluq işçisi yaddaşına həkk etməli, onun müəyyənləşdirdiyi etik prinsiplərə, peşəkarlıq keyfiyyətlərinə layiq olmalıdır. “Mən arzu edirəm ki, hər bir prokurorluq işçisi öz peşəsinin hörmətini yüksək saxlasın, öz peşəsinin adını qorusun. O öz peşəsinin adını qoruyaraq öz şəxsi adını qoruyacaqdır. Arzu edirəm ki, müstəqil Azərbaycanın prokurorluğu və hər bir prokuroru cəmiyyətdə ən hörmətli, ən layiqli adam sayılsın”, - deyən ulu öndər Heydər Əliyevin bu arzusunu gerçəkləşdirmək müstəqil dövlətçiliyimizi qoruyan, cinayətkarlığa və hüquqa zidd hərəkətlərə qarşı sipər olan, vətəndaşların hüquq və azadlıqlarının, ümumilikdə cəmiyyətdə qanunun aliliyinin təmin olunmasına cavabdehlik daşıyan biz prokurorluq əməkdaşlarının xidməti və mənəvi borcudur.

Əminliklə deyə bilərik ki, Azərbaycanın prokurorluq orqanlarının müstəqil dövlətçiliyimizə və Heydər Əliyev ideyalarına sadiq kollektivi bu mühüm dövlət təsisatının mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun səmərəli və məqsədyönlü fəaliyyətini təmin etməyə səfərbər olunmuşdur.

 

Nazim İmanov,

Binəqədi rayon prokuroru,

baş ədliyyə müşaviri.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.