Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın nicat yolunun başlanğıcı

13.06.2020

"Azərbaycanın dövlət müstəqilliyi yenilməzdir, dönməzdir, əbədidir. Azərbaycan əbədi müstəqil bir dövlətdir”

Heydər ƏLİYEV

 

 

Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən elə məqamlar var ki, həmin günlərdə onun gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günüdür.

Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yenicə müstəqilliyə qədəm qoymuş dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi.

Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Belə fenomenal liderlər xalqın əsrlər boyu formalaşmış və ümumbəşəri dəyərlərlə çulğalaşmış siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur. Tanrı belə şəxsiyyətlərə həm də xilaskarlıq missiyası verir - zamanın ən sərt sınaqlarından fədakarlıqla çıxmış bu insanlar əsrlər boyu xalqlarının dövlətçilik idealını gerçəkləşdirməyə, müstəqillik və azadlıq ideyalarını reallaşdırmağa nail olurlar.

Liderlik lazımi anda cəsarət nümayiş etdirmək bacarığıdır. Ulu Öndər Heydər Əliyevin də şəxsiyyət kimi böyüklüyünü təcəssüm etdirən ən başlıca xüsusiyyətlərdən biri də ümumxalq mənafeyi ilə bağlı məsələlərdə onun heç bir təhlükədən çəkinməməsi, cəsarət və qətiyyət göstərməsi, ədalət meyarına sadiqliyidir. O, XX əsrin görkəmli liderlərindən biri kimi etimad göstərildiyi bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, dərin zəkalı rəhbər kimi tanıtmışdır.

Qədim Roma mütəfəkkiri Siseron yazırdı ki, insanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət, müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində birləşdirərək kamillik zirvəsinə yüksəlmiş liderlər qanuna söykənən cəmiyyət yaratmaq idealı ilə yaşamış və fəaliyyət göstərmişlər.

Gücün siyasətinə qarşı siyasətin gücünü ortaya qoyaraq "Haqlı adam həmişə güclüdür” düsturunu işə salan belə fövqəladə şəxsiyyətlər xalqlarının taleyində əvəzsiz rol oynamış, beləliklə, həm də tarixdə əbədiyaşarlıqlarını təsdiq etmişlər.

XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi qeyri-adi və fenomen şəxsiyyət - Ümummilli Lider Heydər Əliyev respublikamız müstəqilliyinin itirilməsi, torpaqlarının parçalanması, dövlətçiliyinin məhv edilməsi məqamlarını yaşayan, hərc-mərcliyin baş alıb getdiyi, cinayətkar dəstələrin tüğyan etdiyi bir şəraitdə ölkəyə rəhbərlik etməyə başlayaraq onu çox qısa bir müddətdə sivil dövlətlər sırasına çıxarmışdır.

Heydər Əliyevi şəraitlə bağlı tarixin yetişdirdiyi görkəmli şəxsiyyətlərin fövqündə saxlayan əsas cəhət onun öz ölkəsinin tarixinin yaradıcısı olmasıdır.

Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq, eləcə də "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin rəhbər tutularaq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi ilə xalqımızı müstəqilliyə aparan yolun qarşısındakı sədd aradan qalxsa da, ilk illər müstəqilliyimizin olduqca kövrək olduğunu və onu qorumağın asan olmayacağını bir daha təsdiq etmişdir.

Dövlət müstəqilliyi haqqında Konstitusiya aktının qəbulu ilə müstəqil inkişaf dövrünə yenidən qədəm qoymuş, özünün ən böyük milli sərvəti olan bu dəyərin itirilməsi təhlükəsinə dəfələrlə məruz qalaraq ictimai fəlakətlə üz-üzə qalmış Azərbaycan xalqı öz qurtuluşunu "Ömrümün bundan sonrakı hissəsini yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” sözlərilə mühüm xilaskarlıq öhdəliyini öz üzərinə götürmüş Ümummilli Lider Heydər Əliyevin dühasında, zəngin idarəçilik təcrübəsində, dərin zəkasında, möhkəm siyasi iradəsində və milli mənafelərə sadiqliyində tapmışdır. Təsadüfi deyildir ki, Milli Məclis xalqın istəyini gerçəkləşdirərək 1997-ci ilin iyun ayında Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 15 iyun tarixinin Milli Qurtuluş Günü kimi qeyd edilməsinə dair qərar qəbul etmişdir. Milli Qurtuluş Günü dövlətçilik tariximizin qızıl hərflərlə həkk edilmiş şanlı səhifəsi, böyük ictimai-siyasi əhəmiyyətə malik mühüm hadisə olaraq xalqımızın müstəqil Azərbaycan və azərbaycançılıq ideyaları ilə Ümummilli Liderin şəxsiyyəti ətrafında sıx birləşməsinin yeganə nicat yolu olduğunu sübut etmişdir.

1993-cü ilin iyun ayının 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində müstəqilliyimiz tarixində əslində böyük bir faciənin qarşısı alınmış, məhz onun səyləri nəticəsində respublika ərazisinə səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyularaq təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olunmuşdur. Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmiş, 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır.

Vaxtında atılan bu addımlar böhran həddinə çatmış ölkə iqtisadiyyatını yenidən hərəkətə gətirmiş, iqtisadiyyatın canlanması Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və daha qətiyyətli addımların atılmasına səbəb olmuşdur.

Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmış, qeyri-neft sektoru sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmiş, ölkədə aqrar islahatları aparılmış, torpaq kəndlilərin mülkiyyətinə verilmişdir.

Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmiş, bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və "qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.

"Ədaləti ədalətsizliklə bərpa etmək olmaz” - deyərək ictimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin başlıca formuluna çevirən Heydər Əliyev dühası yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir.

 

Heydər Əliyev müstəqilliyimizin qarantı, Azərbaycanda hüquqi dövlətin banisidir

 

Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və yaxından iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi-referendum yolu ilə qəbul olunmuş ilk Milli Konstitusiyamızın preambula hissəsində Azərbaycan xalqı Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı özünün əsas niyyəti olduğunu təntənəli surətdə bəyan etmişdir. Əsas Qanunun 1-ci maddəsində müəyyən olunduğu kimi, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın xalqın suverenliyinə xüsusi olaraq həsr edilmiş 2-ci maddəsinə görə sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi olan referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir.

Müstəqil Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, dövlətin və idarəetmənin hüquqi əsaslarını, hüquq sisteminin bünövrəsini formalaşdırmış Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsi bəyan edilmişdir. Konstitusiyada Azərbaycan Respublikasının Prokurorluğuna xüsusi maddə həsr edilərək dövlət idarətmə sistemində bu dövlət təsisatının yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.

Konstitusiyanın qəbulundan sonra Ümummilli Lider Heydər Əliyev hüquq mühafizə orqanlarının fəaliyyətinin yeni dövrün tələblərinə uyğunlaşdırılması üçün bir sıra mükəmməl qanunvericilik aktlarının qəbulunu təmin etmiş, bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquqi İslahatlar Komissiyası yaradılmış, Avropa Şurasının tövsiyələri nəzərə alınmaqla hazırlanmış "Konstitusiya məhkəməsi haqqında”, "Məhkəmələr və hakimlər haqqında”, "Vəkillər və vəkillik fəaliyyəti haqqında”, "Prokurorluq haqqında”, "Polis haqqında”, "Əməliyyat-axtarış tədbirləri haqqında”, "Notariat haqqında” və s. qanunların qəbulu məhkəmə-hüquq islahatlarının məntiqi nəticəsi olmuşdur.

1993-cü ildə ölüm cəzası üzərində moratorium qoyulması və 1998-ci ilin fevralında bu cəzanın tam ləğvi; 32 əfv, 8 amnistiya aktının imzalanması, mütərəqqi qanunların qəbuluna start verilməsi, üçpilləli müstəqil məhkəmə sisteminin yaradılması və hakimlərin test üsulu ilə seçilməsi, 1998-ci ilin 22 fevralında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanın imzalanması, 1998-ci il iyulun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması, Azərbaycanın beynəlxalq konvensiya və sazişlərə qoşulması, 2001-ci ilin 17 yanvarında Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, 24 avqust 2002-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi kimi mühüm islahatlar məhz Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Qarışıq və təlatümlü dünyada və eləcə də həddindən artıq mürəkkəb Qafqaz regionunda tutduğu yerin, oynadığı rolun, həmçinin ölkəmizin dünya üçün strateji önəminin düzgün müəyyənləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi bir şəraitdə olduqca çevik və müxtəlif gedişli xarici siyasət kursu yeridən Heydər Əliyevin xarici siyasət strategiyası Azərbaycana beynəlxalq aləmdə nüfuz və hörmət qazandırmış, ölkəmizin beynəlxalq münasibətlər müstəvisində tutduğu mövqeyə böyük inam yaratmışdır ki, bunun nəticəsi olaraq Azərbaycan dünyanın əksər aparıcı ölkələrinin maraq mərkəzinə çevrilərək beynəlxalq və regional əməkdaşlıq sahəsində mühüm rol oynamağa başlamışdır.

2001-ci ilin yanvar ayının 25-də Azərbaycan Respublikası tamhüquqlu üzv kimi Avropa Şurasına qəbul olunmuş, "İnsan Hüquqlarının və əsas Azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasına qoşulmuşdur. Hazırda Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı kimi mötəbər qurumların tam hüquqlu üzvüdür. Azərbaycan Avratlantik məkana inteqrasiya yolu ilə gedərək Avropa İttifaqı və Şimali Atlantika Alyansı ilə münasibətləri daha da genişləndirmiş, 2003-cü ildə "Avropa Qonşuluq Siyasəti” ilə Avropa Birliyi Azərbaycanla qurduğu əlaqələrində yeni səhifə açmışdır.

 

Ölkədə həyata keçirilən konseptual islahatlar dayanıqlı inkişafı şərtləndirən mühüm faktordur

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində bütün sahələrdə dinamik inkişafa, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, ölkəmizin iqtisadi qüdrətinin artırılmasına, əhalinin maddi rifah halının daha da yaxşılaşdırılmasına nail olunmaqla, beynəlxalq standartlara uyğun hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi və dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilməsi sayəsində qazanılan nailiyyətlərin miqyasına görə bu gün ölkəmiz beynəlxalq aləmdə qabaqcıl mövqelərə yiyələnmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış və demək olar ki, ölkə həyatının bütün sahələrini əhatə edən "regionların inkişafı” dövlət proqramlarının uğurla icrası Azərbaycanı dünyada islahatçı ölkə kimi tanıtmış, məhz həmin proqramların icrası nəticəsində aparılan sosial-iqtisadi islahatlar ölkəmizin dinamik inkişafını daha da sürətləndirmiş, iqtisadiyyatın əksər sahələrində yüksək artım əldə olunmuşdur.

Sosialyönümlü siyasət yeridən dövlət başçısı ötən illər ərzində qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlarla daim xalqın mənafeyindən çıxış etdiyini, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini sərgiləmiş, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatların aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların proporsional inkişafı, yeni istehsal müəssisələrinin açılması, ən başlıcası, işsizlik probleminin aradan qaldırılması istiqamətində effektiv nəticələrə hesablanmış cəsarətli addımlar atılmışdır.

İqtisadiyyatın sürətli inkişafı ordu quruculuğuna da təkan verərək ölkənin müdafiə potensialının möhkəmlənməsinə bilavasitə təsir göstərmiş, iqtisadi inkişafa müvafiq olaraq hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha da yaxşılaşmasına şərait yaratmışdır.

2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan ordusunun təxribatının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu döyüş əməliyyatları bir daha bütün dünyaya ordumuzla düşmən ordusu arasındakı güc fərqini, Azərbaycan Ordusunun peşəkarlığını və yüksək döyüş hazırlığını göstərməklə yanaşı, istənilən an Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı düşmən tapdağından azad etməyə qadir olduğunu nümayiş etdirmişdir.

Hazırda Azərbaycan dövləti milli mənafeyini lazımi səviyyədə müdafiə edərək ayrı-ayrı ölkələrlə, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quraraq müstəqil siyasət yürüdür. Dövlət başçısı bəyan edib ki, qarşıda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır.

Prezident İlham Əliyevin praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməsi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atması, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməsi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşması ölkəmizin gələcək uğurlarını daha yaxın edir.

Dövlət başçısının dövlətçilik təcrübəsində siyasi varislik ənənələrinin davamı, mütərəqqi inkişaf meyillərinin gücləndirilməsi ideyasının üstünlüyü, obyektiv xarakteri və alternativsizliyi Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində dəfələrlə öz təsdiqini tapmış bu siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə, müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.

Bu gün müstəqil Azərbaycan öz siyasi dəstxəti, dövlətçilik siması, inkişaf yolu olan dövlətdir. Ötən illərdə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmış, dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti müstəqilliyimizin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.

Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquqi prinsiplər əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən Azərbaycan hökuməti ölkənin geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir. İqtidarın xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Müasir Azərbaycan dövlətinin inkişaf tarixi qeyd etməyə əsas verir ki, müstəqilliyimiz və suverenliyimiz etibarlı əllərdə olmaqla respublikanın uğurlu və davamlı tərəqqisinin əsasını təşkil etmişdir. Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən qorunub saxlanmaqla onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti nəticəsində daha da möhkəmləndirilmiş müstəqilliyimiz və suverenliyimiz sayəsində sabitlik və təhlükəsizlik şəraitində yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, mərkəzində Azərbaycan xalqı, onun qayğı və maraqları olan müdrik dövlət siyasəti ölkə vətəndaşlarının öz dövlətinə və Prezidentinə inamını və etibarını gündən-günə daha da artırır, xalqla iqtidar birliyini daha da möhkəmləndirir.

Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqı və dövlətin həyata keçirdiyi siyasətdir, xalq-iqtidar birliyi ölkənin uğurlarının əsas şərtidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən sosial məsələlərə xüsusi önəm verilməsi bu sahədə təqdirəlayiq nəticələrin, böyük uğurların əldə olunmasına, insanlara göstərilən qayğının yüksək həddə çatdırılmasına şərait yaratmış, sosial yönümlülük həyata keçirilən dövlət siyasətinin başlıca istiqamətinə çevrilmişdir. Bunu dünyada son dövrün ən böyük qlobal bəlasına və probleminə çevrilmiş, ən inkişaf etmiş ölkələri belə ciddi sınağa çəkmiş koronavirusla bağlı mübarizə sahəsində dövlət başçısının rəhbərliyi və nəzarəti altında görülən çox önəmli qabaqlayıcı tədbirlər vətəndaşların maksimal dərəcədə qorunmasına imkan yaratmaqla dövlətin daim öz vətəndaşının yanında olduğunu, onun qayğısına qaldığını növbəti dəfə təsdiq etmişdir.

Əhalinin geniş təbəqələrinin yardımla və sosial-iqtisadi dəstəklə təmin olunması, dövlətdən yardım alan insanların sayının 3 dəfə artırılaraq 600 minə çatdırılması, pandemiyadan zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqqının böyük hissəsinin dövlət tərəfindən ödənilməsi, eyni sayda sahibkara dövlət dəstəyinin verilməsi, koronavirusla bağlı mübarizədə 3.5 milyard ümumi dəstək paketinin nəzərdə tutulması dövlətin humanist mahiyyətini, mərkəzində Azərbaycan vətəndaşı dayanan dövlət siyasətinin həyata keçirilməsinin, insan həyatının və sağlamlığının hər şeydən üstün tutulmasının göstəricisidir.

Aparılan mütərəqqi islahatlar, qlobal pandemiya ilə mübarizə fonunda ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələri üzrə həyata keçirilən hərtərəfli düşünülmüş siyasət, ölkə iqtisadiyyatının dayanıqlığının möhkəmləndirilməsi üzrə görülən cəsarətli addımlar, makroiqtisadi sabitliyin təmini üzrə mühüm tədbirlərlə yanaşı, sosial məsələlərin həlli ön planda saxlanılmaqla pandemiya ilə əlaqədar məşğulluğa və sosial rifaha dəstək proqramı, elektron sistemlər üzərindən proaktiv xidmətlərin göstərilməsinə xüsusi diqqət yetirilməklə, onların davamlı tərəqqisi təmin edilir.

Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə imzalanmış fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyinin yaradılmasının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi olmaqla əmək, məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya sahələrində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu sahələrdə şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.

 

Prokurorluq orqanlarında baş verən yeniliklər və dəyişikliklər, fəaliyyətin təkmilləşməsi üzrə görülən tədbirlər ölkədə aparılan kardinal islahatların tərkib hissəsidir

 

Müstəqil dövlətimizin müntəzəm irəliləyişlərlə müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur.

Ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq Azərbaycan prokurorluğu bu gün əvvəlki dövrlərlə müqayisədə daha çox inkişaf etməklə müasirləşmiş və fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirmişdir. Prokurorluq orqanları hazırkı səviyyədə formalaşanadək tarixin müxtəlif dövrlərindən heç də həmişə hamar olmayan, bəzən isə çətinliklərlə və mürəkkəbliklərlə müşahidə olunan inkişaf yolu keçmişdir. Lakin Azərbaycan Prokurorluğunun kollektivi əsas etibarı ilə xalqımızın öz müstəqilliyi uğrunda apardığı tarixi mübarizənin önündə olaraq şərəfli bir fəaliyyət yolu keçməklə inkişaf etməkdə davam etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq son nəticədə xalqına və dövlətinə sədaqətlə qulluq etməyi bacarmış, dövlətçiliyimizin və stabilliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini vermişdir.

Prokurorluq işçilərinə peşə bayramı kimi əlamətdar bir günü bəxş edən şəxsiyyət də məhz Heydər Əliyev olmuş, Ulu Öndərin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə, prokurorluğun cəmiyyətdəki rolu və yerinə dövlət səviyyəsində münasibət bildirilmişdir.

Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədəki tarixi nitqində qeyd olunmuş, prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan prokurorluğu həmin vaxtadək fəaliyyətində mövcud olmuş neqativ cəhətlərdən təmizlənməklə struktur və mahiyyət baxımından tam yenidən qurularaq yeni məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ hüquqi baza əsasında fəaliyyət göstərən, xalqımızın və dövlətçiliyimizin maraqlarının qorunmasına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət edən müasir dövlət təsisatına çevrilmişdir.

Həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətini tənzim edən, beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik maraqlarına əsaslanan "Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, "Prokurorluğun rəsmi emblemi haqqında” qəbul edilməsi, "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamə və digər normativ sənədlərin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluğun normativ bazasını gücləndirmiş və hərtərəfli təmin etmişdir.

Sonrakı illərdə prokurorluğa etimad və inamın yüksəlməsinin nəticəsi olaraq prokurorluq orqanları qarşısında daha önəmli və mühüm vəzifələr qoyulmuş, Azərbaycan Prezidentinin siyasi iradəsinə uyğun olaraq dövlətin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş korrupsiya və rüşvətxorluqla mübarizə ilə bağlı cinayətlər üzrə istintaq və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi işi bu dövlət təsisatına həvalə edilmiş, prokurorluğun fəaliyyətini tənzimləyən qanunvericiliyin daha da təkmilləşdirilməsi prosesi mütəmadi qaydada həyata keçirilmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli 509 nömrəli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə” təsdiq edilməklə prokurorluq orqanlarına işə qəbulun ən sivil və demokratik üsulu olan müsabiqə yolu ilə, şəffaf prosedurlar əsasında aparılması qaydaları müəyyən edilmişdir. Prokurorluq orqanlarına işə qəbulun müsabiqə əsasında həyata keçirilməsi prokurorluğun kadr tərkibinin hərtərəfli, savadlı və yüksək mənəvi keyfiyyətlərə malik, vətənpərvərliyi və dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsinə şərait yaratmışdır. Bununla əlaqədar olaraq 2002-ci ildən başlayaraq prokurorluğa işə qəbul Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə aparılmaqla, mütəmadi olaraq keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilənlər hazırda prokurorluq orqanlarının kadr korpusunun 70 faizini təşkil etmişdir.

Prokurorluq orqanlarına və prokurorluq işçilərinə böyük inam və etimadın, yüksək qayğının növbəti ifadəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Prokurorluq orqanlarının müasir dövrün yüksək tələblərinə cavab verən dövlət təsisatı səviyyəsində təkmilləşdirilməsində xüsusi əhəmiyyətə malik olmuş bu dövlət proqramının həyata keçirilməsi prokurorluğun hüquq sisteminin inkişafı prosesində rolunun artırılmasına, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsinə, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmasına, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılmasına, dövlət ittihamının müdafiəsində peşəkarlığın yüksəldilməsinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ümumbəşəri problemlər sırasında xüsusi yer tutan korrupsiya və onun təzahürləri ilə mübarizə istiqamətində də səmərəli addımlar atılmış, korrupsiyaya qarşı mübarizə ölkədə həyata keçirilən islahatların ən mühüm tərkib hissəsi olmuşdur.

Korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alılnması və təqibi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunması, vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və dürüstlüyün təmin olunması məqsədilə 03 mart 2004-cü il tarixli ölkə Prezidentinin sərəncamı ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi yaradılmışdır.

Korrupsiyaya qarşı kompleks əks təsir tədbirlərinin təmin olunması və sosial bəlaya qarşı mübarizənin beynəlxalq standartlar əsasında həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası 2003-2004-cü illərdə BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına, Avropa Şurasının Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti və korrupsiyaya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında konvensiyalarına qoşulmuşdur.

Həmin beynəlxalq sənədlərin implementasiyası çərçivəsində müvafiq tələblərə cavab verən qanunvericilik bazası formalaşmaqla xarici dövlətlərin ən qabaqcıl nailiyyətlərindən istifadə olunmasına və təcrübə mübadiləsinə mühüm əhəmiyyət verilmişdir.

Cinayətkarlığın yeni və daha mürəkkəb formalarının meydana çıxmasına gətirən qloballaşma, cəmiyyətlərin sıx inteqrasiyası və informasiya texnologiyalarının sürətli inkişafı prosesləri hüquq mühafizə orqanları üçün də yeni çağırışlar formalaşdırır. Bu yeni çağırışlarla şərtlənən hazırkı dövrdə zamanın tələblərinə uyğunlaşmanın əhəmiyyətini dərk edərək ölkəmizdə ictimai həyatın və dövlət idarəetməsinin bütün sahələrində islahatlar reallaşdırılır ki, bu istiqamətdə mühüm əhəmiyyət kəsb edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesi çərçivəsində prokurorluq orqanlarında da islahatların həyata keçirilməsi zərurəti ortaya çıxmışdır.

Bu zərurət 1 may 2020-ci il tarixdə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının yeni təyin olunmuş Baş prokurorunu videoformatda qəbulu zamanı bir daha vurğulanmış, prokurorluq orqanları qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur.

Belə ki, hüquq-mühafizə orqanlarında, o cümlədən prokurorluqda genişmiqyaslı islahatların aparılması məqsədilə yüksəkixtisaslı kadr korpusunun formalaşması mühüm şərt kimi qeyd olunmuşdur. Yüksək keyfiyyətli təhsil almış, gənc, peşəkar, bilikli, müasir yanaşmalara malik kadrların önə çəkilməsi, kadrların peşəkarlığının təkmilləşdirilməsi üçün əlavə tədbirlər görülməsi, prokurorluq orqanlarına yeni qəbul olunacaq işçilərin yüksək nəzəri biliklərə malik olması, eyni zamanda dövlətçiliyə sədaqət prinsiplərini üstün tutması, həmçinin təcrübəli kadrların da öz biliklərini gənc nəsillə bölüşməsi diqqət yetirilməli olmalı məqamlar kimi vurğulanmışdır.

Həmçinin qeyd edilmişdir ki, korrupsiyaya qarşı mübarizənin tam səmərəli şəkildə aparılması, qanunun aliliyini təmin etməklə sosial ədalətin bərqərar olunması kimi hədəfləri daim diqqət mərkəzində saxlamaqla bu istiqamətdə zəruri islahatlar davam etdirilməlidir. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə prokurorluğun fəallığı artmalı və prinsipiallıq nümayiş etdirilməlidir. Burada həm inzibati yollardan, həm institusional dəyişikliklərdən, həmçinin cəza tədbirlərindən istifadə olunmasına diqqət yetirilməklə tədbirlərin kompleks xarakter daşıması göz önündə tutulmalıdır.

Azərbaycan Respublikası Prezidentinin verdiyi göstəriş və tövsiyələrin icrası ilə bağlı 12 may 2020-ci il tarixdə Baş Prokurorluq üzrə geniş Fəaliyyət Planı təsdiq olunaraq icra edilməsi istiqamətində səmərəli tədbirlər görülməkdədir. Fəaliyyət planında dövlət başçısının proqram xarakterli nitqindən irəli gələrək prokurorluq orqanlarının üzərinə düşən hər bir vəzifənin yerinə yetirilməsi üçün konkret tədbirlər nəzərdə tutulmuşdur. Prezidentin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluq orqanlarında işin səmərəliliyinin artırılması üzrə ciddi islahatların həyata keçirilməsinə başlanılmış, qısa zaman ərzində struktur və bir sıra kadr islahatları həyata keçirilmişdir. Hazırda bu proses intensiv olaraq uğurla davam etdirilir.

Dövrün tələblərinə cavab verən müasir, dinamik, daha operativ və peşəkar prokurorluğun formalaşdırılması qarşıda dayanan başlıca vəzifədir. Bu baxımdan prosessual fəaliyyətə prokuror nəzarəti gücləndirilməli, ibtidai istintaqın keyfiyyəti yüksəldilməli, dövlətin təhlükəsizliyi, eləcə də vətəndaşların hüquq və azadlıqlarına qəsd edən cinayətlərə qarşı mübarizənin kəsəri artırılmalı, dövlət və özəl sektorlarda korrupsiyanın bütün təzahür formalarına qarşı ciddi mübarizə tədbirləri tətbiq edilməli, məhkəmələrdə dövlət ittihamının müdafiəsi işi keyfiyyətcə yeni mərhələyə qaldırılmaqla balanslaşdırılmış cəza siyasətinə riayət edilməsinə nail olunmalı, bu istiqamətdə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına xüsusi diqqət yetirilməli, bütövlükdə prokurorluğun insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində iştirakı dərinləşdirilməlidir.

Həmçinin islahatların geniş vüsət aldığı hazırkı dövrdə Azərbaycan prokurorluğu qarşısında duran ümdə vəzifələrdən biri də ölkəmizdə reallaşdırılan sosial-iqtisadi inkişafa hədəflənən islahatlar kontekstində vergi və gömrük siyasətinin optimallaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması, ümumilikdə isə kölgə iqtisadiyyatına qarşı təsirli mübarizənin aparılması kimi mühüm strateji tədbirlərdə hüquqi vasitələrlə yaxından iştirak, hüququn aliliyi təmin edilməklə özəl sektorun inkişafına dəstək göstərilməsi, həmçinin dövlət idarəetməsində şəffaflığın təmin edilməsidir. Bu məqsədlərə nail olunmasında dövlət başçısının tövsiyə və tapşırıqlarına uyğun olaraq qabaqcıl beynəlxalq təcrübənin və beynəlxalq standartların öyrənilməsi və cari fəaliyyətdə tətbiqinə də səy göstərilməlidir.

Sadalananları ümumiləşdirməklə qeyd etmək olar ki, qarşımızda prokurorluğun müasir yanaşmaya malik, çevik, eyni zamanda peşəkar bir quruma çevrilməsi ilə bağlı önəmli vəzifələr dayanır ki, bu məqsədlərə nail olmaq üçün prokurorluğun hər bir əməkdaşı üzərinə düşən vəzifələrin icrası ilə bağlı səylə çalışmalıdır.

Hesab edirik ki, bu istiqamətdə institusional islahatların həyata keçirilməsi nəzərdən keçirilməli, məsuliyyətlilik və hesabatlılığın artırılması təmin edilməklə yüksək şəffaflıq səviyyəsinə nail olunmalıdır. Qeyd edilən tədbirlərin reallaşdırılması ilə Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüş əldə edilməlidir.

Əminliklə qeyd etmək istəyirəm ki, prokurorluq işçiləri bundan sonra da ölkə Prezidentinin həyata keçirdiyi müdrik və uzaqgörən dövlət siyasətini tam dəstəkləyərək, respublikamızın hüquqi dövlət quruculuğu prosesində, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində fəal iştirak edərək prokurorluğun fəaliyyətinin müasir dövrün standartlarına uyğun qurulması istiqamətində səylərini daha da artıracaq, üzərlərinə düşən bütün vəzifələri yüksək məsuliyyət hissi ilə vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olaraq cinayətkarlığın bütün təzahürlərinə və digər qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin və suverenliyimizin müdafiəsi, ictimai-siyasi sabitliyin və dövlətçiliyimizin qorunması, qanunçuluğun və təhlükəsizliyin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsinə öz töhfələrini verəcəklər.

 

Kamran ƏLİYEV,

Azərbaycan Respublikasının Baş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.