Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu ərazisində qətl törətmiş şəxs tutulmuşdur

14.06.2020

Ağstafa rayonu ərazisində qətl törətmiş şəxs tutulmuşdur

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonu ərazisində qətl hadisəsi törətmiş şəxs tutularaq istintaqa cəlb olunmuşdur. 

Belə ki, iyunun 14-də gecə saat 01 radələrində rayonun Dağkəsəmən kənd sakini 1977-ci il təvəllüdlü Hürrüyyət Şəmilovun bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. 

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin mərhumun həmkəndlisi 1992-ci il təvəllüdlü Tural Heydanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulmuşdur.

Tural Heydanov cinayətin aləti olan bıçağı istintaqa təqdim etmiş, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti  etiraf etmişdir. 

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.