Şriftin ölçüsü :
Saytın rəngi :
Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına müvafiq olaraq hər il oktyabrın 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə oktyabrın 1-də Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqları orqanlarının kollektivləri xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, ulu öndərimizin və ölkəmizin müstəqilliyi yolunda həyatlarını qurban vermiş həmvətənlərimizin əziz və unudulmaz xatirəsini dərin hörmətlə anmışlar.
Mərasimdə Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
ÇIXIŞI
Hörmətli həmkarlar!
Bu gün prokurorluq orqanlarının həyatında əlamətdar günlərdən biridir. Respublikanın hüquq ictimaiyyəti və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə təsis edilmiş prokurorluq işçilərinin peşə bayramı günü on birinci dəfə qeyd edilir.
Mən, ilk növbədə, Respublika Baş Prokurorluğunun rəhbərliyi və Kollegiyası adından prokurorluq orqanlarının bütün əməkdaşlarını və veteranları, onların ailə üzvlərini «1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü» və milli prokurorluğun yaradılmasının 91 illiyi münasibətilə təbrik edir, hamınıza xoşbəxtlik və səadət, xidməti fəaliyyətinizdə və şəxsi həyatınızda uğurlar diləyirəm.
Hörmətli həmkarlar!
1 oktyabr 1918-ci il tarixdə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulan Azərbaycan Prokurorluğu orqanları mövcudluğu ərzində xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş və təkmilləşmiş, fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması ilə müstəqil dövlətin təsisatı kimi öz işini dayandıran milli prokurorluq orqanları ölkəmizin SSRİ kimi fövqəldövlətin tərkibində olduğu dövr ərzində hakim partiyanın sinfi xarakter daşıyan mənafelərinə xidmət edən bir qurum kimi fəaliyyət göstərmişdir. Həmin dövrlərdə yaşayıb fəaliyyət göstərmiş bütün əməkdaşlar prokurorluq orqanlarının işində mövcud olmuş neqativ təzahürlərin və müsbət meyyllərin canlı şahidləri olmuşlar. Lakin qeyd edilənlərlə yanaşı, həmin illərdə Azərbaycan Prokurorluğu təşkilati cəhətdən mühüm dövlət strukturu kimi təşəkkül tapmış, milli prokurorluq kadrları böyük təcrübə və yüksək peşə hazırlığı əldə etmişlər.
Ölkəmiz ikinci dəfə müstəqillik qazandıqdan sonra anarxiya və xaos kimi səciyyələndirilən 1991-1992-ci illər və 1993-cü ilin birinci yarısını əhatə edən dövr ərzində Azərbaycan dövləti görünməmiş siyasi və iqtisadi tənəzzül, seperatçı meyllərin güclənməsi və vətəndaş müharibəsi, müstəqilliyimizin itirilməsi təhlükəsi ilə üzləşmişdi. Həmin şəraitdə öz işini qanun çərçivəsində qura bilməyən prokurorluq böyük vüsət alan cinayətkarlığın, insanların hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması hallarının qarşısını almaqda aciz idi.
Yalnız ümummilli liderimiz Heydər Əliyev xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyata keçirilən təxirəsalınmaz və qətiyyətli tədbirlər sayəsində ölkəmizdə dövlət çevriliş cəhdləri, vətəndaş müharibəsi və seperatizm təhlükəsi aradan qaldırıldı, cinayətkarlığa qarşı barışmaz mübarizə elan edilməklə dayanıqlı ictimai-siyasi sabitlik əldə edildi, demokratik hüquqi dövlət quruculuğu prosesinə başlanıldı.
Azərbaycan Prokurorluğunun öz xalqının və müstəqil dövlətçiliyin maraqlarına xidmət edən qurum kimi formalaşması yalnız Heydər Əliyev dövlətçilik siyasəti nəticəsində mümkün olmuşdur. Məhz Xalqımızın ümummilli liderinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları gedişində görülən tədbirlər sayəsində Azərbaycan Prokurorluğunun fəaliyyətində əsaslı dönüş yaradılmış, prokurorluğa qarşı tələbkarlığın artırılması, onun kadr korpusunun sağlamlaşdırılması və əməkdaşların məsuliyyət hissinin artırılması təmin edilmiş, prokurorluğun maddi-texniki təminatının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər öz müsbət nəticələrini vermişdir.
Prokurorluğun demokratik məzmunlu sivil bir dövlət təsisatı kimi yenidən formalaşmasında Ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Məhz prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb edən bu müşavirədən sonra ölkəmizdə aparılan möhtəşəm yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, Dövlət başçısının həmin müşavirədəki proqram xarakterli çıxışından irəli gələn tövsiyə və göstərişləri məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirmiş, prokurorluq orqanlarında həyata keçirilən islahatların əsasını təşkil etmişdir. Həyata keçirilən islahat tədbirləri «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkili üçün hərtərəfli təminat yaratmışdır.
Xüsusi qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir. Dövlət səviyyəsində və Ölkə başçısının dəstəyi ilə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu yeni tələblər müstəvisində səmərəli fəaliyyəti üçün təkmilləşdirilmiş mütərəqqi normativ hüquqi bazası olan, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları əsasında fəaliyyət göstərən sivil dövlət təsisatına çevrilmiş, şəffaf və ədalətli prosedurlar əsasında kadr tərkibini mütəmadi olaraq yeniləşdirən prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları dərhal aradan qaldırmağa təminat verən nəzarət mexanizmi yaradılmışdır.
Prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Dövlət başçısı tərəfindən imzalanmış Sərəncamlara müvafiq olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin və dövlət ittihamının müdafiəsi üzrə qurumlarının yeni sisteminin yaradılması, mütəmadi olaraq prokurorluq əməkdaşlarının əməyinin fərqləndirilməsi, yeni informasiya texnologiyalarının tətbiqinə başlanılması, prokurorluq işçilərinin sosial-maddi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən tədbirlər prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasında da öz müsbət rolunu oynamışdır.
Prokurorluq orqanlarının müstəqil dövlətimizin mühüm dövlət təsisatı kimi təkmilləşdirilməsi və yeniləşdirilməsi istiqamətində müsbət işlərin görülməsinin nəticəsidir ki, Dövlət başçısı cənab İlham Əliyev milli prokurorluq orqanlarının yaradılmasının 90 illik yubileyi ilə əlaqədar prokurorluğun kollektivinə ünvanlanan müraciətində prokurorluq orqanlarında sağlam iş mühitinin yaradılması, müasir standartlar səviyyəsində işləməyə qadir yeni prokurorlar nəslinin yetişdirilməsi və onların peşəkarlığının artırılması, dövlətçiliyimizin maraqlarının qorunması, cinayətkarlıqla mübarizə və qanunçuluğun təmin edilməsi istiqamətində əhəmiyyətli uğurlar əldə edildiyini diqqətə çatdırmışdır.
Prokurorluq orqanlarının müasir məzmunda yeniləşməsi işində Dövlət başçısı cənab İlham Əliyevin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə «Prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»nın təsdiq edilməsinin müstəsna əhəmiyyəti olmuşdur. Azərbaycan Prokurorluğunun tarixində yeni təkmilləşmə və inkişaf, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, cinayətkarlığa qarşı mübarizə və istintaq aparılmasında digər hüquq mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, dövlət ittihamının müdafiəsində peşəkarlığın artırılması, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması üçün hərtərəfli zəmin yaratmışdır.
Hazırda Dövlət Proqramının tələblərinə müvafiq olaraq, prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığın artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi təmin olunur.
Dövlət Proqramının icrası ilə əlaqədar prokurorluq orqanları qarşısında duran vəzifələr Baş Prokurorluğun Kollegiya iclasında ətraflı müzakirə olunmuş və Tədbirlər planı təsdiq edilməklə icraya yönəldilmişdir. Eyni zamanda, Proqramın hər bir bəndi üzrə Baş prokurorun müavinləri və əlaqədar strukturların rəhbərlərinin sədrliyi ilə işçi qruplar yaradılmaqla onların yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər görülür.
Belə ki, «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunlarına prokurorluq işçilərinin sosial vəziyyətinin və pensiya təminatının yaxşılaşdırılması, habelə digər məsələlər üzrə 16 əlavə və 22 dəyişiklik edilməsini nəzərdə tutan «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanmaqla aidiyyəti üzrə təqdim olunmuşdur. Eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru yanında Elmi -Tədris Mərkəzinin, hərbi prokurorluq orqanlarının strukturunun təkmilləşdirilməsi məqsədilə Zaqatala hərbi prokurorluğunun yaradılması, Baş Prokurorluq və tabe prokuroluqlar arasında elektron məlumat mübadiləsini təmin edəcək informasiya-kommunikasiya şəbəkəsinin formalaşdırılması, prokurorluğun avtomatlaşdırılmış məlumat-axtarış sistemlərinə daxil olması, «Prokurorluq haqqında» qanunla müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyətimizin daha da təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur. Təkcə bir faktı diqqətinizə çatdırmaq istərdim ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə görülən işlərin, dövlət səviyyəsində göstərilən qayğı və diqqətin nəticəsidir ki, prokurorluğun peşə bayramı ərəfəsində Gədəbəy, Göygöl, İsmayıllı, Biləsuvar və Bakı şəhərinin Xətai rayon prokurorluqları üçün tikilmiş yeni inzibati binaların təntənəli açılışı olmuş, Ağcabədi, Neftçala və Bakı şəhərinin Suraxanı rayon prokurorluqlarının inzibati binalarının əsaslı təmiri həyata keçirilmişdir.
Əsas vəzifə ondan ibarətdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Respublika Hərbi və Naxçıvan Muxtar Respublikası prokurorluqlarının, habelə bütün tabe struktur qurumların səyləri birləşdirilməklə, Dövlət Proqramında nəzərdə tutulmuş tapşırıqların müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası təmin edilsin.
Hörmətli həmkarlar!
Danılmaz bir həqiqətdir ki, ölkəmizdə həm respublika miqyasında, həm də ayrı-ayrı regionlar səviyyəsində sosial-iqtisadi inkişaf daha da sürətləndirilmiş, yeni yüksəliş dövrünü yaşayan Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyada ön mövqelərə çıxmış, demokratik və hüquqi dövlətimizin iqtisadi qüdrəti daha da artırılmaqla ölkə həyatının bütün sahələrində sürətli irəliləyişlərlə səciyyələnən və xalqımızın həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnən göstəricilərə nail olunmuş, dünya dövlətləri birliyinə daha sıx inteqrasiya olunan ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmışdır.
Bütün bunlar 2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasətinin reallaşması istiqamətində görülən real və möhtəşəm işlərin məntiqi nəticəsidir.
«Əsrin müqaviləsi»nin 15-ci ildönümünə həsr olunmuş tədbirlər və təntənəli mərasimdə Dövlət başçısı cənab İlham Əliyevin nitqində səsləndirilən fikirlər əyani şəkildə bir daha onu göstərdi ki, son illərdə Azərbaycan Respublikasının əldə etdiyi sosial-iqtisadi inkişaf göstəriciləri ölçüyəgəlməzdir, ölkəmiz tarix üçün bir an olan qısa zaman kəsiyində hamını heyrətə gətirən uğurlar əldə etmiş, yeni neft strategiyasının reallaşdırılması nəticəsində öz enerji təhlükəsizliyini təmin edən Azərbaycan etibarlı bir tərəfdaş kimi dünya birliyində öz layiqli yerini tutmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin yüksələn xətlə hərtərəfli sosial-iqtisadi inkişafının təmin edildiyi bir şəraitdə bütün neqativ təzahürlərə, dövlət məmurlarının qanunsuz hərəkətlərinə və cinayətkarlığa qarşı mübarizə məsələlərini də daim diqqət mərkəzində saxlamaqla zəruri tədbirlərin görülməsini təmin edir. Dövlət başçısının «Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında» 22 iyun 2009-cu il tarixli Fərmanı bu istiqamətdə atılmış ən əhəmiyyətli addımlardan biridir.
Bu Fərmanın imzalanması, eyni zamanda, dövlət səviyyəsində və Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluq orqanlarına göstərilən böyük etimadın, cinayətkarlığa, o cümlədən, korrupsiya cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi sahəsində prokurorluğun roluna verilən müsbət qiymətin təzahürüdür. Bu etimada cavab olaraq, bütün prokurorluq orqanlarında korrupsiya hüquqpozmalarına qarşı zəruri tələblər səviyyəsində kəsərli mübarizə aparılması, bütün müraciətlərin tam və obyektiv araşdırılması, yoxlamaların keçirilməsinə məsul olan prokurorluğun müvafiq qurumları və əməkdaşları tərəfindən sui-istifadə hallarına yol verilməsinin qarşısının dərhal alınması, insan hüquq və azadlıqlarının hərtərəfli qorunması və şəffaflıq təmin edilməlidir.
Azərbaycan Prokurorluğu tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində də zəruri tədbirlər görülür. Həmin tədbirlər sırasında bu günlərdə Tədris mərkəzində keçirilən və Avropa İttifaqı dövlətləri ilə əməkdaşlığa yönəldilmiş «Azərbaycan Respublikası Baş prokuroru yanında Korupsiyaya qarşı mübarizə idarəsinə dəstək» Tvininq layihəsinin təqdimat mərasiminin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Litva Respublikasının Xüsusi İstintaq idarəsinin iştirakı ilə reallaşdırılması nəzərdə tutulan lahiyənin icrası istiqamətində planlaşdırılan tədbirlər korrupsiya cinayətlərinə qarşı mübarizənin daha səmərəli təşkilində öz müsbət rolunu oynayacaqdır.
Hörmətli həmkarlar!
Azərbaycan Respublikasının həyatında taleyüklü məsələlərin həll edildiyi, ölkə həyatının bütün sahələrində hərtərəfli inkişafa nail olunduğu müasir dövrdə prokuroluq orqanlarının qarşısında çox mühüm vəzifələr durur və həmin vəzifələrin uğurla həyata keçirilməsi prokurorluq orqanları və onun hər bir əməkdaşından yüksək məsuliyyət və fəal vətəndaşlıq mövqeyi tələb edir. İlk növbədə, Dövlət başçısı cənab İlham Əliyevin tövsiyələrinə müvafiq olaraq, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və kadr korpusunun hərtərəfli hazırlıqlı, dövlətçiliyə sadiq gənc mütəxəssislər hesabına mütəmadi olaraq yeniləşdirilməsi, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin müəyyən edilmiş müddətlər ərzində və keyfiyyətli icrası, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin səmərəliliyinin artırılması təmin edilməlidir.
Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Prezident cənab İlham Əliyevi əmin etmək istəyirəm ki, bu gün öz peşə bayramını və 91 illik yubileyini qeyd edən milli prokurorluq orqanları öz fəaliyyətinin dövlət səviyyəsində göstərilən etimada layiq səviyyədə təşkili üçün bütün zəruri tədbirlərin görülməsini təmin edəcək, səlahiyyət hədləri daxilində regionun ən qabaqcıl ölkəsinə çevrilmiş ölkəmizdə aparılan müasir məzmunlu yenidənqurma və mütərəqqi islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcək, digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bu quruculuq işlərinin əsas təminatları kimi ictimai-siyasi sabitliyin və əmin-amanlığın, dövlətçiliyimizin və milli maraqlarımızın, xalqın mənafeyinin cinayətkar qəsdlərdən qorunması işində yaxından iştirak edəcəkdir.
Çıxışımın sonunda mən bir daha bütün əməkdaşlarımızı və veteranları prokurorluq orqanlarının yaradılmasının 91 illiyi və peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, çətin və şərəfli fəaliyyətinizdə hamınıza yeni-yeni nailiyyətlər arzulayıram.
Diqqətinizə görə sağ olun!