Şriftin ölçüsü :
Saytın rəngi :
Anma mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun
ÇIXIŞI
Hörmətli həmkarlar! Bu günlərdə ölkəmizin hər yerində anma mərasimləri keçirməklə, ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsi yad edilir, onun millət naminə gördüyü möhtəşəm işlər xatırlanır. Bütün bu mərasimlər və keçirilən çoxsaylı tədbirlər onu göstərir ki, Azərbaycan xalqının öz ümummilli lideri və əbədi Prezidentinə olan hörməti sonsuzdur. Azərbaycanın və xalqımızın tərəqqisi yolunda göstərdiyi misilsiz xidmətləri ilə yadda qalan Heydər Əliyev həmişə bizimlədir və yadigar qoyduğu əməllərlə daimi olaraq xatirələrdə yaşayacaqdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi xahiş edirəm.
Azərbaycan Respublikasının 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, həmin dövr ərzində öz müstəqil dövlətini formalaşdıran ölkəmizin və xalqımızın taleyi Heydər Əliyevin adı, bu dahi şəxsiyyətin siyasi fəaliyyəti ilə bağlı olmuşdur. «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi tarixə düşən bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən «xilaskarlıq və quruculuq» missiyasının nəticəsidir ki, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə xoşbəxt yaşamaq imkanları əldə etmişdir.
Ölkəmizin tarixində Heydər Əliyevin roluna möhtərəm Prezidentimiz cənab İlham Əliyevin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında» 11 mart 2008-ci il tarixli Sərəncamında layiqli qiymət verilmişdir: «Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir».
Heydər Əliyevin dahiliyi və uzaqgörənliyi, ilk növbədə, özünü onda göstərdi ki, o, SSR İttifaqı dövlətinin tərkibində olan Azərbaycan Respublikasının gələcək müstəqilliyinin ilkin iqtisadi əsaslarını yaratdı, totalitar bir rejim daxilində xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırladı, dövlət müstəqilliyimiz üçün təhlükə yarandığı zamanda xaricdən dəstəklənən radikal müxalifət qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraitini formalaşdırdı, daha sonra isə Azərbaycanı inkişaf etmiş bir ölkəyə çevirən misli görünməmiş quruculuq işlərini həyata keçirdi.
Müdrik Heydər Əliyev dövlətçilik siyasətinin və bu siyasəti yeni məzmunda uğurla davam etdirən Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqı demokratik hüquq və azadlıqlar üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşayır, mütərəqqi islahatlar nəticəsində formalaşmış demokratik, sivil və hüquqi dövlətdə fəaliyyət göstərir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi həyat yolu və dövlətçilik fəaliyyəti böyük bir məktəbdir, indiki və gələcək nəsillər üçün bir örnək və nümunədir. Hər bir azərbaycanlı xalqına və millətinə sədaqətlə xidmət etməyi, müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsi yolunda fədakarlıqla göstərməyi Heydər Əliyevdən öyrənir və bundan sonra da öyrənəcəkdir.
Doğma xalqına təmənnasız xidməti həyatının məqsədi hesab edən Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda fədakarcasına mübarizə aparmışdır. XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranmış vəziyyət hamınıza məlum idi: xalqına düşmən kəsilmiş səbatsız qüvvələrin qısamüddətli hakimiyyəti dövründə anarxiya və idarəolunmaz xaos vəziyyəti yaranmış, vətəndaş müharibəsi astanasında olan ölkəmiz öz dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmış, öz vətəndaşlarının qanunla qorunan hüquqlarını kütləvi şəkildə pozan bu «üzdəniraq» hakimiyyətin xəyanətkar siyasəti nəticəsində torpaqlarının böyük bir hissəsini itirən xalqımız gələcəyə olan bütün ümidlərini itirmişdi.
Məhz taleyüklü belə bir çətin dövrdə doğma xalqının israrlı tələbi ilə Azərbaycan Respublikasında siyasi rəhbərliyi öz üzərinə götürən ulu öndər Heydər Əliyevin «xilaskarlıq» missiyası nəticəsində müstəqilliyimizin itirilməsi və ərazilərimizin parçalanması təhlükəsi birdəfəlik aradan qaldırıldı, dövlətçiliyimizə qəsd edən çevriliş cəhdlərinin qarşısı alındı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyulmaqla Azərbaycanda möhkəm və dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq təmin edildi. Azərbaycanın və doğma xalqının xilası naminə hər cür çətinliklərə sinə gərən, fiziki cəhətdən məhv edilmək təhlükəsi, çoxsaylı sui-qəsd və terror cəhdləri ilə üzləşməsinə baxmayaraq bütün maneələri aradan qaldıran Heydər Əliyev öz siyasi müdrikliyi, polad iradəsi və qətiyyətli hərəkətləri, ən əsası - xalqının dəstəyi nəticəsində Azərbaycanı və onun müstəqilliyini məhvolma təhlükəsindən xilas etdi.
Öz xilaskarlıq missiyası nəticəsində Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik və əmin-amanlıq yaradan Heydər Əliyev ölkəmizdə möhtəşəm quruculuq işlərinə başladı, ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi və əhalinin rifah halının dünya standartları səviyyəsinə qaldırılması istiqamətində böyük işlər gördü. Bütün maneələr aradan qaldırılmaqla, 1994-cü ilin sentyabr ayında «Əsrin müqaviləsi» adlandırılan ilk neft müqavilələrinin imzalanması və ümumdünya kommunikasiya proqramının mühüm tərkib hissəsi olan tarixi «İpək Éolu»nun bərpasına başlanılması nəticəsində milyardlarla dollar məbləüində irimiqyaslı xarici investisiyaların respublikamıza axını başladı, hərtərəfli iqtisadi islahatlar həyata keçirilməklə, bazar iqtisadiyyatının və azad sahibkarlığın bərqərar olması, özəlləşdirmə proqramlarının həyata keçirilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və aqrar islahatlar prosesi prioritet istiqamətlərə çevrildi.
Azərbaycan Respublikasında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə, milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatları aparıldı. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri keçirilməsi təcrübəsinin formalaşdırılması, siyasi plüralizm, söz və mətbuat azadlığı üçün, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar kimi vətəndaş cəmiyyətinin formalaşdırılması ilə nəticələnmişdir.
Azərbaycan və Azərbaycan xalqı üçün əlindən gələni və qeyri-mümkün olanları etmiş Heydər Əliyev kimi nadir bir şəxsiyyət haqqında keçmiş zamanda danışmaq hamımız üçün çox aürılı və üzüntülü bir məsələdir. Lakin 12 dekabr 2003-cü il tarixdə əbədiyyətə qovuşan Heydər Əliyevin dəfn mərasimi, bu mərasimdə onu yola salmağa gələn yüz minlərlə insan seli əyani şəkildə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqının öz dahi rəhbərinə olan ehtiramı ölçüyəgəlməzdir və bu şəxsiyyətin parlaq və unudulmaz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Hörmətli həmkarlar! Azərbaycan Respublikasının dövlət təsisatları sırasında xüsusi yeri olan prokurorluq orqanları sivil və demokratik məzmunda yenidən formalaşması, dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi təkmilləşməsi xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən həyata keçirilən dövlətçilik siyasəti, onun gündəlik qayğısı və rəhbərliyi altında həyata keçirilən hərtərəfli məhkəmə-hüquq islahatlarının nəticəsində mümkün olmuşdur.
Məhz ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi tarixi əhəmiyyətli görüşdən sonra Azərbaycan Respublikası Prokurorluğunda hərtərəfli islahatlara başlanılmaqla, onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün olmuşdur.
Prokurorluğun kollektivi üçün müstəsna əhəmiyyət kəsb edən haldır ki, Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Cari ilin oktyabr ayının 1-də öz peşə bayramı gününü və 90 illik yubileyini qeyd edən Azərbaycan Prokurorluğunun kollektivi üçün bu böyük etimad və inamın təzahürü kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq əməkdaşları və veteranlara ünvanlanmış 27 sentyabr 2008-ci il tarixli proqram xarakterli təbrik müraciətinin müstəsna əhəmiyyəti vardır. Éubileyi ərəfəsində, eyni zamanda, Dövlət başçısı cənab İlham Əliyevin sərəncamları ilə bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, yeni inkişaf və təkmilləşmə dövrünün əsasını qoyan prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramının təsdiq olunması mühüm hadisə olmuşdur.
Hörmətli mərasim iştirakçıları!
Müstəqil Azərbaycanın ən yeni tarixinin yaradıcısı olan ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri ondan ibarət olmuşdur ki, o, ölkəmizin gələcək inkişafının strateji istiqamətlərini müəyyənləşdirmiş, həmin məqsədlərə çatmaq yollarını müəyyənləşdirən böyük bir siyasi irs qoyub getmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həmin məqsədlərə çatmaq üçün qeyd edilən istiqamətlərdə ölkəmizin hərtərəfli inkişafına təminat yaradan məqsədyönlü daxili və xarici siyasət tədbirləri həyata keçirilir. Cənab İlham Əliyevin Dövlət başçısı kimi fəaliyyəti əyani şəkildə xalqımıza və bütün beynəlxalq aləmə onu göstərir ki, Heydər Əliyev ideyaları yaşayır, bundan sonra da əbədi yaşayacaqdır və hərtərəfli reallaşmaqla xalqımıza yalnız yeni uğurlar və yeni nailiyyətlər gətirəcəkdir. Ölkəmizdə həyata keçirilən yeni məzmunlu dövlətçilik siyasəti, Heydər Əliyevin unudulmaz xatirəsini əbədiləşdirən möhtəşəm tədbirlər kimi, onun müəyyənləşdirdiyi strateji inkişaf istiqamətlərinin mərhələ-mərhələ reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.
Dövlət başçısı cənab İlham Əliyevin məqsədyönlü dövlətçilik siyasətinin nəticəsidir ki, Azərbaycanın bütövlükdə və ayrı-ayrılıqda hər bir regionun hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, sivil dövlət və vətəndaş cəmiyyətinin formalaşdırılması yolunda irəliyə doğru inamlı addımlar atılmış, Azərbaycanın demokratiyaya sadiqliyi bütün dünyaya sübut edən mütərəqqi islahatlar davam etdirilmiş, dünya dövlətləri birliyinə sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, analoqu olmayan iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla ölkəmiz dünyanın lider dövlətləri sırasına çıxmış, «Əsrin müqaviləsi» kimi möhtəşəm enerji layihəsinin reallaşdırılması təmin edilmiş, Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə Azərbaycan qazının Avropaya nəql edilməsi, ölkəmizin dünya kommunikasiya sisteminə qoşulmasının mühüm vasitəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi kimi möhtəşəm layihələrin həyata keçirilməsi yolunda inamlı addımlar atılmış, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsiplərinə, ölkəmizin mənafelərinə uyğun şəkildə sülh yolu ilə tənzimlənməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində məqsədyönlü siyasət tədbirləri davam etdirilmişdir.
Bütün bunlar əsası Heydər Əliyev tərəfindən qoyulan və Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik dövlətçilik siyasətinin nəticəsidir, Heydər Əliyev siyasətinin təntənəsidir. Məhz bu siyasətin gələcək onilliklər üçün ölkəmizdə qüdrətli iqtisadi potensial yaradacağına, xalqımızın xoşbəxt həyatını təmin edəcəyinə olan sarsılmaz inamın nəticəsidir ki, 2008-ci ilin oktyabr ayının 15-də beynəlxalq standartların tələblərinə müvafiq olaraq tam demokratik şəraitdə və şəffaf prosedurlar əsasında, çoxsaylı beynəlxalq təşkilatların və xarici ölkələrin müşahidəçilərinin ciddi nəzarəti altında keçirilən Prezident seçkilərində cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Çıxışımın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin etmək istəyirəm ki, Azərbaycan Prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyevin ideyalarına sadiqdir və bütün səylərini həmin ideyaların həyata keçirilməsinə, dövlət müstəqilliyimizin, sabitlik və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.
Hörmətli həmkarlar! Bu günkü tədbirimizin davamı olaraq hamınızı ulu öndərin xatirəsinə həsr olunmuş «Vətənə, xalqa həsr edilən ömür» adlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış filmə baxmağa dəvət edirəm.
Diqqətinizə görə sağ olun!