Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindəndir

14.04.2011

           Hörmətli tədbir iştirakçıları,

 

     2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkəmizdə korrupsiyaya qarşı mübarizə yeni mərhələyə qədəm qoymuşdur. Belə ki, dövlət başçısı tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı səmərəli mübarizənin aşağıdakı 4 sütun üzərində qurulması mümkün olmuşdur:

 

 

 

1.     Beynəlxalq standartlara cavab verən qanunvericilik bazasının yaradılması;

 

2.     Dövlət idarəetməsində şəffaflıq;

 

3.     Ədalətli məhkəmə sistemi;

 

4.     Səmərəli antikorrupsiya qurumları.

 

 

 

     Korrupsiya ilə əlaqədar cinayətlərin yüksək ictimai təhlükəlilik dərəcəsi və bu qəbildən olan cinayətlər üzrə ibtidai istintaqın həyata keçirilməsi üçün ixtisaslaşmış antikorrupsiya qurumunun yaradılması zərurəti nəzərə alınaraq, Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır.

 

     Korrupsiyaya qarşı mübarizə aparılmasının bütün hüquq mühafizə orqanları və dövlət qurumlarının prioritet vəzifəsi olmasını nəzərə alaraq İdarə tərəfindən yalnız  mürəkkəb və çox epizodlu korrupsiya cinayətləri ilə əlaqədar cinayət təqibi həyata keçirilir. 

 

     2005-2010-cu illərdə İdarə tərəfindən 700 şəxs barəsində 388 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati üzrə müvafiq məhkəmələrə göndərilmişdir. 2011-ci ilin əvvəlində bu günədək isə 32 şəxs barəsində 18 cinayət işinin istintaqı tamamlanmışdır. Hazırda İdarə tərəfindən 84 cinayət işinin istintaqı aparılır.

 

     Dövlət başçısı tərəfindən 22 iyun 2009-cu il tarixdə "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanın imzalanması bu qəbildən olan cinayətlərə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması ilə nəticələnmişdir.

 

     Fərmanda dövlətin büdcə və digər maliyyə vəsaitlərinin, həmçinin bələdiyyələrin vəsaitlərinin istifadə olunması, dövlət və bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi, dövlət müəssisələrinin idarə olunması sahələrində korrupsiya cinayətləri, mənimsəmə, israf etmə və şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar törədilən digər cinayətlərə dair prokurorluq orqanlarına daxil olan müraciətlərə baxılmasının məqsədəuyğun hesab edilən qaydası göstərilmişdir.

 

     Qeyd edilən Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində 2009-cu ilin ikinci yarımilindən cari dövrədək  yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin rüşvət alma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair maddələri ilə 104 şəxs barəsində 66 cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilmişdir.

 

 

 

     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin səmərəli fəaliyyətini şərtləndirən əsas amillər aşağıdakılardır:

  • Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ilə sıx və işgüzar əlaqələrin qurulması və məlumat mübadiləsinin həyata keçirilməsi;
  • Digər hüquq mühafizə orqanları və dövlət qurumları ilə qarşılıqlı əlaqələrin qurulması;
  • Vətəndaş cəmiyyətinin strukturları ilə işgüzar əlaqələrin qurulması.

 

 

     Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında verdiyi göstərişlərə müvafiq olaraq, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın cari il yanvarın 27-də keçirilmiş yığıncağında ölkəmizdə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salan, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirən neqativ halların aradan qaldırılması, bu istiqamətdə işin təşkilinə görə cavabdeh olan dövlət təsisatlarının məsuliyyətinin artırılması, əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması ilə əlaqədar qarşıya konkret vəzifələr qoyulmuş, rüşvətxorluğa və korrupsiya kimi neqativ təzahürlərə qarşı daha ciddi mübarizə aparılması tələb edilmişdir.

 

     Vətəndaşların hüquq və azadlıqlarının qarantı kimi müraciətlərə baxılmasını  bütün vəzifəli şəxslərin, dövlət qulluqçularının  ümdə vəzifəsi hesab edən  Dövlət başçısı cənab İlham Əliyevin  tövsiyələrinə müvafiq olaraq   bu məsələni daim diqqət  mərkəzində saxlayan prokurorluq  işin daha da təkmilləşdirilməsi  istiqamətində səylərini  davam etdirərək vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə müraciətlərin təxirə salınmadan çatdırılması və operativ baxılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində istənilən telekommunikasiya şəbəkəsindən zənglərin  ödənişsiz qəbuluna imkan verən 161 nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradılaraq fəaliyyətə başlamışdır.

 

     Ümumilikdə götürdükdə "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətləri xarakterinə görə 3 qrupa bölmək olar:

 

a)    Mürəkkəb və çox epizodlu korrupsiya cinayətləri barədə müraciətlər - bu xarakterli müraciətlərin araşdırılması İdarə tərəfindən həyata keçirilir;

 

b)    Böyük ictimai təhlükə törətməyən korrupsiya cinayətləri və ya korrupsiya hüquqpozmaları barədə müraciətlər - İdarə tərəfindən nəzarətdə saxlanılmaqla baxılıb tədbir görülməsi üçün ərazi aidiyyəti üzrə rayon və şəhər prokurorluqlarına göndərilir;

 

c)    Korrupsiya hüquqpozmalarına şərait yaradan hallar barədə müraciətlər - aidiyyəti üzrə baxılması üçün müvafiq  Nazirlik, Komitə və İcra Hakimiyyəti orqanlarına   göndərilir.

 

     Daxil olmuş müraciətlər və onlara baxılmasının nəticələri üzrə aparılan təhlillər göstərir ki, korrupsiyaya qarşı mübarizənin  gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər öz müsbət bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur. Məsələn "Qaynar xətt"in fəaliyyətə başladığı ilk gün daxil olan müraciətlərin sayı 92 olsa da, son 5 gün ərzində müraciətlərin sayı orta hesabla  10-12-yə düşmüşdür. Digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində 237 müraciət öz müsbət həllini tapmışdır.

 

     "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 10-1 maddəsinin tələblərinə müvafiq olaraq aidiyyəti üzrə baxılması üçün müvafiq  Nazirlik, Komitə və İcra Hakimiyyəti orqanlarına göndərilmiş müraciətlər üzrə daxil olmuş cavablardan da görünür ki, cinayət məsuliyyəti yaratmayan korrupsiya hüquqpozmalarına, süründürməçiliyə yol vermiş şəxslər barəsində intizam tənbeh tədbirləri görülmüşdür ki, bu da həmin sahələr üzrə "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlər üzrə azalma tendensiyasında özünü göstərir.

 

     Eyni zamanda korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi nəticəsində bir sıra dövlət qurumlarında mövcud olan neqativ halların aradan qaldırılması istiqamətində mühüm addımlar atılmışdır.

 

     Belə ki, əhalinin sosial müdafiəsi sahəsində olan çoxsaylı müraciətlər nəzərə alınaraq sosial müavinətlərin verilməsi məqsədi ilə istifadə olunan bank plastik kartlarının bundan sonra Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli qurumları tərəfindən deyil, müvafiq banklar tərəfindən birbaşa vətəndaşlara təqdim olunması prosedurunun tətbiq olunması, habelə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin həyata keçirmiş olduğu təşkilati-inzibati tədbirlər nəticəsində bu sahələrdə olan müraciətlərin sayında nəzərəçarpan dərəcədə azalma müşahidə olunur.

 

     Bundan əlavə, korrupsiya hüquqpozmaları, korrupsiya cinayətləri və korrupsiyaya şərait yaradan halların müəyyən edilərək dərhal reaksiya verilməsi məqsədi ilə artıq Səhiyyə və Müdafiə Nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, habelə bir sıra digər dövlət qurumlarında müvafiq "qaynar xətt" əlaqə mərkəzləri yaradılmaqla fəaliyyət göstərməyə başlamışdır.

 

     Preventiv fəaliyyətlə  yanaşı prokurorluq orqanları tərəfindən zəruri cinayət təqibi tədbirləri də həyata keçirilir.

 

     Belə ki, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş  bir sıra müraciətlər üzrə  kifayət qədər əsaslar olduğundan  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair maddələri ilə 7  cinayət işi başlanmışdır. Bu  cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətləri aparılmaqla təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilərək  7 şəxs barəsində  həbs qətimkan tədbiri seçilmişdir. Hazırda həmin  işlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticələrinə dair ictimaiyyətə ətraflı məlumat verilməsi təmin ediləcəkdir.

 

     Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsinin artıq nəticələr verdiyini vurğulayaraq, eyni zamanda bu cür neqativ hallara qarşı mübarizənin daha genişmiqyaslı və çox şaxəli olmasını zəruri saymaqla, inzibati tədbirlərin daha da gücləndirilməsi istiqamətində konkret göstərişlər vermişdir.

 

     Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yarandığı gündən üzərinə düşən vəzifələri mövcud Əsasnaməyə müvafiq olaraq yerinə yetirmişdir.

 

     Azərbaycanın güclü iqtisadi inkişafından qaynaqlanan amillərlə əlaqədar korrupsiyaya qarşı mübarizə üsullarının da təkmilləşdirilməsi zərurəti yaranmışdır.

 

     Dövlət Başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya  qarşı  mübarizənin daha ciddi aparılması üçün son vaxtlarda həyata keçirilmiş qanunvericilik və praktiki tədbirlər prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən  yüksək etimadın təzahürüdür.

 

     Belə ki, MDB məkanında, habelə Azərbaycan prokurorluğunun tarixində  ilk dəfə olaraq ixtisaslaşmış antikorrupsiya qurumuna korrupsiya cinayətlərinin aşkar edilməsi üçün mühüm əhəmiyyət kəsb edən əməliyyat-axtarış fəaliyyəti həyata keçirmək səlahiyyətlərinin verilməsi üzərimizə çox mühüm və böyük məsuliyyət qoyur.

 

     Hazırda bununla əlaqədar Baş Prokurorluqda müvafiq komissiya yaradılmaqla Korrupsiyaya qarşı mübarizə idarəsinin yeni strukturun formalaşdırılması, təsis edilməsi nəzərdə tutulan yeni şöbələrin əsasnamələrinin hazırlanması və idarənin peşəkar kadrlarla təmin olunması istiqamətində zəruri işlər həyata keçirilir.

 

     Hörmətli tədbir iştirakçıları !

 

     Azərbaycan Respublikasının siyasi rəhbərliyi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən irimiqyaslı və kompleks tədbirlər öz müsbət nəticələrini verməkdədir və görülən işlər  xalq tərəfindən yüksək qiymətləndirilir.

 

     Çıxışımın sonunda vurğulamaq istəyirəm ki, prokurorluq orqanlarının əməkdaşları bundan sonra da göstərilən yüksək etimadı doğrultmaq üçün bütün səylərini  səfərbər edəcək, öz vəzifələrinə məsuliyyətlə yanaşmaqla, respublikanın digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmalarına qarşı daha ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəklər.

 

     Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.