Şriftin ölçüsü :

Saytın rəngi :

Lənkəran Dövlət Universitetinin prorektoru barəsində cinayət işi başlanmışdır

16.04.2013

Lənkəran Dövlət Universitetinin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə həmin ali təhsil müəssisəsinin tələbəsinin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılmışdır.

     Müəyyən edilmişdir ki, universitetin tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar həmin universitetin tələbəsindən xəstəliyinə görə akademik məzuniyyət verilməsi üçün 500 manat məbləğində rüşvət tələb etmişdir. Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Q.Ağayev aprelin 15-də xidməti otağında tələbədən 400 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.

      Faktla bağlı Cinayət Məcəlləsinin 311.1.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.

      Q.Ağayev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində  məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

      Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.