Şriftin ölçüsü :

Saytın rəngi :

Qətlin üstü isti izlərlə açılmışdır

19.03.2013

Martın 18-də  saat 20 radələrində Neftçala şəhər sakini, 1989-cu il təvəllüdlü Aydın Əsgərov çoxsaylı kəsici-deşici xəsarətlərlə Neftçala mərkəzi rayon xəstəxanasına daxil olmuş və aldığı xəsarətlərdən orada ölmüşdür.

Hadisə ilə əlaqədar məhkəmə-tibb ekspertinin iştirakı ilə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Neftçala rayon sakini Rüfət Bağırov tərəfindən törədilməsi müəyyən edilmiş və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Müəyyən edilmişdir ki, R.Bağırov qeyd edilən tarixdə saat 20 radələrində rayonun Kürkənd kəndi ərazisində tanışı Aydın Əsgərovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.