Şriftin ölçüsü :
Saytın rəngi :
Sentyabrın 26-da Baş Prokurorluğun rəhbər heyətinin iştirakı ilə «Elektron Cinayət» İnformasiya Proqramının təqdimat mərasimi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini Rüstəm Usubov «Elektron Cinayət» İnformasiya Proqramının Azərbaycan Prokurorluğu orqanlarının həyatında xususi əhəmiyyət kəsb etdiyini bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkə həyatının bütün sahələrinin informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə müasir dövrün yüksək tələbləri səviyyəsində qurulmasına xüsusi önəm verdiyini diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, Nazirlər Kabinetinin cari il iyulun 11-də keçirilən «2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası»nda cənab İlham Əliyev elektron sistemə keçidin qaçılmazlığını vurğulamış, elektron sistemə keçidi təmin etməklə və institusional islahatları həyata keçirməklə şəffaflığın artırılması, həmçinin korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd etmişdir.
Ölkə səviyyəsində müasir informasiya texnologiyalarının tətbiqi ilə əlaqədar prokurorluq orqanları da bu istiqamətdə zəruri işlərin görülməsini təmin etməklə intensiv fəaliyyət göstərmişdir. Belə ki, son illərdə prokurorluq orqanlarında həyata keçirilən islahatlar nəticəsində Baş Prokurorluqda informasiya texnologiyalarının tətbiqini həyata keçirəcək qurum yaradılmış, «Elektron Sənəd Dövriyyəsi» Proqramı hazırlanaraq tətbiqinə başlanılmış, Baş Prokurorluğun idarə və şöbələri üçün xüsusi proqramların yazılması prosesinin həyata keçirilməsi istiqamətində zəruri tədbirlər görülmüşdür.
R.Usubov xüsusi vurgulamışdır ki, bu gün təqdimatına toplaşdığımız «Elektron Cinayət» İnformasiya Proqramı prokurorluq orqanlarında müasir informasiya texnologiyalarının tətbiqi prosesinin davamı olmaqla, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən hazırlanmışdır. Proqramın hazırlanması məqsədilə Baş prokuror cənab Zakir Qaralovun 19 avqust 2011-ci il tarixli Sərəncamına əsasən müvafiq komissiya yaradılmışdır. Hazırlanmış proqram cinayət haqqında məlumatın daxil olduğu andan cinayət işinin məhkəməyə göndərilən günədək aparılmış prosessual hərəkətləri, o cümlədən cinayət prosesinin məhkəmə mərhələsini və müvafiq prosessual hərəkətləri özündə əks etdirir. Proqramın prokurorluğun bütün struktur qurumlarında tətbiqi nəzərdə tutulmuşdur.
Tədbirdə Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov, Elm-TədrisMərkəzinin rəisi Nazir Bayramov çıxış edərək «Elektron Cinayət» İnformasiya Proqramının prokurorluq orqanlarının müasirləşdirilməsi və inkişafında, o cümlədən müasir informasiya texnologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirərək bu proqramı təqdirəlayiq hal kimi qiymətləndirmişlər.
Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidmətinin baş mütəxəssisi Xalid Baxşəliyev «Elektron Cinayət» İnformasiya Proqramının mahiyyəti, işləmə mexanizmi, ümumiləşmələrin aparılması zamanı üstünlükləri və digər məsələlərlə bağlı iştirakçılara ətraflı məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı