Şriftin ölçüsü :

Saytın rəngi :

Eduard Qriqoryanın cinayətkar obrazı barədə onun keçmiş qonşuları, habelə hazırda Sumqayıt şəhərində yaşayan ermənilərin ifadələrindən çıxarışlar

 İstintaq zamanı Eduard Qriqoyranın və onun ailəsinin yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, 122 nömrəli binanın sakinləri şahid qismində dindirilmişlər. Həmin binanın sakini Samoxvalova İrina Alekseyevna ifadə verərək göstərmişdir ki, Qriqoryan ailəsini onlar 1971-ci ildə Sumqayıt şəhəri 1-ci mkr. ev 122 ünvanında onlarla qonşuluqda mənzil almasından əvvəl tanımış, belə ki, o, E.Qriqoryanın anası Valentina Qriqoryanla birlikdə boru prokat zavodunda işləmişdir. Valentina Qriqoryanın onun adını hazırda xatırlamadığı hər iki ayaqdan əlil əri ilə münasibətləri həmişə normal olmuş, aralarında hər hansı münaqişənin şahidi olmamış, əri əlilliyi ilə əlaqədar əmək qabiliyyəti olmadığından ayaqqabı təmiri işləri ilə məşğul olmuş, o vəfat etdikdən sonra isə maddi vəziyyətləri daha da pisləşdiyindən Valentina əsasən işdə olduğundan uşaqları nəzarətsiz qalmış, Eduard Qriqoryanda uşaqlıq illərindən kriminala meyilli hərəkətlər müşahidə edilmişdir. Məlum hadisələr zamanı Eduard Qriqoryan müxtəlif millətlərdən olan tanımadığı adamların arasında özünü çox aktiv aparırdı. Sumqayıt şəhərində baş vermiş hadisələr planlı şəkildə, tanımadığı adamların rəhbərliyi altında keçirilirdi. Həmin adamlar Sumqayıt şəhərində yaşayan və vəzifə sahibləri, həmçinin Ermənistandan köçürülərək Sumqayıtda məskunlaşmış şəxslər deyildilər, bunlar ona tanış olmayan adamlar idi. Sumqayıt şəhərində baş vermiş hadisələr Ermənistanın millətçi dairələrinin marağında idi. Həmin hadisələrə qədər çoxlu ermənilər əmanət kassalarında olan pullarını götürərək Sumqayıt şəhərini tərk etmişlər. İ.Samoxvalova həmçinin qeyd etmişdir ki, Eduard Qriqoryanda heç vaxt şovinist, anti-erməni meyllərini müşahidə etməmiş, atasının onları tərk etməsi ilə əlaqədar onda erməni millətinə qarşı nifrətin, şovinist, anti-erməni meyllərinin yaranması ilə əlaqədar deyilənlərin isə heç bir əsası yoxdur.

    Eduard Qriqoryanın Sumqayıt şəhərində yaşayan xalası Boqdanova Nadejda Akimovna istintaqa verdiyi ifadələrində göstərmişdir ki, təxminən 2 il əvvəl Rusiya Federasiyası Moskva vilayətinin Zaqorsk şəhərində olarkən orada bacısı Valentina Qriqoryanın uşağları ilə, o cümlədən də Eduard Qriqoryanla görüşmüşdür. Eduard Qriqoryan və həyat yoldaşının tikintidə işlədiyini, onda olan məlumata görə Eduardın Rusiyada cinayət məsuliyyətinə cəlb olunmadığını bildirmişdir.

     İstintaq zamanı dindirilmiş hazırda Sumqayıt şəhərində yaşayan ermənilər Paranyan Firuzə Aşotovna, Ağayeva Lyudmila Armaisovna, Quliyeva Sevda Mikirtisovna, Mustafayeva Qreta Vaniçkayevna, Quliyeva Lidiya Stepanovna, Əsədova Vartuş Baxşı qızı, Quliyeva Amalya Sarkisovna, Qasımova Qalya Vladimirovna, Adıgözəlova Asya Mixaylovna öz ifadələrində bildirmişlər ki, 1988-ci il kütləvi iğtişaşlara qədər və ondan sonra da erməni millətindən olduqlarına görə onlara qarşı hər hansı təzyiqlər, təsirlər, ayrı-seçkilik olmamış, azərbaycanlılarla həmişə mehriban yaşamış, Sumqayıtda heç vaxt milli zəmində münaqişə baş verməmiş, məlum hadisələr zamanı ermənilərin yalnız kasıb, imkansız təbəqələri zərər çəkmiş, ermənilərin bir qisminin həmin hadisələr ərəfəsində kütləvi şəkildə bank əmanətlərini götürərək Sumqayıtı tərk etmələrini, kütləvi iğtişaşlara erməni milliyətindən olan Eduard Qriqoryanın rəhbərlik etdiyini öyrənmişlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.