Şriftin ölçüsü :

Saytın rəngi :

27-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədikləri cinayətlərdə Eduard Qriqoryanla birgə iştirak edən Səfərov Nizami müəyyən edilərək istintaqa cəlb olunub dindirilməsi

  27-29 fevral 1988-ci il tarixlərdə Sumqayıt şəhərində törədikləri cinayətlərdə Eduard Qriqoryanla birgə iştirak edən Səfərov Nizami müəyyən edilərək istintaqa cəlb olunub dindirilmişdir.

     Nizami Səfərov verdiyi ifadələrində göstərmişdir ki, həmin hadisələrdə onunla  eyni blokda yaşayan Qriqoryan Eduard fəal iştirak etmişdir və bu hadisələr zamanı basqına məruz qalan binalarda ermənilərin hansı mənzillərdə yaşadıqlarını kütləyə bildirmişdir. Nizami Səfərov həmçinin göstərmişdir ki, 28 fevral 1988-ci il tarixdə Eduard Qriqoryan, onun qardaşı Albert Qriqoryan və qara plaşda olan tanımadığı adamlar öz aralarında erməni dilində danışaraq «QAZ-53» markalı maşında camaata arağın paylanması ilə məşğul olmuşlar. Bundan başqa həmin «QAZ-53» markalı maşında olan dəmir parçalar yerə tökülərək orada olan camaata verilmişdir. Eduard Qriqoryan da həmin dəmir parçalarından birini götürərək ermənilərə hücum etmək barədə çağırışlar etmişdir. Həmin gün Eduard Qriqoryan ona bir ədəd ağ rəngli həb vermiş və onu qəbul etdikdən sonra özünü daha güclü və inamlı hiss etmişdir və etdiyi cinayətləri həmin dərmanın təsiri nəticəsində törətdiyini bildirmişdir.

     Eduard Qriqoryanla birgə cinayətlər törədən Hüseynov Vaqif Vahabəli oğlu 22 noyabr 2006-cı il tarixdə ölmüşdür; digər iki iştirakçı İsayev Əfsər İslam oğlu və Məmmədov Qalib Qədirşah oğlunun yerləri müəyyən edilməmiş, onların istintaqa cəlb edilməsi üçün əməliyyat tədbirləri keçirilir.

     Sumqayıt hadisələri ilə əlaqədar məhkum olunmuş Həbibov Alim Əziz oğlu ifadəsində göstərmişdir ki, 1988-ci il 28 fevral tarixində "Sputnik" mağazasının qarşısına gəlmiş, orada mağazanın şüşələrinin sındırılaraq spirtli içkilərin və ağ rəngli dərman preparatlarının bir qrup şəxs tərəfindən adamlara paylanmasının şahidi olmuşdur.

     Abdullayev Hacı Məhərrəm oğlu ifadəsində göstərmişdir ki, Sumqayıt hadisələri ərəfəsində, 1987-ci ilin dekabrın son günlərində Ermənistanda, Qafan rayonunda, öz kəndlərində olmuşdur. Atası danışmışdır ki, rayon mərkəzində ermənilər danışırmış ki, "Qarabağ" Komitəsi nə isə gizli bir əməliyyat hazırlayır. Həmin əməliyyatın həyata keçirilməsi Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsinə şərait yaratmalı imiş.

     1988-ci ilin fevralın 26-da həmkəndliləri Əli Əliyev Sumqayıtda yaşayan oğlu Vəziri görməyə gəlmiş, o, Əli kişidən hal-əhval tutub, ata-anasının vəziyyətini soruşmuşdur. Əli danışmışdır ki, ermənilər yenə hərbə-zorba gəlirlər, amma hələ ki, salamatlıqdır, amma camaatın bir hissəsi artıq köçməyə hazırlaşır. Eyni zamanda o danışmışdır ki, ermənilər azərbaycanlılar yaşayan kəndlərə özlərinin carçılarını göndərib hədələyirlərmiş ki, fevralın 20-nə kimi camaat çıxıb öz xoşu ilə getməsə, bütün azərbaycanlıları qıracaqlar. Hansısa yolla bu barədə Moskvaya məlumat çatmış və xəbər yayılmışdır ki, Makaşov soyadlı bir general Qafana gəlib aranı sakitləşdirmişdir. O, bu xəbəri eşidib rahat olmuşdur ki, ata-anası təhlükədə deyildirlər. Həmin vaxt o, Sumqayıtda, avtovağzaldan bir qədər aralı "naxalstroy" da, yəni icazəsiz tikdiyi evdə arvadı və iki uşağı ilə yaşamış və Sumqayıtdakı 25 №-li Tikinti-quraşdırma idarəsində suvaqçı işləmişdir. Həmin günlərdə onlar Ceyranbatan polimer zavodunun tikintisində çalışmışlar. Səhər tezdən marşrut avtobusu ilə işə gedib, axşamtərəfi evə qayıtmışlar. Fevralın 27- də səhər tezdən o, yaşadığı evdən Sumqayıt şəhər avtovağzalına gəlib oradan avtobusla işə getmiş, həmin vaxt şəhərdə sakitlik olmuşdur. Axşam tərəfi, saat 16 radələrində işdən geri qayıdanda Sumqayıt şəhər avtovağzalında bir canlanma müşahidə etmişdir. Təxminən 6-7 nəfər nimdaş qara kombinezon, yəni xüsusi fəhlə geyimi geyinmiş cavan kişilər ətraflarına toplaşmış 15-20 nəfərə ucadan deyirmişlər ki, guya Qafandan Bakıya bir maşın ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş azərbaycanlı meyiti gətiriblər. Onlar adamları qızışdırırmışlar ki, bəs niyə burada ermənilər ən yaxşı evlərdə yaşayırlar, ən pullu, asan və yüngül vəzifələrdə işləyirlər və onlara gözün üstə qaşın var deyən yoxdur? Adamlardan bəziləri onların sözünü təsdiq etmişlər. Həmin qara paltarlılar camaata demişlər ki, "Gəlin, gedək meydana, orada tələb edək ki, erməniləri şəhərdən qovsunlar, qulaq asan olmasa onları zorla özümüz qovarıq". Onlardan bir nəfər ləzgiyə, rusa oxşayanına "Paşa" deyə müraciət edirmişlər. O görmüşdür ki, bunlar, yəni həmin heç əməlli-başlı azərbaycanlıya da oxşamayan 6-7 nəfər, yalan danışırlar, ara qarışdırırlar. Ona görə onlardan soruşmuşdur ki, "siz haralısınız, niyə yalan danışırsınız, mən özüm Qafanlıyam, dünən oradan gələn olub, orada heç kimi öldürməyiblər".  "Paşa" və ətrafındakılar ona demişlər ki, guya onlar Qafandandırlar. O soruşmuşdur ki, siz Qafanın harasındansınız, hansı kənddənsiniz? Onlar demişlər ki, guya onlar Qafan şəhərinin özündəndirlər. O isə onlara demişdir ki, "siz Qafanlı deyilsiniz, mən sizin ləhcənizdən də bilirəm ki, oralı deyilsiniz." Onlar onun sözlərimi lağa qoyub, hətta biri onu ermənilərin tərəfini saxlayan "satqın" da adlandırmış, hətta "bəlkə də lap ermənisən" demişdir. Bundan sonra həmin şəxslər daha ona qulaq asmayıb Sülh küçəsi ilə şəhər bazarına tərəf getmişlər və onların ətrafına artıq xeyli adam toplaşmışdır. O, həmin şəxslərin arxasınca gedib onların nə etmək istəmələrini, camaatı nə üçün qızışdırmalarının səbəbini bilmək istəmişdir. Onlar Lenin meydanına daxil olmuş və görmüşlər ki, burada artıq xeyli insan toplaşıb. Tribunada şəhər partiya komitəsinin katibi olan qadın və şəhər Sovetinin İcraiyyə Komitəsinin sədri Məmmədov olmuşlar. Orada mikrofon və səsgücləndirici quraşdırılmışdır.

      Yuxarıda qeyd edilən həmin 6-7 nəfər yenə başlamışlar ki, "ermənilər Qafanda camaatımızı qırıblar, bir maşın meyit gətiriblər." Toplaşanlar anti-erməni şüarları qışqırmağa başlamışlar. Bu vaxt o, görmüşdür ki, Sumqayıt dram teatrının artisti Afaq Səfərova da buradadır. O, mikrofona yaxınlaşıb demişdir ki, araqarışdıranları, milli nifaq salmaq istəyənləri ifşa etmək lazımdır. O da yaxınlaşıb camaata qışqırmışdır: Ay camaat, yalanlara inanmayın, mən Qafanlıyam, dünən oradan gələn olub, mənim valideynlərim də oradadırlar, orada heç kimi öldürməyiblər, bu şayiədir." Amma həmin qarakombinezonlular camaatın arasında gəzib aranı qızışdırmışlar, camaatın bəziləri onun özünü xain adlandırmışlar ki, guya erməniləri müdafiə edir. Bu vaxt onlar görmüşlər ki, kimsə daş atıb meydanın bir kənarındakı mədəniyyət evinin foyesinin şüşələrini sındırmağa başlamışlar.

     Ağayev İqor Məmmədxanoviçin ifadəsindən görünür ki, 1988-ci il fevralın 28-də şəhər partiya komitəsinin qarşısında təşkil olunmuş mitinqdə çıxış edənlərdən biri saqqallı, uzun saçlı 40-45 yaşlarında, orta boylu və qeyri azərbaycanlı ləhcəsi ilə danışdığına görə diqqətini daha çox cəlb etmiş, sonradan təxminən saat 17 radələrində şəhər partiya komitəsindən 3-cü mikrorayon istiqamətində hərəkət edən kütlənin qarşısında təxminən 30-35 yaşlarında, idman cüssəli, Qafqaz millətinə oxşar, biri ağ şarfda, o biri isə uzun qara plaşda 2 nəfəri görmüş, sonradan SSRİ Prokurorluğunun müstəntiqi onu dindirərkən mitinqdə çıxış edən həmin şəxslər barədə məlumat vermiş, müstəntiq isə ona bildirmişdir ki, onları da həmin şəxs maraqlandırır, bu adam RF-da törətdiyi qətllə əlaqədar axtarışdadır, familiyası isə ya Petrosyan ya da Poqosyandır.

     Şahid Balayev Arif Atabala oğlunun ifadəsindən görünür ki, hadisələrdən sonra Azərbaycan televiziyasında həmin hadisələrlə bağlı hazırlanmış verilişlərə baxarkən kütləvi iğtişaşların iştirakçılarından olan Eduard Qriqoryanı görmüş və o xatırlamışdır ki, həmin adam 28.02.1988-ci il tarixdə Sülh və Dostluq küçələrinin kəsişdiyi yerdə yaşıl rəngdə olan «Moskviç» markalı maşının aşırılmasında fəal iştirak etmişdir. İstintaqla müəyyən edilmişdir ki, həmin avtomaşın Yeseyan ailəsinə məxsus olmuşdur.
     Həmin faktı istintaqa verdikləri ifadələrində Məmmədov Rüfət Binyamin oğlu, İbişov Aydın İnşalla oğlu da təsdiq etmişlər.
     Şahid Mehdiquliyev Şakir Əli oğlu istintaqa verdiyi ifadələrdə göstərmişdir ki, Eduard Qriqoryan 28 fevral 1988-ci il tarixdə günün ikinci yarsında Sumqayıt şəhəri 3-cü mikrorayon, 17/33 «b» mənzilin (zorlanan Lyudmila və Karina Mejlumyan bacıları yaşadığı ünvan) qarşısında olarkən orada olan adamlara rəhbərlik edərək müvafiq göstərişlər vermiş, öz təşkilatçılığı ilə seçilmişdir.
     Şahid Hüseynov Nizami Qəmbər oğlu istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt hadisələri ilə bağlı tutulduqdan sonra istintaq təcridxanasında saxlanılan Eduard Qriqoryanla görüşmüş və söhbət zamanı Mejlumyan Karinanın zorlanmasına görə tutulduğunu bildirmişdir. Edik Qriqoryan buna təəccüblənərək özünün orada olmaqla Karina Mejlumyanın zorlanmasında iştirak etdiyini, lakin onu orada olanların arasında görmədiyini bildirmişdir. Bundan başqa, Eduard Qriqoryan ona Sumqayıt şəhərində «Moskviç» markalı maşının yandırılması və məhv edilməsi, həmçinin Emma Qriqoryanın evində olarkən zorlanması və öldürülməsində iştirak etdiyinə görə ittiham elan edildiyini, lakin istintaqın bunu yaxşı şahidlərin olmadığına görə sübüt edə bilməyəcəyini demişdir.
     Şahid qismində dindirilmiş Süleymanov Əlihüseyn Süleyman oğlu istintaqa verdiyi ifadələrində göstərmişdir ki, 3 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi işlədiyi vaxt orada cəza çəkən Sumqayıt şəhər sakini Qriqoryan Eduard Robertoviçlə tanış olmuşdur. E.Qriqoryan kobud, həyasız, mənfi, cinayət törətməyə meyilli insan kimi xarakterizə olunmuş, həmçinin liderlik xüsusiyyətlərinə malik olmaqla digər məhbusların ona tabe olmasına çalışmışdır. Eduard Qriqoryanın şəxsiyyəti əlaqədar tərəfindən məxfi əməliyyat işi açılmış və orada müvafiq qeydlər aparılmışdır.
      1988-ci ilin fevral ayında Sumqayıt şəhərində baş vermiş məlum hadisələrdən sonra, mart-aprel aylarında onu Azərbaycan SSR DTK-nə dəvət etmişlər və orada  Eduard Qriqoryanla bağlı suallar verən keçmiş SSRİ DTK-nin əməkdaşı əsasən də, E.Qriqoryanın barəsində açılmış əməliyyat işi ilə maraqlanmışdır. Söhbətin nəticəsində ona məlum olmuşdur ki, E.Qriqoryan keçmiş SSRİ-nin təhlükəsizlik orqanları ilə sıx əməkdaşlıq edən şəxsdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.