Şriftin ölçüsü :

Saytın rəngi :

#hüquqimaarifləndirmə #İnsanHüquqlarıAylığı #HumanRightsMonth

Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsində və 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1, 99-2 və 99-3.2-ci maddələrinin bəzi müddəalarını şərh etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 7 aprel 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsindəki “cinayət törədilərkən istifadə etdiyi” müddəası hazırlanan cinayətdə alət və vasitələr kimi istifadə edilməsi nəzərdə tutulan əşyaları da əhatə edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin “cinayət törətmiş şəxsə məxsus olan digər əmlak” müddəası həmin Məcəllənin 99-1.1-ci maddəsində göstərilən əmlaka aid edilməyən cinayət törətmiş şəxsə məxsus olan hər hansı əmlakı nəzərdə tutur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-3.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan “cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı” müddəası məhkəmənin yekun qərarı ilə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönələn, həmçinin cinayətin törədilməsindən əvvəl və ya törədilməsindən sonra cinayət törətmiş şəxsə məxsus olan istənilən əmlakı ehtiva edir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-1-ci fəslinin, eləcə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.1-1, 346 və 353-cü maddələrinin tələblərindən irəli gələrək əmlakın xüsusi müsadirəsi ilə yanaşı, cinayət nəticəsində onun qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi məsələləri məhkəmənin yekun qərarı ilə həll edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.