Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqa, Vətənə layiqli xidmət şərəfdir

XALQA, VƏTƏNƏ LAYİQLİ XİDMƏT ŞƏRƏFDİR

Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan Ümummilli Lider Heydər Əliyevin xalqımızın qarşısındakı xidmətləri ölçüyəgəlməzdir. Dövlətimizin qüdrəti, müstəqilliyimizin əbədiliyi, dönməzliyi üçün xalqımız məhz Ümummilli Lider Heydər Əliyevə borcludur.

Həqiqətən də Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Ulu Öndər Heydər Əliyevlə bağlıdır. Onun idarəçilik dövrü xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsətli dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, misilsiz irəliləyişə nail olmuşdur.

Danılmaz faktdır ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması və müstəqillik tariximizdə ilk parlament seçkilərinin keçirilməsi ilə Azərbaycanın tarixi inkişafının yeni bir mərhələsi başlandı. Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanan və ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda - ümumxalq səsverməsində qəbul edilmişdir. Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapmışdır.

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər sırasında Heydər Əliyevin 21 fevral 1996-cı il tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır.

Hüquq islahatları sahəsində əhəmiyyətli sənədlərdən biri də Ulu Öndərin 1996-cı il iyunun 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında" sərəncamdır. Bu sənədə əsasən beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında" qanun və digər hüquqi sənədlərin layihələri hazırlanıb Milli Məclisdə müzakirə edilmiş və müvafiq qaydada qəbul olunmuşdur.

Milli Məclisin bu günə qədər qəbul etdiyi hüquqi sənədlərin böyük bir hissəsi Heydər Əliyev tərəfindən parlamentin müzakirəsinə verilmiş qanun layihələri, konvensiyalar və sazişlərdir. Respublika parlamenti bu gün də hüquq islahatları sahəsində xeyli tarixi sənədlər qəbul etməkdədir.

Ümumiyyətlə, haqq və ədalətin zəfər çalması uğrunda fədakar mübariz kimi şöhrət qazanmış Heydər Əliyev özünün siyasi və dövlətçilik fəaliyyətində hüquqi dəyərlər sistemində insanların hüquq və azadlıqlarının ifadəsinin və müdafiəsinin ən ali forması olan qanunlara dürüst əməl edilməsini daim önə çəkmişdir. Ulu Öndərin rəhbərliyi dövründə hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində prinsipial addımlar atılmış, cinayətkarlığa, xüsusən rüşvətxorluq və korrupsiya kimi ağır cinayətlərə qarşı genişmiqyaslı, güclü və səmərəli mübarizə təşkil edilmişdir. Həmin dövrlərdə ölkəmizdə ali hüquq təhsilinin haqq-ədalət çərçivəsində, cəmiyyətin bütün təbəqələrinin mənafeyinə cavab verən prinsiplər əsasında təşkili, vətənpərvər, istedadlı, savadlı, dürüst və vicdanlı hüquqşünas kadrların hazırlanması müstəsna əhəmiyyət kəsb etmişdir. Bu ənənə indi də davam etməkdədir. Ulu öndərimiz Azərbaycanın prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda ötən əsrin tarixi gerçəkliyini xatırladaraq demişdir: "Mən xüsusi qeyd etmək istəyirəm ki, 1960, 1970, 1980-ci illərdə Azərbaycanda milli prokuror kadrları hazırlandı, yetişdi və bu gün Azərbaycan prokurorluğunun əsasını təşkil edən kadrlar yüksək peşəkarlığa, hüquqi təhsilə malik olan və öz vəzifələrini yerinə yetirə bilən kadrlardan ibarətdir. Bunlar hamısı bir gündə, bir ildə hazırlana bilməzdi. Azərbaycanda prokurorluq orqanları on illər ərzində təşkil olunmuş, formalaşmış, inkişaf etmiş və bugünkü yüksək peşəkar səviyyəyə çatmışdır".

Bildiyimiz kimi, dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illərdə respublikamız və xalqımız çox ağır sınaqlarla üzləşmiş dövlətçiliyimizin əsasları ciddi şəkildə zəifləmiş, cinayətkarlıq halları görünməmiş səviyyəyə çatmışdı. Həmin vaxt hakimiyyətdə olanların siyasi naşılığı, dövlət idarəçiliyindəki səriştəsizliyi, xalqa qarşı ədalətsiz hərəkətləri, xarici təcavüz şəraitində milli birliyin təmin edilməməsi son nəticədə ölkədə xaosa, hərc-mərcliyə, özbaşınalığa gətirib çıxarmış, müstəqilliyimizi məhv olmaq təhlükəsi ilə üzləşdirmişdi. Bu illərdə prokurorluq orqanlarında da qeyri-sağlam vəziyyət yaranmış, bu orqanlar öz fəaliyyətini qanun çərçivəsində göstərə bilməmiş, üzərinə düşən vəzifələri həyata keçirməkdə böyük çətinliklərlə üzləşmişlər.

Yalnız 1993-cü ilin iyununda Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətimizin ali rəhbərliyinə qayıdışından sonra respublikamızda ictimai-siyasi sabitliyin, qanunçuluğun bərqərar edilməsi, milli dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində atılan məqsədyönlü addımlar cəmiyyətdə qanunçuluğa hörmət prinsipinin bərpasına, cəmiyyətin cinayətkar ünsürlərdən təmizlənməsinə, güclü və səmərəli hüquq-mühafizə sisteminin formalaşmasına şərait yaratmışdır. Ulu öndərin şəxsi iradəsi və siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan parçalanıb dağılmaq, müstəqilliyini itirmək və vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, qısa müddət ərzində dövlət və hakimiyyət böhranına, xaos və anarxiyaya son qoyulmuşdur. Çoxsaylı dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı qətiyyətlə alınmaqla sabitliyə nail olunmuş, insanların dinc yaşaması üçün təhlükə yaradan cinayətkarların hakimiyyətə meydan oxuması, qanunsuz silahlı birləşmələrin mövcudluğu kimi mənfi təzahürlər aradan qaldırılmışdır.

Ulu öndər dövlət başçısı kimi daim inandığı, güvəndiyi və arxalandığı prokurorluq orqanlarına, bu orqanlarda şərəflə çalışanlara qayğısını heç vaxt əsirgəməmişdir. Prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi ümummilli lider, hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Heydər Əliyev prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram".

Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ənənəni bu gün də layiqincə davam etdirir və prokurorluq orqanları əməkdaşlarından diqqətini, qayğısını və dəstəyini əsirgəmir və dövlətimiz tərəfindən bu orqanın normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür. Xidməti vəzifələrimizin icrası zamanı bu etimadı doğruldaraq Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın daha da qüdrətlənməsi naminə bundan sonra da qətiyyət və əzmlə çalışmaq, insan hüquq və azadlıqlarının müdafiəsi, ictimai-siyasi sabitliyin, əmin-amanlığın və dövlətçiliyimizin layiqincə qorunması uğrunda ləyaqətlə xidmət etmək hər birimizin mənəvi borcu olduğu kimi, həm də böyük şərəfdir.

Əli QURBANOV,

Tərtər rayon prokuroru, baş ədliyyə müşaviri.

Respublika qəzeti

 2023-07-12

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.