Şriftin ölçüsü :
Saytın rəngi :
Ulu Öndərin dövlət quruculuğu siyasəti və müasir Azərbaycan Prokurorluğu
1 Oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, dahi azərbaycanlı, ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri xalqımız tərəfindən unudulmur, həmişə fəxrlə anılır və onun 100 illik yubileyi günlərində də silsilə tədbirlərlə qeyd olunur.
Ulu Öndər müasir Azərbaycan dövlətinin banisi kimi tarixdə silinməz iz qoymuşdur. Uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanın nüfuzunu beynəlxalq səviyyəyə qaldıran, onu dünyaya tanıdan Heydər Əliyevin adını dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq eşidən hər bir azərbaycanlı qürur hissi keçirir. Çünki Ulu Öndər rəhbərlik etdiyi dövrdə ölkənin elə bir sahəsi yoxdur ki, həmin sahədə islahatlar aparılmasın.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox çətin sınaqdan keçirdi. Hakimiyyət üstündə çəkişmələr, cəbhədəki məğlubiyyətlər, ölkə daxilində xaos - məhz belə bir çətin vəziyyətdə xalqın çağırışı ilə xilaskar kimi hakimiyyətə gələn ulu öndər peşəkar siyasi qabiliyyəti, idarəçilik təcrübəsi ilə müdrik dövlət xadimi kimi ölkəni bu çətin vəziyyətdən çıxardı və respublikada ictimai-siyasi stabilliyə nail oldu. Apardığı qətiyyətli siyasət nəticəsində ölkəmizdə milli ordu formalaşdırıldı, müasir dövrün tələblərinə cavab verə biləcək Silahlı Qüvvələrin formalaşmasının bünövrəsi məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə iqtisadi inkişafın əsası qoyuldu, dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, siyasi-hüquqi-iqtisadi və digər sahələr üzrə genişmiqyaslı islahatlar dövrü başlanıldı. Təsadüf deyil ki, 1993-cü ilin 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü olaraq qızıl hərflərlə yazıldı.
Dağlıq Qarabağda erməni separatizmi məsələsi, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyinə siyasi və iqtisadi inteqrasiya onun diplomatiyası qarşısında çox mühüm vəzifələr qoyurdu. Beynəlxalq birliyi Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması zəruriliyinə inandırmaq, milli maraqları dünya dövlətlərinin kəsişən və toqquşan mənafeləri ilə uzlaşdırmaq, Azərbaycanın müstəqilliyinə və təhlükəsizliyinə beynəlxalq təminat almaq üçün xeyli işlər görülməli idi.
Ulu Öndər bunu bacardı və yüksək siyasi iradə, qətiyyət və diplomatik ustalıq göstərərək 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olaraq Azərbaycanın qapılarını dünyaya açdı və bununla da yeni investisiyaların qoyulmasına müvəffəq oldu.
Ulu Öndər mühüm coğrafi-strateji məkanda yerləşən Azərbaycanın malik olduğu mövqedən ölkəsinin iqtisadi və siyasi maraqlarının təmin olunması üçün məharətlə istifadə etdi.
7-8 sentyabr 1998-ci ildə 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi "Böyük İpək yolu"nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı Azərbaycanın qazandığı ən mühüm nailiyyətlərindən biri oldu. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasının daha da dərinləşməsinə xidmət etdi.
Nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilən Azərbaycan təkcə qonşu ölkələr ilə deyil, artıq ABŞ, Avropa ölkələri ilə də əməkdaşlıqda yeni mərhələyə qədəm qoydu. Belə ki, Ulu Öndər tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildi, Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı.
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əsas xidmətlərindən biri də müasir hüquqi dövlət quruculuğunun əsasını qoymasıdır. Bu istiqamətdə görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etməklə, ölkəmizin hüquqi sisteminə müasirlik gətirdi. Qeyd olunmalıdır ki, həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğuna və hüquq sisteminə müstəsna dəyər verən Ulu öndər Hüquqi İslahat Komissiyasına və bu sahədə islahatlara bilavasitə özü rəhbərlik etdi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev Azərbaycanda müasir dövlət quruculuğunun yaradılması ideyasını 1995-ci ildə ilk milli Konstitusiyanı hazırlamaqla gerçəkləşdirdi. Konstitusiyamızda demokratik hüquqi dövlətin bütün prinsipləri, o cümlədən qanunun aliliyi və hakimiyyət bölgüsü prinsipləri təsbit olunaraq məhkəmə hakimiyyəti dövlət hakimiyyətinin müstəqil qolu kimi qanunverici və icra hakimiyyəti ilə eyni statusu əldə etdi, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi.
Hüquq islahatları sahəsində çox əhəmiyyətli sənədlərdən biri də Heydər Əliyevin 1996-cı il iyunun 8-də imzaladığı "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında" Sərəncamdır. Bu sənədə əsasən beynəlxalq standartlara uyğun "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanunlar və bütün əsas məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra Milli Məclisdə müzakirə edilərək qəbul olundu.
İnsan hüquqlarının qorunması və müdafiəsini ən ümdə məsələ hesab edən Ulu Öndərin 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" Fərmanı cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. Ulu Öndərin rəhbərliyi dövründə əfv və amnistiya təsisatları yaradılmış, 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv Fərmanı qəbul edilmişdir. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilmişdir. Eyni zamanda, Heydər Əliyevin humanizminin nəticəsi olaraq Azərbaycan Şərqdə ilk dəfə ölüm cəzasını ləğv edən ölkə kimi tarixə düşmüşdür.
2023-cü il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın ölüm cəzasının bütün hallarda ləğvinə dair 13 nömrəli Protokolunun Azərbaycan Respublikası adından imzalanması ilə bağlı Sərəncama əsasən müvafiq tapşırıqlar verilmiş və cari il martın 8-də Strasburqda müvafiq Protokol imzalanmışdır. Bu addımla dövlətimizin başçısı siyasətinin mərkəzində insan faktorunun durduğunu və yaşamaq hüququnu ən yüksək səviyyədə təmin etmək iradəsini bir daha nümayiş etdirmişdir.
İnsan hüquq və azadlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoyan Ulu Öndər tərəfindən atılan humanist addımlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən bu gün də davam etdirilir. Ölkə rəhbərinin əfv sərəncamı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilən amnistiya aktları Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətin qətiyyətlə davam etdirildiyinin nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları 57 mindən çox şəxsə şamil edilmiş, imzaladığı əfv sərəncamları 6700-ə yaxın şəxsi əhatə etmişdir. Həmçinin qanunvericiliyə edilmiş konseptual dəyişikliklər nəticəsində bir çox əməl dekriminallaşdırılmış, şəxsin cəmiyyətdən təcrid edilməsi ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilmişdir. Eyni zamanda, Ulu Öndərin 100 illiyi münasibətilə imzalanmış 801 nəfəri əhatə edən 2023-cü il 8 may tarixli Əfv sərəncamı cənab Prezident İlham Əliyev tərəfindən atılmış humanist addım olmaqla yanaşı, dövlət siyasətinin əsasını insan amilinin təşkil etdiyi faktını bir daha təsdiq edir.
Ulu öndər Heydər Əliyev prokurorluğun dövlət quruluşu sistemində xüsusi yeri olduğunu bəyan etməklə, müəllifi olduğu Konstitusiyaya ayrıca maddə salmaqla prokurorluğu məhkəmə hakimiyyəti sisteminə daxil olan və Azərbaycan Respublikası Baş prokurorunun tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edərək konstitusion status verməsi ilə prokurorluğun hüquqi statusu və dövlət hüquq sistemində yeri və əsas fəaliyyət istiqamətləri müəyyən olundu.
Prokurorluğun demokratik və hüquqi cəmiyyətdə rolunu nəzərə alaraq Ulu Öndər hər il 1 oktyabrın Azərbaycan Respublikasında Prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzaladı. Bu, prokurorluq işçilərinin məsul və şərəfli fəaliyyətinə dövlətin və cəmiyyətin etimad və rəğbətinin bariz ifadəsidir.
Ulu öndər Heydər Əliyevin 26 aprel 2000-ci ildə prokurorluğun rəhbər işçiləri ilə keçirdiyi müşavirədən sonra prokurorluq orqanları qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı aparılmış hərtərəfli islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurulmuşdur.
Ümummilli lider Heydər Əliyevin 19 iyun 2001-ci il tarixli, 509 nömrəli fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə" təsdiq edilməklə prokurorluq orqanlarına işə qəbulun şəffaf prosedurlar əsasında müsabiqə yolu ilə aparılması qaydaları müəyyən edilmişdir.
2002-ci ildə həmin qaydada keçirilmiş ilk müsabiqə əsasında prokurorluq orqanlarına qulluğa qəbul edilmiş şəxslərdən biri kimi Ulu öndərin bu təşəbbüsünün əhəmiyyətinin böyük fəxr və minnətdarlıq hissi ilə anmaqla, heç vaxt unutmayacağam. Eyni zamanda qeyd etmək istərdim ki, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməklə hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində mühüm addım atılmışdır.
Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi və genişmiqyaslı hüquq islahatları ədalətli cəmiyyətin və demokratik hüquqi dövlətin qurulmasına yönəldi. Məhz Heydər Əliyevin dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə müasir Azərbaycanda demokratik, dünyəvi və hüquqi dövlətin yaradılmasına müvəffəq olundu. Ulu Öndər hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin hüquq sisteminin daha da müasirləşdirilməsi və zəruri standartlara uyğunlaşdırılması prosesi bu gün də davam etdirilməkdədir.
Ulu öndər Heydər Əliyev tərəfindən dövlətçiliyin əsas sütunlarından biri kimi qəbul edilən Azərbaycan Prokurorluğuna olan böyük etimad və inam cənab Prezident İlham Əliyev tərəfindən daha da artırıldı. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin təyinatından sonrakı dövrdə cənab Prezidentin verdiyi göstərişlərdən irəli gələn vəzifələrin icrası ilə bağlı prokurorluğun fəaliyyət istiqamətləri və səlahiyyətlərinin genişləndirilməsi, habelə təminat məsələlərinə dair bir sıra tədbirlər görüldü, işin səmərəliliyinin artırılması, fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulması istiqamətində ciddi struktur və kadr islahatları həyata keçirildi.
Xüsusilə qeyd etməliyik ki, Ulu Öndərin arzu və istəkləri, dövlət quruculuğu ilə bağlı ideyaları və əsasını qoyduğu islahatlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 44 günlük İkinci Qarabağ müharibəsində düşmən üzərində qazanılan şanlı Zəfərlə nəticələndi. Bu Zəfər Heydər Əliyev siyasətinə bir daha əbədiyaşarlıq gətirdi.
Böyük Qələbə cənab Prezidentin möhkəm iradəsi, müdrik diplomatiyası, yaratdığı güclü iqtisadiyyat, ordu quruculuğu sahəsində həyata keçirdiyi uğurlu siyasət, habelə memarı və Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrimizin fədakarlığı sayəsində mümkün oldu.
Həmçinin vurğulamaq lazımdır ki, uzun illərdən sonra torpaqlarımıza qovuşmaqda əvəzsiz xidmətləri olmuş Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri və qazilər hər zaman Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı ilə əhatə olunur. Bu istiqamətdə hazırda da "Heydər Əliyev" Fondu və "YAŞAT" Fondu tərəfindən müstəsna əhəmiyyətə malik işlər görülür.
Bu gün azad edilən əzəli torpaqlarımız cənab Prezidentin müasir inkişaf konsepsiyası ilə yenidən qurulur. Ölkə başçımızın işğaldan azad edilmiş ərazilərə hər səfəri böyük iftixarla izlənməklə, həmin torpaqlarda həyata keçirilən sürətli yenidənqurma işləri minlərlə soydaşımızın öz dədə-baba yurdlarına qayıdaraq orada əbədi yaşamaq arzusunu artıq reallaşdırmışdır.
Eyni zamanda bildirmək istərdim ki, Qarabağda prokurorluq orqanlarının fəaliyyətinin daha səmərəli təşkilini təmin etmək məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə yeni yaradılmış hərbi prokurorluqların, habelə işğaldan azad edilmiş ərazilər üzrə rayon prokurorluqlarının müvafiq ərazilərdə fəaliyyətinin təmin edilməsi özündə Qarabağa Böyük Qayıdışa dair dövlət siyasətinin həyata keçirilməsini təcəssüm etdirir.
Sonda tam əminliklə söyləyə bilərik ki, bu gün dahi şəxsiyyət Heydər Əliyev cismən aramızda olmasa da, hələ çox-çox illər sonra da gələcək nəsillər Heydər Əliyevin misilsiz əməyi və ideyaları, cənab Prezidentin yorulmaz və hərtərəfli fəaliyyəti nəticəsində ərsəyə gəlmiş Qalib Azərbaycan dövlətinin bəhrəsini görəcək və hər iki şəxsiyyətin müasir hüquqi dövlət quruculuğuna verdiyi dəyərin və bu sahədə əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Bu yolda vətənini sevən hər bir vətəndaş cənab Prezident İlham Əliyevin ətrafında "Dəmir yumruq" kimi birləşərək müstəqil Azərbaycanın parlaq gələcəyi naminə əzmlə çalışacaq.
Ceyhun KAZIMOV,
Ədliyyə, gömrük və vergi orqanlarının
istintaq, təhqiqat və əməliyyat-axtarış
fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəisi, baş ədliyyə müşaviri.
Respublika qəzeti, 1 oktyabr 2023-cü il