Şriftin ölçüsü :
Saytın rəngi :
Heydər Əliyev və Azərbaycanda qanunun aliliyi
Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədirbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq.
Ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi dahi Heydər Əliyevin adı, müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.
Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, Sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmışdır.
Heydər Əliyev Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində müstəqilliyə yenicə qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırıb, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti ilə özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdır. 1993-cü ilin iyununda, mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi düşmüşdür.
Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.
Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq, hər bir strukturun fəaliyyətinə böyük diqqət göstərən ümummilli liderin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. O, prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həmişə xüsusi qayğı göstərmişdir. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur. Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun layiqli yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yetirilməsi nəticəsində mümkün olmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi isə tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürüdür.
Ümummilli lider Heydər Əliyev 26 aprel 2000-ci ildə respublika prokurorluğunun rəhbər işçiləri ilə keçirdiyi müşavirədə prokurorluq orqanlarında yaranmış qeyri-sağlam mühiti, vəzifədən sui-istifadə, istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneəyə çevrilən qanunsuz yoxlamaların keçirilməsi kimi neqativ halları kəskin tənqid etmiş və bu problemlərin aradan qaldırılması üçün qısa müddətdə ən sərt tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında məsul vəzifə kimi müəyyənləşdirmişdir. Prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət daşıyan bu müşavirədən sonra Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verilmiş, qanunun aliliyi prinsipinin reallaşması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının təmin olunması onun fəaliyyətinin əsas istiqaməti olmuşdur.
Prokurorluğun fəaliyyətini tənzimləyən yeni qanunvericilik qəbul olunduqdan sonra bir sıra qurumlar ləğv edilmiş, Baş Prokurorluğun struktur qurumları yenidən təşkil olunmuşdur.
Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə prokurorluq orqanlarında islahatlar yeni dövrün tələbləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmişdir. Dövlət başçımızın rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirilmişdir.
Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə uğurla davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir, güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır. Bu gün informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinə iqtisadi islahatlar dövrü kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Cənubi Qafqaz regionunun, ümumilikdə, Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə ölkəmizin əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini təmin etmişdir.
Əldə olunan diplomatik uğurlarla yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsi nəticəsində mümkün olmuşdur.
Bu birlik özünü 44 günlük Vətən müharibəsi dövründə də göstərdi. Müharibə iki cəbhədə gedirdi: döyüş meydanında və kütləvi informasiya vasitələrində. Azərbaycan həm döyüş meydanındakı müharibədə, həm də informasiya müharibəsində qalib gəldi. Prezident İlham Əliyev yorulmadan kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dünya ictimaiyyətinə həqiqətləri, erməni təxribatları, mülki əhalimizə qarşı törədilən terror aktları barədə məlumatları çatdırırdı, dövlətimizə qarşı qarayaxma kampaniyası aparmağa çalışan kütləvi informasiya vasitələrinin nümayəndələrini tutarlı arqumentləri ilə susdururdu.
Unutmamalıyıq ki, Müasir Azərbaycan Ordusunun əsasının qoyulması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet İttifaqı dövründə təzyiqlərə baxmayaraq azərbaycanlıların hərbi peşə ilə məşğul olmalarına dəstək verirdi, general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail olmuşdur. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan Ordusu ən müasir silahlarıa təchiz olundu, peşəkar hərbiçilər yetişdirildi.
Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.
2023-cü il may ayının 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli 3623 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar 13 dekabr 2022-ci il tarixdə Baş Prokurorluq üzrə Tədbirlər planı təsdiq olunmuşdur.
Mehman XANKİŞİYEV,
Şəki rayon prokuroru, baş ədliyyə müşaviri
Xalq Qəzeti
07.03.2023