Şriftin ölçüsü :
Saytın rəngi :
Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş müdrik şəxsiyyət
Xalqımız, eləcə də dünya azərbaycanlıları müdrik şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin 100 illik yubileyini təntənə ilə qeyd edirlər. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 29 sentyabr 2022- ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Əgər ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə müstəqil Azərbaycana rəhbərlik etməyə razılıq verməsəydi, o zaman respublikamız dəhşətli fəlakətlərlə üzləşəcəkdi. Vətəndaş müharibəsi həddinə çatmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu da daxili qarşıdurmanı getdikcə gücləndirir, siyasi böhranı daha da dərinləşdirirdi. Sonralar ulu öndər Heydər Əliyev xalqla keçirdiyi görüşlərdə müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi : “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Xalqın təkidi ilə müdrik şəxsiyyətin respublikaya rəhbərliyindən sonra həyata keçirilən təxirəsalınmaz və cəsarətli tədbirlər sayəsində respublikada ictimai-siyasi vəziyyət tədricən öz axarına düşdü, vətəndaş qarşıdurması və seperatizm təhlükəsi aradan qaldırıldı. Ulu öndər respublikada cinayətkarlığa qarşı barışmaz mübarizə elan etməklə, müxtəlif oliqarxlara xidmət edən qeyri-qanuni silahlı qruplaşmaların qarşısını aldı və demokratik, hüquqi dövlət quruculuğu prosesinə başladı.
Heydər Əliyevin qarşıya qoyduğu prioritet vəzifə demokratik, hüquqi , sivil dövlət qurmaq idi. Bundan ötrü, köhnə sovet qanunlarından uzaqlaşmaq, müstəqil Azərbaycanın müasir tələblərə cavab verən zəngin qanunvericilik bazasını yaratmaq tələb olunurdu. İlk növbədə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunmalı idi. Həmin vaxtdan 28 il keçsə də, o gün heç kimin yaddaşından silinməyib. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Konstitusiya Heydər Əliyevin şah əsəri hesab olunur.
Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirildi.
Heydər Əliyevin 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradıldı. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzimləyən çoxlu qanunların, o cümlədən, prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktlar hazırlandı. Bu qanunların qəbulundan sonra prokurorluq orqanlarının fəaliyyətində yeni mərhələnin əsası qoyuldu. Həmin vaxt qəbul edilən qanunlarla yanaşı, prokurorluq orqanlarının da fəaliyyətini tənzimləyən bir sıra hüquqi aktlar qəbul edildi: “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvericilik aktlarının qəbul edilməsi, normativ sənədlərin təsdiqlənməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə və beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəldi.
Faktlar da təsdiləyir ki, Azərbaycan Prokurorluq orqanlarının əsasının formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin hər il oktyabr ayının 1-nin “Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli sərəncamı reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
Prokurorluq orqanlarının fəaliyyət istiqamətləri 1999-cu il dekabrın 7-də qəbul olunmuş “Prokurorluq haqqında” Qanunun 4-cü maddəsində müəyyənləşdirilmişdir. Qanunun həmin maddəsində, eyni zamanda, prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, “Prokurorluq haqqında” Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulmasının yolverilməzliyi barədə imperativ norma da vardır.
Prokurorluğun demokratik, sivil bir dövlət qurumu kimi yenidən formalaşmasında ulu öndər Heydər Əliyevin respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə 2000-ci il aprelin 26- da keçirdiyi görüşün müstəsna əhəmiyyəti olmuşdur. Məhz bu müşavirə prokurorluq işçiləri üçün taleyüklü əhəmiyyət kəsb etmişdir. Həmin vaxtdan başlayaraq, Azərbaycan Prokurorluğunda hərtərəfli islahatlara start verildi. Ulu öndərin həmin görüşdəki tövsiyə və göstərişləri, qətiyyəti, qarşıya qoyuduğu prioritet vəzifələr prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətlərini müəyyənləşdirdi.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarında da islahatlar aparılmışdır. Dövlət başçımız bu sahəni daim diqqət mərkəzində saxlamışdır. Cənab Prezidentin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə təminatın yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlərin görülməsi təmin olunur, yeni inzibati binalar istifadəyə verilir və ya əsaslı təmir edilir.
Tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacaq, gələcək nəsillərə ötürəcək. Prokurorluq orqanlarının əməkdaşları bundan sonra da bu işlərdə dövlət başçımıza dəstək olacaq, öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaqla, daim qanunun aliliyini rəhbər tutaraq cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsində, cəmiyyətin və dövlətimizin maraqlarının qorunmasında mühüm rol oynayacaqlar.
Rauf Gözəlov,
Qazax rayon prokuroru, baş ədliyyə müşaviri
6 may 2023-cü il, Xalq qəzeti