Şriftin ölçüsü :

Saytın rəngi :

Ümumi məlumat

  Uzun illər ərzində erməni tərəfi öz separatçı və işğalçı siyasətinə, Xocalı soyqırımına və Azərbaycan torpaqlarında törətdiyi digər cinayətlərə bəraət qazandırmaq üçün Sumqayıt hadisələrinə istinad edir.
Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və etnik təmizləmə siyasəti həyata keçirmiş Ermənistan, Sumqayıt hadisələrini Azərbaycanın təşkil etdiyi məqsədyönlü akt kimi təqdim edir.
Hələ 1988-ci ildən başlanmış bu təbliğat kampaniyası dünya ictimaiyyətinə azərbaycanlıların ermənilərə qarşı qəddarlığı, ermənilərin azərbaycanlılarla bir dövlət tərkibində birgə yaşamalarının mümkün olmaması ideyasının aşılanmasına yönəlmişdir.

     Erməni tərəfi öz yalanlarını həqiqət kimi təqdim etmək məqsədi ilə faktların təhrif edilməsi, sənədlərin saxtalaşdırılması və tarix boyu tətbiq etdiyi digər çirkin üsullara tərəddüd etmədən əl atır.
     Belə uydurma məlumatlar internet şəbəkəsində kütləvi şəkildə yerləşdirilir, onların yayılması üçün xüsusi saytlar yaradılır.
     Ermənistan Sumqayıt hadisələrinin azərbaycanlılar tərəfindən ermənilərə qarşı soyqırım olmasına dair bəyanatlarla müxtəlif beynəlxalq qurumlara müraciət edir.       Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla bağlı 1988-1990-cı illərdə aparılmış istintaq və məhkəmə prosesləri nəticəsində həmin hadisələrə ədalətli hüquqi qiymət verilməməsi, onların əsl sifarişçiləri və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaması Ermənistanın bu sahədəki fəaliyyətinə şərait yaratmışdır.

     Belə ki, hadisələrlə əlaqədar dərhal, 28 mart 1988-ci il tarixdə Sumqayıt şəhər prokurorluğu tərəfindən həmin dövrdə qüvvədə olan Azərbaycan SSR CM-nin 72-ci maddəsinin (kütləvi iğtişaş) əlamətləri ilə cinayət işi başlansa da, artıq 01 mart 1988-ci il tarixdə həmin iş SSRİ Baş Prokurorluğunun istintaq qrupu tərəfindən icraata qəbul edilərək, ona 18/55461-88 nömrəsi verilmiş və istintaq davam etdirilmişdir.

 

 SSRİ Baş Prokurorluğunun istintaq qrupu Mixail Qorbaçovun göstərişi ilə hadisələrin xuliqanlıq edən elementlər tərəfindən törədilməsi versiyası üzərində dayanmış və həmin versiyanın rəsmiləşdirilməsi istiqamətində iş aparmışdır.

     Məhz Sumqayıt hadisələrinə obyektiv hüquqi və siyasi qiymət verilməməsindən istifadə edərək erməni separatçıları Dağlıq Qarabağın Azərbaycanın tərkibindən zorla çıxarılması prosesinə başlamışlar.
Sumqayıt hadisələrindən dərhal sonra Ermənistanda, sovet mətbuatında və beynəlxalq səviyyədə Azərbaycana qarşı informasiya kampaniyasına start verilmişdir. Bu kampaniya artıq iyirmi üç il ərzində ardıcıl şəkildə aparılır.

      Cinayətin təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün müvafiq beynəlxalq qurumlara müraciət edilməsi və bunun üçün hüquqi əsasların müəyyən olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 1988-ci ilin 27-29 fevral tarixlərində Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşlarla əlaqədar istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikası Baş Prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilmiş və Baş Prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərliyi ilə prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiq və əməliyyatçılarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilmişdir.

      İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Nazirlər Komitəsinə, Qaçqın və köçkünlərin işləri üzrə Dövlət Komitəsinə, Daxili İşlər, Milli Təhlükəsizlik, Mədəniyyət və Turizm, Nəqliyyat nazirliklərinə, Ali Məhkəməyə, Həmkarlar İttifaqları Konfederasiyasına, Sumqayıt şəhər İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, respublikanın bir sıra kütləvi informasiya vasitələrinə, habelə Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər xarici ölkələrə müvafiq sorğular göndərilmiş, Sumqayıt hadisələrinin çoxsaylı şahidlərinin, həmin hadisələrdən məlumatı olan digər insanların, o cümlədən SSRİ Prokurorluğunun istintaq qrupuna daxil olan şəxslərin ifadələri alınmış, arxiv sənədləri açılmış, mətbuatda verilmiş məlumatlar təhlil edilmiş, digər zəruri istintaq-əməliyyat tədbirləri görülmüşdür.

      İstintaqla müəyyən edilmişdir ki, Sumqayıtda törədilmiş iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam həlak olmuş, onlardan 26-sı milliyyətcə erməni olmuş,  400 nəfərdən çox adam müxtəlif dərəcəli bədən xəsarətləri almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın zədələnmiş və bir hissəsi yandırılmış, dövlətə o vaxtkı qiymətlərlə 7 milyon rubl məbləğində maddi ziyan vurulmuşdur.

     Hadisələrlə əlaqədar 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, onlardan 400 nəfəri 10-15 gün təcridxanalarda saxlanılmış, 94 nəfər müxtəlif müddətlərə həbs cəzasına, bir nəfər - Əhməd Əhmədov isə güllələnməyə məhkum olunmuşdur.

     Hazırkı İstintaq qrupu tərəfindən aparılmış istintaq nəticəsində Sumqayıt hadisələrinin həqiqi mahiyyəti - Dağlıq Qarabağın Azərbaycandan qoparılması üzrə mübarizənin "rəsmi səbəbi" kimi qanlı təxribat olması tam sübuta yetirilmişdir.

     Müəyyən edilmişdir ki, Sumqayıt sənaye şəhəri olduğu üçün orada əsasən sadə fəhlələrin yaşaması, Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların məskunlaşması və şəhərdə yaranmış mürəkkəb sosial-iqtisadi vəziyyət nəzərə alınaraq, Azərbaycana qarşı təxribat aksiyasının məhz bu şəhərdə təşkil edilməsi qərara alınmış, Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən Sumqayıt təxribatının planı hazırlanmış, Sumqayıta xüsusi hazırlıq keçmiş təxribat qrupu göndərilmiş və müxtəlif cinayətkar ünsürlər ermənilərin əli ilə bu təxribata cəlb edilmişlər.

      Sumqayıtın rəhbərliyi və yerli güc strukturlarının fəaliyyəti isə Moskvanın göstəriş və əmrləri ilə iflic vəziyyətinə salınmışdır. Belə ki, hətta şəhər daxili işlər şöbəsinin əməkdaşlarının tabel silahları belə əllərindən alınmış, şəhərin hüquq mühafizə orqanlarına müstəqil olaraq cinayətkar əməllərə qarşı tədbirlər görulməsi, əməliyyat və istintaq hərəkətlərinin aparılması qadağan edilmiş, Azərbaycan ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində Sumqayıtdakı iğtişaşların qarşısını almaq üçün yetərli sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəblərdən SSRİ rəhbərliyi buraya Rusiya ərazisində yerləşən hərbi hissələrin qüvvələrini yeritmiş, lakin onlar da iğtişaşların qarşısını almaq üçün lazımi tədbirlər görməmişlər.

     Sumqayıtdan sonra orada sınaqdan keçirilmiş eyni ssenari üzrə Sovet İttifaqının digər respublikalarında da çoxsaylı insan tələfatına səbəb olmuş faciəli hadisələr təşkil edilmişdir.
     Sumqayıt hadisələrinin SSRİ xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi barədə məlumatlar hələ 1989-1990-cı illərdə aparılmış istintaq zamanı əldə edilmişdir. Belə ki, o vaxt başlanmış cinayət işinin materiallarında Sumqayıtda talanlar törətmiş qrupa rəhbərlik edən, ermənilərin öldürülməsində, zorlanmasında, əmlaklarının məhv edilməsində fəal iştirak edən erməni Eduard Qriqoryanın kütləvi iğtişaşlar ərəfəsində şübhəli şəxslərlə görüşməsi, onlardan Sumqayıtda yaşayan ermənilərin siyahısını alması, hadisələr zamanı öz qrupunun üzvlərinə spirtli içkilər və psixotrop preparatlar paylaması barədə kifayət qədər ifadələr olduğu halda, bu məlumatlar SSRİ Prokurorluğunun istintaq qrupu tərəfindən araşdırılmamış, əksinə, kütləvi iğtişaşların təşkilatçılarını aşkara çıxara bilən məlumatlar ört-basdır edilmişdir.
Azərbaycanın hüquq-mühafizə orqanlarının bu barədə sorğularına isə Ermənistandan və Moskvadan mücərrəd, heç bir informasiya daşımayan cavablar göndərilmiş, Qriqoryanın erməni millətçiləri ilə əlaqələrinin müəyyən edilməsinə yönəlmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə imkan verilməmişdir. Belə şəraitdə talanların kimlər tərəfindən təşkil edilməsi, Sumqayıt iğtişaşlarının arxasında kimlərin olması ilə bağlı əsas suallar cavabsız qalmışdır.

     SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş və bu  qrupun tərkibində fəaliyyət göstərmiş Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorunun yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiqi V.S.Qalkin olmuş, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan, Rusiya Federasiyası, Ukrayna, Belorusiya və Moldaviyadan ezam olunmuş müstəntiqlər yerinə yetirmişlər. İstintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyənləşdirilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmamış, onların ifşa olunmasında maraqlı olmamış, buna görə də cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb etmiş, milliyyətcə azərbaycanlı olan müstəntiqləri əsas istintaq hərəkətlərinin icrasından kənarda saxlamağa çalışmışlar.

     Doğrudur, Sumqayıt hadisələri ilə əlaqədar keçmiş SSRİ Prokurorluğunun ittifaqın müxtəlif respublikalarından və hüquq-mühafizə orqanlarından 200-ə yaxın müstəntiq və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən olduqca böyük həcmdə material toplanmış, araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər.

      Lakin hadisələrlə bağlı istintaqın lap əvvəlindən hadisələrdə zərərçəkənlərin guya ermənilər, təqsirkarların isə azərbaycanlılar olması barədə irəli sürülmüş doqmatik fərziyyə istintaqın birtərəfli və kifayət qədər qərəzli aparılmasına, onun müəyyən siyasi sifarişə xidmət etməsinə səbəb olmuşdur.

      Belə ki, Sumqayıtda baş vermiş iğtişaşlar zamanı saxlanılmış erməni soyadı daşıyanların barəsində heç bir araşdırma aparılmamış, onlar dərhal "zərərçəkən" tərəf kimi buraxılmış və bir çoxları məsuliyyətdən kənarda qalmışdır. İş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş Qriqoryan Eduard Robertoviç isə onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar Marina və Karina Mejlumyanlar, onların anası Roza Mejlumyan tərəfindən tanındığından onun cinayət məsuliyyətindən yayındırılması mümkün olmamışdır. Hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarından göründüyü kimi Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışmışlar.

      Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdən az sonra, cəzasını qanunla Azərbaycan SSR ərazisində çəkməli olduğu halda, hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilmiş və orada azadlığa buraxılmışdır.

      Aparılmış istintaq zamanı Sumqayıtda doğulub böyümüş və uzun müddət orada yaşamış sakinlərin, habelə hadisələrin bilavasitə şahidlərinin çoxsaylı ifadələrindən görünür ki, iğtişaşları təşkil edən «qara plaşlı» (qara geyimli) şəxslər sumqayıtlı olmamış, onlar öz aralarında bir çox hallarda erməni dilində danışmış, Azərbaycan dilini təmiz bilmiş və hadisələr zamanı adamlar arasında ermənilər əleyhinə təbliğat aparmış, camaata spirtli içkilər, güclü təsiredici həblər, pul, dəmir parçaları və s. paylamış və talançıları əvvəlcədən onlara məlum olan erməni ünvanlarına aparmışlar.

      Yeni açılmış hallar göstərir ki, Sumqayıtda baş vermiş kütləvi iğtişaşlar 1959-cu il təvəllüdlü, əvvəllər 3 dəfə məhkum olunub üst-üstə 9 il 2 ay 13 gün azadlıqdan məhrumetmə cəzası çəkmiş qatı cinayətkar, milliyyətcə erməni olan “Paşa” ləqəbli Eduard Qriqoryan, onun Albert və Ernis adlı daha iki qardaşı, Dağlıq Qarabağdan xüsusi tapşırıqlarla gəlmiş emissarlar və DTK-nın agentləri tərəfindən təşkil olunmaqla bilavasitə icra edilmişdir.  Dağlıq Qarabağdan olan emissarlar Eduard Qriqoryanı ətraflı təlimatlandırmış, ona Sumqayıtda yaşayan və separatçıların yaratdıqları "Qarabağ" və "Krunk" təşkilatlarına pul köçürməyən ermənilərin siyahısını və dəqiq ev ünvanlarını vermiş, aqressivliyi artırmaq məqsədi ilə iğtişaş iştirakçılarına paylanması üçün Qriqoryanı psixotrop dərmanlar və spirtli içkilərlə təmin etmiş, hadisələr zamanı isə Eduard Qriqoryan və onun qardaşı Albert Qriqoryanla birlikdə camaata soyuq silah kimi istifadə olunan armatur parçaları paylamışlar. Qriqoryan Eduard Robertoviç ətrafına topladığı özü kimi cinayət meylli qonşuları ilə ümumi dil taparaq, onlara spirtli içki və insanda aqressivlik yaradan xüsusi həblər paylamış, quldurluq və soyğunçuluq etmək üçün yaxşı şansın yarandığını demiş və onları öz arxasınca Qarabağa erməni iddialarına qarşı keçirilən dinc mitinqin keçirildiyi meydana aparıb, orada özünü Qafandan gəlmiş azərbaycanlı kimi təqdim edərək, ermənilərin guya Qafanda dinc azərbaycanlı əhalini qırdıqlarını, özlərinin isə bir maşın meyit gətirdiklərini mitinq iştirakçılarına danışaraq, ermənilərdən intiqam almağa çağırmış, onda burada yaşayan ermənilərin siyahısının və ünvanlarının olduğunu deyərək, ona qoşulmuş 100 nəfərə yaxın yeniyetmə və müxtəlif cinayətkar ünsürləri "Qarabağ bizimdir!", "Erməniləri qırın!" kimi şüar və çağırışlarla "Qarabağ" (komitəsi) və "Krunk" (cəmiyyəti) təşkilatlarına pul verməkdən imtina etmiş ermənilərin yaşadıqları mənzillərə istiqamətləndirmiş, talan və digər cinayətlərdə fəal iştirak etmiş və  şəxsən 6 nəfər ermənini qətlə yetirmişdir.

      Dövlət Təhlükəsizlik Komitəsinin açılmış arxiv materiallarından məlum olmuşdur ki, Dağlıq Qarabağ separatçılarının emissarları, SSRİ DTK-nın agentləri olan Sarkisyan, Osipov (Osipyan) və digərləri Sumqayıt hadisələrində fəal iştirak etmiş və həmin hadisələrdən dərhal sonra Orta Asiya respublikalarına ezam olunmuşlar. Bu agentlərin izləri sonradan Özbəkistan və Qırğızıstandakı hadisələr zamanı aşkar olunmuşdur. Bu fakt Sumqayıtda, Fərqanədə, Oşda və keçmiş SSRİ-nin digər yerlərində baş vermiş təxribatların bir mərkəzdən təşkil və idarə edildiyini birmənalı təsdiq edir.

      DTK-nın arxiv materiallarından həmçinin görünür ki, Sumqayıtda separatçı "Qarabağ" komitəsinin fəalı olan Konstantin Pxakadze adlı-soyadlı şəxs, həmin komitənin, habelə "Krunk" cəmiyyətinin digər fəalları təxribat xarakterli fəaliyyətlə məşğul olmuşlar.

      Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı erməni Qriqoryan Eduard Robertoviçin hadisələrdə iştirak etməməsi, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə, erməni olmaması, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar.

      Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu il 22 dekabr tarixli hökmü vardır.

      Həmin cinayət işinin istintaq materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda, pasport almasına dair 1 nömrəli formada, hərbi xidmət sənədlərində onun milliyyətinin erməni yazılması müəyyən edilmişdir.
      Hazırda Eduard Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

      Hazırkı istintaqla o da müəyyən edilmişdir ki, Sumqayıt şəhərində yaşayan ermənilərin əksəriyyətinin kütləvi iğtişaşlar baş verəcəyindən əvvəlcədən xəbərləri olmuşdur. Belə ki, aparılan əlavə istintaq zamanı Sumqayıt şəhərində yaşayan 100-dən çox ailənin hadisələrə qədər əmanət kassalarında olan pullarını götürüb şəhərdən köçüb getmələri müəyyən edilmişdir. Köçüb gedənlərin əksəriyyəti imkanlı ailələr olmuşdur.
      Həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gəlib buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları müəyyən edilmişdir.
      Sumqayıtdakı kütləvi iğtişaşların əvvəlcədən təşkil edilmiş aksiya olmasını sübut edən daha bir fakt - talançıların hərəkət etdikləri marşrut üzrə yerləşdirilmiş naməlum videooperatorlar tərəfindən kütləvi iğtişaşlarda iştirak edənlərin bütün hərəkətlərinin videoçəkilişinin aparılması, bu kadrların Qərb ölkələrinin televiziya kanallarında operativ şəkildə nümayiş etdirilməsidir. Şübhəsiz ki, çəkiliş aparan şəxslər talançıların planları haqqında əvvəlcədən məlumatlı olmuşlar.

      Yuxarıda qeyd olunduğu kimi, ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların vəhşi obrazını yaratmaq üçün əllərindən gələni edirlər. Lakin qeyd edilməlidir ki, Sumqayıtda həmin dövrdə 18 min nəfərdən artıq erməni yaşadığı halda, cəmi 26 nəfər erməninin öldürülməsi, azərbaycanlıların öz erməni qonşularını fədakarcasına müdafiə etmələri, qorumaları və gizlətmələri nəticəsində mümkün olmuşdur.

      Hazırda aparılan istintaq zamanı Sumqayıt şəhərində yaşayan milliyyətcə erməni qadınlar dindirilmiş və onlar ifadələrində azərbaycanlıların həmin hadisələr zamanı yüzlərlə erməninin həyatını xilas etmələrini göstərmişlər.
      Bundan başqa, qeyd olunan istintaq zamanı Ermənistan SSR Prokurorluğunun müstəntiqləri SSRİ Prokurorluğunun İstintaq qrupunun tapşırığı ilə Sumqayıtdan köçüb Ermənistana getmiş ermənilərin bir qismini dindirmiş və onlar da azərbaycanlıların onları xilas etmələri barədə ifadələr vermişlər.

     Erməni mətbuatı Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi barədə iddialarını bu gün də davam etdirir və bununla da həmin hadisələrin azərbaycanlılar tərəfindən bilavasitə ermənilərin əleyhinə yönəldilmiş hərəkət kimi təqdim etməyə çalışırlar.

     Ermənilərin həmin iddialarına rəğmən, qeyd edilən cinayət işləri öyrənilərkən müəyyən edilmişdir ki, Sumqayıt hadisələri ilə əlaqədar şəhərə qoşun hissələri yeridilərkən 5 azərbaycanlının öldürülməsinə dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmuş və işin icraatına əsassız olaraq xitam verilmişdir.

     Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı müəyyən edilmişdir ki, Bakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Markaryan Valeri Vaskanoviç Sumqayıt şəhərində idarə etdiyi avtobusu qəsdən küçədə səki ilə hərəkət edən insanların üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Valeri Markaryanın azərbaycanlıları avtobusla vurub öldürməsini hadisələrin şahidi olan Orlov Vyaçeslav Sergeyeviç hələ 1988-ci ilin mart ayında SSRİ Baş Prokurorluğu istintaq qrupunun müstəntiqləri tərəfindən dindirilərkən bildirmişdir. O, öz ifadəsini Markaryanla üzləşmə zamanı da təsdiq etmiş, Markaryan da üzləşmədə Orlovun ifadəsini təsdiq etməklə törətdiyi cinayəti etiraf etməyə məcbur olmuşdur.

      Bununla belə həmin dövrdə istintaqı aparan milliyyətcə rus olan müstəntiqlər tərəfindən məlum olmayan səbəblərdən hadisə elə qələmə verilmişdir ki, guya hadisədə zərərçəkənlərin özləri günahkar olmuşlar və iş materiallarına zidd olaraq, həmin materiallar işin içində ola-ola belə bir nəticəyə gəlmişlər ki, guya onlar avtobusun altında deyil, təsadüfən, hərbçilərin idarə etdikləri zirehli texnikanın tırtılları altında qalıb həlak olmuşlar. Ölənlərin yaxın qohumları da bu vaxtadək elə güman etmişlər ki, hadisə hərbçilər tərəfindən törədilmişdir. Bu üsulla cinayəti törətmiş erməni cinayətkarın bu vaxtadək məsuliyyətdən kənarda qalmasına şərait yaradılmışdır.

     Hazırda Sumqayıt şəhərində törədilmiş iğtişaşlarla əlaqədar istintaq davam edir.

      Sumqayıt hadisələri ilə əlaqədar Azərbaycan SSR məhkəmələrində baxılmış cinayət işləri üzrə çıxarılmış hökmlərin qanuni və əsaslılığının yoxlanılması məqsədi ilə Baş Prokurorun əmri ilə prokurorluğun əməkdaşlarından ibarət komissiya yaradılmış və həmin işlər tələb edilərək öyrənilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.