Şriftin ölçüsü :

Saytın rəngi :

Kütləvi iğtişaşlar nəticəsində azərbaycanlıların həlak olmaları faktı ilə bağlı çıxarışlar

Kütləvi iğtişaşlar nəticəsində azərbaycanlıların həlak olmaları faktı ilə bağlı Bakı Qarnizonu Hərbi prokurorluğu tərəfindən 30 dekabr 1988-ci il tarixdə icraatına xitam verilmiş cinayət işinin materiallarından çıxarışlar

 

     Kütləvi iğtişaşlar zamanı hərbçilər və qeyrilərinin hərəkətləri nəticəsində D.Xudatov, D.Orucov, Y.Qasımov S. Əliyev və V.Babayevin həlak olmaları faktına görə başlanaraq istintaqı aparılıb icraatına Bakı Qarnizonu Hərbi prokurorluğu tərəfindən 1988-ci il dekabrın 30-da xitam verilmiş və hazırda bu işə birləşdirilmiş cinayət işi üzrə aparılmış istintaqla müəyyən edilmişdir ki, Bakı şəhər sakini, milliyyətcə erməni olan Valeri Markaryan əsgərləri Sumqayıt şəhərinə gətirmiş və şəraitdən istifadə edərək yüksək təhlükə mənbəyi olan avtobusu küçədə səki ilə gedən dinc insanların üstünə sürərək 4 nəfər azərbaycanlını qəsdən öldürmüşdür.

    Həmin epizod üzrə 10 şahid dindirilmişdir. Həmin şəxslərdən 2-si zərər çəkmiş, 2-si zərər çəkmişin yaxın qohumları, 6-sı isə hərbçiləri Sumqayıt şəhərinə aparmış avtobus sürücüləridir. Şahid Şıxəliyev Rasim Sabir oğlu ifadəsində onunla eyni avtobus parkında işləyən Markaryan Valeranın Sumqayıt şəhərində avtovağzalda 4-5 nəfər azərbaycanlını idarə etdiyi avtobusla vurub öldürməsini eşitdiyini göstərmişdir. Sürücülər Babaşov Əmrah Məhəmməd oğlu, Qurbanov Məhərrəm Rzaağa oğlu da Markaryanın azərbaycanlıları avtobusla vurub öldürməsi haqda eşitmələri barədə ifadə vermişlər. Markaryanın azərbaycanlıları avtobusla vurub öldürməsini hadisələrin şahidi olan Orlov Vyaçeslav Sergeyeviç hələ 1988-ci ilin mart ayında SSRİ Baş Prokurorluğu istintaq qrupunun müstəntiqləri tərəfindən dindirilərkən bildirmişdir. O, öz ifadəsini Markaryanla üzləşmə zamanı da təsdiq etmişdir. Markaryan da üzləşmədə Orlovun ifadəsini təsdiq etmişdir.

     İbrahimov Səfixan İbrahim oğlunun ifadəsindən görünür ki, 29 fevral 1988-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhərində köhnə avtovağzalın ərazisində iş yoldaşı Qasımov Hacı Qasım oğlu ilə işə getdiyi zaman, birdən avtobusun adamları vurması barədə qışqırıq səsləri eşidib, nə baş verdiyini görmək üçün yolun hərəkət hissəsinə çıxmış, bu vaxt «BTR» zirehli maşınının onların üstünə gəldiyini görüb qaçmaq istəmiş, lakin buna macal tapmamış və nəticədə zirehli maşın onu və iş yoldaşını ayaq nahiyyəsindən vurmuş, tanımadığı bir nəfərin isə üstündən keçdiyini görmüşdür.
  Hadisələrdən sonra Valeri Markaryan Bakı şəhərindən qaçıb getmişdir.

     Hazırda Valeri Markaryanın da bir neçə nəfər şəxsi qəsdən öldürməsi faktına hüquqi qiymət verilməsi və məsuliyyət məsələsinin həll edilməsi üçün tədbirlər görülür.

     Hazırkı istintaqda dindirilmiş o vaxtlar Sumqayıt şəhər Səhiyyə şöbəsinin qarajında işləmiş Sumqayıt şəhər sakinləri olan Hüseynov Səməd Əmrah oğlu, Ağayev Rauz Hacımirzə oğlu, Rzayev Rza Həmid oğlu, Mövsümov Fərhad Əsəd oğlu və Vahəbzadə Rauf Musa oğlunun ifadələrindən görünür ki, hadisələr ərəfəsində işlədikləri qarajın müdiri olmuş Babayev Karlen Mixayloviç həmin qarajda işləyən milliyətcə erməni olan ekstremizmə meyilli şəxsləri başına yığaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması ilə əlaqədar təbliğat aparmış, həmin danışıqlarda Dağlıq Qarabağ və Ermənistandan gəlmiş tanımadıqları adamlar da iştirak etmiş, qeyd edilən yığıncaqlarda Bakıdan gəlmiş Valeri adlı avtobus sürücüsünü və Sumqayıt şəhər sakini «Paşa» ləqəbli, sonradan adını öyrəndikləri Sumqayıtda törədilmiş kütləvi iğtişaşların təşkilatçılarından və fəal iştirakçıldarından olan Eduard Qriqoryanı şəxsən görmüşlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.