Şriftin ölçüsü :

Saytın rəngi :

1988-ci il fevralın 7-dən martın 3-dək, ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin çıxarılması ilə bağlı epizodlar

1988-ci il fevralın 7-dən martın 3-dək bir qrup erməninin Ermənistan  SSR-dən gələrək Bakı və Sumqayıt şəhərlərindəki mehmanxanalarda müvəqqəti yerləşməsi və həmin ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlərin çıxarılması ilə bağlı epizodlar
 

     1988-ci ildə Azərbaycan «Dəmiryol vağzalı» mehmanxanasının direktoru işləmiş Dianova Səmayə Mirzə qızı və inzibatçısı işləmiş Nəcəfova Fazilə Abas qızının ifadələrinə görə onlar 1988-ci ilin fevral ayında Ermənistandan gəlmiş bir neçə nəfər erməni millətindən olan şəxslərin mehmanxanada yaşamalarını və burada erməni millətindən olan müxtəlif şəxslərlə görüşmələrini görmüşlər. Həmin ermənilər özlərini onlara hüquq mühafizə orqanlarının işçiləri kimi təqdim etmiş və burada onlarla görüşməyə gələn ermənilərlə erməni dilində danışmışlar.

     İstintaq zamanı arxiv sənədləri əsasında müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında ermənilər tərəfindən Sumqayıt şəhərindəki əmanət kassalarından əmanətlər kütləvi şəkildə çıxarılmışdır.

      Müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni bilavasitə Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən 14 əmanət kassasından milliyyətcə erməni olan 84 əmanətçi tərəfindən 143.064 rubl məbləğində əmanətlər götürülmüşdür.       «Kapitalbank»ın 2 saylı Sumqayıt filialı tərəfindən əmanətlərin verilməsinə dair təqdim edilmiş ilkin sənədlərdən görünür ki, yuxarıda göstərilən dövr ərzində 18 nəfər 1000 rubldan artıq, 7 nəfər 2000 rubldan artıq, 8 nəfər 3000 rubldan artıq, 4 nəfər 4000 rubldan artıq, 3 nəfər isə 5000 rubldan artıq məbləğdə əmanətlərini götürmüşlər.

      İstintaqla müəyyən edilmişdir ki, 1988-ci ildə Sumqayıt şəhərindəki müxtəlif əmanət kassalarında 33 nəfər şəxs, müxtəlif vəzifələrdə işləmişlər.

      İş üzrə şahid qismində dindirilmiş, 1971-2007-ci illərdə 193 saylı əmanət kassasının böyük kassiri vəzifəsində işləmiş Quliyeva Yazgül Ələsgər qızı ifadəsində göstərmişdir ki, 1987-ci ilin axırlarından gedən söhbətlərdən, televiziyadan, qəzetlərdən və digər mənbələrdən ona məlum olmuşdur ki, Dağlıq Qarabağda ermənilər mitinqlər təşkil edərək Azərbaycan Respublikasının tərkibindən çıxıb Ermənistan Respublikasına birləşmək istədiklərini bildirirlər.

      1988-ci ilin əvvəllərində bankın işçilərindən eşitmişdir ki, ermənilər kütləvi şəkildə əmanət kassalarında saxladıqları pulları götürməyə başlamışlar. 21 yanvar 1988-ci il tarixdə Siranuş Baranova adlı-soyadlı qadın tərəfindən 5000 rubldan çox məbləğində əmanətlərin götürülməsi ilə əlaqədar göstərmişdir ki, ondan əmanətin kassadan çıxarılmasının səbəbləri barədə soruşduqda, sonuncu bildirmişdir ki, o, erməni olduğundan naməlum şəxslər tez-tez onun evinə zəng vurub hədə-qorxu gələrək, «Krunk» cəmiyyətinin fonduna pul verməsini tələb edirdilər.

      İş üzrə şahid qismində dindirilmiş, 1981-1995-ci illərdə 200 saylı əmanət kassasında nəzarətçi-operator vəzifəsində işləmiş Məmmədova Zəminə Mahmud qızı Ramella Ayrapetyana 03 yanvar 1988-ci il tarixdə 3000 rubl məbləğində əmanətin verilməsinə dair eyni məzmunlu ifadə vermişdir.

      1975-1995-ci illərdə 178 saylı əmanət kassasında nəzarətçi vəzifəsində işləmiş şahid Cəfərova Xanım Rəhman qızı 29 yanvar 1988-ci il tarixdə Lida Martirosovaya 1638 rubl məbləğində əmanətin verilməsi ilə əlaqədar göstərmişdir ki, Lida Martirosovanı kassasının əmanətçisi kimi yaxşı tanımışdır. Sonuncu Dəvəçi rayonunda anadan olmuş və Azərbaycan məktəbini bitirmişdir. Pulları götürdüyü zaman bildirmişdir ki, ona naməlum şəxslər zəng vurub hədə-qorxu ilə gələrək «Krunk» cəmiyyəti üçün pul tələb edirlər.       19 il 181 saylı əmanət kassasında kassir vəzifəsində işləmiş şahid Xəlilova Əzizə Tanrıverdi qızı ifadəsində göstərmişdir ki, 13 fevral 1988-ci il tarixdə əmanət kassasının yaxınlığında yaşayan Sayan Larisa Surenovna 5119 rubl məbləğində pulunu kassadan götürərkən ona demişdir ki, «Krunk»un üzvləri ona zəng vurub pul tələb edirlər.

      177 saylı əmanət kassasının müdiri vəzifəsində işləmiş Musayeva Sevda Musa qızı ifadəsində göstərmişdir ki, 19.02.1988-ci il tarixdə 1013 rubl məbləğində əmanəti Marina Osipyana verərkən, sonuncu ona hədələndiyini və ondan pul tələb edildiyini bildirmişdir.

      İstintaqın gedişində həmçinin müəyyən edilmişdir ki, 1988-ci ilin yanvar-fevral aylarında, yəni Sumqayıt şəhərində kütləvi iğtişaş baş verməmişdən əvvəl şəhərdə fəaliyyət göstərən poçt bölmələrindən Ermənistanla çoxsaylı telefon danışıqları aparılmış, pul köçürmələri edilmişdir. Bununla bağlı həmin vaxtlar poçt bölmələrində işləmiş şəxslər müəyyən edilib dindirilmişdir.       11 saylı poçt bölməsində işləmiş Sorokina Marina Nikolayevna göstərmişdir ki, onunla birlikdə 1987-1988-ci illərdə həmin poçtda Jenya Arustamyan, Raisa Mejlumyan adlı qadınlar işləmiş, 1987-ci ilin axırlarından həmin şəxslər əksər hallarda yalnız öz aralarında söhbət etmiş, digər milliyyətdən olan işçilər onlara yaxınlaşdıqda, söhbətlərini kəsmişlər. Eyni zamanda, onlara çoxsaylı zənglər başlamış, yanlarına milliyyətcə erməni olan şəxslər gəlmiş və pıçıltı ilə söhbətlər aparmışlar. Bundan başqa, əvvəllər onun işlədiyi poçt bölməsinin xidmətlərindən istifadə etməyən ermənilər tərəfindən Ermənistana pul köçürmələrinin sayı artmışdır. Köçürmə məbləğləri 10-15 rubl olmuş, lakin köçürmələrin sayı çox olmuşdur. Həmin köçürmələrin qəbzlərini o, poçt bölməsinin rəis müavini işləmiş Alyona Balayanın masasının üstündə, sonuncunun hansısa siyahı tərtib etdiyi zaman görmüşdür. Halbuki, bu köçürmələrin sonuncuya heç bir aidiyyəti olmamışdır. A.Balayan onu gördükdə həmin siyahının üstünü başqa sənədlə örtmüşdür. Əhmədova Xeyrənsə Xantay qızı da eyni məzmunlu ifadə vermişdir.

      Şahid qismində dindirilmiş Sumqayıt poçt filialında baş mühasib vəzifəsində işləmiş Nuriyeva Səidə Siracəddin qızı göstərmişdir ki, 1988-ci ildə Sumqayıt rabitə qovşağının mərkəzi bölməsində milliyətcə erməni olan çoxsaylı işçilər olmuş, teleqraf xidmətinin rəisi vəzifəsində Davidyan Nina Mixaylovna, baş mühasib vəzifəsində Anjela Martirosyan, Seda Babayan 2-ci şöbənin, Araksi Avakyan 3-cü şöbənin rəisləri, 11-ci poçt şöbəsinin rəis müavini vəzifəsində Alyona Balayan işləmişlər. 1987-ci ilin axırlarından Ermənistanla telefon danışıqlarının sayı artmış, bunlardan çoxunu Sumqayıt şəhər sakini olmayan şəxslər aparmışlar. O, həmkarlar komitəsinin sədri kimi rabitə qovşağının bütün xidmətlərində olarkan ermənilər arasında qruplaşma getdiyini və onların erməni dilində gizli söhbətlər apardıqlarını görmüşdür. Bu zaman ermənilər tərəfindən Ermənistana pul köçürmələrinin sayı da xeyli artmış, köçürmələrin çoxu əvvəllər onun işlədiyi poçtun xidmətlərindən istifadə etməyən şəxslər tərəfindən həyata keçirilmişdir. Əksər hallarda bu köçürmələrin məbləği 10-15 manat olmuş, lakin sayı çox olmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.