Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilmişdir

Sentyabrın 24-də Respublika Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda Respublika Hərbi Prokurorluğu, Bakı Hərbi Prokurorluğunun əməkdaşları, prokurorluğun veteranları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə qurumun inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.

Konfransı giriş nitqi ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Azərbaycan Prokurorluğunun bir əsrlik tarixinə nəzər salmışdır. Qeyd etmişdir ki, yarandığı gündən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət təsisatı, SSRİ prokurorluğunun tərkib hissəsi kimi, həmçinin ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra uzunmüddətli və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın milli prokurorluq orqanları zamanın sərt imtahanlarına məruz qalsa da, sınaqlardan məharətlə çıxaraq cəmiyyətdə hörmət və etibar qazanmışdır. Hərbi prokuror Xanlar Vəliyev vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev hüquq-mühafizə orqanlarının müstəqilliyinin təmin edilməsini respublikamızda həyata keçirilən hüquqi islahatların əsas qayəsi və məqsədi kimi önə çəkmişdir. Yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış prokurorluq Ulu Öndərin hakimiyyətə qayıdışı ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində, hazırda tamamilə yenidən qurularaq, mütərəqqi normativ-hüquqi bazaya, demokratik məzmunlu fəaliyyət prinsiplərinə və iş metodlarına malik olan, cəmiyyətdə statusuna uyğun yerini tutmuş təsisata çevrilmişdir.

Respublikanın Hərbi prokuroru məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsinin tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olduğunu bildirmişdir.

Qeyd olunmuşdur ki, müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən bu gün də prokurorluğa dövlət qayğısı və diqqəti ən yüksək səviyyədədir. Prezidentin müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün istiqamətlər üzrə işin səmərəliliyinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirilmişdir.

Ulu Öndərin “Mən, Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamının bu gün də hər bir prokurorluq işçisinin qürur mənbəyi olmaqda davam etdiyini bildirən ədliyyə general-leytenantı Xanlar Vəliyev müstəqilliyinin 27-ci ilini yaşayan Azərbaycanın ümummilli lider Heydər Əliyev və onun ideyalarının sadiq davamçısı Prezident cənab İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində böyük uğurları ilə dünyanın diqqət mərkəzində olduğunu, dövlət başçısının apardığı siyasətə xalqımızın tam dəstək verməsinin, iqtidar-xalq birliyinin formalaşmasının ölkəmizin əldə etdiyi və gələcəkdə qazanacağı uğurlarının təməlini təşkil etdiyini vurğulamışdır.

Respublikanın Hərbi prokuroru dövlət başçısı tərəfindən həyata keçirilmiş qətiyyətli addımlar nəticəsində ordumuzun qüdrətinin hər gün daha da artdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, 2016-cı ilin aprel və 2018-ci il ilin may aylarında həyata keçirilmiş uğurlu döyüş əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın bir hissəsinin, həmçinin Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisinin və Cünnüt kəndinin azad edilməsi ordumuzun yüksək döyüş ruhunu və qabiliyyətini, torpaqlarımızı azad etməyə hər an hazır olduğunu və qələbə əzmini əyani nümayiş etdirmişdir.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı Musa Quliyev və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi və qarşıdan gələn prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə respublika hərbi prokurorluq orqanlarının əməkdaşlarının timsalında bütün prokurorluq əməkdaşlarını təbrik edərək onlara dövlətimizin və dövlətçiliyimizin cinayətkar qəsdlərdən qorunması istiqamətindəki yorulmaz fəaliyyətlərində uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, vaxtilə ulu öndər Heydər Əliyevin və hazırda Prezident cənab İlham Əliyevin prokurorluq işçilərinin əməyinə verdikləri yüksək qiymət hər bir prokurorluq işçisində xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi və iftixar hissi yaradır və onları öz fəaliyyətlərinə daha tələbkar, məsuliyyətlə yanaşmağa səfərbər edir.

Sonra Bakı hərbi prokurorunun müavini, ədliyyə mayoru Raul Şahverdiyev “Azərbaycan Prokurorluğunun yaranması və inkişaf tarixi”, Respublika Hərbi Prokurorluğunun hüquqi təminat və kadrlar şöbəsinin böyük prokuroru, ədliyyə mayoru Vüsal Əliyev “Hərbi Prokurorluğun prokurorluq orqanları sistemində rolu, prokurorluğun müasirləşdirilməsi istiqamətində aparılan hüquqi islahatlar və prokurorluq orqanlarının fəaliyyətinin hüquqi təminatı”, hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuror-metodisti, ədliyyə polkovnik-leytenantı Mehman Poladov “Milli dövlətçiliyin möhkəmləndirilməsində və müasir dövrdə təşəkkül tapmasında prokurorluq orqanlarının iştirakı”, Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi, ədliyyə polkovniki Toğrul Hüseynov “Korrupsiyaya qarşı mübarizə prokurorluğun prioritet fəaliyyət istiqaməti kimi” mövzularında çıxışlar etmişlər.

Konfransa yekun vuran Respublika Hərbi prokuroru Xanlar Vəliyev prokurorluq orqanları işçilərinin qarşıdan gələn peşə bayramı günü və prokurorluğun yaradılmasının 100 illiyi münasibəti ilə prokurorluq orqanlarının hər bir işçisini, veteranları və onların ailə üzvlərini bir daha təbrik edərək, prokurorluğun yüksək mövqe tutan bir qurum kimi formalaşmasında Ulu Öndərin misilsiz xidmətlərini minnətdarlıqla vurğulamışdır. Prokurorluq orqanlarından yüksək diqqət və qayğısını əsirgəməyən Prezident cənab İlham Əliyevə dərin ehtiramını bildirərək əmin etmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu bundan sonra da Silahlı Qüvvələrdə qanunçuluğun möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini daim gücləndirəcək, insan hüquq və azadlıqlarının pozulmasına, cinayətkarlığa qarşı mübarizədə barışmaz mövqe tutacaq, insan amili ilə bağlı hər bir məsələdə həssaslıq göstərəcəkdir. Hərbi prokurorluğun əməkdaşları dövlətimizin əbədi yaşaması, xalqımızın rifahı naminə Heydər Əliyev ideallarına sədaqət nümayiş etdirəcək, qanunla üzərinə düşən bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəklər.

Tədbirdə xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaş müxtəlif medallarla təltif olunmuş, həmçinin prokurorluğun veteranlarına hədiyyələr təqdim edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.