Şriftin ölçüsü :
Saytın rəngi :
“Prokurorlar demokratik c əmiyyətdə prokuroluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlüklə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar.”
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Məhkəmə orqanlarından fərqli olaraq, bir çox dövlətlərdə prokurorluq müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin tərkib hissəsi kimi prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada kral IV Filip tərəfindən qoyulmuşdur. Onun vaxtında kral mənafelərinin prokurorluq tərəfindən təmsil edilməsi Qanunla (25 mart 1302) təsbit edilmişdi. Həm Qərb ölkələri, həm də Rusiya prokurorluqlarına bir örnək kimi təsiri olan Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul olunmuşdur.
Rusiyada prokurorluq isə l Pyotrun «Baş prokuror vəzifəsi haqqında» 12 Yanvar 1722-ci il tarixli Fərmanı ilə təsis edilmiş, 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yarandıqdan sonra isə ədliyyə naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmişdir.
Qədim tarixə, demokratik dövlətçilik ənənələrinə, zəngin mədəni-mənəvi irsə malik olan Azərbaycan xalqı Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay müddətində mövcud olduqdan sonra kənar qüvvələrin təcavüzü nəticəsində 1920-ci ilin aprel ayının 27-də süquta yetirilsə də ölkədə demokratik dövlətçilik ideyalarının möhkəmləndirilməsində, regionda və bütün dünyada hüquqi prinsiplərin bərqərar olunmasında mühüm əhəmiyyətə malik olmuşdur.
Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" təsdiq edilmişdir. F. Xoyski, X. Xasməmmədov, A. Səfikürdski, T. Makinski AXC-nin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olmuşlar. Olduqca mürəkkəb və ağır şəraitdə fəaliyyət göstərən AXC-nin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində böyük işlər görmüşlər. AXC-nin süqutundan sonra dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv olundu.
Sovetləşmənin ilk illərində bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması zəruriliyini nəzərə alaraq Azərbaycan SSR MİK-in 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu. Xalq ədliyyə komissarları Ə. Qarayev, S. Çivanov, B. Vəlibəyov, B. Talıblı, H. Hacıyev, A. Sultanova və başqaları həm də Azərbaycan SSR-in baş prokurorları olmuşlar. 1936-cı ilin iyulunda Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə ayrıca qurum kimi fəaliyyətə başlamışdır. Kommunist partiyasının mütləq hakim olduğu Sovet hakimiyyəti dövründə prokurorluq bu rejimə və partiya liderlərinə xidmət edən bir orqan olmuşdur.
Yetmiş ildən yuxarı müddət keçdikdən sonra SSRİ dövlətinin dağılmasının qaçılmazlığı nəticəsində meydana gəlmiş siyasi reallıq sovetlər ölkəsinin tərkibində olan bütün müttəfiq respublikaların müstəqillik əldə etməsinə imkan yaratmışdır. Azərbaycan Respublikası yenidən müstəqillik əldə etməklə 1991-ci il oktyabrın ayının 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nda Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan etmişdir. Müstəqillik əldə edilməsi ilə mütərrəqqi islahatların həyata keçirilməsinə, geniş quruculuq işlərinə imkan yaranmasına baxmayaraq ilk dövrdə xalqımızın maraqlarına zidd siyasətinin həyata keçirilməsi, hərc-mərcliyin geniş vüsət alması, milli sərvətlərin talan edilməsi nəticəsində həyatın bütün sahələrində böhran müşahidə olunmuş, ölkə iflic vəziyyətinə düşmüşdür.
Həmin dövr dövlətin strukturuna daxil olan hər bir qurum kimi, prokurorluq orqanları üçün də sınaq dövrü olmuşdur. 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlmiş ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasi kurs ölkədə separatizmin, vətəndaş müharibəsinin qarşısının alınmasına, iqsadiyyatın böhranlı vəziyyətdən çıxmasına, demokratik islahatların keçirilməsinə, hüquqi dövlətin əsas atributlarının formalaşdırılmasına zəmin yaratmışdır.
Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq səsverməsi – referendumda qəbul olunmuş Konstitusiyası hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını yaratmış, ölkənin hüquq sisteminin bünövrəsini təşkil etmişdir. Konstitusiyada `prokurorluq orqanlarına konstitusion status verilərək Azərbaycan Respublikasının Prokurorluğuna xüsusi maddə həsr edilmiş (133-cü maddə), bu mühüm təsisatının dövlət idarəetmə sistemində yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyən edilmişdir. Azərbaycan Respublikası prokurorluğunun məhkəmə hakimiyyətinə aid edilməsi, milli prokurorluq orqanlarının Azərbaycan Xalq Cümhuriyyəti dövründə məhkəmə sistemində yaradılmasına dair tarixi qərarın düzgünlüyünü təsdiq etməklə onun hüquqi varisliyini təmin etmişdir. Konstitusiya prokurorluğun fəaliyyətinə xüsusi bir maddə həsr etməklə, onun yerini məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirmiş, onun statusunu, təşkili və fəaliyyət prinsiplərini, səlahiyyətlərini və vəzifələrini dəqiqləşdirmişdir. Məlum olduğu kimi, sovetlər dönəmində prokurorluğun hansı hakimiyyətə aid olduğu müəyyən edilmədiyindən bu orqan bəzən məhkəmələrə, hətta Konstitusiya Məhkəməsinə aid olan bir sıra funksiyaları da həyata keçirmişdir. Prokurorluğun əvvəlki statusu ölkənin gələcək inkişafı, yeni sosial-iqtisadi, ictimai-siyasi münasibətlərlə və beynəlxalq standartlarla uzlaşmadığından ulu öndərimiz Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır.
Dövlət səviyyəsində prokurorluğunun rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir. 1999-2001-ci illərdə qəbul edilmiş “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlar, Cinayət-Prosessual Məcəllə, İnzibati Xətalar Məcəlləsi, digər normativ hüquqi aktlar prokurorluğun yeni statusunu, fəaliyyət prinsip və istiqamətlərini, vəzifə və funksiyalarını, onların həyata keçirilməsi vasitələrini müəyyən etmişdir.
Beynəlxalq təcrübə və milli xüsusiyyətlər nəzərə alınaraq qısa müddət ərzində prokurorluğun tarixində ilk dəfə olaraq “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə prokurorluğunun fəaliyyətinin və gündəlik işinin səmərəli təşkili və həyata keçirilməsi üçün ümumi və sahəvi xarakterli əmr, təlimat və qaydalar hazırlanaraq icraya yönəldilmişdir.
Azərbaycan Prokurorluğunun fəaliyyətinin əsas istiqamət və prioritetləri qüvvədə olan qanunvericiliyin müddəalarına və dövlət başçısının çıxış və nitqlərində göstərilən tələb və tövsiyələrinə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikasının həyatın bütün sahələrində uğur və nailiyyətlər əldə etməsi, daha yüksək inkişaf mərhələsinə qədəm qoyaraq yeni prioritet və hədəfləri müəyyən etməklə onlara nail olunması yollarını və mexanizmlərini araması, bütün dövlət idarə və təşkilatlarının, hüquq mühafizə orqanlarının, xüsusən də prokurorluğun üzərinə yeni, daha mühüm vəzifə və öhdəliklər qoymaqla, daha böyük məsuliyyət və peşəkarlıqla fəaliyyət göstərmələrini tələb edir. Bunları dərk edən prokurorluq işçiləri öz vəzifə borclarını vicdanla yerinə yetirərək, vətəninə və xalqına sədaqətlə xidmət etməyə, fəaliyyətlərini Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi dövlət siyasətinə uyğun olaraq zamanın tələbləri səviyyəsində qurmağa çalışırlar.
Yaranması və mövcudluğu, fəaliyyəti və inkişafı bütövlükdə Azərbaycan Xalqının və dövlətinin keçdiyi şərəfli inkişaf yolu ilə sıx bağlı və ayrılmaz olan Azərbaycan Prokurorluğu da əsrə bərabər bir tarixə malik özünün 100 illiyini qeyd edəcəkdir.
Hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır. Azərbaycanda ilk dəfə prokurorluq orqanları 1918-ci il oktyabrın 1-də formalaşdığından – həmin sərəncam həm də tarixi irsə dərin hörmətin təcəssümü kimi yüksək dəyərə malikdir.
Ulu öndər Heydər Əliyevin söylədiyi: “ Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız.” sözləri prokurorluq işçilərinin fəaliyyət şüarına çevrilmişdir.
Sabunçu rayon prokurorunun köməkçisi,
I dərəcəli hüquqşünas
Ülviyyə Şükürova
(14 sentyabr 2018-ci il, Respublika qəzeti)