Şriftin ölçüsü :
Saytın rəngi :
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamız yeni dövrə qədəm qoymuşdur. Lakin müstəqilliyimizin ilk illərində AXC (AXCP) hakimiyyəti dövründə ölkəni bürümüş daxili didişmələr, anarxiya və xaos dövlət quruculuğuna böyük zərbə vurmuşdur. Xalqın israrlı tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə xilasedici qayıdışından sonra Azərbaycanda özbaşınalığa, siyasi hakimiyyətsizliyə birdəfəlik son qoyulmuşdur.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni bir dövr başlanmışdır. Bu dövrdə müstəqil dövlətçiliyimizin əleyhinə olan cinayətlər, görkəmli ictimai və dövlət xadimlərinə qarşı törədilən terror aktları, dövlət əmlakının mənimsənilməsi, bank-maliyyə sistemində baş vermiş ağır cinayət hadisələri, o cümlədən sadə vətəndaşlarımızın əmanətlərinin talan edilməsi kimi ağır cinayət hadisələri məhz prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarcasına istintaq edilmiş, təqsirkar şəxslər layiqli cəzalarını almışlar. Bu dövrdə Azərbaycanda 1994-cü ilin oktyabr və 1995-ci ilin mart dövlət və hərbi çevrilişlərinə cəhdlərin qarşısı alınmışdır. Həmin hadisələrlə bağlı cinayət işlərinin istintaqının aparılmasında prokurorluğun bir qrup əməkdaşı xüsusilə fərqlənmişdir.
12 noyabr 1995-ci il Konstitusiyası ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikası Baş Prokurorluğunun tabeçiliyinə verilməsinin təsbiti ilə onu vahid mərkəzləşdirilmiş orqan kimi tanımış və statusunu müəyyənləşdirmişdir. Bu statusa uyğun olaraq “Prokurorluq haqqında” 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların qanuna uyğunluqlarına nəzarət etmək kimi məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid etmişdir. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Müstəqillik dövründə Azərbaycan Respublikasının Prokurorluğu ölkə rəhbəri ulu öndər Heydər Əliyevin daimi diqqət mərkəzində olmuşdur. Prokurorluğun fəaliyyətinin hüquqi əsasını təşkil edən normativ aktlar, o cümlədən “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” qanunlar dövlət başçısının təşəbbüsü ilə qəbul olunmuş və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında” Əsasnamə onun sərəncamı ilə təsdiq edilmişdir. “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli sərəncam hörmətli Prezidentimizin prokurorluğa və prokurorluq işçilərinə göstərdiyi daimi qayğının parlaq bir təzahürüdür.
“Mən prokurorluqda işləyən insanların əksəriyyətini sədaqətli və peşəkar işçi hesab edirəm. Təbiidir ki, belə adamlara etimad göstərmək, etibar etmək lazımdır...”, - bu sözlər ulu öndərimizin 26 aprel 2000-ci il tarixdə Azərbaycan Respublikasının prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşü zamanı söylədiyi proqram xarakterli nitqindən götürülmüşdür.
Dahi rəhbərimiz Heydər Əliyevin 28 noyabr 1998-ci il tarixli “Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağında isə prokurorluq orqanlarına yüksək qiymət verərək demişdir: “Azərbaycan Prezidenti kimi mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.
Bu sözlər prokurorluğun tarixinə bir qızıl hərflərlə yazılmışdır. Bu kəlamlar hər yerdə və hər zaman prokurorluq işçilərinin ruh mənbəyi olmuşdur.
Prokurorluq həmişə və xüsusilə müstəqillik əldə olunduğu ağır illərdə ölkədə qanunun aliliyini və əmin-amanlığı layiqincə təmin etməyə nail olmuşdur.
Mən də fəxr edirəm ki, prokurorluqda qulluq etdiyim 35 ilin 18 ili ulu öndərimiz Heydər Əliyevin fəaliyyəti dövrünə təsadüf edir. Onun apardığı konfranslarda, plenumlarda, yığıncaqlarda, bəzi hallarda çıxışlarının iştirakçısı olmuşam. İş prosesində qarşıma çıxan ciddi maneələrlə əlaqədar onunla üç dəfə görüşmüşəm.
Təvazökarlıqdan uzaq olsa da səriştəli prokurorluq işçisi kimi təəssüratım odur ki, bu müqəddəs bir ocaqdır. Hər yerdən ümidi kəsilən şəxs prokurorluğa müraciət edir. Belə halda o bilir ki, şikayəti tam, ətraflı və obyektiv həll olunacaqdır.
Azərbaycan prokurorluğu orqanlarının əsas vəzifəsi ondan ibarətdir ki, digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, dövlət müstəqilliyimizin, demokratik hüquq və azadlıqların etibarlı müdafiəsi üçün zəruri tədbirlərin vaxtında həyata keçirilsin.
Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlanmasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli sərəncam imzalamışdır.
Ona görə də Azərbaycan Respublikası prokurorluğu orqanlarının bütün əməkdaşları, təqaüddə olan veteranlar və ölkəmizin hüquq ictimaiyyəti Azərbaycan Respublikası Prezidentinin həmin sərəncamına müvafiq olaraq “Prokurorluq işçilərinin peşə bayramı günü”nü və Azərbaycan prokurorluğunun 100 illik yubileyini qeyd etməyə hazırlaşırlar.
Çox sevindirici haldır ki, Heydər Əliyev ideyalarının, onun müdrik dövlətçilik siyasətinin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, mühüm dövlət təsisatlarından biri kimi onun normal fəaliyyəti üçün zəruri təminatlar yaradılması istiqamətində məqsədyönlü işlər görülür.
Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən çox təcrübəli, istedadlı, təşkilatçı hüquqşünas olan Zakir Qaralovu respublikanın Baş prokuroru təyin etmişdir. O, ona göstərilən etimadı doğruldaraq hazırda da iş fəaliyyətini müvəffəqiyyətlə davam etdirir.
Biz veteranlar onun şahidiyik ki, Z.Qaralov prokurorluq orqanlarında ciddi islahatlar aparmış, nizam-intizamı möhkəmləndirmiş, müstəntiqlərin iş şəraitini yaxşılaşdırmış, gənc hüquqşünasların hesabına kadrların tərkibini tamamilə yeniləşdirmiş və prokurorluqda sağlam mühit yaratmışdır. Bu işdə ona daha böyük uğurlar diləyirik.
Cahangir NƏSİROV,
Azərbaycan Respublikasının Veteranlar Təşkilatında Şöbə müdiri,
baş ədliyyə müşaviri
(25 sentyabr 2018, Respublika qəzeti)