Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Prokurorluğu – 100
Azərbaycan Prokurorluğunun bütün əməkdaşları müstəqil Azərbaycan dövlətçiliyi tarixi üçün əlamətdar günü – prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyini, xüsusi təntənə ilə qeyd etməyə hazırlaşırlar. Ümumilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə İslam Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başlaması günü milli prokurorluğun yaradılması tarixi kimi qeyd edilir.
Dövlətin xüsusi nəzarətedici orqanı kimi prokurorluq dövlət aparatının ayrıca tərkib hissəsi olaraq ilk dəfə XlV əsrin əvvəllərində Fransada Kral lV Filipp tərəfindən 25 mart 1302-ci il tarixli ordonansla – xüsusi qanunla yaradılmışdır. Fransa Prokurorluğunun təşkili və fəaliyyəti haqqında əsas qanun isə 1586-cı ildə qəbul olunmuşdur. Fransada yaradılmış ilk prokurorluq institutundan əvvəl də dünya dövlətləri, o cümlədən Azərbaycan dövlətçiliyi tarixində də məhz “prokuror” vəzifəsinə bu və ya digər formada yaxın, uyğun olan, dövlət nəzarəti funksiyalarını həyata keçirən təsisatlar mövcud olmuşdur. Lakin bütün nəzarət funksiyalarının vahid qurumda cəmləşdirilməsi tarixdə yalnız prokurorluğun timsalında mümkün olmuşdur.
Azərbaycan Demokratik Respublikasının bütün İslam dünyasında, müsəlman Şərqi coğrafiyasında ilk demokratik dövlət kimi dünya səhnəsinə çıxması, qısa müddət mövcud olmasına baxmayaraq, bütün fəaliyyətində dünyanın ən qabaqcıl demokratik nailiyyətlərini tətbiq etməsi, həmin dövr üçün mümkünsüz sayılan inqilabi dəyişikliklərə imza ataraq tamamilə demokratik əsaslarla yeni və mükəmməl dövlət quruluşunu yaratması qətiyyən təsadüfi və əsassız deyildi. Əslində Azərbaycan bəşər sivilizasiyasının, dövlət institutunun meydana çıxdığı ən qədim məskənlərindən biri olmaqla qalmayıb, tarixdə ilk demokratik dövlət quruculuğunun da beşiyidir. Azərbaycan xalqının qan yaddaşına hopmuş demokratik dövlət quruculuğunu ehtiva edən genetik informasiyası XX əsrin əvvəllərində Azərbaycan Demokratik Respublikasının timsalında yenidən və daha parlaq təzahür etdi.
Minilliklərlə ölçülən zəngin dövlətçilik tarixinə malik Azərbaycan xalqı ümumbəşəri humanist ideya və prinsiplərə əsaslanan demokratik dövlətçilik təsisatlarının yaranmasında çox yeniliklərə imza atmışdır. Təkzibedilməz tarixi qaynaqlara əsasən, bütün İslam Şərqində ilk demokratik dövlət kimi qəbul edilən Azərbaycan Demokratik Respublikasının qurulmasından hələ 4118 il əvvəl Azərbaycan xalqının ulu əcdadları – Protoazər qut (Kuti) xalqı insan sivilizasiyasının ən qədim beşiyi sayılan Cənubi Azərbaycan ərazisində eramızdan əvvəl III minillikdə – 2200-ci ildə dünya tarixinin ən qədim yaşayış məskənlərindən olan Yaxın Şərqdə Şumer, Elam, Akkad kimi qüdrətli dövlətləri özünə tabe edərək, tarixdə ilk demokratik dövlət olan Qut dövlətini qurmuş, həmin dövlət 2109-cu ilədək mövcud olmuşdur. Bu dövlətin digərlərindən fərqi isə ondan ibarət idi ki, həmin dövlətin bütün başçıları tarixdə ilk dəfə olaraq demokratik əsaslarla, seçki ilə seçilmişdi. Qut dövlətinin başında olmuş 21 rəhbərin – elbəylərin, xaqanların heç biri həmin vəzifəyə bir dəfədən artıq seçilməmiş, müxtəlif tarixlərdə hakimiyyət illəri hər biri üçün müvafiq surətdə 6, 3, 2 və bəzən 7 il olmuşdur. Bəşəriyyət tarixində ilk demokratik dövlət təsisatları eramızdan əvvəl V əsrdə qədim Yunanıstan və Roma şəhər-dövlətlərində deyil, həmin tarixdən 1700 il əvvəl məhz azərbaycanlıların ulu əcdadlarının – prototürklərin Qut dövlətində yaradılmışdır. Həmin dövlətin sayəsində 100 il ərzində bütöv Yaxın Şərq regionunda sabitlik hökm sürmüş, Dəclə-Urmu hövzəsində Qut adı bütün Azər (Az, As) tayfalarının ümumi adına çevrilmişdi.
Azərbaycan Demokratik Respublikası bu tarixi varisliyin yeni dövrdə mükəmməl ifadəsi olaraq, dövlət quruculuğunda ən qabaqcıl təcrübəni tətbiq edərək, beynəlxalq müstəvidə sınaqdan çıxmış ən modern və effektiv dövlət təsisatlarının təşkilinə nail oldu. Azərbaycan milli prokurorluq institutunun yaradılması da bu tarixi zərurətdən irəli gəlirdi. 1918-ci ilədək Azərbaycan Rusiya İmperiyasının tərkibində olduğu dövrlərdə onun ərazisində “prokuror” vəzifəsi və buna uyğun müvafiq dövlət təsisatları mövcud olmuşdu. 1813-cü və 1828-ci il tarixlərində Azərbaycan Qacar Dövləti (indiki İran) və Rusiya İmperiyası arasında bağlanılmış Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Şimali Azərbaycan Rusiya imperiyasının tabeliyinə keçdi. Rusiya İmperiyasında prokurorluq hələ l Pyotrun “Baş prokuror vəzifəsi haqqında” 12 yanvar 1722-ci il tarixli fərmanı ilə təsis edilmişdi. 1802-ci ildə Rusiyada Ədliyyə Nazirliyi yaradıldıqdan sonra, hazırda da bir çox dövlətlərdə olduğu kimi, ədliyyə naziri, eyni zamanda, ölkənin baş prokuroru hesab edilmişdi.
Azərbaycanın şimal xanlıqlarının Rusiya İmperiyası tərəfindən işğalından, daha doğrusu, Türkmənçay müqaviləsindən sonra Rusiyanın prokurorluq orqanlarının yurisdiksiyası bu ərazilərdə də qüvvədə olmuşdu. Türkmənçay müqaviləsinin bağlandığı 1828-ci ildən 1 yanvar 1841-ci il tarixədək Şimali Azərbaycan ərazilərində komendant idarəçilik sistemi tətbiq olunmuş, məhkəmələrin nəzdində prokuror nəzarəti təsis edilmişdi. Şimali Azərbaycanın da daxil olduğu Rusiyada prokuror nəzarətinin hüquqi əsasları, prokurorların funksiyaları, prokuror nəzarətinin predmeti və digər məsələlər 1862-ci ildə qəbul edilmiş «Prokurorluq haqqında əsas müddəalar»la müəyyən edilmişdi. Göstərilən dövr ərzində Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol (Gəncə) quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya instansiyası statusunda olan Tiflis Məhkəmə Palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci ilin fevral ayında Azərbaycan ərazisində 13 yeni məhkəmə idarəsi təsis edilmişdi ki, onların da strukturunda prokuror nəzarətini və ibtidai istintaqı həyata keçirən bölmələr yaradılmışdı.
1918-ci ilin ortalarında Birinci dünya müharibəsinin sona yaxınlaşması, dünyanın böyük güclər tərəfindən yenidən bölüşdürülməsi proseslərinin başlanılması ilə əlaqədar yaranmış yeni geosiyasi şəraitdə Çar Rusiyasının zəifləməsi, ölkədə siniflərarası və milli münaqişələrin alovlanması ilə bağlı olaraq imperiyanın digər regionları kimi Şimali Azərbaycanın da müstəqillik əldə etməsi üçün münbit şərait yaranmışdı. 22 aprel 1918-ci ildə Azərbaycan, Gürcüstan və Ermənistanın aparıcı siyasi qüvvələri yaranmış ağır şəraitdən çıxış yolu kimi səylərini birləşdirərək Zaqafqaziya Demokratik Federativ Respublikası yaratdılar. 26 may 1918-ci ildə bu dövlət də dağıldıqdan sonra, Azərbaycan nümayəndə heyəti Seymdən çıxdığını bəyan etdi. Xalqımızın milli və siyasi iradəsinin ifadəsi kimi 1918-ci il may ayının 28-də bütün İslam Şərqində ilk demokratik dövlət –Azərbaycan Demokratik Respublikası elan olundu.
Azərbaycan Demokratik Respublikasının yaranması xalqımızın minilliklərə əsaslanan möhtəşəm dövlətçilik ənənələrinin bəşəriyyət tarixinin səmasında parlaq ulduz kimi yenidən doğması ilə əlamətdar olmaqla bərabər, bu dövlət həmin dövr üçün ən mütərəqqi sayılan yeniliklərə, islahatlara imza atdı. Müasir Azərbaycan Respublikası da Azərbaycan Demokratik Respublikasının siyasi varisi kimi həmin ideallara sadiq qalmaqla, o dövrdə təməli qoyulmuş möhkəm özüllər əsasında qurulmuş və inkişaf etməkdədir.
Azərbaycan Demokratik Respublikası mövcud olduğu qısa, cəmi 23 aylıq dövr ərzində, son dərəcə ağır və mürəkkəb geosiyasi şəraitdə, ən mütərəqqi demokratik dövlət təsisatlarının qurulmasını, onların normal iş fəaliyyətini təmin etmişdir. Digər demokratik dövlət qurumları ilə yanaşı, Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluq fəaliyyətə başlamış, 1918-ci ilin noyabr ayının 18-də isə Nazirlər Şurası tərəfindən “Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin dövrdə ədliyyə nazirləri, eyni zamanda, dövlətin baş prokurorları olmuşlar. Son dərəcə ağır tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Demokratik Respublikasının Məhkəmə Palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində olan prokurorluq orqanları öz səlahiyyətləri daxilində dövlətdə qanunçuluğun mühafizəsi üçün gərəkli fəaliyyət göstərmişlər.
1920-ci il aprelin 28-də Azərbaycan Demokratik Respublikası süquta yetirildi və Şimali Azərbaycan ərazisində onun yerində yeni dövlət – Azərbaycan Sovet Sosialist Respublikası quruldu. Doğrudur, Azərbaycan SSR də 28 aprel 1920-ci ildən 12 mart 1922-ci il tarixədək – 23 ay ərzində müstəqil dövlət kimi mövcud olmuş, beynəlxalq hüququn müstəqil subyekti qismində dövlətlərarası münasibətlərdə suveren dövlət kimi iştirak etmiş, tanınmışdır. Mahiyyətcə yeni, sosialist istiqamətini seçmiş Azərbaycan SSR-in yaranması ilə əlaqədar ADR dövründə yaradılmış digər dövlət orqanları ilə yanaşı, prokurorluq və ibtidai istintaq orqanları da Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli “Xalq Məhkəməsi haqqında” Dekreti ilə ləğv edilmişdi.
Azərbaycan SSR 12 mart 1922-ci ildən Gürcüstan və Ermənistanla birgə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasını (ZSFSR) yaradaraq, öz müstəqilliyini itirdi və bu dövlətin tərkibinə daxil oldu. Bu dövrdə bütün hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirməli olan xüsusi orqanın yaradılması ehtiyacını nəzərə alaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli “Azərbaycan SSR-nin Dövlət Prokurorluğu haqqında” Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyuldu.
30 dekabr 1922-ci ildə isə Azərbaycan SSR Zaqafqaziya SFSR-in subyekti qismində yeni yaranmış Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ-in) tərkibinə daxil oldu. Həmin dövrlərdə Azərbaycan SSR-nin xalq ədliyyə komissarları həm də baş prokurorları olmuşlar. 1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başladı.
1936-cı il dekabrın 5-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ləğv edildi və Azərbaycan SSR ayrıca müttəfiq respublika qismində SSRİ-nin tərkibində saxlanıldı. Azərbaycan SSR SSRİ-nin tərkibində olduğu müddətdə, prokurorluğun fəaliyyətinin qanunvericilik qaydasında nizama salınması ilə əlaqədar 1955-ci il may ayının 24-də “SSRİ-də prokuror nəzarəti haqqında Əsasnamə” qəbul edildi. 1979-cu il noyabrın 30-da isə prokurorluq orqanlarının fəaliyyətinin tənzimlənməsində mühüm qanunvericilik aktı olan “Prokurorluq haqqında” SSRİ Qanunu qəbul edildi. SSRİ dağılana qədər və ondan sonra Azərbaycan Respublikasının müstəqil prokurorluğu “Prokurorluq haqqında” yeni Qanun qüvvəyə minənədək, yəni 1999-cu il dekabrın 7-dək həmin qanun əsasında fəaliyyət göstərdi.
Azərbaycan SSR-in mövcud olduğu illərdə Azərbaycanda fəaliyyət göstərən hərbi prokurorluqlar Azərbaycan SSR Prokurorluğu sisteminə aid olmamışdır. Belə ki, respublikanın ərazisində Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe olan: Bakı şəhərində yerləşən Hərbi prokurorluq, Hərbi Dəniz Qüvvələri Hərbi Prokurorluğu, Gəncə, Lənkəran və Naxçıvan şəhərlərində isə Qarnizon Hərbi prokurorluqları fəaliyyət göstərirdi.
1991-ci ildə SSRİ-nin süqutundan sonra həmin hərbi prokurorluqlar ləğv edilmiş və müstəqil Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarının yaradılmasına başlanmışdır. Azərbaycan Respublikasının müstəqilliyinin əsas hüquqi sənədi sayılan Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında 18 oktyabr 1991-ci il tarixli Konstitusiya Aktının 4-cü maddəsinə əsasən, suveren Respublikanın müvafiq qanunları qəbul edilənədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı.
Bundan sonra, Azərbaycan Respublikası Milli Məclisinin 21 may 1992-ci il tarixli Qərarı ilə “Hərbi prokurorluqlar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin qanuna müvafiq olaraq 30 noyabr 1979-cu il tarixli “SSRİ Prokurorluğu haqqında” Qanun və 4 avqust 1981-ci il tarixli “Hərbi Prokurorluq Haqqında” Əsasnamə və digər əlaqədar normativ aktlar Azərbaycan Respublikasının ərazisində öz hüquqi qüvvəsini saxlayırdı. Qanunun 2-ci maddəsi ilə müəyyən edilirdi ki, SSRİ baş prokurorunun və SSRİ baş hərbi prokurorunun hüquq və vəzifələrini Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq, Azərbaycan Respublikasının baş prokuroru və hərbi prokuroru yerinə yetirir. 26 avqust 1992-ci il tarixdə isə “Azərbaycan Respublikasının ərazisində prokurorluq orqanlarının statusunu müəyyən edən keçmiş SSRİ-nin qanunvericilik aktlarının hüquqi qüvvəsini saxlaması və onların tətbiqi qaydaları haqqında” Qanun qəbul edildi. Bu qanun prokurorluğun fəaliyyətinin tənzim olunması baxımından mühüm əhəmiyyət daşıyırdı. Lakin yeni, müstəqil dövlətin prokurorluğunun fəaliyyətini keçmiş SSRİ-də qüvvədə olmuş qanunlarla nizama salmaq dövrün tələblərinə qətiyyən cavab vermirdi.
SSRİ-nin mövcud olduğu illərdə prokurorluq orqanları o dərəcədə yüksək səlahiyyətlərə malik olmuşdu ki, onları hüquq ədəbiyyatında, nəzəri baxımdan, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq, 3 ənənəvi hakimiyyət qolu: qanunverici, icra və məhkəmə hakimiyyətləri ilə bir sırada duran, eynihüquqlu, bəzi hallarda isə daha üstün olan 4-cü – “nəzarət hakimiyyəti” adı altında təsnifləşdirmişlər. Doğrudur, SSRİ-də mütləq təkpartiyalı siyasi sistemin – Kommunsit Partiyasının ali siyasi hakimiyyətdə olması, SSRİ-nin ali rəhbər vəzifəli şəxsinin də Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi sayılması və bundan doğan mənfi təzahürlər dövlət orqanlarının hakimiyyət bölgüsü prinsipinə uyğun demokratik əsaslarla fəaliyyət göstərməsini tam mümkünsüz edirdi. Hakimiyyət qollarının bir-birinə nəzarət etmək mexanizminin mövcud olmadığı, bütün dövlət orqanlarının hakim partiyanın “təkhakimiyyətliliyi” altında fəaliyyəti, mütləq olaraq heç bir quruma tabeliyi olmayan, bütün vətəndaşların, müəssisə, idarə və təşkilatların, habelə ictimai və dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətinə nəzarət etməli olan prokurorluq kimi nüfuzlu, ali nəzarətedici quruma ehtiyac yaratmışdı. SSRİ-də prokurorluğun bu funksiyası son dərəcə fövqəladə sayılacaq “ümumi nəzarət” adlanırdı ki, bununla prokurorluq bütün vətəndaşların, müəssisə, idarə və təşkilatların, habelə ictimai və dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyətində qanunların eyni cür və dürüst tətbiq və icra olunmasına nəzarət edirdi. Belə yüksək səlahiyyətlər digər heç bir qurumda yox idi.
1991-ci ildə SSRİ-nin süqutu ilə Azərbaycan müstəqillik əldə etdikdən sonra sosialist ictimai-iqtisadi formasiyasından yeni formasiyaya keçid belə müstəsna səlahiyyətlərə malik ali nəzarətedici orqanın funksiyalarına yenidən baxılmasını və onun fəaliyyət dairəsinin sərhədlərinin yenidən cızılmasını, müəyyənləşdirilməsini tələb edirdi. Xüsusilə, 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan birmənalı olaraq sosialist təmayüllərindən imtina edərək, qabaqcıl sivilizasiyaya inteqrasiya yolunda, müasir, yeni dövlətçiliyin inkişafının üç təməl prinsipi əsas istiqamətlər kimi seçildi: “demokratiya, siyasi plüralizm və bazar iqtisadiyyatı”.
18 oktyabr 1991-ci il tarixdə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən yəni Azərbaycan Respublikası SSRİ tərkibindən çıxaraq müstəqil dövlət kimi beynəlxalq birliyin tamhüquqlu üzvüdür. Bu zaman digər dövlət təsisatları kimi, Azərbaycan Prokurorluğu da müstəqil dövlət qurumu kimi öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun formalaşdırmalı idi. Belə ki, prokurorluğun funksiyaları, hüquq və vəzifələri keyfiyyətcə yenilənməli, o, fəaliyyətini demokratik cəmiyyət, siyasi plüralizm və bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyətin tələbatı ilə uzlaşdırmağa məhkum idi.
Belə prinsiplər dövlət hakimiyyətinin daha mütərəqqi sayılan və əsrlərin sınağından çıxmış “hakimiyyət bölgüsü” prinsipi əsasında: qanunverici, icraedici və məhkəmə hakimiyyəti qollarına ayrılmasını, onların bir-birinə effektiv nəzarətini qaçılmaz edir, prokurorluğun əvvəlki “ümumi nəzarət” adlanan çox geniş, fövqəladə sayılacaq səlahiyyətləri ehtiva edən funksiyasının qüvvədə qalmasına ehtiyacı aradan qaldırırdı. Ona görə də bu istiqamətdə çoxsaylı və düşünülmüş institusional və funksional islahatların aparılması zərurəti yaranmışdı və belə də oldu.
Prokurorluğun əvvəllər malik olduğu, bütün fiziki və hüquqi şəxslərə, müəssisə, idarə və təşkilatlara, dövlət və ictimai orqanlara və onların rəhbərlərinə – bir sözlə, hamıya nəzarəti özündə ehtiva edən “ümumi nəzarət” funksiyalarından imtina edilərək, qabaqcıl beynəlxalq standartlara və müasir tələblərə cavab verən, hüquq sisteminin inkişafında xüsusi rol oynayan, hüquq-mühafizə orqanları içərisində sanbalı və nüfuzu ilə seçilən, mühüm, çevik, modern dövlət təsisatına çevrilməsi ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğun statusu məhz “Məhkəmə hakimiyyəti” bölməsində verilməklə, onun hakimiyyətin 3-cü qolu olan məhkəmə hakimiyyətinin bir hissəsi olması təsbit edildi. Bununla da, prokurorluq nəzarətedici orqandan cinayət-mühakimə prosesinin ilkin mərhələsini, yəni cinayət işləri üzrə ibtidai istintaqı həyata keçirən, bütün təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətinə prosessual rəhbərlik edən, həmin orqanların, habelə əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunla nəzərdə tutulmuş hallarda və qaydada qanunların eyni cür və dürüst tətbiqinə və icrasına nəzarət edən, məhkəmədə dövlət ittihamını müdafiə edən, mülki iddia qaldıran, cəzaların icrasında iştirak edən və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirən bir hüquq-mühafizə orqanı kimi keyfiyyətcə yeni – ədliyyə qurumuna çevrildi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra respublikamız yeni dövrə, fərqli sosial münasibətlər müstəvisinə qədəm qoymuş, tamamilə fərqli ictimai-iqtisadi formasiyaya inteqrasiya etmişdir. Belə bir şəraitdə müstəqil dövlətin prokurorluğunun fəaliyyəti beynəlxalq standartlara cavab verən yeni və modern qanunvericilik aktları ilə tənzimlənməli, möhkəm hüquqi baza yaradılmalı idi. Bu istiqamətdə atılmış təqdirəlayiq addımlar sayəsində, həmin dövr üçün prokurorluğun strukturunu, statusunu, funksiyalarını, işçilərinin fəaliyyətini dəqiq nizama salan, əməkdaşların sosial müdafiəsinin yüksək səviyyədə təmin olunmasını özündə ehtiva edən mükəmməl qanun layihələri hazırlandı. Həmin layihələr əsasında 1999-cu il dekabrın 7-də “Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunu”, 2001-ci il iyunun 29-da isə “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edildi.
Göstərilənlərlə yanaşı, 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin və digər qanunlarının tələblərinə əsasən, prokurorluğun əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətinə nəzarət, təhqiqat və ibtidai istintaqa prosessual rəhbərlik sahəsində səlahiyyətləri də müasir, qabaqcıl dəyərlərə, standartlara uyğunlaşdırılmış, fundamental insan və vətəndaş hüquq və azadlıqlarının təminatı ön plana çəkilərək, prokurorluğun həbs və digər prosessual-məcburiyyət tədbirlərinin tətbiqi zamanı (sanksiya vermək) malik olduğu səlahiyyətləri alınmış, bu səlahiyyətlər müvafiq prosedurlara uyğun olaraq, məhkəmələrə verilmişdir.
Bütün bunlara baxmayaraq, cəmiyyətdə baş verən köklü dəyişikliklər, bütün sahələrdə beynəlxalq standartlara uyğunlaşma tələbatı prosesləri çərçivəsində bu proseslərə adekvat olaraq prokurorluğa yeni səlahiyyətlər verilməsi, səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı da, zəruri tələbatdan doğan, mühüm addımlar atılmışdır. 2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Bundan başqa, 2004-cü il martın 3-də Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin (sonradan Baş idarə statusu verilmişdir) yaradılması və həmin orqana ibtidai istintaq aparmaqla yanaşı, korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi nəticəsində prokurorluq həm də qismən əməliyyat-axtarış fəaliyyətinin subyekti olmuşdur.
Bunlardan əlavə, “Prokurorluq haqqında Azərbaycan Respublikası Qanunu”na edilmiş 30.09.2005-ci il tarixli dəyişiklik və əlavələrə əsasən, Azərbaycan Respublikası Hərbi Prokurorluğuna xidməti səlahiyyətlərinin daha effektiv və operativ həyata keçirilməsini təmin etməkdən ötrü bir sıra əlavə səlahiyyətlər verilmişdir.
Sonrakı dövrlərdə aparılmış islahatlarla da prokurorluğa inzibati xətalarla bağlı icraat üzrə də əlavə səlahiyyətlər verilmiş, bu sahədə funksiyaları genişlənmişdir. Hazırda Azərbaycan prokurorluq orqanlarının səlahiyyətləri Konstitusiya və digər qanunvericilik aktları ilə tam və dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsi, habelə, “Prokurorluq haqqında Azərbaycan Respublikası Qanunu”nun 4-cü maddəsinə əsasən, prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada: cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət olunmasını təmin edir; təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icrasına və tətbiqinə nəzarət edir; məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir; məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir; məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.
Ölkə rəhbərliyi tərəfindən aparılan məqsədyönlü və kompleks tədbirlər sayəsində Azərbaycan prokurorluğu qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin olunması, cinayətkarlıqla mübarizə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən keyfiyyətcə mükəmməl təsisata çevrilmişdir. Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə son dərəcə şərəfli yol keçmiş, Azərbaycan xalqı və dövlətinin hər cür qanun pozuntuları və cinayətkarlıqdan müdafiəsi, cinayətkarlığa qarşı effektiv mübarizədə böyük nailiyyətlər əldə etmişdir.
1918-ci il oktyabrın 1-də müstəqil Azərbaycan dövlətçiliyinin ilk prokurorluğunun yaradılması tarixinin “Prokurorluq işçilərinin peşə bayramı” qismində təsis edilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.
Ümummilli lider Heydər Əliyev bütün digər dövlət orqanlarının əməkdaşlarına olduğu kimi, prokurorluğa da daim yüksək diqqət və qayğı göstərmiş, prokurorluğun dövlət orqanları arasında xüsusi çəkisinin və yerinin olduğunu vurğulamışdır. Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyinə həsr olunmuş 28 noyabr 1998-ci il tarixli tədbirdə ümummilli lider Heydər Əliyev demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan dinamik inkişaf tədbirləri sayəsində prokurorluq orqanlarında hərtərəfli islahatlara başlanılmış, Azərbaycan Prokurorluğunun fəaliyyəti demokratik məzmun kəsb etmiş, yenilənmiş, fəaliyyəti təkmilləşmişdir.
Ümummilli liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti dövründə bütün digər dövlət orqanları kimi prokurorluq məzmun və keyfiyyətcə yeni mərhələyə keçmiş, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş, prokurorluğun işinin təkmilləşdirilməsi və qabaqcıl standartlara uyğunlaşdırılması istiqamətində əsaslı irəliləyişlər əldə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev prokurorluğa olan yüksək etimadını belə ifadə etmişdir: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.
Dağlıq Qarabağ ətrafında 1987-ci ildən alovlanmış münaqişənin başlanılmasından keçən 30 ildən artıq müddət ərzində diplomatik cəhdlərin heç bir müsbət nəticə vermədiyi şəraitdə respublikamızın pozulmuş ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş ərazilərimizin düşmən tapdağından azad edilməsi, ölkəmizin bütün ərazisində qanuni hakimiyyətin təmin edilməsi üçün dövlətimizin güclü orduya sahib olması ən mühüm, strateji prioritet məsələdir. Bu məqsədlərə nail olunmasında müvəffəqiyyət əldə edilməsi isə ordunun yüksək döyüş hazırlığı və ən müasir silah, texnika və döyüş sursatları ilə təchizatı ilə yanaşı, orduda hüquq pozuntularının hər cür təzahürlərinin aradan qaldırılması, cinayətkarlığa qarşı mübarizənin kəsərliliyinin artırılması, ordunun yüksək mənəviyyata, vətənpərvərlik ruhuna və nizam-intizama malik hərbi qulluqçular korpusundan təşkil olunması və digər effektiv, kompleks tədbirlərin həyata keçirilməsi ilə bilavasitə əlaqədardır. Silahlı Qüvvələrdə yüksək döyüş qabiliyyəti və nizam-intizamın bərqərar olunmasında bu qüvvələrin kollektivi və rəhbərliyi ilə bərabər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun kollektivi də hər cür mənfi təzahürlərə, o cümlədən cinayətkarlığa qarşı apardığı effektiv mübarizə tədbirləri ilə əhəmiyyətli töhfələr verir.
Azərbaycan Prokurorluğunun bütün kollektivi kimi Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları da milli prokurorluğun yaradılmasının 100 illik yubileyi ərəfəsində, Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə prokurorluğun hüquq-mühafizə orqanları sistemində tutduğu aparıcı mövqeyə uyğun daha səmərəli fəaliyyət göstərməklə qanunvericilikdə və ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin ən yüksək səviyyədə icra edilməsi əzmindədir.
Mehdi HÜSEYNZADƏ,
Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi,
ədliyyə polkovniki
(11 sentyabr 2018-ci il, Xalq qəzeti)