Şriftin ölçüsü :
Saytın rəngi :
Tarixi mənbələrdən məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti 28 may 1918-ci ildə İstiqlal bəyannaməsini qəbul edərək müstəqilliyini elan etməklə Şərqdə ilk demokratik dövlətin əsaslarını yaratmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi ən vacib məsələlərdən biri hüquq sisteminin qurulması və məhkəmə-istintaq orqanlarının formalaşdırılması olmuşdur. Azərbaycan hökuməti 1918-ci ilin sentyabr ayında Bakıya köçdükdən sonra məhkəmə-istintaq orqanlarında islahatların aparılması sürətləndirilmişdir.
Azərbaycan Demokratik Respublikasının fəaliyyət göstərdiyi cəmi 23 ay ərzində baş vermiş ən mühüm hadisələrdən biri də Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində milli prokurorluq orqanlarının yaradılaraq fəaliyyətə başlaması idi. 1918-ci ilin noyabr ayının 14-də Azərbaycan Demokratik Respublikasının Nazirlər Şurası tərəfindən təsdiq olunmuş “Azərbaycan Məhkəmə palatası haqqında” Əsasnaməyə görə Azərbaycan Məhkəmə Palatası yanında prokuror nəzarəti, cinayət prosesində ittihamın müdafiə edilməsi və məhkəmə orqanlarında qanunların tətbiqinə nəzarət funksiyasının həyata keçirilməsi hökumət tərəfindən təyin olunmuş prokuror və onun iki müavininə həvalə edilmişdir. Prokuror nəzarətini Baş prokuror həyata keçirmişdir. Baş prokurorun funksiyalarını Ədliyyə naziri icra etmişdir.
Ölkənin Parlamenti tərəfindən 1919-cu ilin aprel ayının 14-də qəbul edilmiş “Azərbaycan Respublikasında Hərbi-məhkəmə hissəsinin quruluşu haqqında Müvəqqəti Əsasnamə”yə uyğun olaraq Azərbaycan Hərbi Məhkəməsinin idarəçiliyi hərbi nazirlik tərəfindən həyata keçirilmişdir. Eyni zamanda Azərbaycan Hərbi Məhkəməsinə prokuror nəzarəti Hərbi nazirin əmri ilə təyin olunmuş Hərbi Məhkəmənin prokuroruna həvalə edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə palatasında, Bakı və Gəncə dairə məhkəmələrinin tərkibində qərarlaşmış prokurorluq orqanları olduqca mürəkkəb və ağır şəraitdə öz səlahiyyətləri çərçivəsində səmərəli fəaliyyət göstərmişlər. 1920-ci ilin aprel ayının 28-də XI Qızıl ordunun müdaxiləsi nəticəsində Azərbaycan Demokratik Respublikası süqut etdikdən sonra Azərbaycan İnqilab Komitəsinin “Xalq məhkəməsi haqqında” 12 may 1920-ci il tarixli dekretinə əsasən Cümhuriyyətin dövründə yaradılmış digər dövlət orqanları ilə bərabər, prokurorluq və istintaq orqanları da ləğv edilmişdir.
İlk dövrlərdə prokurorluq orqanları olmadığı üçün qanunların icrasına nəzarət Xalq Ədliyyə Komissarlığı, İnqilab Komitələri, Fəhlə-kəndli müfəttişlikləri və digər hakimiyyət orqanları tərəfindən həyata keçirilmişdir. Lakin həmin dövrdə dövlət orqanlarının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən orqanın yaradılmasına zərurət olduğu üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin “Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında” 11 iyul 1922-ci il tarixli dekreti ilə Azərbaycan Sovet Sosialist Respublikasında sovet prokurorluğunun əsası qoyulmuşdur. 22 iyul 1922-ci ildə təsdiq edilmiş “Xalq Ədliyyə Komissarlığı haqqında Əsasnamə” ilə prokurorluğa xalq məhkəmələrinin hökm və qərarlarına nəzarət qaydasında baxmaq və yeni açılmış hallar üzrə işlərin təzələməsi hüququ verilmişdir. 6 iyul 1927-ci ildə Azərbaycan SSR MİK və XKS tərəfindən təsdiq edilmiş “Məhkəmə quruluşu haqqında” Əsasnaməyə görə Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının tərkibində Respublika Prokurorluğu idarəsi yaradılmışdır. Ərazilər üzrə mahal prokurorluqlarının əvəzində qəza və şəhər prokurorluqları yaradılmışdır. 1930-cu ilin avqust ayının 8-də Azərbaycan SSR MİK və XKS-nin qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR prokurorluğu haqqında” Əsasnaməyə əsasən prokurorluq birbaşa Azərbaycan Mərkəzi İcrayyə Komitəsinə tabe edilmişdir. 1936-cı ildən başlayaraq SSRİ dövlətində prokurorluq sisteminin daha ciddi mərkəzləşməsi prosesi həyata keçirilmişdir.
SSR İttifaqı MİK və XKS-nin 20 iyul 1936-cı il tarixli “SSR İttifaqı Xalq Ədliyyə Komissarlığının yaradılması haqqında” qərarına əsasən Azərbaycan SSR-nin prokurorluq və istintaq orqanları xalq ədliyyə komissarlığı strukturundan çıxarılaraq birbaşa SSR İttifaqı Prokurorluğunun tabeliyinə verilmişdir. SSRİ Ali Sovetinin 1979-cu ilin noyabr ayının 30-da keçirilmiş sessiyasında “SSRİ prokurorluğu haqqında” qanun qəbul edilmişdir.
1991-ci ilin oktyabr ayının 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya aktının qəbul olunmasına baxmayaraq 1993-cü ilin ikinci yarısınadək olan dövrdə müstəqilliyin möhkəmləndirilməsi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün zəruri olan nəzərəçarpan addımlar atılmamışdır. Həmin dövrdə ölkəni ağuşuna almış daxili didişmələr, xaos, özbaşınalıq, hakimiyyətsizlik dövlətin iqtisadi və siyasi əsaslarını laxlatmış, dövlət orqanlarının fəaliyyəti iflic olmuş və hüquq sisteminə böyük zərbə vurulmuşdur. Xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycandakı özbaşınalığa, siyasi hakimiyyətsizliyə həmişəlik son qoymaqla Azərbaycan dövlətinin müstəqilliyinin yenidən süquta uğradılmasının qarşısını almaqla bərabər Azərbaycanda mərkəzi hakimiyyət qurulmuş, ayrı-ayrı ictimai münasibətləri nizama salan qanunlar və digər normativ aktlar qəbul edilmiş, sosial-iqtisadi, ictimai-siyasi, məhkəmə-hüquq islahatları həyata keçirilməyə başlanmışdır.
Ulu öndərin bilavasitə rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin noyabr ayının 12-də ümumxalq səsverməsi - referendumla qəbul edilmiş, Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olan və qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyası respublikamızda məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə ciddi zəmin yaratmışdır. 158 maddədən ibarət Əsas Qanunda prokurorluğun məhkəmə hakimiyyəti sistemində yerini, hüquqi statusunu, təşkili qaydasını, səlahiyyətlərini, eləcə də Azərbaycan Respublikasının Baş prokurorunun, onun müavinlərinin, ərazi və ixtisaslaşmış prokurorların vəzifəyə təyin edilməsi və vəzifədən azad edilməsinin qaydalarını müəyyən edən və prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsinə təminat yaradan 133-cü, cinayət məhkəmə icraatında Azərbaycan Respublikası Prokurorluğunun tərəf kimi iştirakını müəyyən edən 125-ci maddələrinin yer alması prokurorluq orqanlarının dövlət və cəmiyyət üçün nə qədər vacib dövlət təsisatı olmasının bariz nümunəsidir.
Milli prokurorluq orqanlarının qanunun aliliyinin təmin edilməsi, insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi, kadr tərkibi və rəhbər heyətinin yüksək peşəkarlığı, mənəvi və iş keyfiyyətləri ilə seçilən əməkdaşlar hesabına yenidən kompleksləşdirilməsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılmış yeni məzmunlu islahatlar nəticəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Vətəndaş cəmiyyətində qanunun aliliyi prinsipinin işlək modelinin yaradılması üçün qətiyyətli addımlar atması ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətində yenilik deyildi. O, cəmiyyətdə qanunun aliliyi prinsipinin bərpa olunması üçün göstərdiyi qətiyyətli mövqeyi ilə keçmiş SSRİ məkanında böyük nüfuz qazanmış, onun səyləri nəticəsində hüquq-mühafizə orqanlarında sağlam mənəvi mühitin formalaşması istiqamətində ciddi addımlar atılmış, cinayətkarlığa, xüsusilə rüşvətxorluğa və korrupsiyaya qarşı genişhəcmli mübarizə təşkil edilmiş və onun “Qoy ədalət zəfər çalsın!” çağrışı cinayətkarlığa qarşı mübarizənin devizinə çevrilmişdir.
Ulu öndərin Azərbaycan Prokurorluğunun tarixində yeni mərhələnin başlanğıcını qoymuş aprel müşavirəsindəki proqram xarakterli çıxışından sonra Baş prokuror Zakir Qaralovun rəhbərliyi altında prokurorluq orqanlarında əsaslı islahatlar, struktur dəyişiklikləri aparılmış, dövrün tələbinə uyğun olan qurumlar yaradılmış, prokurorluğun fəaliyyətində yol verilmiş nöqsan və çatışmazlıqlar aradan qaldırılmış, dərin zəka və gərgin əməyin nəticəsində prokurorluqda fəaliyyət üçün zəruri hüquqi baza və Prokurorluğun normal fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradılmış, sözün əsl mənasında prokurorluq tamamilə yenidən qurulmuş və qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki və hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik, faktlara əsaslanma, vahidlik, mərkəzləşmə, siyasi bitərəflik kimi fundamental prinsiplər əsasında fəaliyyət göstərən sivil, demokratik dövlət təsisatına çevrilmişdir.
1993-cü ilin ikinci yarısından etibarən start götürülmüş məhkəmə-hüquq islahatlarının tərkib hissəsi kimi beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış və müasir demokratik cəmiyyətdə məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşmiş orqan kimi Azərbaycan Prokurorluğunun yerini, fəaliyyət istiqamətlərini, fəaliyyətinin əsas prinsiplərini, beynəlxalq əlaqələrini, prokurorluğun cinayət, mülki mühakimə, inzibati icraatında, cəzanın məqsədinə nail olunmasında iştirakını müəyyən edən “Prokurorluq haqqında”, “Prokurorluqda qulluq keçmə haqqında”, “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında”, “Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında” və digər qanunlar, Cinayət, Cinayət-Prosessual, Cəzaların icrası, Mülki-Prosessual, İnzibati Xətalar məcəllələri qəbul edilmiş, həmçinin bu qanunlarda nəzərdə tutulmuş istiqamətlər üzrə təşkilati və sahəvi əmr, təlimat və qaydalar hazırlanaraq prokurorluq əməkdaşlarının istifadəsinə verilmişdir.
Etiraf etməliyik ki, ötən dövr ərzində prokurorluq orqanlarının hüquqi dövlət quruculuğunda, vətəndaş cəmiyyətinin formalaşdırılmasında, cinayətkarlığa qarşı mübarizədə, xüsusilə bir sıra dövlət çevrilişi cəhdlərində iştirak etmiş və digər ağır cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunaraq barələrində ədalətli məhkəmə hökmlərinin çıxarılmasında, insan, vətəndaş hüquq və azadlıqlarının qorunmasında danılmaz xidmətləri olmuşdur. Prokurorluq cinayətkarlığa qarşı mübarizədə prinsipial və amansızdır.
19 iyun 2001-ci il tarixli Fərmanla təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq hər il prokurorluğa qəbul şəffaf presudurlarla həyata keçirilir, bu da ölkəmizdə aparılan dövlət gənclər siyasəti çərçivəsində Azərbaycan Prokurorluğunun kadr tərkibinin yeniləşməsini və kadr potensialının güclənməsini təmin etməkdədir. Elə bunun nəticəsidir ki, test üzrə müsabiqə yolu ilə işə qəbul olunan gənclər prokurorluq işcilərinin 67%-ni təşkil edir.
2002-ci ilin sentyabr ayının 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmiş, bununla da onun hüquq sistemindəki yeri və rolu daha da güclənmişdir. Təsadüfi deyil ki, prokurorluğun qanunvericilik təşəbbüsü hüququ əsasında çox sayda qanunların ayrı-ayrı normalarına Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərhlər verilməklə həmin normaların Konstitusiyaya uyğunlaşdırılması təmin edilmişdir.
Ulu öndərimiz Heydər Əliyev siyasətinin və onun strateji inkişaf konsepsiyasının hərtərəfli reallaşdırılması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən müasir məzmunlu dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycanda dünyəvi, hüquqi və demokratik dövlət qurulmuş, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi üçün hərtərəfli təminatlar yaradan vətəndaş cəmiyyəti formalaşdırılmış, davamlı sosial-iqtisadi inkişaf təmin edilmiş, xalqımızın maddi rifahı yaxşılaşdırılmış və ictimai həyatın bütün sahələrində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar və yeniləşmə prosesləri dərinləşmişdir.
Korrupsiya ilə əlaqədar cinayətlərin ictimai təhlükəlilik dərəcəsinin yüksək olması və bu növ cinayətlərin istintaqının aparılmasının yüksək peşəkarlıq tələb etməsi, həmçinin onlara qarşı mübarizənin üsul və vasitələrinin xüsusi məzmun kəsb etməsi, həmçinin, respublikamızın qoşulduğu BMT-nin “Korrupsiya əleyhinə” Konvensiyasının 36-cı maddəsinin iştirakçı dövlətlərin öz hüquq sistemlərinin əsas prinsiplərinə uyğun olaraq korrupsiya ilə mübarizə aparmaq üçün ixtisaslaşmış orqanların mövcudluğunun təmin edilməsi barədə öhdəliyinin icrası qaydasında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ilin 3 mart tarixli “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Sərəncamı əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradılmışdır.
“Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunlarında dəyişikliklər edilməsi haqqında 14 fevral 2014-cü il tarixli qanunlar və həmin qanunların tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərman və Sərəncamları ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilərək Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi adlandırılmışdır.
Korrupsiya ilə mübarizədə ictimaiyyətin iştirakını təmin etmək, belə neqativ hallarla üzləşmiş şəxslərin ixtisaslaşmış orqana birbaşa və maneəsiz məlumat vermək imkanlarının yaradılmasını, bu müraciətlərə təxirəsalınmadan baxılaraq vaxtında qanuni tədbirlər görülməsini təmin etmək məqsədi ilə Baş Prokurorluq üzrə 2 mart 2011-ci il tarixli əmrlə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzdində “161” nömrəli “Qaynar xətt” əlaqə mərkəzi yaradılmışdır.
18 mart 2011-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və “Prokurorluq haqqında” qanunlara dəyişikliklər edilərək MDB məkanında, habelə Azərbaycan Prokurorluğunun tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətləri verilmişdir.
Ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan Prokurorluğuna göstərilmiş diqqət və qayğı bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prokurorluqda sistemli qaydada aparılan müasirləşmə prosesi dövlət tərəfindən daima dəstəklənir və qiymətləndirilir.
27 sentyabr 2008-ci il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın qəbul edilməsi Prezident cənab İlham Əliyevin Azərbaycan Prokurorluğuna və onun kollektivinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir. Qeyd edilməlidir ki, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin müəyyən ardıcıllıqla həyata keçirilməsi prokurorluq orqanlarının dinamik inkişafının təmin edilməsi, fəaliyyətinin demokratikləşdirilməsi, kadr potensialının yaxşılaşdırılması, prokurorluq işçilərinin peşəkarlığının yüksək səviyyəyə qaldırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün ciddi zəmin yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun 90 illiyi münasibəti ilə prokurorluğun kollektivinə ünvanladığı təbrik məktubunda prokurorluqda görülən işləri yüksək qiymətləndirmişdir: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir. Prokurorluq orqanlarında yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Bu proseslər dövlət tərəfindən dəstəklənir və bundan sonra da dəstəklənəcəkdir. Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”.
Azərbaycan Respublikası Prokurorluğu sistemində informasiya-kommunikasiya sisteminin, “Elektron hökumət” layihəsi çərçivəsində prokurorluq orqanlarında elektron sənəd dövriyyəsini təmin edəcək şəbəkə yaradılmışdır ki, bu da istintaq edilən cinayət işlərinin elektron variantlarının hazırlanması istiqamətində zəruri tədbirlərin görülməsinə zəmin yaratmışdır.
“Azərbaycan Respublikası Prokurorluğu orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin səmərəliliyinin artırılması haqqında” 1 noyabr 2010-cu il tarixli əmrin tələblərinə uyğun olaraq Baş Prokurorluqda “Qaynar xətt” əlaqə mərkəzi və “Azərbaycan Prokurorluğunun veb saytı” təşkil edilmişdir ki, bu da vətəndaşların internet şəbəkəsi vasitəsilə bu sahədə müəyyən məlumatlarla tanış olmaları üçün mühüm şərait yaratmışdır.
Prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Baş Prokurorluqda prokurorluqda tədrisin beynəlxalq standartlara uyğun təşkil edilməsi, elmi tədqiqatların aparılması məqsədilə hərtərəfli elmi-texniki bazaya və kadr potensialına malik olan Elm-Tədris Mərkəzi, Hüquqi təminat idarəsi, İnformasiya-kommunikasiya texnologiyaları idarəsi, ağır və xüsusilə ağır cinayətlərin açılması və istintaqı zamanı prokuror-kriminalistlərin rolunun artırılması məqsədilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi və Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin tərkibində Kriminalistika şöbələri, ədalət mühakiməsinin həyata keçirilməsində prokurorların iştirakının səmərəliliyinin artırılması məqsədilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsi, prokurorluq orqanlarında müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin müasir tələblər səviyyəsində təşkili üçün Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin Vətəndaşların qəbulu şöbəsi, prokurorluq orqanlarının beynəlxalq əlaqələrinin yeni keyfiyyət müstəvisində qurulması məqsədilə Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin Ekstradisiya və hüquqi yardım şöbəsi və şöbə səlahiyyətli Beynəlxalq hüquqi əməkdaşlıq və protokol xidməti yaradılmışdır. Bundan başqa, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin Kriminalistika şöbəsində prokurorluq orqanlarında istintaq edilən şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adamöldürmə və qəsdən adamöldürməyə cəhd cinayətləri üzrə vahid məlumat bazası yaradılmışdır.
Azərbaycanın milli prokurorluğu 100 illik çətin, lakin şərəfli inkişaf yolu keçmiş, bu gün özünün parlaq dövrünü yaşayır.
Son olaraq Azərbaycan Prokurorluğunun tarixi, cəmiyyətdəki rolu, dövlətçiliyə münasibəti ilə bağlı fikirlərimi ulu öndər Heydər Əliyevin bu sözləri ilə yekunlaşdırmaq istəyirəm: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.
Ramazan HADIYEV,
Füzuli rayon prokuroru,
baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi.
(30 Sentyabr 2018- ci il, Respublika qəzeti)