-
Azərbaycan Respublikası Prokurorluğu orqanlarına poçt, teleqraf, faksimil
rabitə və ya elektron poçt ilə göndərilmiş, eləcə də digər qəbul olunmuş
müraciət formasında (o cümlədən prokurorluğun nümayəndəsinin iştirakı ilə
canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət
xidməti vasitəsilə) və ya kütləvi informasiya vasitələrindən daxil olmuş
fərdi və ya kollektiv təklif, ərizə və şikayətlərə, şəxsi qəbul zamanı
şifahi və ya yazılı formada edilmiş müraciətlərə baxılması, habelə
prokurorluqda vətəndaşların qəbulu işi müvafiq qanunvericiliyin, bu əmrin və
Baş prokurorun göstərilən məsələlərə dair digər əmr, göstəriş və
sərəncamlarının tələblərinə uyğun olaraq həyata keçirilsin.
-
Azərbaycan Respublikası Baş Prokurorluğunun struktur qurumlarının
rəhbərlərindən, Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisindən, Azərbaycan
Respublikasının Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar
Respublikasının Hərbi, Bakı şəhər, bütün rayon (şəhər) və ərazi hərbi
prokurorlarından tələb olunsun ki, Azərbaycan Respublikası Konstitusiyasının
57-ci maddəsində, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan
Respublikasının Qanununda və digər qanunvericilik aktlarında təsbit edilmiş
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən və ya
nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv
şəkildə müraciət etmək hüququnun reallaşdırılmasının təmin edilməsi üçün
bütün zəruri tədbirlər görsünlər.
-
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun
tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina
qadağandır.
Müraciətlərin baxılmaq üçün qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən)
şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərilməsinə yol
verilməsin.
Bu qadağaya görə müraciəti aidiyyəti üzrə göndərmək mümkün olmadıqda,
müraciət müəllifinə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək
hüququ izah olunsun.
-
Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlər 3 iş günündən
gec olmayaraq aidiyyəti üzrə göndərilməklə onların müəlliflərinə bu barədə
məlumat verilsin.
Zəruri hallarda bu növ müraciətlərin müəlliflərinə müvafiq qanunvericiliyin
tələblərinin və müraciət etmə qaydasının izahını nəzərdə tutan yazılı
cavabların göndərilməsi (şəxsi qəbul zamanı isə şifahi izahların verilməsi)
təmin edilsin.
Həlli prokurorluğun səlahiyyətlərinə aid olmayan müraciətlərin aidiyyəti üzrə
göndərilməsi və onların müəlliflərinə izahlı cavabların verilməsi Baş
Prokurorluqda Müraciətlərə baxılması idarəsi, Azərbaycan Respublikasının Baş
prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Təşkilati və
informasiya təminatı idarəsi, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan
Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarında isə Müraciətlərə
baxılması şöbələri tərəfindən həyata keçirilsin. Müraciət müəlliflərinə
göndərilən cavablar göstərilən struktur qurumların rəhbərləri (onların
müavinləri) tərəfindən imzalansın.
Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğuna daxil olmuş bu qəbildən
olan müraciətlərə cavabların verilməsi həmin qurumun rəhbərinin müəyyən
etdiyi qaydada onun müvafiq köməkçisi tərəfindən təmin olunsun.
Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş göstərilən növ
müraciətlər müvafiq prokurorlar və ya onların müavinləri tərəfindən
cavablandırılsın.
-
Müraciətlərə baxılmasının nəticələri və bununla bağlı qəbul olunmuş qərarlar
haqqında müraciət müəlliflərinə qanunla müəyyən edilmiş müddətlərdə müfəssəl
cavabların verilməsi, müraciət baxılmamış saxlanıldıqda, qismən təmin
edildikdə və ya rədd edildikdə cavabda bunun səbəbləri göstərilməklə
qanunvericiliyin müvafiq müddəalarına istinad və şikayət vermə qaydasının
izah edilməsi təmin olunsun.
Müraciətdə göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara
və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu
səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət
edənə məlumat verilsin.
Prokurorluq orqanları rəhbərlərinin şəxsi qəbulu zamanı verilmiş müraciətlərə
baxılmasının nəticələri və qəbul olunmuş qərarlar barədə cavablar həmin
rəhbər vəzifəli şəxslər tərəfindən verilsin.
-
Baş Prokurorluqda, Azərbaycan Respublikasının Hərbi, Naxçıvan Muxtar
Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı şəhər
prokurorluqlarında müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş
qərarlar barədə ilkin cavabların verilməsi müvafiq idarə (şöbə) rəislərinin
müavinləri (“rəis müavini” ştat vahidi olmayan idarələrdə (şöbələrdə) isə
birbaşa olaraq idarənin (şöbənin) rəisi), onların qərarlarından verilmiş
şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə
(şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə
baxılması və nəticəsinə dair cavabların verilməsi isə müvafiq prokurorların
müavinləri tərəfindən həyata keçirilsin.
Prokuror müavinlərinin daxil olmuş müraciətlər üzrə qəbul etdikləri
qərarlardan verilmiş şikayətlərə müvafiq prokurorlar tərəfindən baxılsın və
şikayətçilərə cavab verilsin.
Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı
şəhər prokurorları tərəfindən müraciətlər üzrə qəbul olunmuş qərarlara dair
şikayətlərə Baş prokurorun müvafiq müavinləri tərəfindən baxılsın və
müraciət müəlliflərinə cavablar onların imzaları ilə verilsin.
-
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində müraciətlərə baxılmasının nəticələri və qəbul olunmuş
qərarlar barədə ilkin cavabların verilməsi Baş İdarənin müvafiq idarə (şöbə)
rəislərinin müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə)
birbaşa olaraq idarənin (şöbənin) rəisləri), onların qərarlarından verilmiş
şikayətlərə baxılması və bunun nəticələri barədə cavabların verilməsi idarə
(şöbə) rəisləri, idarə (şöbə) rəislərinin qərarlarından verilmiş şikayətlərə
baxılması və bunun nəticələri barədə cavabların verilməsi Baş İdarənin rəis
müavinləri, onların qərarlarından verilmiş şikayətlərə baxılması və
nəticəsinə dair cavabların verilməsi isə vəzifəsinə görə Baş prokurorun
müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən həyata keçirilsin.
-
Baş prokurorun müavinləri, bilavasitə Baş prokurorun tabeliyində olan Baş
Prokurorluğun idarələrinin rəisləri və Baş prokurorun köməkçiləri tərəfindən
müraciətlər üzrə qəbul edilmiş qərarlara dair şikayətlərə Baş prokuror
tərəfindən baxılır və müraciət müəlliflərinə cavab onun imzası ilə verilir.
Prokurorluqda müraciət üzrə son qərar Baş prokuror tərəfindən qəbul
edilir.
-
Baş Prokurorluğa, habelə Azərbaycan Respublikasının Baş prokuroru yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Hərbi,
Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı
şəhər prokurorluqlarına daxil olmuş müraciətlər üzrə qərarların qəbul
edilməsi və müraciət müəlliflərinə cavab verilməsi zamanı bu əmrin 41, 41-1
və 42-ci bəndlərinin tələblərinə ciddi əməl olunsun, müraciət üzrə qərar
qəbul edib cavab vermiş rəhbər işçi tərəfindən onun qərarından verilmiş
şikayətə baxılmasına və cavablandırılmasına yol verilməsin.
-
Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarına daxil olmuş müraciətlər üzrə
qəbul edilmiş qərarlar barədə müraciət müəlliflərinə məlumat vermək
səlahiyyəti müvafiq prokurorlara və onların müavinlərinə verilsin.
Prokuror müavinlərinin qərarlarından edilmiş şikayətlərə müvafiq prokurorlar
tərəfindən baxılsın.
Rayon (şəhər) və ərazi hərbi prokurorlarının daxil olmuş müraciətlərə dair
qəbul etdikləri qərarlardan verilmiş şikayətlərə bu əmrdə müəyyən olunmuş
qaydada müvafiq yuxarı prokurorluqlarda baxılsın.
-
Baş Prokurorluqda və bütün tabe prokurorluqlarda vətəndaşların müəyyən
olunmuş qrafiklər üzrə qəbulu təmin edilsin. Qrafiklər hər təqvim ilinin
əvvəlində prokurorluq orqanlarının rəhbərləri tərəfindən təsdiq olunsun.
Bir qayda olaraq, Baş prokuror tərəfindən ayda bir, Baş prokurorun müavinləri
tərəfindən isə ayda iki dəfədən az olmayaraq vətəndaşların qəbulu
keçirilsin.
Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikasının Hərbi və Bakı
şəhər prokurorları həftədə bir, rayon (şəhər) və ərazi hərbi prokurorları
isə həftədə iki dəfədən az olmayaraq vətəndaşları şəxsən qəbul etsinlər.
Vətəndaşların müraciətləri ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi
tələb edildikdə, onların dərhal qəbul edilməsi təmin edilsin.
Prokurorluq orqanlarının rəhbərləri, onların müavinləri, müvafiq idarə (şöbə)
rəisləri və idarə (şöbə) rəislərinin müavinləri şəxsi qəbuldan daxil olmuş
müraciətləri nəzarətə götürməklə həmin müraciətlərin vaxtında qanuni həll
olunmasını və bu barədə onların müəlliflərinə ətraflı cavabların verilməsini
təmin etsinlər.
-
Rayon (şəhər) prokurorları tərəfindən vətəndaşların yaşayış yerləri üzrə,
ərazi hərbi prokurorları tərəfindən isə hərbi qulluqçuların hərbi hissələrdə
qəbulu müəyyən olunmuş qrafiklər üzrə ayda bir dəfədən az olmayaraq həyata
keçirilsin.
-
Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin, Azərbaycan Respublikası
Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının
Müraciətlərə baxılması şöbələrinin əməkdaşları və Naxçıvan Muxtar
Respublikasının Hərbi prokurorunun müvafiq köməkçisi həlli prokurorluq
orqanlarının səlahiyyətlərinə aid olan ilkin müraciətlərin, eləcə də
prokurorluğun səlahiyyətləri ilə bağlı olmayan bütün müraciətlərin
müəlliflərinin qəbulunu keçirməklə zəruri məlumat və izahların verilməsini,
qəbul olunmuş (izah verilmiş) vətəndaşlara dair məlumatların müvafiq
qeydiyyat kitablarına daxil edilməklə bir gün ərzində xüsusi elektron
məlumat bazalarında yerləşdirilməsini, daxil olmuş müraciətlərin müvafiq
qaydada qeydiyyata alınması və aidiyyəti üzrə təqdim edilməsini təmin
etsinlər.
-
Vətəndaş tərəfindən bu əmrin 61-ci bəndində göstərilmiş prokurorluq
orqanlarına növbəti dəfə müraciət edildikdə və ya müraciət edənin şikayəti
bundan əvvəl tabe prokurorluqda baxılıb təmin edilmədikdə, eləcə də
müraciətin ilkin olmasına baxmayaraq, ağır və xüsusilə ağır cinayətlər,
vəzifəli şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarını pozan qərar və
hərəkətləri (hərəkətsizliyi), korrupsiya cinayətləri, işgəncə və ya digər
qeyri-insani rəftar, prokurorluq əməkdaşlarının və ya digər hüquq mühafizə
orqanları işçilərinin hərəkətləri, habelə məzmunu əhəmiyyət kəsb edən digər
məsələlərlə bağlı olması müəyyən edildikdə, vətəndaşlar müvafiq idarələrin
(şöbələrin) prokurorları tərəfindən qəbul edilsin.
İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra şikayətləri üzrə
qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar müvafiq idarələrin
(şöbələrin) rəis müavinləri (idarədə və ya şöbədə belə ştat vahidi
olmadıqda, idarə (şöbə) rəisləri), bundan sonra qəbul olunmuş qərarlardan
şikayət edən şəxslər isə idarə (şöbə) rəisləri tərəfindən qəbul olunsun.
Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə idarə (şöbə)
rəisləri və ya onların müavinləri tərəfindən qəbul olunması təmin edilsin.
Müraciətləri xüsusilə mühüm əhəmiyyət kəsb edən şikayətçilərin, habelə idarə
(şöbə) rəisləri tərəfindən qəbul edildikdən sonra şikayətləri təmin
edilməmiş vətəndaşların müvafiq prokurorların müavinləri, bundan sonra
müraciətləri üzrə qəbul olunmuş qərarlardan şikayət edən şəxslərin isə
müvafiq prokurorlar tərəfindən qəbul edilməsi təmin olunsun.
-
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində vətəndaşlar ilkin müraciətləri ilə əlaqədar Baş İdarənin
müvafiq idarələrinin (şöbələrinin) prokurorları tərəfindən qəbul edilsin.
İdarə (şöbə) prokurorları tərəfindən qəbul edildikdən sonra müraciətləri
üzrə qəbul olunmuş qərarlardan narazı qalmış vətəndaşlar həmin idarələrin
(şöbələrin) rəis müavinləri (belə ştat vahidi olmayan idarələrdə (şöbələrdə)
birbaşa olaraq idarənin (şöbənin) rəisləri), idarə (şöbə) rəisi müavinləri
tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş
qərarlardan narazı qalmış vətəndaşlar idarə (şöbə) rəisləri, idarə (şöbə)
rəisləri tərəfindən qəbul edildikdən sonra müraciətləri üzrə qəbul olunmuş
qərarlardan narazı qalmış vətəndaşlar Baş İdarənin rəis müavinləri, bundan
sonra qəbul olunmuş qərarlardan şikayət edən şəxslər isə vəzifəsinə görə Baş
prokurorun müavini hesab edilən Baş İdarənin rəisi tərəfindən qəbul
edilsin.
Müraciətləri mühüm əhəmiyyət kəsb edən şikayətçilərin bilavasitə Azərbaycan
Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinin rəhbərliyi tərəfindən qəbul olunması təmin edilsin.
-
Vətəndaşların Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən qəbulu
“Azərbaycan Respublikası Baş Prokurorluğunun Reqlamenti”nin 4.21-ci bəndində
nəzərdə tutulmuş qaydada təşkil edilsin.
-
Rayon (şəhər) və ərazi hərbi prokurorları rəhbərlik etdikləri qurumlarda
vətəndaşların qəbulu işinin düzgün təşkilinə görə şəxsən məsuliyyət
daşıyır.
Rayon (şəhər) və ərazi hərbi prokurorluqlarında vətəndaşların qəbulu işinin
səmərəliliyinin artırılması məqsədilə, prokurorluğun əməkdaşları arasında
aparılan vəzifə bölgüsü zamanı bu işin təşkilinə məsul olan müvafiq prokuror
köməkçisinin müəyyən edilməsi təmin olunsun.