Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət istiqamətləri

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu


Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri
 

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

  • cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;
  • cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;
  • təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;
  • məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;
  • məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını müdafiə edir;
  • məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest verir;
  • Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;
  • məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.


Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri   

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır: 
 

  • qanunçuluq;
  • hər kəsin qanun qarşısında hüquq bərabərliyi;
  • fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;
  • obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;
  • vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması;
  • siyasi bitərəflik.


Maddə 14-1. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu
 

Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilər bilər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərini bir qayda olaraq Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı ilə baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru bu qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının prokurorluq işçiləri üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru, onun müavinləri, şöbə rəisləri və digər rəhbər işçilər daxildirlər.

Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.

 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.