Şriftin ölçüsü :

Saytın rəngi :

Tvinninq layihəsi

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” üzrə Tvinninq layihəsi

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarında həyata keçirilən islahatların 2020-ci ilin may ayından yeni mərhələsinə başlanılmışdır. Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə dövlət başçısının 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Baş Prokurorluğunun yeni strukturunda digər idarələrlə yanaşı XMMƏİ yaradılmışdır. İdarənin yaradılmasında əsas məqsəd cinayət yolu ilə əldə edilmiş əmlakların müəyyən edilməsi, izlənilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi sahəsində effektivliyin artırılmasından ibarətdir. Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi üçün cinayət yolu ilə əldə olunmuş aktivlərin aşkar edilməsi izlənməsi, üzərinə həbs qoyulması və müsadirəsi mühüm əhəmiyyət kəsb edir və beynəlxalq standartların tələbinə əsasən bu vəzifə ixtisaslaşmış əmlakın bərpası qurumları tərəfindən həyata keçirilir. Belə ki, Avropa İttifaqı şurasının 6 dekabr 2007-ci il tarixli qərarına əsasən hər bir üzv dövlət cinayət işləri və mülki mühakimə icraatına uyğun olaraq dondurma, həbs və müsadirə barədə qərarların obyekti ola biləcək cinayətlərlə bağlı əmlakın izlənməsi və aşkar edilməsinə kömək edilməsi məqsədilə aktivlərin geri qaytarılması (bərpası) üzrə milli qurum yaratmalıdırlar. Göründüyü kimi cinayət aktivlərinin bərpası üzrə ixtisaslaşmış qurumun yaradılması zamanın tələbidir və Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndiriİməsi idarəsi məhz Avropa ölkələrində fəaliyyət göstərən əmlakın bərpası ofisləri ilə eyni vəzifələri həyata keçirmək məqsədilə yaradılmışdır.

Korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və onun qarşısının alınmasında ən mühüm addımlardan biri cinayət aktivlərinin izlənməsi, aşkar edilməsi və müsadirəsi üzrə effektiv sistemin yaradılmasıdır. Aktivlərin qaytarılması və müsadirəsi səmərəli beynəlxalq əməkdaşlıq tələb edir. AR Baş Prokurorluğu tərəfindən aktivlərin bərpası sahəsində beynəlxalq sferada uğurlu addımlar atılmışdır. Bununla belə, Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda aktivlərin geri qaytarılmasının səmərəli beynəlxalq əməkdaşlıq tələb etdiyi təsdiq edilir və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın müsadirəsi və bərpası üzrə beynəlxalq əməkdaşlığın təmin edilməsi” adlanan 3.9-cu bənd bu sahədə beynəlxalq institutlar və təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələri qurulmasını nəzərdə tutur. “2021-ci ildə Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) və Qərbi və Mərkəzi Asiya Aktivlərin Bərpası üzrə Qurumlararası Şəbəkələrinə (ARİN-WCA) idarənin 2 əməkdaşı müşahidəçi qismində üzv qəbul olunmuş, dərhal sonra da bu qurum vasitəsilə səmərəli əməkdaşlığa başlanılmışdır. Həmin qurumlar tərəfindən təşkil edilən tədbirlərdə idarə əməkdaşları aktiv iştirak edirlər.

İdarənin fəaliyyətini tənzimləyən normativ aktlar və prosedur qaydaların təkmilləşdirilməsi, bu və ya digər sahədə fəaliyyət göstərən tərəfdaşları ilə əməkdaşlıq potensialının artırılması üçün Avropa İttifaqının Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq proqramı çərçivəsində İdarə əməkdaşlarının nəzəri bilik və praktiki vərdişlərinin gücləndirilməsi məqsədilə təşkil edilmiş mühüm tədbirlərdə iştirak təmin edilmi və ekspertlər tərəfindən Azərbaycanda aktivlərin bərpası üzrə qanunvericilik və institusional bazanın təhlili aparılmış və tövsiyələr hazırlanmışdır.

Qabaqcıl ölkələrin təcrübəsinin öyrənilməsi, qanunvericilik və institusional bazanın beynəlxalq standartlara uyğunlaşdırılmasına töhvə verilməsi məqsədilə aktivlərin bərpası istiqaməti üzrə “Tvinninq” layihəsinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu İqtisadiyyat Nazirliyi vasitəsilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinə müraciət etmişdir.

Bununla bağlı razılıq əldə edilmiş və yekun olaraq sözügedən layihənin həyata keçirilməsi üçün tərəfdaş kimi Litva Respublikasının Xüsusi İstintaq Xidməti seçilmişdir. Həmin layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda aktivlərin bərpası və idarə edilməsi sisteminin gücləndirilməsi, qanunvericilik və institusional bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, qabaqcıl dünya ölkələrində də fəaliyyət göstərən yeni aktivlərin bərpası və İdarə edilməsi qurumun formalaşdırılmasıdır.

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” üzrə Tvinninq layihəsinin 24 ay davam etməsi, qısamüddətli missiyalar çərçivəsində layihənin icrası üzərində Baş Prokurorluğun əməkdaşları ilə birgə çalışılacağı, əməkdaşların Litva Respublikasına və digər Avropa ölkələrinə təlim səfərlərinin təşkili, treninqlər, seminarlar, tədris, təlim kursları, təcrübə mübadiləsinin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

Layihənin məqsədi mütərəqqi Avropa və digər beynəlxalq təcrübəyə əsaslanmaqla aktivlərin bərpası və idarə edilməsi sisteminin modernləşdirməsi yolu ilə cinayət təqibinin keyfiyyətinin artırılması, tam olaraq funksional qabiliyyətə malik əmlakın bərpası və idarəetməsi qurumunun yaradılmasına töhfə vermək və əmlakın bərpası üzrə ayrıca strategiyanın hazırlanmasıdır.

Adı çəkilən Tvinninq Layihəsi üzrə strateji planlaşdırma və hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə milli aktivlərin bərpası sisteminin yaradılması, xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin tamhüquqlu milli Aktivlərin Bərpası Ofisi kimi institusional qurum kimi formalaşması və fəaliyyətinin təkmilləşdirilməsi, daxili və xarici əlaqələrin inkişaf etdirilməsi və aktivlərin bərpası üzrə tədbirləri effektiv həyata keçirmək üçün prokurorluq əməkdaşlarının bilik və bacarıqlarının artırılması əsas hədəflərdir.

Aktivlərin bərpası və idarə edilməsi sahəsində “Milli Fəaliyyət Planı”, “Strateji İnkişaf Planı” və ayrı yeni qanunun hazırlanması da layihənin əsas məqsədlərindəndir.

Qurulan yeni beynəlxalq əməkdaşlıqlar və yeni qanunvericiliyin hazırlanmasına başlıca səbəb effektiv aktivlərin bərpası və idarə edilməsi sisteminin yaradılmasıdır.

Bunun üçün qüvvədə olan qanunvericiliyə:

· Şəxsin istintaqdan yayındığı və oxşar digər hallarda işin məhkəməyə göndərilməsini gözləmədən aktivlərin bərpasını effektiv həyata keçirmək üçün “cinayət mühakiməsindən kənar müsadirə”;

· Şəxsin faktiki törətdiyi əməldən başqa şübhə doğuran lakin kifayət qədər sübut olmadığı üçün ittiham oluna bilməyən digər qanunsuz əməlləri nəticəsində əldə etdiyi gəlirin dövlət büdcəsinə köçürülməsi üçün “genişləndirilmiş müsadirə”,

· Şəxsin sahibliyində olan, lakin difər şəxslərin adlarına rəsmiləşdirilmiş əmlakları müsadirəsi üçün “qarışıq müsadirə”;

· İlkin istintaq dövründə aşkar edilməyən, yalnız məhkəmənin yekun qərarından sonra müəyyən edilmiş əmlakların ziyanın tam ödənilməsi və xüsusi müsadirənin təmin edilməsi üçün “cinayət mühakiməsindən sonra ki araşdırma”,

· Açıq şəkildə şəxsin rəsmi gəlirlərinə uyğun olmayan şübhəli əmlaklarının qanuniliyini yoxlamaq üçün “sübutetmə yükünün ötürülməsi”

· və son olaraq da şəxsin qanundan kənar əməlləri nəticəsində böyük dəyərdə əmlaklara sahib olması hallarının araşdırılması üçün “qanunsuz varlanma” kimi geniş anlayışların əlavə edilməsi qaçılmazdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.