Şriftin ölçüsü :

Saytın rəngi :

Muzey

Azərbaycan Prokurorluğunun Tarix muzeyi


Azərbaycan Prokurorluğunun tarixi keçmişinin öyrənilməsi, hüquqşünaslarımızın gənc nəslinin prokurorluğun tarixinə ehtiram ruhunda tərbiyə olunması, prokurorluğun müsbət fəaliyyətinin indiki və gələcək nəsillərə çatdırılması, prokurorluq orqanlarının fəaliyyətinin ictimaiyyət arasında təbliğinin genişləndirilməsi sahəsində görülən əhəmiyyətli işlərdən biri Azərbaycan Prokurorluğunun tarix muzeyinin yaradılması olmuşdur.

Son illər ərzində Baş Prokurorluğun inzibati binasının beynəlxalq standartlar səviyyəsində əsaslı təmirinin həyata keçirilməsi nəticəsində Azərbaycan Prokurorluğu muzeyinin daha əlverişli şəraiti olan sahədə yerləşdirilməklə daha da genişləndirilməsi və müasir tələblər baxımından zənginləşdirilməsi üçün yaranmış imkanlar nəzərə alınaraq, Baş Prokurorluq üzrə 05 dekabr 2003-cü il tarixdə «Azərbaycan Prokurorluğu muzeyinin yenidən təşkil edilməsi barədə» əmr imzalanmış və bu sahədə işin təşkilinə məsul olan xüsusi işçi qrup yaradılmışdır.

Bundan sonra aparılmış məqsədyönlü tədbirlər nəticəsində yüksək tələblərə cavab verən Azərbaycan Prokurorluğunun tarix muzeyinin yenidən təşkili işi uğurla başa çatdırılmışdır.

08 dekabr 2004-cü il tarixdə Baş Prokurorluqda xalqımızın ümummilli lideri, müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyevin büstünün açılış mərasimindən sonra, Azərbaycan Prokurorluğunun yenidən təşkil olunmuş tarix muzeyi prokurorluq işçilərinin istifadəsinə verilmişdir.

Azərbaycan Respublikası Prokurorluğunun tarix muzeyi 3 zal, prokurorluq işçilərinin geyim formaları və fərqlənmə nişanlarının nümayiş olunduğu xüsusi hazırlanmış bölmə, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş iclas zalından ibarətdir.

Muzeyin 1-ci zalı ümummilli liderimiz Heydər Əliyevin 1990-2003-cü illər ərzindəki dövlətçilik fəaliyyətinə və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində əldə olunmuş nailiyyətlərə həsr olunmuşdur.Həmin zalda ümummilli lider Heydər Əliyevin 1990-cı ildə döğma vətəni Naxçıvana dönməklə Muxtar Respublikanın Ali Məclisinin sədri kimi fəaliyyətinə, üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsinə, ulu öndərin 15 iyun 1993-cü il tarixdə xalqının israrlı tələbi ilə Azərbaycan Respublikasında siyasi hakimiyyətə xilasedici qayıdışından sonra Milli Məclisin sədri kimi çoxsahəli fəaliyyəti və böyük xilaskarlıq missiyasına, 1993-cü ildə Gəncə şəhərində baş vermiş və ölkəni vətəndaş müharibəsi həddinə çatdırmış hadisələrin, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönəldilmiş separatçı hərəkətlərin, 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında hakimiyyətinqeyri-konstitusion yolla devirməyə yönəldilmiş dövlət çevrilişləri cəhdlərinin qarşısının alınmasına, ümummilli lider Heydər Əliyevin 1993 və 1998-ci illərdə xalqın mütləq əksəriyyətinin dəstəyi ilə seçilmiş Azərbaycan Respublikasının Prezidenti kimi həyata keçirdiyi böyük quruculuq işləri və ölkə həyatının bütün sahələrində aparılan mütərəqqi islahatlara, o cümlədən müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, uğurlu neft strategiyası və «Əsrin müqaviləsi»nin imzalanması, özəlləşdirmə və torpaq islahatının həyata keçirilməsinə dair ekspozisiyalar yer almışdır. Zalda həmçinin ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti seçilməsi və dövlət başçısı kimi gördüyü nəhəng quruculuq işlərinə, ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlərə və uğurlu xarici siyasətinə aid ekspozisiyalar yerləşdirilmişdir.

Muzeyin 2-ci zalında Azərbaycan Prokurorluğunun Xalq Cümhuriyyəti və Azərbaycanın SSR İttifaqı tərkibində olduğu dövrlərdəki fəaliyyətinə dair müxtəlif sənədlər və eksponatlar yerləşdirilmişdir.
Şərqdə ilk respublikanın məhz Azərbaycanda yaradılması o dövrün mühüm siyasi hadisəsi kimi səciyyələnir. Müstəqil Azərbaycan dövlətində prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günündən sonra başlanmışdır.

Zalın 1-ci hissəsində olan ekspozisiyalarda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsi tərkibində prokurorluq orqanlarının fəaliyyətinin bərpa edilməsi, 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə»nin təsdiq edilməklə Bakı şəhərində Azərbaycan Məhkəmə Palatasının təsis olunması, milli prokurorluq orqanlarının həmin Palatanın tərkibində fəaliyyət göstərməsi, ilk baş prokurorlar olmuş Xəlil bəy Xasməmmədov, Fətəlixan Xoyski, Aslan bəy Səfikürdski, Fövqəladə istintaq komissiyasının sədri olmuş Ələkbər bəy Xasməmmədov və digərləri barədə məlumatlar əks olunmuşdur.
Zalın göstərilən hissəsində, həmçinin, o dövrün prokurorluq və istintaq orqanlarının təşkilinə dair məlumatlar, həmin orqanların strukturunu əks etdirən nəfis hazırlanmış sxem, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti, hökuməti və digər dövlət təsisatlarının fəaliyyətinə aid ekspozisiyalar, maraq kəsb edən sənədlər və eksponatlar nümayiş olunur.

Zalın 2-ci hissəsi Azərbaycan Prokurorluğunun Sovet hakimiyyəti dövründəki fəaliyyətinə həsr olunmuşdur. Burada 1920-ci il aprel ayının 28-də 11-ci Qırmızı Ordu tərəfindən Azərbaycanın işğal edilməsi və Xalq Cümhuriyyətinin süquta yetirilməsi, Azərbaycanda sovet hakimiyyətinin qurulması və Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli «Xalq məhkəməsi haqqında» dekreti ilə prokurorluq və istintaq orqanlarının ləğv edilməsi barədə fotoşəkillər və sənədlər yerləşdirilmişdir.

Zalın bu hissəsində Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin «Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında» 11 iyul 1922-ci il tarixli dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsasının qoyulması, prokurorluğun keçən əsrin 20-50-ci illərində fəaliyyəti ilə bağlı ekspozisiyalar yer almışdır.

 

Stalin hakimiyyəti dövrünün kütləvi siyasi repressiyaları prokurorluq orqanlarının kadrlarından da yan keçməmişdir. 1937-1938-ci illərdə Azərbaycanda «düşmən və cinayətkar ünsür kimi» 21 nəfər prokurorluq işçisi əsassız mühakimə edilmişdir. Onların arasında Respublikanın baş prokurorları B. Vəlibəyov və Ə.Talıblı, baş prokurorun müavini Ə.Babaxanov, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də var idi. Lakin ağır repressiya illərində də Azərbaycanın prokurorluq orqanları əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət göstərmişlər. Repressiya qurbanlarının xatirəsinə həsr edilmiş nəfis şəkildə düzəldilmiş xüsusi guşəni seyr edənlər bir anlığa o dövrün ab-havasını hiss etməyə imkan qazanırlar.

Böyük Vətən müharibəsi illərində digər dövlət strukturları kimi, prokurorluq orqanlarının fəaliyyəti də hərbi vəziyyətə uyğun qurulmuşdu. Həmin dövrdə Azərbaycan Prokurorluğunun fəaliyyəti fərariliklə mübarizə, hərbi məhsulların tədarükü, cəbhəyə yardım və arxa cəbhənin möhkəmləndirilməsi haqqında qanunların icrasını təmin etməyə yönəlmişdi. Müharibə zamanı döyüşən orduya 233 nəfər prokurorluq işçisi, o cümlədən 70 prokuror və 163 müstəntiq səfərbər olunmuşdu.

Zalda yaradılmış ayrıca guşədə Azərbaycan Prokurorluğunun Böyük Vətən Müharibəsi dövründəki fəaliyyəti, həmin vaxtlara aid maddi-texniki vasitələrlə təmin edilmiş prokurorluq işçisinin iş otağının təsviri, keçən əsrin 40-cı illərinə dair qanunvericilik aktları və digər eksponatlar nümayiş olunur.

Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində qayğının göstərilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməklə ilk dəfə ölkəmizdə siyasi hakimiyyətə gəlməsi ilə sıx bağlıdır. Ümummilli liderin Azərbaycan Prokurorluğuna dövlət səviyyəsində göstərdiyi diqqət və qayğı prokurorluğun 60 illik yubileyində onun iştirak etməsini və dərin məzmunlu çıxışını əks etdirən ekspozisiyalarla bir daha təsdiq olunur. Həmin ekspozisiyaların sırasına ümummili liderin imzası ilə ayrı-ayrı vaxtlarda prokurorluq işçilərinin dövlət təltifləri ilə mükafatlandırılmasına dair Siyasi Büronun qərarlarının surəti və digər sənədlər daxildir.

Azərbaycan xalqının milli azadlıq hərəkatında qanlı iz qoymuş 20 Yanvar faciəsi ilə bağlı materialların əks olunduğu ekspozisiyalar Sovet İttifaqının rəhbərliyi tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə qoşun yeridilməsi nəticəsində beynəlxalq hüquq normalarının kobudcasına pozulması və xalqımıza qarşı ağır cinayətlərin törədilməsinin əyani sübutudur. Zalın göstərilən guşəsində 20 Yanvar faciəsinə və xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin yanvar ayında Moskvadakı Azərbaycan nümayəndəliyində çıxışına aid məlumatlar və fotoşəkillər yerləşdirilmişdir.
Muzeyin 2-ci zalının sonuncu bölməsində 1987-ci ilin sonlarından başlayaraq, süni surətdə ortaya atılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasının əsl səbəbləri və kökləri barədə düzgün təsəvvür yaradan materiallar, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq siyasətinin ağır nəticələri, işğal olunmuş torpaqlarımızda törədilmiş vəhşiliklər barədə müxtəlif sənədlər,eksponatlar, fotoşəkillər, eləcə də erməni terrorizminə dair müxtəlif ədəbiyyatlar toplanmışdır. Həmçinin həmin bölmədə 1988-ci ildən başlayaraq, Dağlıq Qarabağ və Ermənistandan zorla qovulmuş soydaşlarımızın qarşılaşdığı dözülməz vəziyyət və həmin dövrün hadisələrini əks etdirən materiallar yer almışdır.
Muzeyin 3-cü zalındakı ekspozisiyalar Azərbaycan Prokurorluğunun dövlətimizin müstəqillik illərindəki fəaliyyətinə həsr olunmuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə görüşü və həmin görüşdəki proqram xarakterli nitqi prokurorluğun tarixində çox mühüm olan yeni mərhələnin başlanğıcını qoymuşdur. Ulu öndərin həmin görüşdəki tövsiyələrinə uyğun olaraq həyata keçirilmiş struktur dəyişiklikləri, sağlam kadr korpusunun formalaşdırılması, zəruri normativ bazanın yaradılması prokurorluq orqanlarının işlək və çevik bir quruma çevrilməsinə zəmin yaratmışdır.

Zalda Azərbaycan Prokurorluğunda hərtərəfli islahatların başlanğıcını qoymuş 26 aprel 2000-ci il tarixli görüşə dair sənədlər və dövlət başçısının dəstəyi ilə həyata keçirilmiş islahatlara dair məlumatlar, dövlət təsisatları içərisində xüsusi yeri və statusu olan sivil və demokratik bir təşkilat kimi formalaşan Azərbaycan Prokurorluğunun bu dövrdəki fəaliyyətinin müxtəlif istiqamətlərinə dair ekspozisiyalar xüsusi maraq kəsb edir.

Zalda, həmçinin, prokurorluğun statusunu və cəmiyyətdə yerini müəyyənləşdirən qanunvericilik aktları, o cümlədən «Prokurorluq haqqında», «Prokurorluq orqanlarında qulluq keçmə haqqında», «Prokurorluğun rəsmi emblemi haqqında», «Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlar nümayiş olunur.

Zalda Azərbaycan Prokurorluğunun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimə dair fotoşəkillər və sənədlər, həmin mərasimdə ulu öndər Heydər Əliyevin çıxışına, eləcə də Azərbaycan Prokurorluğunun 90 illik yubileyinə həsr olunmuş tədbirlərə aid fotoşəkillər və məlumatlar, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq işçilərinə müraciəti, dövlət başçısının imzaladığı prokurorluq işçilərinin dövlət təltifləri və ali xüsusi rütbələr ilə mükafatlandırılmasına dair rəsmi sənədlər və digər materiallar da öz əksini tapmışdı

Zalın ayrı-ayrı stendlərində prokurorluqda struktur dəyişikliklərinin həyata keçirilməsi, müsabiqə yolu ilə prokurorluğa işə qəbulun aparılması və müasir standartlar səviyyəsində Tədris mərkəzinin formalaşdırılmasına dair ekspozisiyalar nümayiş etdirilir.

Prokurorluqda aparılan hərtərəfli islahatlar onun beynəlxalq-hüquqi əlaqələrinin yeni səviyyəyə qalxması ilə də səciyyələnmişdir. Bu prosesdə, həmçinin Azərbaycanın çoxsaylı beynəlxalq təşkilat və strukturlara inteqrasiyası prokurorluq orqanlarının beynəlxalq-hüquqi əlaqələrinin güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Zalda prokurorluğun beynəlxalq əlaqələrinin genişləndirilməsinə dair ekspozisiyalarda Azərbaycan Prokurorluğun bu istiqamətdəki fəaliyyətinin bir neçə istiqaməti-həm MDB-nin müvafiq strukturları səviyyəsində və ikitərəfli qaydada Birliyin ayrı-ayrı ölkələrinin hüquq-mühafizə orqanları ilə, Avropa Birliyi ölkələrinin prokurorluq orqanları və Birliyin strukturları ilə, cinayət və digər hüquq pozuntuları ilə mübarizə aparan ixtisaslaşdırılmış təşkilatlarla əlaqəli şəkildə əməkdaşlığın həyata keçirilməsinə dair məlumat yerləşdirilmişdir. Eyni zamanda, həmin guşədəki digər ekspozisiyalarda müasir Azərbaycan Prokurorluğunun beynəlxalq əlaqələrində xüsusi yeri olan Beynəlxalq Prokurorlar Assosiasiyası çərçivəsindəki əməkdaşlığa dair materiallar xüsusi maraq kəsb edir. Dünyanın 80-dan artıq ölkəsini əhatə edən bu mötəbər təşkilatın İcraiyyə Komitəsinin 2001-ci ilin may ayında iclasının Bakı şəhərində keçirilməsi həm təşkilatın həyatında, həm də hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən ölkəmizin həyatında mühüm hadisə olmuşdur.

Azərbaycan Prokurorluğunun dövlətçiliyə sədaqətini və cinayətkarlığa qarşı barışmaz mövqeyini əks etdirən ekspozisiyalarda ölkəmizin ictimai-siyasi sabitliyinin sarsıdılmasına yönəlmiş siyasi terror aktlarının, müxtəlif cinayətkar birliklərin törətdiyi ağır və xüsusilə ağır cinayətlərin üstünün açılmasına və istintaqına aid materiallar öz əksini tapmışdır.

2000-ci ilin aprel ayından başlayaraq prokurorluqda aparılan islahatların məntiqi davamı prokurorluğun mətbu orqanının təsis edilməsi olmuşdur. Zalın xüsusi ayrılmış guşəsində «Azərbaycan Prokurorluğu» jurnalının bütün sayları nümayiş olunur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.