Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələr

Ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluğun kadr tərkibinin şəffaf prosedurlar əsasında komplektləşdirilməsinin ən sivil və demokratik vasitəsi kimi müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi prokurorluqda kadrlarla iş sahəsində aparılan islahatların mühüm nəticələrindən biridir. Ulu öndər Heydər Əliyevin dövlət başçısı kimi 19 iyun 2001-ci il tarixli Fərmanı ilə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi bu istiqamətdə atılmış addımların başlanğıcı və hüquqi təməlini təşkil etmişdir. Əsasnamənin icrası ilə əlaqədar keçirilmiş işə qəbulla bağlı müsabiqələr prokurorluğun kadr korpusunun hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqəti ilə seçilən gənc mütəxəssislər hesabına formalaşdırılması üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icrası yolunda səmərəli vasitə olmuşdur.
Əsasnaməyə uyğun olaraq işə qəbul olmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.
Keçirilmiş müsabiqələri Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarətetmə Şurasının, Azərbaycan Respublikası Məhkəmə-hüquq Şurasının, Biləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, Milli Qeyri Hökümət Təşkilatları Forumunun, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Almaniya Federativ Respublikası və İtaliya Respublikasının Azərbaycandakı səfirliklərinin, habelə digər dövlət, beynəlxalq və qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə etmişlər.
2002-ci ildən başlayaraq Dövlət İmtahan Mərkəzi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) ilə əlaqəli şəkildə, tam aşkarlıq şəraitində və şəffaf prosedurlar əsasında, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üzrə 12 (2002, 2004, 2006, 2007, 2009, 2011, 2012, 2013, 2014, 2016, 2017 və 2019-cu illər) və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə 9 (2003, 2005, 2007, 2009, 2012, 2014, 2015, 2017, 2019-cu illər) müsabiqə (cəmi 21) keçirilmişdir. Həmin müsabiqələrdə prokurorluq orqanlarına işə qəbulla əlaqədar müraciət etmiş ümumilikdə 5630 nəfər namizəddən uğur qazanmış 911 namizəd prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla inkişaf etdirilən gənclər siyasətinin nəticəsidir ki, Əsasnamə təsdiq edilənə qədərki dövrdə prokurorluq orqanlarında qulluq keçən 30 yaşınadək işçilərin sayı prokurorluq əməkdaşlarının ümumi sayının 3 faizinə bərabər olduğu halda, sonrakı dövrdə müsabiqə yolu ilə işə qəbul edilmiş gənc prokurorluq işçilərinin sayı əhəmiyyətli dərəcədə artaraq hazırda 70 % təşkil edir.
Müsbət haldır ki, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən işçilər prokurorluğun müxtəlif struktur qurumlarında səmərəli fəaliyyət göstərməklə, onların yarısından çoxu yuxarı təsnifat üzrə, o cümlədən 75 nəfəri rəhbər vəzifələrə irəli çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il may ayının 1-də yeni təyin olunmuş Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevi qəbul edərkən prokurorluq orqanlarında islahatların dərinləşdirilməsinə və fəaliyyətin təkmilləşdirilməsinə yönəlmiş bir sıra mühüm tapşırıqlar müəyyən etmişdir. Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə 2020-ci il may ayının 12-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda videokonfrans rejimində geniş əməliyyat müşavirəsi keçirilmişdir.
Əməliyyat müşavirəsində çıxış edən Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev dövlət başçısının siyasi iradəsinə uyğun olaraq hazırda ölkəmizdə yeni dövrün çağırışlarından irəli gələn tam və hərtərəfli islahatların reallaşdırıldığını, dövlət idarəçiliyinin bütün sferalarında mütərəqqi kompleks tədbirlərin həyata keçirildiyini bildirmişdir. 
Müşavirədə bu islahatların əsas istiqamətlərindən birini təşkil edən məhkəmə-hüquq sisteminin keyfiyyətcə yenilənməsi prosesinin Azərbaycan Prokurorluğunu da əhatə edərək islahatların, hazırkı şəraitdə prokurorluq orqanlarının öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə təşkil etməli olmasının zəruriliyi qeyd olunmuşdur.
Qarşıda mühüm vəzifələrin dayandığı xüsusi qeyd edilərək prokurorluq orqanlarında bir sıra struktur dəyişikliklərinin və kadr islahatlarının həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılmış, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş əsas fəaliyyət istiqamətləri üzrə görülən tədbirlərin kəsərliliyinin artırılması, prokurorluğun üzərinə qoyulan vəzifələrin icrası istiqamətində əsaslı dönüşün yaradılması, iş yükünün əsassız olaraq artırılmasına, bürokratizmə və lüzumsuz sənəd dövriyyəsinə gətirib çıxaran təcrübə və müddəaların aradan qaldırılması, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə etməklə cari fəaliyyətin səmərəliliyinə və operativliyinə nail olunması, həyata keçiriləcək islahatların son nəticədə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qalxmasına və qanunla icrası prokurorluğun üzərinə qoyulmuş vəzifələrin daha çevik yerinə yetirilməsinə xidmət edəcək əsas tələblər kimi müəyyənləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi vəzifələrin qısa zamanda və yüksək keyfiyyətlə icrasına təmin etmək məqsədilə Baş prokuror cənab Kamran Əliyevin birbaşa rəhbərliyi ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

Prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkar kadrların formalaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 iyun 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilmişdir.  Sərəncamla Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən formalaşdırılaraq daha çevik, mobil və dinamik idarəetməyə malik idarələr yaradılmış, idarə və şöbələrin sayı 15-dən 18-ə çatdırılmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin strukturunda dəyişiklik edilərək, Baş İdarənin Preventiv tədbirlər və təhqiqat idarəsi və Daxili təhlükəsizlik şöbəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsi yaradılmış, Bakı şəhər prokurorluğunun strukturunun müasir çağırışlara cavab verməsinin təmin edilməsi və Baş Prokurorluğun strukturuna uyğunlaşdırılması ilə əlaqədar  Baş prokuror cənab Kamran Əliyevin 1 iyul 2020-ci il tarixli Əmrinə əsasən Bakı şəhər prokurorluğunun yeni strukturu təsdiq olunmuş, bəzi şöbələr ləğv edilərək onların bazasında Təşkilat və icraya nəzarət, Sənədlərlə və müraciətlərlə işin təşkili şöbələri yaradılmışdır. 
Baş Prokurorluğun strukturuna uyğunlaşdırılmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni strukturu təsdiq edilmiş və buna uyğun təyinatlar həyata keçirilmişdir. 
2020-ci ilin may ayından sonrakı dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları tarixində ilk dəfə olaraq müsabiqə yolu ilə işə qəbul edilmiş gənc prokurorluq işçilərindən 1 nəfəri Azərbaycan Respublikası Baş prokurorunun müavini, 7 nəfəri Baş Prokurorluğun və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin idarə (şöbə) rəisi (onlardan 2-i xanım əməkdaş), 21 nəfəri müstəqil rayon (şəhər) (onlardan 2-i xanım əməkdaş), həmçinin ixtisaslaşmış hərbi prokuror vəzifəslərinə təyin edilmişlər.
Ölkədə aparılan dövlət gənclər siyasətinə müvafiq olaraq Azərbaycan Respublikasının Prokurorluq orqanlarında kadr islahatları davam etdirilir. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.