Sayt üzrə axtarış


Tabe prokurorluqlar
















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi /Korrupsiyaya qarşı mübarizə /Strateji kurs

Strateji kurs

Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının strateji kursunun formalaşması

 

Milli qanunvericilik istiqamətində:Azərbaycan Respublikası Prezidentinin “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 9 avqust 1994-cü il tarixli Fərmanının qəbul edilməsi ilə Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəyə dair dövlət siyasətinin əsası qoyulmuş və bunun məntiqi ardıcıllığı olaraq korrupsiyaya qarşı dövlət səviyyəsində ardıcıl mütərəqqi tədbirlər görülmüşdür.

İlk öncə korrupsiyaya qarşı mübarizə tərbirləri çərçivəsində sahibkarlığın inkişafına  mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilmiş və digər adekvat tədbirlər həyata keçirilmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin "İstehsalat, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 1996-cı il 17 iyun tarixli, 463 nömrəli və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 1999-cu il 7 yanvar tarixli, 69 nömrəli fərmanları, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 610 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)"qəbul edilmişdir.

Respublikada azad sahibkarlıq və özəl sektorun inkişafı yolunda maneələrin aradan qaldırılması, onların fəaliyyətinə hər hansı bir formada müdaxilənin qarşısının alınması 2000-ci ildən etibarən tamamilə yeni müstəviyə qaldırılmış, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında”  8 iyun 2000-ci il tarixli Fərmanı ilə Avropa məkanına sürətlə inteqrasiya olunan ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlamış və bu strategiyanın məntiqi ardıcıllığı olaraq iqtisadi, sosial, maliyyə-bank, ədalət mühakiməsi, hüquq mühafizə və digər sahələrdə islahatlar aparılmış, qanunvericilik bazası təkmilləşdirilmişdir. Özəlləşdirmə, banklar, dövlət qulluğu, yerli özünüidarə, dövlət satınalmaları ilə əlaqədar yeni qanunlar, Gömrük, Vergi, Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Əmək Məcəllələri, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”, “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və digər normativ hüquqi aktlar da qəbul edilmişdir.

Bundan başqa Korrupsiyaya qarşı mübarizənin müntəzəmliyinin və onun həyata keçirilməsinə məsul olan qurumların konkret vəzifələrinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı təsdiq olunmuşdur.

28 iyul 2007-ci il tarixli sərəncamla təsdiq edilmiş, ölkə başçısının siyasi iradəsinə uyğun olaraq dövlət orqanları ilə ictimaiyyətin səylərini birləşdirən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə baglı bu sahədə qəbul edilmiş Milli fəaliyyət planları korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə qabaqlayıcı tədbirlərin  həyata  keçirilməsi üçün  əlverişli hüquqi zəmin yaratmışdır.

Konseptual xarakter daşıyan korrupsiyaya qarşı milli mübarizə strategiyasının, bu sahədə aparılan siyasətin məntiqi nəticəsi olan  Milli Strategiya, habelə ona əlavə edilmiş tədbirlər planı qabaqcıl dünya ölkələrinin təcrübəsinə əsaslanaraq və  ölkəmizin iqtisadi, sosial və digər prosesləri nəzərə alınmaqla hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli, 1938  nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təsdiq edilmişdir.

Qeyd olunan Proqramın 3-cü fəslinin 3.2-ci bəndində “Korrupsiya ilə mübarizənin gücləndirilməsi potensialının artırılması, milli mexanizmlərin inkişafı, habelə bu sahədə institusional islahatların davam etdirilməsi”, 3.3-cü bəndində  “Dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə üzrə növbəti illər üçün fəaliyyət planının hazırlanması” nəzərdə tutulmuşdur.

Bu məqsədlə, ötən illər ərzində dövlət orqanları tərəfindən tətbiq edilən rüsum və taariflər barədə məlumatlar almaq məqsədilə “www.rusum.az”  saytı, dövlət qrumlarının nümayəndələrinin və vətəndaşların münasibətlərinin etik davranış çərçivəsində tənzimlənməsinə dəstək vermək, bu sahədə maarifçilik və məlumatlandırma məqsədilə  “www.etika.az”  saytı yaradılmışdır.

Azərbaycan Respublikası düzgün idarəçiliyin təşviqi üzrə bütün beynəlxalq təşəbbüslərə qoşulmuşdur. Şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və beynəlxalq səylərə öz töhfəsini verə bilmək üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Bu Fəaliyyət Planı  Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması, Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə  qəbul edilmiş və hazırda icrası başa çatmışdır.

Ölkəmizdə informasiya azadlığının təmin edilməsi sahəsində dövlət orqanları tərəfindən informasiyanın proaktiv formada ictimaiyyətə təqdim edilməsi,  elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

Milli Fəaliyyət Planın əsas məqsədi ölkəmizdə korrupsiyaya qarşı mübarizə tərbirlərinin daha sistematik, genişmiqyaslı və səmərəli həyata keçirilməsinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqların müdafiə edilməsi, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmişdir.

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.1-ci bəndinin icrası ilə əlaqədar 17 oktyabr 2014-cü il tarixində  Azərbaycan Respublikasının Prezidentinin 291 nömrəli Fərmanla “Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları”na “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir” məzmunlu 3.5-ci bənd, 17 oktyabr 2014-cü il tarixli 292 nömrəli Fərmanla “Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”yə “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi reyestrlərin elektron məlumatlarından real vaxt rejimində istifadə edir” məzmunlu 12-1-ci bənd əlavə edilmişdir.

2013-cü ilin sentyabr ayının 30-da “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”nın icrası qaydasında milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışı mərasimindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirka etmiş və  kollektivlə görüşərək tapşırıq və tövsiyələrini vermişdir.

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2012-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində əsas məqsədi şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi olan "ASAN xidmət" mərkəzləri yaradılmışdır.

İndiyə kimi  7 milyondan çox insan “ASAN” xidmət mərkəzlərinin xidmətindən faydalanmış, 2015-ci ildə açılmış Bərdə  və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri ilə birlikdə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin sayı 9-a çatmışdır.

Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 oktyabr tarixli 650 nömrəli Fərmanı ilə Dövlət Agentliyinin xidmət sahələrinə “Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya) verilməsi” xidməti də əlavə edilməklə “ASAN xidmət” mərkəzlərində göstərilən əsas xidmətlərin sayı 112-yə çatmışdır.

 

Beynəlxalq istiqamətdə:Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə ilə lokal səviyyədə mübarizə aparmaqla kifayətlənməmiş, bu sahədə fəaliyyət göstərən Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) və Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) kimi bir sıra mötəbər beynəlxalq təşkilatlara üzv qəbul olunmuş, müvafiq beynəlxalq konvensiyaları ratifikasiya etmişdir.

Milli qanunvericiliyin dünya standartlarına uyğunlaşdırılması məqsədi ilə 01 iyun 2004-cü il tarixdə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında» və «Korrupsiya ilə mülki-hüquqi məsuliyyət haqqında» Konvensiyaları, 01 noyabr 2005-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının «Korrupsiyaya qarşı» Konvensiyası Azərbaycan Respublikası ərazisində qüvvəyə minmişdir.

GRECO və OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsi də daxil olmaqla əksər beynəlxalq qurumların hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasında həyata keçirilən tədbirlər müsbət dəyərləndirilir.

Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizəni Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyası və ixtisaslaşdırılmış cinayət təqibi orqanı olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həyata keçirir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli 114 nömrəli Sərəncamı ilə yaradılmışdır.

Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 5 (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6 (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10 (Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 15 may 2003-cü il tarixli Əlavə Protokoluna (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanatla qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilərək, Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2012-ci il tarixli Sərəncamı ilə Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Baş prokurora həvalə edilmiş və 8 oktyabr 2012-ci il tarixdə imzalanmış, Konvensiyaya Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin geri götürülməsi 01 oktyabr 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir.

29 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikasının “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikasının Qanununu qəbul edilmişdir.

Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən fəaliyyətinin səmərəliliyinin daha da artırılması məqsədi ilə Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının Əlavə Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikasının Qanununun layihəsinə dair təkliflər hazırlanaraq Milli Məclisə təqdim edilməklə 01 fevral 2013-cü il tarixli Qanunla qəbul edilmişdir. 

2015-ci ildə Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatının (EPAC) Parisdə baş tutan 15-ci illik Peşəkar Konfransında keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu təşkilata üzv qəbul edilmişdir.