Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Digər məlumatlar /Sülh və insanlıq əleyhinə cinayətlər

Sülh və insanlıq əleyhinə cinayətlər

  

Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindənAzərbaycan Respublikasının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində törədilmiş sülh və insanlıq əleyhinə,  habelə  ağır  və   xüsusilə   ağır   cinayətlərin 

 

X R O N O L O G İ Y A S I

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində  yaşayan azərbaycan millətindən olan yerli əhalinin qanuni yerləşdiyi yerlərdən məcburi hərəkətlərlə didərgin salınması, yaşayış məntəqələrində və dövlət obyektlərində maddi sərvətlərin, mədəniyyət abidələrinin talanması və dağıdılması, azərbaycanlı əsir və girovlara dəhşətli işgəncələr  verilməsi, Beynəlxalq humanitar hüquqla mühafizə olunan mülki və digər şəxslərlə amansız rəftar etmə, azərbaycanlıları milli bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürməklə soyqırım, deportasiya, işgəncə və s. sülh və insanlıq əleyhinə  cinayətlər, habelə qəsdən adam öldürmə, təxribat, terrorizm və başqa xüsusilə ağır cinayət hadisələri törədilmişdir:

Qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri, Ermənistan Respublikasından qanunsuz gətirilmiş hərbiçilər və Xankənində dislokasiya olunmuş MDB-yə məxsus 366-cı motoatıcı alayın hərbçiləri həmin alayın  hərbi texnikası - tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar və başqa silah- sursatlardan istifadə edərək, 1988-ci ilin sentyabr ayından 1992-ci ilin əvvələrinədək olan dövrdə Kərkicahan qəsəbəsini mütəmadi olaraq artilleriya atəşinə tutmuş, azərbaycanlıların evlərinə silahlı basqınlar edib, silahsız,  heç bir müqavimət göstərə bilməyən dinc mülki əhalini, o cümlədən  qadınları, odlu silahlardan atəşlər açmaqla, işgəncələr verməklə vəhşicəsinə qətlə yetirmiş, dövlətə, ictimai idarə, təşkilat və müəssisələrə, əhaliyə məxsus binaları və əmlakı dağıtmış, yandırmış və talan etmiş, nəticədə 16 nəfər Kərkicahan qəsəbə sakini, o cümlədən 3 nəfər qadın, qətlə yetirilmiş, Kərkicahan qəsəbəsi tamamilə darmadağın edilmiş, dövlət idarə, müəssisə və təşkilatlara, eləcə də vətəndaşlara ümumilikdə 22.335.450 manat məbləğində maddi ziyan dəymişdir.

Ermənistan Respublikasının Noyemberyan rayonu Bağanis kəndinin bir qrup silahlı erməni milliyyətli sakinləri 24 mart 1990-cı il tarixdə gecə saat 03 radələrində azərbaycanlılar yaşayan Azərbaycan Respublikası Qazax rayonunun Bağanis-Ayrım kəndini iri çaplı odlu silahlardan, pulemyotlardan, avtomatlardan, qrantomyotlardan intensiv olaraq güclü atəşə tutmaqla təxminən səhər saat 08 radələrində müxtəlif texnikalarla, «Ural» markalı benzin daşıyan maşınla, «Uaz», «Kamaz», «Qaz-53» markalı özüboşaldan maşınlarla kəndə daxil olmuş və kənd əhalisini öz evlərində, küçədə atəşə tutmuş və nəticədə dinc əhalidən 1915-ci il təvəllüdlü Əsliyev Dadaş Bayram oğlunu, 1927-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızını, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dadaş qızını, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dadaş qızını və 39 günlük körpə olan 1990-cı il təvəllüdlü Adıgözəlov Hafiz Ramiz oğlunu, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlunu və Qazax RDİŞ-nin milis nəfəri 1965-ci il təvəllüdlü Əhmədov Məcid Oktay oğlunu odlu silahlarla öldürmüş, sonra D.Əsliyev, B.Əsliyeva, A.Adıgözəlova, H.Əsgərova, H.Adıgözəlov və A.Məhərrəmovun qarın nahiyyələrini kəsib içərisinə daş-çınqıl doldurub meyitləri D.Əsliyevin həyətindəki mal tövləsinə yığıb üzərlərinə benzin tökərək yandırmışlar. Daha sonra, odlu silahla Bağanis-Ayrım kənd sakinləri Adıgözəlov Mülkədar İsrəfil oğluna və Əhmədov Zirəddin Musa oğluna bədən xəsarətləri yetirmiş, müxtəlif odlu silahlardan atəş açıb, benzin tökməklə Bağanis-Ayrım kəndində 12 yaşayış evini yandırmış, kəndin məktəb binasını sındırıb dağıtmaqla onu yararsız hala gətirmiş, kənd sakinlərinin və kolxozun mal-qarasını, habelə şəxsi ev və ziynət əşyalarını qarət etmiş və ümumilkdə kənd sakinlərinə 578 min 072 rubl dəyərində maddi ziyan vurmuşlar.

Qazax rayonu Bağanis-Ayrım kəndinin 438 nəfər əhalisi öz doğma yurd-yuvalarından qovulmuş, onlardan 7 nəfəri öldürülmüş, 2 nəfəri yaralanmışdır.

Erməni silahlı dəstələri 1991-ci il dekabr ayının 14-dən 15-nə keçən gecə odlu silahlardan, BMP, BTR tipli zirehli texnikadan, tanklardan istifadə etməklə Əsgəran rayonunun azərbaycanlılar yaşayan Cəmilli kəndinə silahlı basqın etmiş, 2 nəfəri öldürmüş, 1 nəfəri yaralamış, kənddə olan bütün tikililəri, o cümlədən ictimai iaşə binalarını, vətəndaşların fərdi yaşayış evlərini dağıdaraq məhv etmiş, kənd sakinlərinin mülkiyyətlərində olan əmlakını talan etmişlər. Cəmilli kəndinin işğalı nəticəsində 596 nəfər kənd əhalisi öz doğma yurd-yuvalarından didərgin düşmüşdür.

Erməni silahlı dəstələrinin üzvləri 22 dekabr 1991-ci il tarixdə saat 07 radələrində Əsgəran rayonunun azərbaycanlılar yaşayan Meşəli kəndinə iri çaplı odlu silahlardan, zirehli transportyorlardan və piyadaların döyüş maşınından, pulemyotlardan, oqnemyotlardan, avtomatlardan intensiv atəş açıb kəndə daxil olmuş və səhər yuxudan oyanmayan kənd əhalisini öz evlərində, küçədə atəşə tutmuş və nəticədə 25 nəfər azərbaycanlını qəsdən öldürmüş, 14 nəfərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 2 nəfər girov götürülmüş, 41 yaşayış evini, dövlət, ictimai idarə, müəssisə və təşkilatların binalarını yandırmış, kənd sakinlərinin və kolxozun mal-qarasını, taxıl və digər ərzaq məhsullarını, dövlət və şəxsi nəqliyyat vasitələrini, 80 ton taxıl və ehtiyyat hissələri yerləşən anbarları, kənd mağazasını qarət etmiş, keçirilmiş kəndə ümumilikdə 5 mln 496 min AZN dəyərində maddi ziyan vurulmuş, 358 nəfər kənd sakini deportasiyaya məruz qalmışdır.

11 fevral 1992-ci il tarixdə erməni silahlı dəstələri tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin top, raket, pulemyot, avtomat silahlardan və zirehli texnikalardan atəşə tutulması nəticəsində dinc sakinlərdən 10 nəfəri (6-sı Malıbəyli, 4-cü Quşçular) qətlə yetirilmiş, 5 nəfəri (2-si Malıbəyli, 3-ü Quşçular) kəndi tərk edə bilməyib xəbərsiz itkin düşmüş, 45 nəfəri (25 nəfəri Malıbəyli, 20 nəfəri Quşçular) yaşadıqları kəndlərdən çıxaraq piyada Ağdam rayonu Abdal-Gülablı istiqamətində gedərkən erməni silahlıları tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq ağır dərəcəli bədən xəsarətləri almış, 9 nəfər (3-ü Malıbəyli, 6-sı Quşçular) kənd sakini isə ermənilər tərəfindən girov götürülərək işgəncələrə məruz qaldıqdan sonra müxtəlif vaxtlarda azad olunmuş və onlara verilmiş işgəncələr nəticəsində almış olduqları xəsarətlərin təsirindən vəfat etmişdir. 

Bundan əlavə 07 fevral 1992-ci il tarixdə Xankəndi şəhərində yerləşən MDB-nin 366-cı alayında qulluq edən 10 nəfər rus və 1 nəfər ukrayna millətindən olan əsgərlər həmin alayda qulluq edən erməni millətli zabitlərin onları azərbaycanlılar yaşayan kəndlərə idarə etdikləri zirehli texnikalardan atəş açmalarına məcbur edildikləri üçün bundan imtina edib qaçaraq Malıbəyli kəndinə gəlmiş və 11 fevral 1992-ci il tarixdə həmin əsgərlər kənd sakinləri ilə birlikdə Malıbəyli kəndini tərk edib Abdal-Gülablı kəndi istiqamətinə gedərkən, Əsgəran rayonunun ermənilər yaşayan Harov kəndi ərazisində Qara-təpə adlanan keçiddə erməni yaraqlıları tərəfindən təşkil olunmuş silahlı postdan dinc əhalini itkisiz keçirmək üçün həmin əsgərlərdən 3-ü kənd sakinlərinin birinin ağ köynəyini ağaca bağlayıb bayraq kimi tutaraq danışıqlar aparmaq üçün qeyd olunan posta tərəf gedərkən hər 3-ü erməni silahlıları tərəfindən odlu silahlarla qətlə yetirilmişlər.

İşğal nəticəsində Malıbəyli kəndinin 2223 nəfər, Quşçular kəndinin isə 844 nəfər azərbaycanlılardan ibarət əhalisi deportasiyaya məruz qalmış, Quşçular və Malıbəyli kəndlərinə (o zaman mövcud olmuş məzənnə ilə) 35 mlrd 195 mln 478 min 249 manat ziyan dəymişdir.

Erməni silahlı quldur dəstələri 1989-cu ildən başlayaraq mütəmadi olaraq Xocavənd rayonunun Qaradağlı kəndini ağır texnikalardan, qumbara atanlardan, pulemyotlardan və digər odlu silahlardan atəş açaraq kənddə yaşayan əhalini mütəmadi olaraq qorxu və həyəcan içərisində saxlamış, evlər yandırılmış və kənddə yaşamaq mümkün olmadığına görə  həmin dövrdən başlayaraq 1992-ci ilin fevral ayının 14-nə kimi 889 nəfər kənd sakini öz yaşadıqları evlərdən zorla deportasiya olunmuşdur. 14-17 fevral 1992-ci il tarixdə erməni silahlı quldurlarının Xocavənd rayonunun Qaradağlı kəndini silahlı basqın zamanı 104 nəfər girov götürülmüş, 67 nəfər Qaradağlı kənd sakini, o cümlədən, 9 nəfər azyaşlı uşaq, 10 nəfər qadın, 14 nəfər 60 yaşdan yuxarı kişilər, 34 nəfər gənclər öldürülmüş, 5 nəfər itkin düşmüş, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, kəndi işğal edərkən 200-dən artıq fərdi yaşayış evləri, 1 mədəniyyət evi, 2 kitabxana binası, 1 məktəb binası, 1 xəstəxana binası, bir tarixi abidə, digər dövlət obyektləri, habelə 250 hektar meşə zolağı yandırılaraq, dövlətə və əhaliyə 60.666.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

25 fevral 1992-ci il tarixdə saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə qanunsuz keçirilmiş silahlı qüvvələr, xarici muzdlular və Dağlıq Qarabağın millətçi ermənilərindən təşkil olunmuş qanunsuz silahlı birləşmələri  Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçmiş, 90-dan çox tanklar, piyadaların döyüş maşınları, toplar, D-30 qaubitsası və digər müasir hərbi texnikadan istifadə olunmuşdur.

Nəticədə Xocalı sakini olan 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın işgəncə ilə öldürülmüş, 8 ailə bütünlüklə məhv olunmuş və 487 nəfər şikəst edilmişdir. 1275 sakin - qocalar, uşaqlar, qadınlar girov götürülmüş, onlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyildir.

Qanunsuz erməni silahlı qüvvələri mühasirədən çıxıb qaçmağa müvəffəq olmuş azərbaycanlıları milli mənsubiyyətlərinə görə yollarda, keçidlərdə, meşələrdə təqib edərək vəhşicəsinə məhv etmişlər. Ermənilərin, xarici muzdluların və 366-cı alayın hərbi qulluqçularının azərbaycanlılara qarşı törətdikləri aşağıdakı ağılasığmaz işgəncə faktları: baş dərisinin soyulması, gözlərin çıxarılması, insanların hərbi texnikanın tırtılları altında əzilməsi, qulaq, burun, cinsiyyət üzvlərinin kəsilməsi, erməni qəbrinin üstündə azərbaycanlının başının qurbanlıq kimi kəsilməsi, qadına, qocaya və uşağa da fərq qoymadan hamıya işgəncə verilməsi, qadınların döşlərinin kəsilməsi və s. insanlığa zidd, vəhşi üsullarla baş vermişdir.

Xocalı soyqırımı zamanı Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi ziyanın miqdarı cəmi -144.730.267 manat və ya 170.270.816 ABŞ dolları olmuşdur.   

1988-ci ilin fevral ayından oktyabr ayına qədər olan müddət ərzində Xankəndi şəhər ayaqqabı fabrikində işləyən 60 nəfər azərbaycanlı fabrikin vəzifəli şəxslərinin təşəbbüsü və rəhbərliyi ilə iş yerlərindən, 1988-ci ilin yanvar-iyun aylarında Xankəndi şəhərində yerləşən "Azərbaycanın 60 illiyi" adına Pedaqoji İnstitutun azərbaycanlı müəllim və tələbələri isə institutdan və bütünlükdə Xankəndi şəhərindən qovulmuşdur.

Erməni milliyyətli şəxslər 1988-ci ilin sentyabr ayından başlayaraq 1991-ci ilin may ayının 15-dək Əsgəran rayonunun Daşbulaq kəndindən 24 və Həsənabad kəndindən 20 azərbaycanlı ailəsini onları öldürmə hədəsi ilə qorxutmaqla və şayiələr yaymaqla doğma yerlərindən qovaraq, onlara məxsus külli miqdarda əmlakı yandıraraq dağıdıb məhv etmişlər.

04 oktyabr 1989-cu il tarixdə saat 14 radələrində Laçın-Yevlax istiqamətində hərəkət edərkən yolun 141-ci km-də «Jiquli» markalı avtomaşının erməni silahlı dəstələri tərəfindən atəşə tutulması nəticəsində, 1 nəfər ölmüş, 3 nəfər yaralanmışdır.

17 noyabr 1989-cu il tarixdə Xocavənd rayonu Tuğ kənd orta məktəbinin qarşısında həmin məktəbin 10-cu sinif şagirdi, Tuğ kənd sakini Süleymanov Teyyub Fərrux oğlu ermənilər tərəfindən bıçaqla qətlə yetirilmişdir.

Xocavənd rayonunun Tuğ kəndindən 1989-cu ildən başlayaraq 1991-ci ilə kimi erməni silahlı dəstələri tərəfindən edilmiş mütəmadi hücumlar və basqınlar nəticəsində 1000-dən artıq azərbaycanlı əhali qanuni yaşadıqları yerlərdən məcburi köçürülməyə məruz qalmış və yaşayış binalarının, dövlət obyeklərinin, təhsil ocaqlarının və s. məntəqələrin yandırılaraq məhv edilməsi nəticəsində həmin vaxt mövcud olan qiymətlərlə dövlətə və əhaliyə 65.283.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

Xocavənd rayonunun Xocavənd kəndindən 1989-cu ilin noyabr ayından başlayaraq 1991-ci ilin oktyabr ayına kimi erməni silahlı dəstələri tərəfindən 243 ailə zorla deportasiya edilərək, dövlət obyekləri, binalar, yaşayış evləri yandırılmış,  nəticədə həmin vaxt mövcud olan qiymətlərlə dövlətə və əhaliyə 15.114.000 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur.

08 sentyabr 1990-cı il tarixdə səhər saat 7-8 radələrində Laçın rayonunun Köhnəkənd kəndinin 3 nəfər sakini Laçın rayonunun Alıcan kəndi ərazisindən keçən avtomobil yolu ilə avtomaşınla hərəkət edərkən, youn kənarındakı palıd meşəsindən erməni yaraqlıları tərəfindən müxtəlif silahlardan atəşə tutulmuş, nəticədə 2 nəfər hadisə yerində ölmüş, 1 nəfər isə xəsarət almışdır.

21 oktyabr 1990-cı il tarixdə Laçın rayonu Ağamus kəndinin sakini Məhərrəmov Təvəkkül Adil oğlu kənd sakinlərinə məxsus olan 400-ə qədər qoyunu otararkən, erməni silahlı quldur dəstələri tərəfindən silahla qətlə yetirilərək qoyunları talanmışdır.

Erməni silahlı dəstələri 28 noyabr 1990-cı il tarixdə saat 17 radələrində Əsgəran rayonunun Daşbulaq kəndi ilə Xocalı şəhəri arasında qoyunlarını otaran vət. X.M.Şammədova odlu silahdan istifadə etməklə basqın edib, onun ümumi dəyəri 50.000 manat təşkil edən 53 baş qoyununu ələ keçirməklə özünü də girov götürmüş və 7 gün ərzində girov kimi saxlayaraq ona işgəncələr verərək qeyri-insani və ləyaqətini alcaldan hərəkətlər etmişlər.

09 yanvar 1991-ci il tarixdə səhər saat 06 radələrində 44682 saylı hərbi hissənin kəşfiyyat polkunun komanliri, podpolkovnik Larionov Oleq Mixayloviç, Laçın rayonunun hərbi komendaturasının qərargah rəisi mayor İvanov İqor Yuriyeviç, «Azərbaycan gəncləri» qəzetinin müxbiri Əsgərova Salatın Əziz qızı serjant Qoyek İvan İvanoviçin idarə etdiyi həmin hərbi hissəyə məxsus «UAZ-469» markalı 30-14 NB dövlət nömrə nişanlı avtomaşınla Laçın rayonundan Şuşa rayonuna gələrkən, Yevlax-Laçın yolunun 141-ci km-də körpünün üstündə erməni silahlı dəstələri tərəfindən müxtəlif növ döyüş silahlarından atəş açılmış və avtomaşındakı həmin şəxslər öldürülmüşdür.

03 fevral 1991-ci il tarixdə Şuşa rayonu Kirov kəndi ətrafında hərbi hissənin köməyi ilə yeraltı anbarda 3 avtomat, tapança, pulemyot, 7 ədəd karabin, 3 ədəd əldə düzəltmə qumbara, əldə düzəltmə tank əleyhinə silah, 17 ədəd hərbi qumbara, 78 ədəd partlayıcı maddə, 2012 ədəd patron, 34 kq ammonit və başqa növ silah-sursat, 24 may 1991-ci il tarixdə isə Osepyan Yenok Rubenoviçin yaşadığı mənzildən iki ədəd F-1 qumbarası və «RKQ-40» partlayışa yararlı olan silah-sursat aşkar edilib götürülmüşdür.

1991-ci il mart ayının 03-dən 04-nə keçən gecə erməni milliyyətli şəxslər tərəfindən saat 00 40 radələrində Şuşa rayon Nəbilər kəndi ərazisində «Əsgərdərəsi» adlanan yerdə Şuşa şəhər su təchizat stansiya və ambarına gələn «Kirs-Şuşa» kəməri 2 yerdən və «Nəbilər-Şuşa» su kəmərləri isə bir yerdən naməlum üsulla partladılmışdır.

14 mart 1991-ci il tarixdə erməni silahlı dəstələri odlu silahlarla silahlanaraq Ağdam şəhərindən Əsgəran qəsəbəsinə gedən yolun yaxınlığında olan qəbirstanlığın yanındakı üzüm sahəsində gizlənərək, saat 8.30 radələrində Ağdam-Şuşa marşrutu ilə hərəkət edən PAZ-672 markalı 73-58 dövlət nömrə nişanlı avtobusuna basqın etmiş, nəticədə 3 sərnişin öldürülmüş, 2 nəfəri isə xəsarət almışdır.

18 aprel 1991-ci ildə saat 20-00-da rayon mərkəzi xəstəxanasına məxsus  sürücü Ağayev Əlvan Ərşad oğlunun idarə etdiyi UAZ-452 markalı 91-25 AQM nömrəli avtomaşınla Füzuli rayonunun Yuxarı Divanalılar kəndindəki 1 saylı nəzarət postuna növbətçiliyə gedən DİŞ-nin sahə müvəkkili Hümbətov Namiq Həsən oğlu, milis nəfəri İsmayılov Çingiz Ərşad oğlu, SSRİ DİN-nin daxili qoşunlarının Füzuli rayonuna ezam olunmuş 3673 â„–-li hərbi hissəsinin sıravi əsgərləri İmayev Aynur Rəşidoviç və İqor Şelnikov Xocavənd rayonu Şaumyan kolxozunun ərazisində «Amaras» erməni kilsəsinə 300 metr qalmış erməni yaraqlıları tərəfindən avtomat silahlardan və qranatamyotdan intensiv atəşə tutulmuş, nəticədə N.Hümbətov, A.İmayev və Ə.Ağayev hadisə yerində ölmüş, Ç.İsmayılov və İ.Şelnikov yaralanmışdır

23 aprel 1991-ci il tarixdə saat 04 radələrində Əsgəran rayonunun Şuşukənd və Topxana meşəsinin alt hissəsində yerləşən erməni kəndlərindən Şuşa şəhəri toplardan atəşə tutulmuş, nəticədə Şuşa şəhərinə, vətəndaşların mənzillərinə, o cümlədən Gövhərağa məscidinə, şəhər poliklinikasına, Şuşa rayon dövlət sığorta müfəttişliyinin binasına, Şuşa şəhərinin şimal-qərbində yerləşən Cıdır Düzünə külli miqdarda maddi ziyan dəymişdir.

26 aprel 1991-ci il tarixdə saat 09.00 radələrində Goranboy rayonunun Gürzallar və Erməni Borisi kəndləri arasında olan ərazidə Xanlar rayonunun Sarusu kəndinin müdafiəsində olan milis əməkdaşları və kənd sakinləri erməni quldur dəstəsi tərəfindən iri çaplı pulemyotlardan, avtomatlardan, qranatamyotlardan və digər odlu silahlardan atəşə tutulmuş, nəticədə 2 milis əməkdaşı və Sarısu kəndinin 1 nəfər sakini öldürülmüş, 1 kənd sakini isə yaralanmışdır.

21 iyun 1991-ci il tarixdə erməni milliyyətli şəxslər Ağdərə rayonu Başgüneypəyə kənd sakini, M.F.Axundov adına kolxozun baytar həkimi Qəribov Marif Ataş oğluna həmin rayonun Qozlu kəndi ərazisində silahlı basqın edərək onun hər iki qulağını kəsib odlu silahla atəş açaraq onu öldürmüşlər.    

25 iyun 1991-ci il tarixdə saat 15-16 radələrində Ağdərə (keçmiş Mardakert) rayonu Qozlu kəndi ərazisində M.F.Axundov adına kolxozun qoyun fermasının çobanı Şərifov Yaqub Kamal oğlu erməni milliyyətli şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində öldürülmüşdür.

1991-ci ilin iyun ayının 27-dən 28-nə keçən gecə erməni quldurları tərəfindən Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndi ərazisində yerləşən N.Nərimanov adına kolxozun mal-qara fermasının işçilərinə məxsus 5 otaqlı bir mərtəbəli ev atəşə tutulmuş, orada olmuş 6 nəfəri öldürdükdən sonra balon qazı vasitəsi ilə onları yandırmış, kolxoza məxsus 41 baş mal-qaranı fermadan oğurlayıb aparmışlar.

06 iyul 1991-ci il tarixdə saat 9.00-10.00 radələrində Goranboy rayonunun Mənəş, Buzluq və Erkəc kəndlərində pasport rejimi yoxlanılarkən, həmin kəndlərdə olan erməni quldur silahlı dəstələri tərəfindən onlara qarşı odlu silahlardan istifadə edilərək müqavimət göstərilmiş, nəticədə 3 milis  əməkdaşı aldığı xəsarətlərdən ölmüş və 14 nəfər milis əməkdaşı isə yaralanmışdır.

07 iyul 1991-ci il tarixdə saat 07.30 radələrində erməni silahlı dəstələri Əsgəran rayonunun Ulubab kəndi yaxınlığında «Kraz-412» markalı dövlət nömrə nişanı olmayan avtomaşını odlu silahlarla atəşə tutaraq, avtomaşında olan Həsənov Vaqif Qəzənfər oğlunu, Həsənov Qəzənfər Aşur oğlunu, İmanov Mahal Novruz oğlunu və İmanov Novruz Göyüş oğlunu qətlə yetirmiş və onların cəsədlərini yandırmışlar.

18 avqust 1991-ci il tərixdə saat 08.00 radələrində erməni silahlı dəstələri Goranboy rayonunun Buzluq, Başqışlaq, Mənəş və Erkəc kəndlərində ictimai qaydanı qoruyan milis əməkdaşlarına və kənd sakinlərinə silahlı basqın edərək, Erkəc kəndinin 1 sakinini və 2 milis əməkdaşını öldürmüş, 4 milis əməkdaşını və 1 kənd sakinini yaralamışlar.

Erməni milliyyətli silahlı şəxslər 23 avqust 1991-ci il tarixdə saat 16-radələrində Əsgəran rayonunun Cəmilli kəndi yaxınlığındakı «Darılı» adlanan meşə ərazisindən keçən Şuşa-Cəmilli yolunda pusqu quraraq, yolla hərəkət edən Uaz-3961-01 markalı avtomaşını avtomat silahlardan atəşə tutmuş, nəticədə avtomaşında olan sərnişinlərdən 3 nəfər ölmüş, 16 nəfər isə bədən xəsarəti almışdır.

29 avqust 1991-ci il tarixdə saat 19.00 radələrində erməni silahlı dəstələri Goranboy rayonunun Qaraçinar kəndi istiqamətindən Şəfəq kəndini iri çaplı silah və raketlərdən atəşə tutmuş, nəticədə bir neçə ev dağıdılmış, 1 kənd sakini ölmüş və 3 nəfər ictimai asayişi qoruyan əməkdaş yaralanmışdır.

08 sentyabr 1991-ci il tarixdə saat 15.30 radələrində erməni milliyyətindən olan silahlı quldur dəstəsi Xocavənd rayonunun Gişi kəndi ərazisində Ağdam rayonundan Xocavənd rayonunun Qaradağlı kəndinə gedən "Laz" markalı 02-51 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna avtomat və pulemyot silahlardan aramsız atəş açmış və nəticədə Hüseynova Rahilə Şahmar qızı, Hüseynova Rəxşəndə Bayram qızı, Quliyeva Nazənin Rəşid qızı, Hüseynova Qənirə Həmid qızı, Quliyev Əlioğlan Əliaslan oğlu qətlə yetirilmiş və 19 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.

08 sentyabr 1991-ci il tarixdə erməni dəstələri Xocavənd kəndinə ezam olunmuş Xocavənd rayon Daxili İşlər Şöbəsinin 4 polis əməkdaşına silahlı basqın etmiş və həmin şəxsləri yaralamışlar.

10 sentyabr 1991-ci il tarixdə təxminən saat 04 radələrində Xocalı şəhərinin Bozdaq və ermənilərin yaşadıqları Mehitaşen kəndləri tərəfdən atəşə tutulması nəticəsində Xocalı şəhər sakini 1 nəfər ölmüş, 1-i qadın olmaqla 5 nəfər yaralanmış, eyni zamanda 7 nəfər Xocalı şəhər sakinlərinin həyətlərinə düşən raketlərdən evlərinə və həyətyanı sahələrinə ziyan dəymişdir.

14 sentyabr 1991-ci il və 15 sentyabr 1991-ci il tarixlərdə erməni silahlı quldur dəstələri zirehli maşınlar və vertolyotdan istifadə edərək Goranboy rayonunun Buzluq və Mənəş kəndlərinin əhalisinə müxtəlif çaplı avtomat və pulemyotlardan, raketlərdən və toplardan atəşlər açmış, nəticədə çox evlər dağıdılmış, 5 nəfər milis əməkdaşı aldıqları odlu silah yaralarından yerindəcə ölmüş, 1 milis əməkdaşı və 2 nəfər kənd sakini odlu silah yaraları almışlar.

17 sentyabr 1991-ci il tarixdə saat 15.30 radələrində Goranboy rayonunun Rus Borisi kəndinin sakini Potapov Pyotr Mixayloviç «MAZ-5549» markalı 62-23 AQN dövlət nömrə nişanlı avtomaşınla Goranboy rayonunun Şəfəq kəndindən Qaraçinar kəndinə hərəkət edən zaman, erməni yaraqlıları tərəfindən avtomaşın atəşə tutulmuş və nəticədə Potapov Pyotr Mixayloviç aldığı xəsarətlərdən hadisə yerində ölmüş, kabinədəki sərnişinlər Çerkasov Mixail İvanoviç və Tumanova Mariya Yakovlevna isə xəsarət almışlar. 

18 sentyabr 1991-ci il tarixdə erməni quldur dəstələri Goranboy rayonunun Şəfəq, Zeyvə və Todan kəndlərinə silahlı basqın etmiş, nəticədə 1 milis əməkdaşı və 7 nəfər kənd sakini müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

19 sentyabr 1991-ci il tarixdə təxminən gecə saat 23-24 radələrində Ağdərə rayonu İmarət- Qərvənd kəndinə müxtəlif odlu silahlarla silahlanmış erməni quldur dəstəsinin üzvlərinin basqın etmələri nəticəsində 5 nəfərin evi tamamilə yandırılaraq külə döndərilmiş, bir nəfər həmin kənd sakini öz evində yanaraq ölmüşdür.

26 sentyabr 1991-ci il tarixdə 01-30 radələrində Şuşa şəhəri erməni yaraqlıları tərəfindən Əsqəran rayonu Muxatər kəndi və «Topxana» meşəsi adlanın sahədən raketlər və avtomat silahlarla atəşə tutulmuş, nəticədə bir neçə yaşayış evinə ziyan dəymiş, 1 nəfər həlak olmuşdur.

Erməni silahlı dəstələri 26 sentyabr 1991-ci il tarixdə saat 08 radələrində Yevlax-Laçın magistral yolunun Əskəran qəsəbəsi ərazisindən keçən 83-cü km-də Xocalı Rayon Daxili İşlər Şöbəsi Dövlət Avtomobil Müfəttişliyi Bölməsinin 2 əməkdaşının getdikləri VAZ-2106 markalı C 72-07 AQ dövlət nömrə nişanlı avtomaşına basqın edib avtomat silahlardan atəş açmaqla onları qətlə yetirmişlər.

29 sentyabr 1991-ci il tarixdə erməni quldur dəstələri Goranboy rayonunun Şəfəq kəndinə silahlı basqın etmiş, nəticədə 1 milis əməkdaşı qətlə yetirilmiş, 8 milis əməkdaşı və 1 nəfər kənd sakini müxtəlif bədən xəsarətləri almışlar.

Erməni millətindən olan silahlı dəstələr 09 oktyabr 1991-ci il tarixdə saat 08 radələrində Kərkicahan qəsəbəsini üç tərəfdən avtomat, pulemyot və qranatomyot silahlardan atəşə tutmuş, nəticədə 1 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

17 oktyabr 1991-ci il tarixdə erməni silahlı dəstələri Ağdərə rayonu Başgüneypəyə kəndi ərazisində şəxsi qoyunlarını otaran 1 nəfər kənd sakininə silahlı basqın edərək odlu silahla onu qətlə yetirmişlər.

19 oktyabr 1991-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində Xaçın çayın üzərindəki körpudə erməni silahlı dəstələri tərəfindən «UAZ» markalı avtomaşının avtomat silahlardan atəşə tutulması nəticəsində 2 nəfər öldürülmüş, 1 nəfər isə ağır yaralanmışdır.

Bundan başqa, erməni millətli şəxslər 22 oktyabr 1991-ci il tarixdə Ağdərə rayonu Başgüneypəyə kəndi ərazisində şəxsi qoyunlarını otaran 1 sakini öldürmüş, digərinə isə bədən xəsarətləri yetirmişlər.

05 noyabr 1991-ci il tarixdə səhər saat 10-00 dan başlayaraq saat 17 radələrinə kimi Şuşa rayonu Nəbilər kəndi bir qrup erməni silahlı quldur dəstələri tərəfindən kəndin qarşısındakı meşəlik və digər qayalıq istiqamətindən pulemyot, avtomat və digər tipli odlu silahlardan kənd camaatını qorxutmaq və öldürmək məqsədilə fasiləsiz olaraq atəşə tutulmuş, nəticədə 1 nəfər kənd sakini öldürülmüş, Şuşa rayon DİŞ-nin əməkdaşı yaralanmış və digər şəxslərin həyatı üçün real təhlükə yaranmışdır.

12 noyabr 1991-ci il tarixdə Goranboy rayonunun Todan kəndinə ermənilərin silahlı basqını zamanı həmin kənddə xidməti vəzifəsini yerinə yetirən milis əməkdaşlarından 1 nəfər öldürülmüş, 9 nəfəri isə yaralanmışdır.

15 noyabr 1991-ci il tarixdə bir qrup qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Zamzur kəndinə silahlı basqın etmiş, nəticədə həmin kənddə məskunlaşmış mülki şəxslərdən 4 nəfəri, xidməti vəzifələrini yerinə yetirən milis əməkdaşlarından isə 7 nəfəri, cəmi 11 nəfər öldürülmüş, 2 nəfəri isə girov götürülmüşdür.

24 noyabr 1991-ci il tarixdə saat 1-00 və 23-00 radələrində Şuşa şəhəri «Topxana meşəsi» adlanan sahədən və Xankəndi şəhərindən erməni yaraqlıları tərəfindən raketlərlə və avtomat silahlarla atəşə tutulmuş, nəticədə rayon Sığorta Müfəttişliyinin idarə binasına, rayonun Təchizat Bazasının inzibati və anbar binalarına və əmlaklarına, habelə yaşayış sahələrinə raket və güllələr dəymiş, xeyli maddi ziyan vurulmuşdur.

02 dekabr 1991-ci il tarixdə saat təxminən 02-50 rədələrində Şuşa şəhəri «Topxana meşəsi» adlanan ərazidən erməni quldurları tərəfindən odlu silah və raket atəşinə tutulmuş, nəticədə Şuşa şəhər İstehsalat Kombinatına, Əhaliyə Məişət Xidməti Kombinatına, Şuşa şəhər 4 saylı orta məktəbinin binalarına və əmlaklarına raket və güllələr dəymiş, xeyli maddi ziyan vurulmuşdur.

10 dekabr 1991-ci il tarixdə təxminən saat 01 radələrində Əsgəran rayonu Muxatər və Daşaltı kəndləri ərazisindən erməni silahlı dəstələri tərəfindən Şuşa şəhəri odlu silahlardan, top və raketlərdən atəşə tutulmuş, nəticədə sakinlərin mənzilləri dağıdılaraq onlara maddi ziyan dəymişdir.

11 dekabr 1991-ci il tarixdə təxminən saat 10 radələrindən 12 dekabr 1991-ci il saat 04 radələrinə kimi Əsgəran rayonunun ermənilər yaşayan Muxatər və Daşaltı kəndləri ərazisindən erməni silahlı dəstələr tərəfindən Şuşa şəhərinin odlu silahlardan, top və raketlərdən atəşə tutulması nəticəsində şəhər sakinlərinin mənzilləri, eləcə də Şuşa şəhər 3 saylı orta məktəbi dağıdılmış və onlara maddi ziyan dəymişdir.

18 dekabr 1991-ci il tarixdə təxminən saat 04 radələrində Şuşa şəhəri Xankənd şəhərindən erməni silahlı quldur dəstələri tərəfindən top və müxtəlif iri çaplı odlu silahlardan atəşə tutulmuş və nəticədə Rayon İstehlak Cəmiyyətinin inzibati və anbar binalarına, Şuşa Tibb Məktəbinə, Karamel və Un məmulatları sahəsinin binasına və yaşayış sahələrinə xeyli maddi ziyan vurulmuşdur.

25 dekabr 1991-ci il tarixdə saat 12-dən 15-ə kimi ermənilər yaşayan Daşaltı kəndindən Şuşa şəhərinin Laçın istiqaməti çıxacağında yerləşən milis postu atəşə tutulmuş, nəticədə 1 nəfər güllə yarası almışdır.

26 dekabr 1991-ci il tarixdə saat 21-radələrində erməni silahlı dəstəsi tərəfindən Şuşa-Laçın yolunun 4 km-də hərəkət edən Moskviç-2140 markalı 93-99 nömrəli avtomobilə odlu silahlarla atəş açaraq avtomaşında olan 5 nəfəri qətlə yetirmişlər.                                                           

28 dekabr 1991-ci il tarixdə saat 11-30 radələrində erməni milliyyətindən olan silahlı şəxslər Xankəndi şəhərinin Kərkicahan kəndinə silahlı basqın etmiş, Kərkicahan kəndini odlu silahlardan atəşə tutmuş və atəş zamanı «Mayak» radioteleviziya şirkətinin müxbiri Lazaroviç Leonid Pavloviç odlu silah yaraları alaraq ölmüşdür.

01 yanvar 1992-ci il tarixdə saat 13.30 radələrində Goranboy rayonunun Buzluq kəndinə erməni quldur dəstələrinin basqını zamanı həmin kəndin müdafiəsində olan 1 hərbi qulluqçu öldürülmüş, 4 nəfər isə xəsarət almışdır.

06 yanvar 1992-ci il tarixdə erməni silahlı dəstələri 600-dək canlı qüvvədən istifadə etməklə Goranboy rayonunun Buzluq kəndi yaxınlığında Milli Ordu tərəfindən ələ keçirilmiş Cambaz zirvəsindəki 3 posta silahlı basqın etmiş, nəticədə 1 nəfər qətlə yetirilmiş, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

18 yanvar 1992-ci ildə saat 06-00-radələrində Şuşa-Laçın yolunun 4-cü km-də erməni milliyyətli şəxsər tərəfindən yüksək gərginlikli elektrik xəttinin yolun sağ tərəfində olan bir ədəd dəmir dirəyi partladılmış, 2 milis işçisi öldürülmüş və Şuşa rayon Nəbilər kəndində bir neçə yaşayış evi yandırılmışdır.

1992-ci ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Şuşa şəhəri ermənilər yaşayan Şuşukənd, Muxatər, Daşaltı kəndləri tərəfindən bütün gecə ərzində müntəzəm olaraq top, raket atəşinə tutulmuş, nəticədə Şuşa şəhərində müxtəlif ünvanlarda yerləşən vətəndaşların şəxsi evləri dağılmış və onlara maddi ziyan dəymişdir.

1992-ci ilin yanvar ayının 20-dən 21-nə, 21-dən 22-nə, 22-dən 23-nə keçən gecələrdə Şuşa şəhəri ermənilər yaşayan Şuşukənd, Muxatər, Daşaltı kəndlərindən və Xankəndi şəhərindən top və raket atəşinə tutulmuş, nəticədə Şuşa şəhərindəki bir sıra binalar dağılmışdır.

24-25 yanvar 1992-ci il tarixdə saat 05 radələrində Şuşa şəhəri Şuşukənd kəndi və «Topxana» meşəsi istiqamətindən erməni quldurları tərəfindən raket, top və digər odlu silahlardan atəşə tutulmuş, nəticədə 50-dən çox evə və ev əmlaklarına xeyli maddi ziyan dəymişdir.

18 fevral 1992-ci il tarixdə Goranboy rayonunun Erkəc və Mənəş kəndlərində erməni silahlı quldur dəstələri ilə gedən atışma zamanı 1 nəfər qətlə yetirilmiş, Milli Ordunun 12 əsgəri isə yaralanmışdır.

12 mart 1992-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndinə edilən hücum nəticəsində 12 nəfər ölmüş, 2 nəfər yaralanmış, kəndin 1150 nəfərazərbaycanlı əhalisi evlərini tərk edib çıxaraq öz yaşadıqları torpaqlardan məcburən didərgin salınmış, kəndin işğalı nəticəsində dövlət müəssisələrinə və əhaliyə ümumilikdə 13 mln 103 min 790 AZN məbləğində maddi ziyan dəymişdir. 

12 mart 1992-ci il tarixdə saat 23 radələrində həmin erməni millətli şəxslər Ermənistan Respublikasından qanunsuz gətirilmiş hərbçilərlə birlikdə Ağdərə rayonunun Başgüneypəyə kəndinə silahlı basqın etmələri nəticəsində, həmin kənd sakinlərindən 17 nəfəri qətlə yetirilmiş, 4 nəfər xəsarət almış, kəndin 120 ailədən ibarət 599 nəfər dinc sakinləri öz doğma yerlərindən məcburi qovulmuş, onların evləri yandırılıb əmlakları dağıdılmaqla talan edilmiş, kəndə 8 mln 595 min AZN dəyərində maddi ziyan vurmuşlar.

1992-ci ilin mart və may aylarında erməni silahlı dəstəslərinin Cəbrayıl rayonunun yollarına minalar basdırmaları nəticəsində həmin rayona məxsus olan Kamaz markalı 40-53 AQF dövlət nömrə nişanlı avtomaşın minaya düşərək partlamış, nəticədə sürücü aldığı xəsarətdən ölmüşdür.

13 mart 1992-cü il tarixdə saat 13.00-dan 16.30-dək erməni silahlı quldur dəstələri tərəfindən Goranboy rayonunun Qaraçinar və Şəfəq kəndlərinin top və avtomat silahlardan atəşə tutulması nəticəsində, rayonun özünümüdafiə taborunun 1 hərbi qulluqçusu hadisə yerində ölmüş, 2 nəfəri isə yaralanmışdır.

15 aprel 1992-ci il tarixdə sabiq SSRi-nin 71574 saylı hərbi hissəsinin leytenantı Kotov Aleksey Alekseyeviç Kislovodsk şəhərinə növbəti məzuniyyətə gedərkən erməni silahlı dəstələri tərəfindən əsir götürülmüş, 18 aprel 1992-ci il tarixdə Rusiyanın «Vesti» proqramında Ermənistan rəsmi nümayəndələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş və əsir götürülərək öldürülmüş rus zabitinin-71574 saylı hərbi hissənin leytenantı A.A.Kotovun meyitinin dəyişdirilməsi barədə təklif edilmiş, bundan sonra isə 19 aprel 1992-ci il tarixdə leytenant A.Kotovun meyiti dəyişdirilərkən meyit üzərində güclü döyülmə izləri, dişlərin və burunun sınması, sol qulağının kəsilməsi və odlu silah yaralanması kimi xəsarətlər olmuşdur.

18 aprel 1992-ci il tarixdə Goranboy rayonu özünümüdafiə taborunun 4 nəfər əsgəri erməni quldurlarının həmin rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında qoyduqları minaya düşməsi nəticəsində onlardan 1 nəfəri hadisə yerində ölmüş, 3 nəfəri isə xəsarət almışdır.

21 may 1992-ci il tarixdə Cəbrayıl rayon elektrik idarəsinə məxsus olan Zil-157 markalı 57-79 dövlət nömrə nişanlı avtomaşın minaya düşərək dağılmışdır.

25 may 1992-ci il tarixdə erməni quldur silahlı dəsdəsi tərəfindən Goranboy rayonunun Todan kəndinin atəşə tutması nəticəsində, 3 nəfər kənd sakini müxtəlif bədən xəsarətləri almışlar.

08 iyul 1992-ci il tarixdə Ağdərə rayon ərazisində «KAMAZ-5511» markalı 80-96 AQT dövlət nömrə nişanlı yük avtomaşını ermənilər tərəfindən atəşə tutulmuş, nəticədə 1 sərnişin aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

27 avqust 1992-ci il tarixdən 28 avqust 1992-ci il tarixə keçən gecə  Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndinin otlaq sahələrində qoyun sürülərini otaran Laçın rayonundan gəlmiş çobanlar və onların ailə üzvləri erməni silahlı quldurlarının basqınına məruz qalmış və nəticədə quldurlar tərəfindən 13-ü qadın olmaqla 24 nəfər qətlə yetirilmiş, 6-sı qadın olmaqla 9 nəfər müxtəlif bədən xəsarətləri almışlar.

27 avqust 1992-ci il tarixdə saat 11.00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin 6 nəfər sakini (2-si qadın) «QAZ-53» markalı 11-63 AQO dövlət nömrə nişanlı avtomaşınla həmin rayonun Gülüstan qəsəbəsindən meşə yol ilə hərəkət edən zaman, qəflətən meşədən çıxmış 30 nəfərə yaxın erməni silahlı quldur dəstəsi tərəfindən yolları kəsilib mühasirəya alınmış və odlu silahlarla avtomaşın atəşə tutulmuş, nəticədə 5 nəfər (2-si qadın) aldıqları odlu silah yaralarından hadisə yerində ölmüşlər.

19 sentyabr 1992-ci il tarixdə saat 18.00 radələrində 3 vertolyotla Ermənistan ərazisindən gətirilən Goranboy rayonunun Gülüstan meşəliyinə tökülmüş 50 nəfərədək erməni silahlı quldur dəstəsi həmin qəsəbə ərazisində kartof yığımı ilə məşğul olan dinc əhaliyə basqın edlb, 21 nəfəri (1-i qadın) qətlə yetirilmiş, 7 nəfərə isə (3-ü qadın) xəsarət yetirmişlər.

21 oktyabr 1992-ci il tarixdə saat 16-30 radələrində Tərtər-Kəlbəcər avtomobil yolu ilə hərəkət edən Zil-130 markalı 61-82 nömrəli, Ural markalı 61-79 nömrəli yanacaq daşıyan, UAZ-469 markalı 64-26 AQD nömrəli, Qaz-52 markalı 30-51 AQM nömrəli avtomobillər erməni yaraqlıları tərəfindən qranatamyot, pulemyot və avtomat tipli odlu silahlardan atəşə tutulmuş, nəticədə 6740 litr dizel yanacağı daşıyan Ural markalı avtomaşın partlayıb yanmış və 6 nəfər aldıqları xəsarətdən ölmüşlər.

28 iyun 1992-ci il tarixdə əsir götürülmüş Rəhimov Arif Mövlan oğlu  Xankəndi  şəhərində yerləşən hərbi hissə qərargahında dəfələrlə başına, bədəninin müxtəlif nahiyyələrinə dəmir parçası ilə zərbələr vurulmaqla huşunu itirənədək döyülmüş və  sağ bilək sümükləri sındırılmışdır.

13 oktyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində əsir götürülmüş Kərimov Ərəstun Həsən oğluna Xankəndi şəhərində MTN-nin təcridxanasında erməni silahlı birləşmələrinin üzvləri tərəfindən rezin dəyənəklə başının sağ təpə nahiyyəsinə və sağ qaşının üstünə vurulmaqla xəsarətlər yetirilmiş, 13 gün kamerada ac-susuz saxlanılmışdır.

21  oktyabr 1992-ci il tarixdə Ağdərə rayon ərazisində ermənilər tərəfindən əsir götürülmüş Xankəndi şəhərində MTN-nin təcridxanasında saxlanılmış Məmmədov Mail Məhəmmədəli oğlu erməni silahlı birləşmələrinin üzvləri tərəfindən mütəmadi başına və bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpiklə zərbələr vurulmaqla döyülmüş, ona alın və sinə nahiyyəsindən xəsarətlər yetirilmiş, məcburi olaraq bir ovuc torpaq yedizdirilmişdir.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı erməni silahlı dəstələri tərəfindən girov götürülmüş Əlimərdanov Faiq Şahmalı oğlu yumruq, təpik və sair predmetlərlə vurulmaqla döyülmüş, sınmış qoluna zərbələr vura-vura ona fiziki ağrılar və psixi iztirablar yetirilməklə ona işgəncələr verilmiş, "Makarov" tipli tapança ilə döş qəfəsi və boyun nahiyyəsinə iki dəfə atəş açılmaqla öldürılmüşdür.

Erməni silahlı dəstələri 1992-ci ilin fevral ayının 26-da Xocalı şəhərinin işğalı zamanı girov götürdükləri 7-8 aylıq hamilə vəziyyətində olan Hümbətova Südabə Rəşid qızının qarnını digər girovların, o, cümlədən həyat yoldaşı Hümbətov Muğan Cəlil oğlunun gözləri qarşısında bıçaqla cırıb dölü yerə salaraq təpiklə başını basdalamaqla öldürmüş, onlara yaxınlaşmağa cəhd edən Muğanı isə avtomat silahdan atəş açmaqla öldürmüşlər.

31 mart 1993-cü il tarixdə girov götürülərək Xankəndi şəhər uşaq xəstəxanasının binasında saxlanılmış Məmişova İmarət Məhəmmədəli qızı mütamadi olaraq bədəninin müxtəlif nahiyyələrinə yumruqla, təpiklə, tapança silahın qundağı ilə zərbələr vurularaq ona işgəncələr verilmişdir

01 aprel 1993-cü il tarixdə əsir götürülmüş İmanov Qorxmaz Əbil oğlu bir neçə dəfə baş nahiyəsinə yumruq və təpiklə və bədəninin muxtəlif nahiyələrinə, o cümlədən əsir düşən zaman aldığı güllə xəsarəti yerindən  zərbələr vurmaqla ona işgəncələr verilmişdir. 

Bundan əlavə, 23 iyul 1993-cü il tarixdə Ağdam rayonu Sarıcalı kəndində ermənilər tərəfindən əsir götürülmüş Əliyev Mənsur Bayram oğlu Xankəndi şəhərində yerləşən hərbi hissənin hauptvaxtasında avtomat silahın qundağı və rezin dəyənəklə başından vurulmaqla qəddarcasına döyülmüş, bədəninin müxtəlif nahiyyələri siqaret közləri ilə yandırılmış, əl barmağı dəmir qapı arasında sıxdırılmış və bədənin müxtəlif yerlərinə xəsarətlər yetirilmişdir.

23 iyul 1993-cü il tarixdə Ağdam rayonunun Qiyaslı kəndində erməni silahlı birləşmələri tərəfindən əsir götürülmüş Abbasov Adil Əsəd oğlu döyülərək işgəncələrə məruz qalmış, 16 ədəd qızıl dişi çıxarılmış, 17 aprel 1994-cü il tarixdə Ağdam rayonunun Papravənd kəndində erməni silahlı birləşmələri tərəfindən əsir götürülmüş Abbasov Valeriy Bayram oğlu döyülərək işgəncələrə məruz qalmış, 7-8 saat neft olan çəndə saxlanılmış, avtomat silahın şompulu ilə sağ ayağı deşilmiş, dəmir xaç qızdırılaraq sinəsinə basılmışdır.

23 oktyabr 1993-cü il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində ermənilər tərəfindən əsir götürülmüş Məmmədov Əli Məhəmməd oğlu Xankəndi şəhərində yerləşən hərbi hissənin hauptvaxtasında saxlanıldığı müddət ərzində rezin dəyənəklə, avtomat silahın qundağı, dəmir və taxta parçaları ilə mütəmadi olaraq qəddarcasına döyülmüş, həbsxananın həyətində bitən çayır otlarını dişləri ilə təmizləməyə, it kimi hürməyə məcbur edilmişdir.

12 yanvar 1994-cü il tarixdə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində ermənilər tərəfindən əsir götürülmüş Bayramov Ağagül Əliəhməd oğlu Xankəndi şəhərində yerləşən hərbi hissənin hauptvaxtasında mütəmadi olaraq küt alətlə qəddarcasına döyülmüş, qabırğası, sağ qolu sındırılmış, qolunda siqaret közü söndürülmüş, ac-susuz saxladılaraq ağır işlərə cəlb edilməklə ona işgəncələr verilmişdir.

13 fevral 1994-cü il tarixdə ermənilər tərəfindən əsir götürülmüş Salahov Rövşən Əziz oğlunun Xankəndi şəhərindəki uşaq xəstəxanasında kəlpətinlə sol əlinin baş barmağını sıxıb sındırılmış, həmçinin mütəmadi olaraq yumruq- təpiklə baş nahiyəsinə və  bədəninin muxtəlif nahiyələrinə zərbələr vurulmaqla döyülmüşdür,

Qeyd olunanlar nəzərə alınaraq 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılmışdır.

Birgə istintaq-əməliyyat qrupunun işinin Azrbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, beynəlxalq hüquq normalarına və   Azərbaycan Respublikası CM-nin və CPM-nin tələblərinə uyğun həyata keçirilməsini, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni silahlı hərbi birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Dağlıq Qarabağda və digər ərazilərdə törədilmiş cinayət hadisələrinin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə işlər görülmüşdür.

Hazırda Azərbaycan Respublikası Baş prokurorluğunun birgə istintaq -əməliyyat qrupunda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətmiş şəxslərin müəyyənləşdirilməsi, sübutların toplanması və qanunamüvafiq qərarların qəbul olunması istiqamətində işlər davam etdirilir.