Sayt üzrə axtarış


Tabe prokurorluqlar












Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / Digər məlumatlar /Etik davranış kodeksi

Etik davranış kodeksi

Azərbaycan  Respublikası  Prokurorluğu  işçilərinin etik  davranış  Kodeksi  qəbul  edilmişdir


Ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində, həyatın bütün sahələrində nailiyyətlər qazanıldığı, əsaslı islahatların aparıldığı bir dövrdə sosial-iqtisadi inkişafa mane olan bütün neqativ amillərə, cinayətkarlığa və onun mütəşəkkil təzahürlərindən olan korrupsiya hallarına qarşı mübarizə işi tamamilə yeni səviyyəyə qaldırılmışdır.

Həyata keçirilmiş tədbirlər nəticəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınması, aşkar olunması və nəticələrinin aradan qaldırılması, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür.

Bu işlərin bir hissəsi də prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, korrupsiyaya qarşı mübarizə sahəsində dövlət siyasətinin əsas prioritetlərini müəyyən edən, ölkəmizin bu sahədə olan iradəsini təcəssüm etdirən Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2004 və 28 iyul 2007-ci il tarixli sərəncamları ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004–2006-cı illər)», habelə, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya» ilə nəzərdə tutulmuş tədbirlərin icrasında Azərbaycan Respublikasının Baş Prokurorluğu bilavasitə iştirak etmişdir.
Qeyd olunan Dövlət Proqramı üzrə tədbirlərin 3.8-ci bəndində hüquq mühafizə orqanları əməkdaşlarının etik davranış kodekslərinin hazırlanması, etik davranış kodekslərinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsinə dair tədbirlərin icrası bir sıra dövlət və hüquq mühafizə orqanları ilə yanaşı Baş Prokurorluğa da həvalə edilmişdir.

Eyni zamanda, «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı fəaliyyət planı»nın (2007–2011-ci illər) 19-cu bəndində dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi ilə bağlı tədbirin icrasına məsul olan orqanlar sırasına mərkəzi və yerli icra hakimiyyəti orqanları, Məhkəmə Hüquq Şurası, bələdiyyələrlə yanaşı, Baş Prokurorluq da daxil edilmişdir.

Korrupsiyaya qarşı mübarizədə dövlətimizin siyasi iradəsi dövlət və hüquq mühafizə orqanlarında korrupsiyaya qarşı mübarizə ilə əlaqədar həyata keçirilən tədbirlərin bir hissəsi kimi dövlət qulluqçularının etik davranış kodekslərinin hazırlanması və ya onların təkmilləşdirilməsi, etik davranış kodekslərinin bu sahədə mövcud olan beynəlxalq qurumların tövsiyələrinə uyğunlaşdırılması, etik davranış kodekslərinin pozulmasına görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı olmuşdur.

Artıq dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən etmək məqsədilə «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» 31 may 2007-ci il tarixli Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Eyni zamanda Məhkəmə Hüquq Şurası ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun birgə 12 dekabr 2002-ci il tarixli qərarı ilə «Azərbaycan Respublikası Hakimlərinin Əxlaq Kodeksi», Azərbaycan Respublikası daxili işlər nazirinin 08 aprel 2005-ci il tarixli 130 nömrəli əmri ilə isə «Daxili işlər orqanları əməkdaşlarının Etik davranış Kodeksi» təsdiq edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun 11 fevral 2006-cı il tarixli geniş kollegiya iclasının qərarının 22-ci bəndində bütün tabe qurumların rəyləri və beynəlxalq təcrübə öyrənilməklə, prokurorluğun əməkdaşlarına qarşı tələbkarlığın artırılması və onların müasir standartlara uyğun səviyyədə davranışının təmin edilməsi məqsədinə xidmət edəcək prokurorluq işçilərinin Etik Davranış Kodeksinin layihəsinin hazırlanması istiqamətində zəruri tədbirlərin görülməsi barədə tapşırığın icrası istiqamətində qeyd olunan sənəd layihəsi hazırlanmışdır.

12 aprel 2006-cı il tarixdə isə layihə öyrənilərək rəy və təkliflərin təqdim olunması məqsədilə Baş prokurorun 1-ci müavini cənab Rüstəm Usubovun imzaladığı məktub ilə Baş Prokurorluğun bütün struktur qurumlarına və tabe prokurorluqlara göndərilmişdir. Eyni zamanda yerlərdə təşkil edilən bölgə seminar-məşğələlərində də Kodeks layihəsi müzakirələrə təqdim edilmişdir.

Bunlarla yanaşı, Kodeks layihəsi öyrənilməsi məqsədilə həm də müxtəlif dövlət orqanlarına göndərilmiş və müvafiq rəylər alınmışdır.

Layihə üzrə yerlərdən daxil olmuş rəy və təkliflərin Baş prokurorun 1-ci müavini cənab Rüstəm Usubovun yanında Baş Prokurorluğun struktur qurumlarının rəhbərlərinin iştirakı ilə öyrənilərək, sənəd daha da təkmilləşdirilmişdir.

2006-cı ilin oktyabr ayında isə Kodeksin o vaxta olan yekun layihəsi Baş Prokurorluğun Beynəlxalq Əlaqələr İdarəsi vasitəsilə öyrənilməsi məqsədilə Avropa Şurasının Hüquq Departamentinə göndərilmişdir. 2007-ci ilin iyul ayının 19-da isə sənəd Avropa Şurasının Hüquq Departamentində öyrənilərək müvafiq rəy və təkliflərlə yenidən Baş Prokurorluğa göndərilmişdir. Bununla bağlı Avropa Şurası Baş Katibliyinin İnsan hüquqları və hüquqi işlər üzrə baş direktoru cənab Filip Bualanın 14 may 2007-ci il tarixli cavab məktubu həmin ilin iyul ayında Baş Prokurorluğa daxil olmuşdur.

Diqqətinizə çatdırmaq istərdik ki, layihə Avropa Şurasının nüfuzlu ekspertləri Danimarkadan olan dövlət ittihamları üzrə direktor cənab Yesrep Nyortenberq və Macarıstandan olan prokuror cənab Piter Polt tərəfindən ekspertiza olunmuşdur. Ekspertiza zamanı layihə əsasən müsbət rəylə qiymətləndirilmiş və sənəd «Prokurorluq işçiləri üçün Etika və Davranış üzrə Avropa Rəhbər Prinsiplərini» və «Cinayət Mühakimə Sistemində Prokurorluğun rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Təklifləri baxımından təhlil edilmişdir.

Qeyd etmək lazımdır ki, Avropa Şurasının ekspertləri tərəfindən layihənin ekspertizası zamanı istina edilən həmin beynəlxalq prinsiplərdə nəzərdə tutulan bir çox normalar ölkəmizdə prokurorluq orqanlarının fəaliyyətini tənzimləyən qanunlara, Cinayət, Cinayət-Prosessual və digər məcəllələrdə, həmçinin Baş Prokurorluq üzrə əmrlərdə nəzərdə tutulduğundan təkliflərdə irəli sürülən məsələlər tam şəkildə nəzərə alınmamışdır. Lakin bunlarla yanaşı, bir çox təkliflər Layihəyə daxil edilmişdir. Eləcə də ekspertizanın rəyi təhlil edilərkən, 39 paraqrafdan ibarət «Cinayət Mühakimə Sistemində Prokurorluğun rolu haqqında» Avropa Şurasının Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Təklifləri əldə edilmiş və oradakı normalar Kodeksin bəzi müddəalarına daxil edilərək sənədi daha da təkmilləşdirmişdir.

Maraq doğuran digər bir məsələ ondan ibarətdir ki, hazırkı vaxta qədər MDB-yə daxil olan dövlətlərin heç birində Prokurorluq işçilərinin Etik Davranış Kodeksi hazırlanmamışdır. Bu gün bu mühüm sənədə imza etməklə ən azı MDB məkanı üzrə yeniliyə qədəm qoymuş oluruq. Eləcə də diqqətinizə çatdırmaq istərdim ki, 2006-cı ilin avqust ayında Düşənbə şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorları Əlaqələndirmə Şurasının növbəti iclasında «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi»nin hazırlanması Azərbaycan Respublikası Baş Prokurorluğunun müsbət iş təcrübəsi kimi xüsusi olaraq qeyd edilmişdir. Həmin iclasda da bütün MDB prokurorluqlarına Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi Peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartları əsasında prokurorların davranış (peşə məsuliyyəti) kodekslərinin qəbul edilməsinin tövsiyə edilməsi barədə 22 avqust 2006-cı il tarixli qərar qəbul edilmişdir.

2007-ci ilin dekabr ayının 30-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda rəhbər heyətin iştirakı ilə 2007-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsində «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi» barədə məlumat verilmiş, etik davranış qaydaları və prinsiplərinin, habelə, onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlərin müəyyən edilməsini dövlət idarəetməsinin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyət kəsb edildiyi qeyd edilmişdir.

Beləliklə, tapşırığın icrası kimi, Baş Prokurorluğun Hüquqi təminat şöbəsi tərəfindən Təşkilat-analitik və Kadrlar idarələri ilə birgə, «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» 31 may 2007-ci il tarixli Azərbaycan Respublikası Qanununun, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın, Beynəlxalq Prokurorlar Assosiasiyası tərəfindən 23 aprel 1999-cu il tarixdə qəbul edilmiş «Prokurorların peşə məsuliyyətinin standartları, prokurorların əsas hüquq və vəzifələri» barədə sənədinin,  eləcə də Baş Prokurorluq üzrə  müvafiq əmrlərin tələbləri rəhbər tutulmaqla,  «Prokurorluq işçiləri üçün Etika və Davranış üzrə Avropa Rəhbər Prinsiplərini» («Budapeşt rəhbər prinsipləri») və «Cinayət Mühakimə Sistemində Prokurorluğun rolu haqqında» Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Təklifləri və cəmiyyətdə qəbul edilmiş etika qaydaları nəzərə alınmaqla, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi»nin layihəsi hazırlanmışdır.

2008-ci ilin fevral ayının 8-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2007-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclası keçirilmişdir. Kollegiya iclasında gündəlikdə duran məsələ kimi «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin layihəsi barədə məlumat verilmiş, daha sonra müzakirələrə təqdim edilmiş və bəyənilərək təsdiq edilmişdir. Eyni zamanda Baş Prokurorluğun müvafiq struktur qurumlarına, bütün tabe prokurorlar tərəfindən qeyd edilən Kodeksin tələblərinə dönmədən əməl edilməsinin təmin olunması istiqamətində zəruri tədbirlər görülməsi tapşırılmışdır.

Eyni zamanda Kollegiya iclasında müvafiq qurumlar tərəfindən «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin ingilis və rus dillərinə tərcümə olunması üçün zəruri tədbirlərin görülməsi də qərara alınmışdır.

«Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi» 6 bölmə, 38 bənddən ibarətdir. Kodeksin birinci bölməsi onun məqsədlərini müəyyən edir. Sənədin ikinci bölməsi Etik davranışın əsas tələblərini müəyyənləşdirir. Bu tələblərə əsasən Prokurorluq işçisi öz xidməti fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın, Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartlarını, eləcə də Baş prokurorun müvafiq əmrlərinin tələblərini rəhbər tutması, Prokurorluq işçiləri üçün Etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Təkliflərinin nəzərə alınması, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməsi daxildir. Tələblərə əsasən Prokurorluq işçisi öz peşə fəaliyyətində şəxsi maraqlarını cəmiyyətin və peşəsinin mənafelərindən üstün tutmamalı, hər bir şəxs üçün nümunə kimi qəbul edilməlidir.

Kodeksin üçüncü bölməsi prokurorluq işçisinin xidməti davranışı ilə bağlı tələbləri tənzimləyir. Adından göründüyü kimi, burada xidməti davranışla bağlı tələblər əhatə olunduğundan, həmin fəsil digər fəsillərdən fərqli daha çox – 16 bənddən ibarət normalardan ibarətdir. Bu bölmədə prokurorluğun fəaliyyətinin prinsipləri daha geniş şəkildə şərh edilmiş, eləcə də prokurorluğun fəaliyyət istiqamətləri milli qanunvericiliklə və beynəlxalq Konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi standartları ilə uzlaşdırılmışdır. Bu bölmədə eləcə də prokurorluq işçilərinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 8-ci maddəsi ilə təsbit edilən hər kəsin şəxsi həyatına hörmət hüququna dair normalar və digər tələblər nəzərə alınmışdır. Qeyd olunan bölmədə, eləcə də cinayət mühakimə icraatı zamanı prokurorluq işçisinin «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya ilə müəyyən edilmiş ədalətli mühakimə hüququna dair tələblərə də riayət edilməsi prioritet istiqamət kimi xüsusilə vurğulanmışdır. Həmçinin prokurorluq işçilərinin tabeçilik və geyim qaydalarına əməl etməsi, dövlət əmlakından səmərəli istifadə etməsi və digər məsələlər də dördüncü bölmədə öz əksini tapmışdır.

Bildiyimiz kimi, «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi» ölkəmizdə Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən çoxsaylı tədbirlərin nəticəsi kimi yaranmışdır. Kodeksin «Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi» adlanan dördüncü bölməsi əsasən «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğunlaşdırılmaqla, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn normalarla daha da təkmilləşdirilmişdir.

Prokurorluq işçisinin xidməti fəaliyyətindən kənar davranışı ilə bağlı tələblər sənədin beşinci bölməsində nəzərdə tutulmuşdur. Burada əsas diqqət prokurorluq işçisinin xidməti fəaliyyətindən kənar davranışının onun peşə nüfuzuna kölgə salmamasına istiqamətlənir. Həmin bölmədə prokurorluq işçisinin xüsusi geyim formasının, xidməti silahının və xidməti vəsiqəsinin lüzumsuz nümayiş etdirilməsinə dair xüsusi bənd nəzərdə tutulmuşdur.

Kodeksin tələblərinin həyata keçirilməsinin təmin olunmasına dair müddəalar sənədin altıncı bölməsində nəzərdə tutulmuşdur. Bu bölmədə prokurorluq orqanlarının rəhbər vəzifəli işçilərinə dair zəruri vəzifələr müəyyənləşdirilmişdir. Bu bölmədə həmçinin Kodeksin tələblərini pozmağa görə prokurorluq işçilərinin məsuliyyəti də öz əksini tapmışdır.

Qeyd etmək yerinə düşərdi ki, bu Kodeksin tələblərinin pozulması prokurorluq işçisinin adına yaraşmayan hərəkət kimi qiymətləndirilir və bu tələbləri pozan prokurorluq işçisi barəsində intizam tənbeh tədbirlərinin görülməsi «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi»ndə birbaşa nəzərdə tutulmuşdur.

Belə ki, Kodeksin tələblərini pozan prokurorluq işçisinin hərəkətlərinə Baş Prokurorluğun Ali Attestasiya Komissiyasında baxıla bilməsi, həmin komissiyanın prokurorluq işçisinin bu Kodeksin tələblərini pozan hərəkətinə qiymət verməsi və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə müraciət etməsi səlahiyyətlərinə malik olması hər bir prokurorluq işçisi tərəfindən sənədin tələblərinə ciddi riayət edilməsinə real şərait yaratmaqla bir növ onun sanksiya mexanizmini müəyyən edir.

Qeyd etmək lazımdır ki, Baş Prokurorluğun geniş kollegiya iclasında belə bir mühüm sənədin qəbul edilməsi həm də prokurorluqda aparılan hərtərəfli islahatların məntiqi davamı, prokurorluq işçilərinin keyfiyyətcə yeni növ davranışına rəvac verəcək, cəmiyyətimizdə prokurorluq işçiləri barədə formalaşmış yüksək imici daha da möhkəmləndirəcəkdir.

Azərbaycan Respublikası Prokurorluğu işçilərinin
ETİK DAVRANIŞ KODEKSİ


Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi (bundan sonra-Kodeks) bütün prokurorluq işçilərinə şamil edilir.

Hər bir prokurorluq işçisi «Dövlət qulluqçularının etik davranış qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ hüquqi aktlarla və bu Kodekslə  müəyyənləşdirilən  davranış qaydalarına riayət etməlidir. Prokurorluq işçiləri  fəaliyyəti dövründə prokurorluq işçilərinin andına sadiq olmalı, xidməti işini və işdən kənar davranışını həmin anda və bu Kodeksə uyğun qurmalıdır.

I. KODEKSİN MƏQSƏDLƏRİ

1. Kodeks prokurorluq orqanları işçilərinin  riayət etməli olduqları davranışı, etik normaları, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, prokurorluq orqanlarında korrupsiyanın və prokurorluq işçilərinin fəaliyyətində maraqların toqquşmasının qarşısının  alınmasında onların üzərinə düşən vəzifələri, cəmiyyətdə prokurorluq orqanları işçilərindən gözlənilən davranışın məzmun və dairəsini  müəyyən edir.

2. Prokurorluq orqanlarının üzərinə qanunvericiliklə qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi prokurorluq işçilərinin yuksək əxlaqi və peşə keyfiyyətlərindən, ləyaqətindən, cəmiyyətdə hörmətindən, asudə vaxtda davranış mədəniyyətindən birbaşa asılıdır. Hər bir prokurorluq işçisi təmsil etdiyi orqanın nüfuzunu yüksəltməli, vətəndaşların ədalət mühakiməsinə və hüquq mühafizə orqanlarına olan inamını artırmalıdır.

3. Hər bir prokurorluq işçisi bu vəzifənin məsuliyyətli və şərəfli bir iş olduğunu, ədalət mühakiməsinin həyata keçirilməsində onun rolunu nəzərə alaraq, öz xidməti fəaliyyətində üzərinə düşən vəzifənin əhəmiyyətini dərk etməli, qanunlara, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, bu hüquq və azadlıqları təsbit edən milli və beynəlxalq standartlara ardıcıl və müntəzəm riayət etməli, cəmiyyətdə qəbul edilmiş ümumi əxlaq normaları və davranış qaydalarını gözləməli, prokurorluq işçisi adını uca tutmalı, şərəf və ləyaqətini qorumalıdır.

II. ETİK DAVRANIŞIN ƏSAS TƏLƏBLƏRİ

4. Prokurorluq işçisi öz xidməti fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarını, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında»  Konvensiyanı,  Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyəti, əsas hüquq və vəzifə standartlarını, Azərbaycan Respublikası  Baş prokurorunun müvafiq əmrlərinin tələblərini rəhbər tutmalı, Prokurorluq işçiləri üçün etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və Cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı Tövsiyələrini nəzərə almalı,  həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməlidir.

5. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə prokurorluq işçisi öz vəzifə borcunu layiqincə yerinə yetirməlidir.
Prokurorluq işçisi xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyətləri və işdən kənar davranış mədəniyyəti ilə prokurorluq orqanlarının nüfuzunu daim artırmalıdır.
Prokurorluq işçisi bütün hallarda elə fəaliyyət göstərməlidir ki, hər bir şəxs üçün nümunə kimi qəbul edilmiş olsun.

6. Prokurorluq işçisi etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.

7. Prokurorluq işçisi öz peşə fəaliyyətində şəxsi maraqlarını cəmiyyətin və peşəsinin mənafelərindən üstün tutmamalıdır.

8. Prokurorluq işçiləri öz fikirlərini ifadə etmək azadlığına, qanunvericiliklə müəyyən edilmiş qaydada ictimai birliklərdə birləşmək, milli və beynəlxalq təşkilatların fəaliyyətində iştirak etmək hüququna malikdirlər. Eyni zamanda prokurorluq işçiləri hər hansı siyasi partiyanın və ya təşkilatın üzvü olmamalı, siyasi aksiyalarda iştirak etməməli, siyasi partiyalara maddi və ya digər hər hansı şəkildə dəstək verməməli, qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla təşviqatla məşğul olmamalı, habelə ideoloji təsirə məruz qalmasına dəlalət edən hərəkətlərdən çəkinməlidir.
Prokurorluq işçisi qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ayrı-ayrı fiziki və hüquqi şəxslərin, ictimai birliklərin maraqları dairəsində fəaliyyət göstərməməli, vəzifə səlahiyyətlərindən və qulluq mövqeyindən sui-istifadə etməməlidir.

III. PROKURORLUQ İŞÇİSİNİN XİDMƏTİ DAVRANIŞI İLƏ BAÄžLI TƏLƏBLƏR

9. Prokurorluq işçisi xidməti fəaliyyətində qanunun aliliyini rəhbər tutmaqla yalnız faktlara əsaslanmalı, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət etməli, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət etməlidir. Prokurorluq işçisi insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.  Prokurorluq işçisi nəzərə almalıdır ki, milli qanunvericiliklə  və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

10. Prokurorluq işçisi obyektiv olmalı, cinayət mühakimə icraatı zamanı konfidensiallığın qorunması prinsipini nəzərə almaqla şəffaflığı təmin etməli, qohumları və ya yaxınları da daxil olmaqla, hər hansı kənar şəxsin onun işinə müdaxilə etməsinə yol verməməli, digər hakimiyyət və idarəetmə strukturlarının və ya hər hansı şəxsin təsiri altına düşməməli və onları da belə təsir altına salmamalıdır. Prokurorluq işçisi dövlətin cinayət hüquq siyasətinin effektli və ədalətli təmini sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət və hüquq mühafizə orqanları ilə səmərəli əməkdaşlığı təmin etməli, ona verilmiş imtiyaz və səlahiyyətləri nümayiş etdirməməlidir.

11. Prokurorluq işçisi vəzifələrinin icrası ilə əlaqədar ona məlum olan sirləri və xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatları yaymamalı, vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə toxunan məlumatların məxfi saxlanılmasını təmin etməlidir. Prokurorluq işçisi xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə etməməlidir.

12. Prokurorluq işçisi icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət etməli, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol verməməlidir.

13. Prokurorluq işçisi icraatında olan işlər üzrə proses iştirakçıları ilə qanunla nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yaratmamalı, icraatında olan işlərin məqbul və ya qeyri-məqbul həlli nəticəsinə dair maraqlı şəxslərə vədlər verməməlidir.

14. Prokurorluq işçisi qərarlar qəbul edərkən və xidməti vəzifələrini yerinə yetirərkən ədalətli və qərəzsiz olmalı, irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial və dini mənsubiyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara və ictimai birliklərə mənsubiyyətinə görə hər hansı şəxsin üstünlüyünə yol verməməlidir. Prokurorluq işçisi xidməti fəaliyyətində obyektivliyin təmin edilməsi üçün qanunla nəzərdə tutulmuş hallar mövcud olduqda, müəyyən edilmiş qaydada özünün prosesdən kənarlaşdırılması barədə məsələ qaldırmalıdır.

15. Prokurorluq işçisi özünə qarşı tələbkar olmalı, üzərinə düşən vəzifələri vaxtında və vicdanla yerinə yetirməli, bürokratizm və süründürməçilik hallarına yol verməməlidir.

16. Prokurorluq işçisi özünə qarşı tənqidi olmalı, qeyri-etik davranışa yol verməməli, belə hal olduqda isə səhvini etiraf etməklə onun aradan qaldırılması üçün tədbirlər görməlidir. Xidməti fəaliyyətini yerinə yetirərkən digər şəxslərə qarşı nəzakətli, diqqətli, təmkinli və xeyirxah olmalıdır.

17. Cinayət mühakimə icraatı zamanı prokurorluq işçisi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında»  Konvensiya ilə müəyyən edilmiş ədalətli mühakimə hüququna daim riayət etməli, proses iştirakçılarına yalan məlumatların ötürülməsinə, eləcə də prosessual hərəkətləri həyata keçirərkən etik qaydaların pozulması hallarına yol verməməlidir.

18. Cinayət mühakimə icraatı zamanı, o cümlədən dövlət ittihamını müdafiə edərkən prokurorluq işçisi proses iştirakçıları ilə etik qaydalar çərçivəsində münasibət qurmağa səy göstərməli, nitq mədəniyyətinə riayət etməlidir.

19. Prokurorluq işçisi ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləməli, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləməlidir.
Prokurorluq işçisi ilk növbədə şübhəli və təqsirləndirilən şəxsin, eləcə də  zərər çəkmiş şəxsin, şahidin və digər şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquq və vəzifələrinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiya, habelə dövlətin tərəfdar çıxdığı digər beynəlxalq sənədlərlə müəyyən edilmiş insan hüquq və azadlıqlarına dair prinsip və normalara yaxından bələd olmalıdır.

20. Prokurorluq işçisi kütləvi informasiya vasitələrinin prokurorluğun fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşmalı, kütləvi informasiya vasitələri təmsilçilərinin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərməlidir.

21. Prokurorluq işçisi  birbaşa və yuxarı rəhbərinə qarşı münasibətdə tabeçilik qaydalarına dönmədən riayət etməli və tabeliyində olan işçilərə qarşı nəzakətli, diqqətli və qayğıkeş olmalıdır. Prokurorluq işçisi həmkarları ilə  münasibətlərdə də hər bir şəraitdə peşə etikasını gözləməlidir.
Prokurorluq işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.

22. Prokurorluq işçisi tabeliyində olan işçilərə vəzifə səlahiyyətlərindən irəli gələn üstünlüyünü nümayiş etdirməməli, tabeliyində olan işçiləri dini, milli, irqi, cinsi, sosial mənşəyi, habelə tutduğu vəzifəyə görə fərqləndirməməlidir.

23. Prokurorluq işçisi fəaliyyətini beynəlxalq hüquqi əməkdaşlıq çərçivəsində digər dövlətlərin prokurorluq orqanları, həmçinin  məhkəmə və hüquq mühafizə orqanları, eləcə də müdafiəçilərlə səmərəli əlaqələr istiqamətində   qurmalı, qanunvericiliklə müəyyən edilmiş qaydada həmkarlarına hərtərəfli kömək göstərməlidir.

24. Prokurorluq işçisi geyim qaydalarına ciddi riayət etməlidir.

25. Prokurorluq işçisi istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompyuter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.

IV. MADDİ VƏ QEYRİ-MADDİ NEMƏTLƏRİN, İMTİYAZLARIN VƏ YA GÜZƏŞTLƏRİN QANUNSUZ ƏLDƏ EDİLMƏSİNƏ YOL VERİLMƏMƏSİ

26. Prokurorluq işçisinin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya bu məqsədlə qərarlar qəbul etməsi yolverilməzdir.

27. Prokurorluq işçisi onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.

28. Prokurorluq işçisinə qanunsuz  maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, o, bunlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər prokurorluq işçisinə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər müvafiq qaydada akt üzrə təhvil verilməlidir.

29. Prokurorluq işçisi xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.

30. Prokurorluq işçisi qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.

V .PROKURORLUQ İŞÇİSİNİN XİDMƏTİ FƏALİYYƏTİNDƏN KƏNAR DAVRANIŞI İLƏ BAÄžLI TƏLƏBLƏR

31. Prokurorluq işçisinin xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamalıdır.

32. Prokurorluq işçisi xidməti fəaliyyətinə və prokurorluğun nüfuzuna zərər gətirə bilən ictimai fəaliyyətlə məşğul ola bilməz.

33. Prokurorluq işçisi xüsusi geyim formasını, xidməti silahını və xidməti vəsiqəsini nümayiş etdirməklə vətəndaşlara, idarə, müəssisə və təşkilatlara qanunsuz təsir göstərməməli, onlardan sui-istifadə hallarına yol verməməli, iş vaxtından kənar müddətdə ictimai yerlərdə xüsusi formadan istifadəyə məhdudiyyətlər qoymalıdır.

VI. KODEKSİN TƏLƏBLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI VƏ HƏMİN TƏLƏBLƏRİN POZULMASINA GÖRƏ PROKURORLUQ İŞÇİSİNİN MƏSULİYYƏTİ

34. Bu Kodeksin tələblərinin pozulması prokurorluq işçisinin adına yaraşmayan hərəkət kimi qiymətləndirilməli və bu tələbləri pozan prokurorluq işçisi barəsində intizam tənbeh tədbirləri görülməlidir.

35. Prokurorluq işçisinin davranışının etik davranış qaydalarına uyğunluğu onun özü,  birbaşa və yuxarı rəhbərləri tərəfindən müntəzəm təhlil edilir.

36. Prokurorluq orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti rəhbər vəzifəli işçilər həyata keçirir. Bu məqsədlə  rəhbər vəzifəli işçilər:

  1. tabeliyindəki işçilərin iş həcmini, xidməti funksiyalarının həcmini və vəzifələrini onların xidməti keyfiyyətlərinə uyğun müəyyən etməli;
  2. tabeliyindəki şəxsləri hüquqazidd, ümumi qəbul edilmiş etik normalara sığmayan qərarlar qəbul etməyə və hərəkətlərə sövq etməməli;
  3. şəxsi münasibətlər zəminində kadrların seçilməsi və yerləşdirilməsi hallarına yol verməməli;
  4. öz xidməti davranışları ilə bu Kodeksə əməl edilməsinə nümunə göstərməli;
  5. prokurorluq işçiləri tərəfindən etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirləri müəyyən etməli;
  6. xidməti davranış qaydalarının pozulmasına görə intizam tənbehlərini tətbiq etməli və ya buna səlahiyyəti olan şəxslər qarşısında məsələ qaldırmalı;
  7. etik davranışları ilə  fərqlənən işçilərə həvəsləndirmə tədbirləri tətbiq etməli və ya buna səlahiyyəti olan şəxslər qarşısında məsələ qaldırmalı;
  8. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.


37. Prokurorluq işçisi xidməti fəaliyyətində və xidməti fəaliyyətindən kənar vaxtda qanun pozuntusuna yol verdikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Bundan əlavə, Kodeksin tələblərini pozan prokurorluq işçisinin hərəkətlərinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Ali Attestasiya Komissiyasında baxıla bilər. Ali Attestasiya Komissiyası prokurorluq işçisinin bu Kodeksin tələblərini pozan hərəkətinə qiymət vermək və barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə müraciət etmək səlahiyyətlərinə malikdir. Ali Attestasiya Komissiyası prokurorluq işçisinin qeyri-etik hərəkətlərinə görə mətbuatda və ayrı-ayrı şəxslər qarşısında  səhvini etiraf etməsini də tələb edə bilər.

38. Bu Kodeksin tələblərinin pozulması halları barədə məlumatlar hərtərəfli araşdırılmalı, prokurorluq işçisi adına xələl gətirən hərəkətlərə yol verilməsi müəyyən edildikdə, qanunvericiliklə müəyyən edilmiş müvafiq tədbirlər görülməlidir.