Sayt üzrə axtarış


Tabe prokurorluqlar
















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin::





Baş səhifə / İşə qəbul /İşə qəbulla əlaqədar müsabiqələr

İşə qəbulla əlaqədar müsabiqələr

Prokurorluğa işə qəbulla əlaqədar keçirilmiş müsabiqələrə dair
MƏLUMAT

Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsi, ümumi dünyagörüşü və digər şəxsi keyfiyyətlərinə görə prokurorluqda işləmək üçün layiqli olmasını müəyyən etmək məqsədi ilə işə qəbul ixtisas imtahanları (test imtahanı və yazılı imtahan) və müsahibə aparılmaqla aşkarlıq şəraitində şəffaf üsullarla beynəlxalq tələblərə uyğun müsabiqə əsasında həyata keçirilir.

 2002-ci ildən hal-hazıradək Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əlaqəli şəkildə Baş Prokurorluq üzrə 6 (2002, 2004, 2006, 2007, 2009, 2011-ci illər), Naxçıvan Muxtar Respublikasının Prokurorluğu üzrə isə 4 (2003, 2005, 2007, 2009-cu illər) müsabiqə keçirilmiş, həmin müsabiqələr zamanı prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənəd vermiş ümumilikdə 3083 nəfər namizəddən uğur qazanmış 499 nəfəri prokurorluq orqanlarına qulluğa qəbul edilmişdir

Keçirilmiş müsabiqələri Dövlət Qulluğunu İdarətetmə Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-hüquq Şurasının, Beynəlxalq Millətlər Təşkilatının, Avropa Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının, Milli Qeyri Hökümət Təşkilatları Forumunun, Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, Almaniya, Fransa və İtaliyanın Azərbaycandakı səfirliklərinin, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin, Açıq Cəmiyyət İnstitutu -Yardım Fondunun (SOROS), habelə digər dövlət və qeyri-hökümət təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri  müşahidə etmişlər.

2002-ci ildə keçirilən test və söhbət mərhələsindən ibarət müsabiqənin nəticəsi olaraq 283 namizədin sırasından ən yüksək bal toplamış 60 namizəd prokurorluq orqanlarına işə qəbul edilərək 27 dekabr 2002-ci il tarixdə «Prokurorluq haqqında» Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş qaydalara müvafiq olaraq həmin şəxslərin  təntənəli andiçmə mərasimi keçirildikdən sonra onların prokurorluq orqanları sisteminə daxil olan müxtəlif struktur qurumlara təyinatları həyata keçirilmişdir.

Namizədlər 17 dekabr 2001-ci il tarixli əmrlə təsdiq edilmiş «İlk dəfə prokurorluğa qəbul edilən şəxslərin stajorluq və sınaq keçməsi qaydaları»na müvafiq olaraq 1 il müəyyən edilmiş stajorluq müddətinin 3 ayını Kadrlar idarəsinin Tədris mərkəzində təşkil olunmuş kurslarda keçmiş, burada onların nəzəri biliklərinin artırılması ilə yanaşı təcrübi məşğələlərin keçməsinə də xüsusi diqqət yetirilmiş, müxtəlif kompüter proqramlarında işləmələri, ingilis dilini mənimsəmələri üçün kurslar təşkil edilmişdir. Stajorluğun qalan hissəsini isə onlar bərabər bölüşdürülməklə təcrübəli müstəntiq, prokuror köməkçiləri və dövlət ittihamçılarının yanında həyata keçirmişlər.

Həmçinin, stajorluq və sınaq keçmə işinin düzgün təşkil olunmasını təmin etmək məqsədi ilə «İlk dəfə prokurorluğa qəbul edilən şəxslərin stajorluq keçməsi haqqında fərdi proqram nümunəsi»nin təsdiq edilməsi barədə əmrin tələblərinə uyğun olaraq ərazi və hərbi prokurorlar tərəfindən prokurorluğun fəaliyyət istiqamətləri üzrə stajorlar üçün fərdi proqramlar tərtib olunmuşdur.

Öz xahişinə əsasən prokurorluqdan xaric edilmiş 1 nəfər istisna olmaqla, digər 59 nəfər gənc mütəxəssis bir illik stajorluq müddəti başa çatdıqdan sonra uğurla attestasiyadan keçmiş və Ali Attestasiya Komissiyası tərəfindən onların sınaq muddəti ilə  təsnifata uyğun prokuror köməkçisi və müstəntiq vəzifələrinə təyin edilmələri tövsiyə edilmişdir.

2003-cü ildə Naxçıvan Naxçıvan Muxtar Respublikasında keçirilmiş müsabiqədə namizədlərin sırasından  ən yüksək  bal toplamış 42 nəfər prokurorluğa işə qəbul  olunmaq üçün seçilmişdir. Onlardan  19 nəfərinin Naxçıvan Muxtar Respublikası  prokurorluğu üzrə  vakant olan vəzifələrə  təyin olunması nəzərdə tutulmuşdur. 23 nəfər yüksək bal toplamış  namizədlərin respublikanın rayon və şəhər prokurorluqlarında, o cümlədən, Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda vakant olan müvafiq ştat vahidləri üzrə  stajor qismində  işə  qəbul olunmaları  məsələsinə baxılması üçün Naxçıvan Muxtar Respublikası  prokuroru tərəfindən Azərbaycan Respublikası Baş prokuroru qarşısında vəsatət qaldırılmışdır. Naxçıvan Muxtar Respublikası prokurorunun müraciətinə Azərbaycan Respublikası  Prokurorluğunda işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə  keçirilməsi üzrə  Komissiyada baxılmış və həmin namizədlərin prokurorluğa işə qəbul edilməsi Azərbaycan Respublikası Baş Prokuroruna tövsiyə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun vəsatəti və Baş Prokurorluğun Müsabiqə Komissiyasının tövsiyəsi nəzərə alınmaqla, müsabiqədən müvəffəqiyyətlə keçmiş 23 namizədin prokurorluq orqanlarında vakant olan və yeni təsis edilmiş ştat vahidləri üzrə yerləşdirilməsi təmin edilmişdir.

2004-cü ildə müsabiqə əsasında prokurorluğa işə qəbulun həyata keçirilməsi ilə bağlı ilk növbədə normativ xarakterli zəruri sənədlərin layihələri işlənib hazırlanmış, Azərbaycan Respublikası Baş prokurorunun 04 sentyabr 2001-ci il tarixli əmri ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları»nın təkmilləşdirilməsi məqsədi ilə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Test imtahanının sualları işlənib hazırlanmış, müəyyən olunmuş qaydada ekspertiza edilmişdir.

Namizədlərin ərizələrinin və sənədlərinin toplanılması və yoxlanılması məsələlərində çevikliyi təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ədliyyə, Təhsil Nazirliklərinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına müvafiq sorğular göndərməklə respublikamızda qanuni fəaliyyət göstərən və «hüquqşünaslıq» ixtisası üzrə ali təhsilli kadr hazırlayan təhsil müəssisələrinin siyahısı dəqiqləşdirilmiş, sənəd təqdim edən şəxslərin hərbi xidmət keçmələri və onlara möhlət verilməsi məsələləri Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə araşdırılaraq müsabiqənin tələb olunan səviyyədə keçirilməsi üçün test imtahanının xüsusiyyətləri öyrənilmişdir.

Baş Prokurorluq tərəfindən 60 ştat vahidi üzrə işə qəbulun keçirilməsi ilə əlaqədar rəsmi mətbuatda elan verilməklə 20 oktyabr 2004-cü il tarixdən bir ay müddətində Baş Prokurorluğun inzibati binasında qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslərin ərizə və sənədləri qəbul edilmişdir. 

Müsabiqədə iştirak etmək üçün 599 namizəd sənədlərini təqdim etmişdir

Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən «Prokurorluğa qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin toplanılması və yoxlanılması qaydaları»na uyğun olaraq namizədlərin sənədləri yoxlanılmış, həmin namizədlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası vasitəsilə prokurorluğa qulluğa qəbul olunmaq üçün ixtisas imtahanı suallarının toplusu təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə mütəmadi əlaqə saxlanılmış, idarə tərəfindən namizədlər üçün test imtahanının keçirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən «yaddaş kitabçası» tərtib olunmuş, həmçinin «imtahana buraxılış vərəqəsi» hazırlanmışdır.

Test imtahanında iştirak edən namizədlərin adı kodlaşdırılmaqla tərtib olunmuş «imtahana buraxılış vərəqəsi» idarə əməkdaşları tərəfindən mütəşəkkil qaydada onlara təqdim edilmişdir.

26 dekabr 2004-cü il tarixdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə namizədlərlə keçirilmiş test imtahanının nəticələri həmin gün elan olunmuş və imtahanının nəticələrinə görə 261 namizəd zəruri olan 60 və daha artıq keçid balı toplayaraq növbəti mərhələyə - söhbətə buraxılmışlar.

Test imtahanını müvəffəqiyyətlə vermiş namizədlərin hazırlığını, dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləməyə yararlı və layiqli olmasını və digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə 2005-ci ilin mart ayının 7-dən aprel ayının 8-dək Müsabiqə Komissiyası tərəfindən onlarla fərdi qaydada söhbət aparılaraq bilikləri qiymətləndirilmişdir. Müsabiqənin test imtahanı və söhbət mərhələsində keçid balı toplamış namizədlərin balları cəmlənmiş və onların sırasından 32 nəfər namizəd prokurorluğa işə qəbul olunmaq üçün seçilmişdir. Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluq orqanlarına işə qəbul olunan 32 stajorun 18 aprel 2005-ci il tarixdə «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 31-ci maddəsi ilə müəyyən olunmuş qaydada andiçmə mərasimi keçirilərək təntənəli surətdə xidməti vəsiqələri təqdim edilmişdir.

2005-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilmiş müsabiqədə namizədlərin sırasından  ən yüksək  bal toplamış 15 nəfər şəxs prokurorluğa işə qəbul  olunmaq üçün seçilmiş və onların Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanlarında vakant olan ştat vahidləri üzrə yerləşdirilməsi təmin edilmişdir.

Prokurorluq orqanlarına işə  qəbul olunmaq üçün 2006-cı ildə elan edilmiş müsabiqə zamanı iyul ayının 3-dən oktyabr ayının 31-dək müraciət edən şəxslər sırasından sənədləri  qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən 545 nəfər şəxs müsabiqədə iştirak etmişdir.

Müsabiqənin 25 noyabr 2006-cı il tarixdə keçirilən test imtahanlarında 303 namizəd növbəti mərhələdə iştirak etmək hüququ qazanmışdır

Namizədlərin test imtahanı və onlarla aparılmış söhbət zamanı topladıqları ballar komissiya tərəfindən hesablanmış və nəticədə onların sırasından 39 nəfər namizəd prokurorluğa işə qəbul olunmaq üçün seçilmişdir. 

Müsabiqədən müvəffəqiyyətlə keçmiş və prokurorluq orqanlarına işə qəbul olunan 39 nəfər stajorun «Prokurorluq haqqında» Azərbaycan Respublikası qanununun 31-ci maddəsi ilə müəyyən olunmuş qaydada 03 avqust 2007-ci il tarixdə andiçmə mərasimi keçirilmiş, onlara təntənəli surətdə xidməti vəsiqələri təqdim edilmiş  və prokurorluq orqanlarında vakant olan ştat vahidləri üzrə yerləşdirilməsi təmin olunmuşdur.

Keçirilən müsabiqələr nəticəsində əldə edilmiş təcrübə namizədlərin biliklərinin daha obyektiv qiymətləndirilməsi üçün qəbul prosedurunun daha da təkmilləşdirilməsi zərurəti yaratdığına görə Dövlət başçısının «Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 509 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnaməyə dəyişikliklər edilməsi barədə» 23 noyabr 2007-ci il tarixli 670 nömrəli Fərmanı ilə müsabiqənin ixtisas imtahanlarından (test imtahanı və yazılı imtahan) və müsahibədən ibarət olması kimi yeni qaydalar müəyyən olunaraq, müsabiqəyə yeni mərhələ - yazılı imtahan mərhələsi daxil edilmişdir. Həmin Fərmanın icrası məqsədilə Baş Prokurorluq üzrə 03 dekabr 2007-ci il tarixli əmrlə «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları»nın yeni redaksiyası təsdiq edilmişdir.

Qaydalara müvafiq olaraq, prokurorluq orqanlarına işə qəbulla bağlı 2009-cu ildə elan edilmiş müsabiqədə iştirak etmək üçün müraciət edən 527 namizəd 27 oktyabr 2009-cu il tarixdə keçirilmiş ilkin - test imtahanı mərhələsində iştirak etmişdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birgə keçirilən həmin imtahanın aşkarlıq şəraitində, şəffaf prosedurlarla və beynəlxalq tələblərə uyğun aparılmasını təmin etmək üçün Azərbaycandakı dövlət və qeyri-hökumət, həmçinin beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin nümayəndələri imtahanı müşahidə etmiş, imtahanın gedişi və nəticələri mətbuatda ətraflı şəkildə işıqlandırılmışdır.

Test imtahanı mərhələsindən sonra namizədlər yazılı imtahan və müsahibə mərhələsində iştirak etmişlər.

Həmçinin 2009-cu ildə Naxçıvan Muxtar Respublikasının Prokurorluğu tərəfindən işə qəbulla bağlı müsabiqə elan edilmiş, namizədlərlə müvafiq olaraq ixtisas imtahanları və müsahibə keçirilmişdir.

Baş Prokurorluq və Naxçıvan Muxtar Respublikası Prokurorluğunda 2009-cu ildə keçirilən müsabiqələrdə iştirak etməklə müvəffəqiyyət qazanmış ümumilikdə 98 nəfər gənc hüquqşünas qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb edilməklə peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış və prokurorluqda vakant vəzifələrə təyin olunmuşlar.

Prokurorluq orqanlarına işə qəbulla əlaqədar növbəti - sayca onuncu müsabiqə Baş Prokurorluq tərəfindən 6 yanvar 2011-ci il tarixdə 100 vakant ştat vahidi üzrə elan olunmuş, müsabiqə elan edildikdən sonra Azərbaycan Respublikası Prokurorluğunda əlavə ştat vahidlərinin təsis edilməsi, habelə digər obyektiv səbəblərə görə vakant vəzifələrin sayının artması nəzərə alınmaqla, müsabiqəyə çıxarılmış ştat vahidlərinin sayı qismən artırılmışdır.

29 aprel 2011-ci il tarixədək davam etmiş sənəd qəbulu prosesi zamanı müraciət etmiş şəxslərdən 453 namizədin sənədləri qəbul edilmiş, müsabiqənin 18 may 2011-ci il tarixdə keçirilmiş test imtahanı mərhələsində 299 nəfər müsabiqənin növbəti yazılı imtahan mərhələsində iştirak etmək hüququ qazanmışdır. Yazılı imtahan mərhələsində iştirak etmiş həmin namizədlərdən 136 nəfəri müvəffəqiyyət əldə etmişdir. Müsabiqə üzrə keçirilmiş ixtisas imtahanlarının davamı olaraq 2011-ci il avqustun 18-dən 26-dək Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə keçirilən müsahibə nəticəsində 108 gənc hüquqşünas «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları» ilə müəyyən olunmuş keçid balını toplamışlar.

Keçid balını toplamış namizədlər 1 sentyabr 2011-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunaraq təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin edilmişlər.

Qeyd edilməlidir ki, məhz ümummilli lider Heydər Əliyevin Respublikaya rəhbərlik etdiyi dövrdə əsası qoyularaq prokurorluqda bu gün də uğurla davam etdirilən hərtərəfli kadr islahatları prosesinin əsas istiqamətlərindən olan qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi prokurorluğun kadr korpusunun formalaşmasının ən demokratik və mütərəqqi vasitəsi olmaqla, prokurorluğun mənəvi cəhətdən saf, peşə borcunu ləyaqətlə yerinə yetirən, dövlətçiliyə sədaqətli kadrlarla təmin olunmasında mühüm rol oynamışdır.

2002-ci ildən başlanılmaqla mütəmadi olaraq keçirilən müsabiqələrin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarında qulluğa qəbul olunması respublikamızda  reallaşdırılan dövlət gənclər siyasətinin, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən daha səmərəli istifadə olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbər göstərişlərinin icrası istiqamətində uğurla həyata keçirilən mühüm tədbirlərdən biri olmuşdur.

Müsbət haldır ki, tam şəffaf və ədalətli prosedurlar əsasında keçirilmiş müsabiqələr nəticəsində prokurorluq orqanlarında qulluğa qəbul edilən 499 gənc hüquqşünas hazırda Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 50 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul edilmiş gənclər isə müxtəlif sahələrdə səmərəli fəaliyyət göstərməklə, onların bir çoxu rəhbər və yuxarı təsnifatlar üzrə müvafiq vəzifələrə irəli çəkilmişlər.